Məhkəmə

MTN işi: Nəzarətçilər təqsirləndirilənlərin yanında - qəfəsdə oturur

Leyli Cəfərova
23 Yanvar, 2023
252

Amerikanın səsi

Uzun illər Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub) İstintaq Baş İdarəsinə rəhbərlik edən general-mayor Mövlam Şıxəliyev və digərilərinin  apelyasiya şikayəti üzrə yanvarın 23-nə təyin olunan məhkəmə prosesi növbəti dəfə təxirə salınıb.

Bakı Apelyasiya Məhkəməsində keçirilən prosesə qatılan zərərçəkənlər məhkəmənin təxirə salınmasına kəskin etiraz ediblər. Onlar əvvəlki prosesin də təxirə salındığını hakimin diqqətinə çatdırıblar.

Yada salaq ki,  ötən proses yanvarın 9-na təyin olunmuşdu. Həmin gün Bakıda qar yağması səbəb göstərilərək müttəhimlərin məhkəməyə gətirilməsinin mümkünsüz olduğu açıqlanmışdı və proses təxirə salınmışdı. Ardından isə Mövlam Şıxəliyevlə keçmiş işçisi, hazırda onunla məhkəmə qarşısına çıxarılan Yasin Məmmədov arasında əlbəyaxa dava düşməsi haqda xəbər yayılmışdı. Yasin Məmmədovun Mövlam Şıxəliyevə xüsusən üz nahiyəsinə xəsarət yetirdiyi bildirilirdi. Prosesin də məhz bu səbəbdən təxirə salındığı qeyd olunurdu. Mətbuatda yer alan bu iddia ilə bağlı Mövlam Şıxəliyevlə Yasin Məmmədovun vəkilləri və yaxınları hər hansı açıqlama verməmişdilər.

Yanvarın 23-də məhkəmə prosesi fərqli zalda keçirildi. Daha geniş zalda şüşə qəfəsə salınan müttəhimlərin arasında 2 nəzarətçi qoyulmuşdu.

Mövlam Şıxəliyev skamyanın bir tərəfində, Yasin Məmmədov isə əks tərəfdə oturmuşdu. Əvvəlki proseslərdən fərqli olaraq onların arasında iki nəzarətçi əyləşmişdi. Bu dəyişiklik Mövlam Şıxəliyevlə Yasin Məmmədovun arasında konflikt yaşanması haqqında dolaşan xəbərlərin doğruluq ehtimalını artırırdı.

Məhkəmə zalında zərərçəkənlərdən biri Yasin Məmmədova Mövlam Şıxəliyevlə dalaşması barədə sual verib. Yasin Məmmədov dalaşdıqlarını təsdiqləsə də, əlavə nəsə deməyib.

Sonuncu, yanvarın 23-də keçirilməli olan prosesin təxirə salınma səbəbi isə müttəhim Sahib Ələkbərovun vəkilinin prosesə qatılmaması oldu. Vəkilin prosesə gəlməməsini zərərçəkənlər kəskin etirazla qarşıladılar. Hakimdən süründürməçiliyə son qoyulmasını istədilər. 

Hakim İlqar Murquzov zərərçəkənləri sakitləşdirərək tərəflərdən prosesin Sahib Ələkbərovun vəkili olmadan keçirilməsinə münasibətlərini soruşub.

Sahib Ələkbərov özü prosesin müdafiəçisi olmadan keçirilməsinə etiraz etmədiyini deyib:

“Mən hər hansı bir mütəşəkkil cinayətkar dəstəyə daxil olmamışam. Burada oturanların (əli ilə Mövlam Şıxəliyev və digər iki müttəhimə işarə edib – red.) da nə mənə aidiyyatları var, nə də mənim onlara aidiyyatım var. Mən öz ifadəmi verəcəyəm, ancaq vəkilimin iştirakı ilə. Hazırda prosesin keçirilməsinə etiraz etmirəm”. 

Zərərçəkənlər və onların vəkilləri də Sahib Ələkbərovun vəkili olmadan prosesin keçirilməsinə etiraz etməyiblər.

Müttəhim Mövlam Şıxəliyevin vəkili Ceyhun Yusifov isə Sahib Ələkbərovun vəkili olmadan prosesin keçirilməsinin prosessual pozuntu olduğunu diqqətə çatdırıb, amma o da vəkil olmadan prosesin keçirilməsinə etiraz etmədiklərini söyləyib.

Yerindəcə müşavirə keçirən hakimlər prosesin yanvarın 30-na qədər təxirə salınması barədə qərar qəbul ediblər. 

Qərar zərərçəkənləri narazı salıb. Zərərçəkən Hüseyn Səfərov deyib ki, Sahib Ələkbərov etiraz etmədiyi halda prosesin keçirilməməsi doğru deyil: “Belə çıxır ki, hər dəfə bir bəhanə edib oyun oynayacaqlar, siz də prosesi təxirə salacaqsız”.

