"MTN İşi"ndə zərərçəkən: Həbslə hədələyib 500 min dollarımı aldılar
Açıq mənbələrdən götürülüb
Məhkəmə
Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyilə keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin rəisi olmuş general-mayor Mövlam Şıxəliyevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam edir.
Mövlam Şıxəliyevlə bərabər hakim qarşısına 2-ci şöbənin rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin rəis müavini Yasin Məmmədov və şöbə rəisinin müavini olmuş Sahib Ələkbərov çıxarılıblar. Hər 4 şəxs hazırda həbsdədir və məhkəmə zalında şüşə qəfəsdə əyləşdirilirlər. Məhkəmə nəzarətçilərinin müşayəti ilə məhkəmə zalına gətirilən müttəhimlərin qoluna qandal vurulmur.
Sonuncu məhkəmə iclasında zərərçəkən Elşən Mədətov dəlillərlə çıxış edib. O, Mövlam Şıxəliyev və ailə üzvlərinin adına olan əmlakların tam şəkildə müsadirə olunmasını, əldə olunan gəlir hesabına zərərçəkənlərə vurulan ziyanın ödənilməsini xahiş edib.
Bildirib ki, “Texnikabank”a əmanət qoyduğuna görə Vüsal Ələkbərov tərəfindən MTN-ə çağırılıb. Həbslə hədələnərək ondan 250 min dollar alıb: “Bankda 677 min avro əmanətim vardı. Məni MTN-nə çağırdılar. Dedilər ki, bankı talamısan. Mən də dedim ki, mən banka əmanət qoymuşam. O zaman prezident seçkilərinə 3 gün qalmışdı. Mən də Dairə Seçki Komissiyasının sədri idim. Bunu biləndən sonra məni sərbəst buraxdı, dedi ki, 3 gün sonra gəl. Seçkidən sonra gəldim. İlk olaraq 100 min dollar aldı. Sonra da 150 min. Məndən pulu Vüsal Ələkbərov alıb. Deyirdi ki, rəhbərlik pulu tələb edir. Verməsən, səni saxlayacağıq, məhkəmə də ağır cəza verəcək. Xahiş edirəm şikayətim təmin olunsun”.
Zərərçəkən Ceyhun Seyidovun vəkili də dəlillərlə çıxış edib. O, Bakı Hərbi Məhkəməsində mülki iddialarının qismən təmin edilməsindən narazı olduğunu deyib. Bildirib ki, müvəkkilinə qarşı cinayət mütəşəkkil cinayətkar dəstə tərəfindən törədilib: “Belə olan halda Sahib Ələkbərov Ceyhun Seyidovdan aldığı 100 min dolları təbii ki, təkbaşına mənimsəyə bilməzdi. Pul dəstə üzvləri arasında bölünüb. Buna görə də pul bütün dəstə üzvlərindən tutulmalıdır”.
Vəkil deyib ki, Ceyhun Seyidovun başına gələnlərdən sonra qardaşı Azad Seyidov Bakıdakı mağazalarını bağlayaraq, ailəsini də gətürüb, ölkədən gedib.
Zərərçəkən Namil Rzayev də ona dəymiş ziyanın tam şəkildə ödənməsini tələb edib: “Məndən hədə-qorxu yolu ilə yarım milyon dollar alıblar. 200 min dolları Mövlam Şıxəliyevə vermişəm. Şahidlərim də var. 300 min dolları da Vüsal Ələkbərov alıb. Atalar sözü var ki, heç kim öz ayranına turş demir. Burada da deyirlər ki, biz pul almamışıq. Bəs pul almamısansa, 20 milyonluq mülkü nə ilə almısan? Hansı maaşla almısan?”