Hakim isə belə cavab verib: “Vəkil korona tutub, ondan bu haqda arayış təqdim etməsini istəmişik. Sahib Ələkbərov, özünüzə vəkil tutun”.

Hüseyn Səfərov isə Sahib Ələkbərov barəsində faktları məhkəmədə açıqlamaq istədiyini bildirib. Daha sonra zərərçəkən üzünü Sahib Ələkbərova tutaraq deyib: “Sən qəsdən edirsən də... Qəsdən uzadırsan.  Sən Mövlam Şıxəliyevin barəsində dediyin sözləri burada aç de”.

Sahib Ələkbərov heç nə demədiyini vurğulayıb.

Hüseyn Səfərov “Kişiliyin olsun, düzünü de. Cinayətkarsız hamınız” söyləyib.

Sahib Ələkbərov “Sənsən” deməklə kifayətlənib.

Hakim hər kəsi zalı tərk etməyə çağırıb.

Qeyd edək ki, Bakı Apelyasiya Məhkəməsinə Mövlam Şıxəliyevlə bərabər 2-ci şöbənin rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin rəis müavini Yasin Məmmədov və şöbə rəisinin müavini olmuş Sahib Ələkbərov barələrindəki hökmdən apelyasiya şikayəti təqdim ediblər. Adı sadalananlar hazırda həbsdədirlər və məhkəmə zalında şüşə qəfəsdə əyləşdirilirlər. Məhkəmə nəzarətçilərinin müşayəti ilə məhkəmə zalına gətirilən məhkum olunmuş şəxslərin qoluna qandal vurulmur.

Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən Mövlam Şıxəliyev 12 il azadlıqdan məhrum edilib. Hökmə əsasən, onun general-mayor rütbəsi alınıb, üzərinə həbs qoyulan əmlaklarının bir hissəsi xüsusi müsadirəyə götürülüb.

Vaxtilə MTN-də onun tabeliyində işləmiş daha üç polkovnikə də uzunmüddətli həbs cəzaları kəsilib. Keçmiş şöbə rəislərindən Yasin Məmmədov 10 il 6 ay, Vüsal Ələkbərov 11 il 2 ay, rəis müavini Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum edilib.

İstintaqla Mövlam Şıxəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib. Ona Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə verilərək, barəsində həbs qətimkan tədbiri, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov isə Cinayət Məcəlləsinin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

Erməni diversanta 18 il həbs cəzası verildi - YENİLƏNİB

7 Dekabr 2023

AzərTac

Kəlbəcərdə saxlanılan erməni diversant Voskanyan Qaqik Aşotoviçin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Toplum TV xəbər verir ki, Sabunçu rayon Məhkəməsində keçirilən prosesdə hakim Abdulla Məmmədov hökm oxuyub. Təqsirləndirilən şəxs 18 il müddətə azadlıqdan məhrum edilib. Voskanyan cəzasının ilk 5 ilini həbsxanada, qalanını isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. ​​​​​*** 15:53 Dekabrın 7-də Sabunçu rayon Məhkəməsinin inzibati binasında Kəlbəcərdə saxlanılan erməni diversant Qagik Voskanyanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.  Bu iş Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun icraatında olsa da, məhkəmə prosesi Bakıda keçirilir.  Səhər saatlarında başlayan məhkəmə iclasında dövlət ittihamçısı Müşfiq Rəhimov ittiham aktını elan edib. ...
Məhkəmə

Söyüdlü sakininin məhkəməsi: “Plakatları hazırladığım üçün narkotiklə şərlədilər” 

Esmira Cavadova
7 Dekabr 2023

Açıq mənbələrdən götürülüb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Gədəbəyin Söyüdlü kənd sakini olan Coşğun Musayevin məhkəməsi başlayıb.  Məhkəmə iclasına hakim Eldar İsmayılov sədrlik edir. Coşğun Musayev narkotikə görə ittiham olunsa da, o, həbsinin birbaşa Söyüdlü hadisələriylə əlaqəli olduğunu deyir.  Xatırlatma  Bu il iyunun 20-də və 21-də Gədəbəy rayonunun Söyüdlü kənd sakinləri kəndin ərazisindəki qızıl mədəninin kimyəvi təmizləmədən sonra axıdılan turşu qalıqlarının toplandlığı gölməçə dolduğundan başqa yerdə yeni gölməçə qurulmasına etiraz ediblər. Bu zaman əraziyə polis qüvvələri yeridilib. İyunun 20-də polislə etirazçılar arasında qarşıdurma yaranıb və polis gözyaşardıcı qazdan istifadə edib. Kənd sakinlərindən onadək insan xəsarət alıb. 5 nəfər etirazçı inzibati qaydada 20...

Seçilmiş Videolar

Toplum TV loqo