Mövlam Şıxəliyevin vəkili Arzu Cavadov zərərçəkənə etiraz edib. Hakimsə vəkilə xəbərdarlıq edib ki, zərərçəkənə çıxış etməyə mane olmasın. Zərərçəkən sözünə davam edib: “Adamlara hədə-qorxu gəlməklə külli miqdarda pulları alıblar. Həmin pulların heç olmasa bir hissəsini xoşluqla qaytarsınlar, biz də deyək ki, qaytardılar. Xahiş edirəm ki, şikayətim təmin olunsun”.
Sonra Mövlam Şıxəliyevin vəkili vəsatətlə çıxış edib. O, iş üzrə zərərçəkənlər siyahısından “Texnikabank” rəhbəri Etibar Əliyevin çıxarılmasını istəyib. Vəkil vəsatətini belə əsaslandırıb: “İttihamda yazılır ki, guya Etibar Əliyevin evini satdırıblar, o da 3 milyon rüşvət qismində verib. Guya Mövlam Şixəliyevə verib. Halbuki həmin mülki işlə bağlı Nərimanov Məhkəməsində baxılıb və iddia təmin olunmayıb. Dindirmə vaxtı Etibar Əliyev bildirib ki, həmin evin satışından əldə olunan vəsait hesabına banka olan kredit borclarını ödəyib. İndi də deyir ki, pulu Mövlam Şıxəliyevə verib. Məhkəmədən xahiş edirik ki, həmin əmlakla bağlı sorğu versin. Etibar Əliyev mətbuatda da dəfələrlə çıxış edib ki, Mövlam Şıxəliyevin mənə hər hansı bir borcu yoxdur”.
Mövlam Şıxəliyev vəsatətə münasibət bildirib: “2015-ci ildə son istintaqa qədər hər yerdə ifadə verib ki, nə məndən pul istəyiblər, nə əmlak istəyiblər. Onun xüsusilə külli miqdarda kredit borcu var və evini satıb borcun bir hissəsini verib. Həmin evin məsələsi Nərimanov, Apelyasiya, Ali məhkəmələrdə araşdırılıb. Həmin evi alan pulu qoyub bank hesabına. Pulu da götürüb onun oğlu.
Oğlu da gəlib məhkəmədə dedi ki, mən Mövlam Şıxəliyevi 1 dəfə toyda görmüşəm. Bu nə mülki iddiadır? Özü bilmir ki, hara ilə nə iş görüb? Həmin evin alıcısı Ramiz Mehdiyevin kürəkəni İlhamdır”.
Hakim vəsatətə növbəti prosesdə Etibar Əliyev, onun nümayəndəsini dəvət etməklə baxılacağını elan edib.
Məhkəmədə daha bir neçə zərəçəkmiş, təqsirləndirilən şəxs və vəkil çıxışları olub. Hətta mübahisə düşüb, qarşılıqlı ittihamlar, təhqirlər səsləndirilib.
Nəhahət, hakim çıxış üçün sözü Mövlam Şıxəliyevə verib. O, məhkəmənin ədalətinə inandığını deyib: “Siz saytların, qəzetlərin yazdıqlarına fikir verməyin. Cinayət işində hər hansı bir sübut, dəlil yoxdur və iş ümumiyyətlə məhkəməyə göndərilə bilməzdi. Hamınız yaxşı bilirsiz ki, heç bir cinayət işi mənim iştirakımla müzakirə oluna bilməzdi. Cinayət işləri Baş Prokurorluqda baş prokurorun 1-ci müavini Rüstəm Usubovun yanında müzakirə olunurdu. Burda jurnalistlər var, deməsinlər ki, Mövlam Şıxəliyev təqsiri başqasının üstünə atır. Mənm təqsirim yoxdur və kimsənin də üstünə atmıram”.
Məhkəmə iclasında Mövlam Şıxəliyevin vəkili də çıxış edib. Hakim növbəti iclası martın 13-nə təyin edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Məhkəmə: Gənc ana 1 yaşlı körpəsini zəhərləyib öldürməkdə təqsirləndirilir
Açıq mənbələrdən götürülüb