Açıq mənbələrdən götürülüb
Tərtər işi
Aprelin 12-də “Tərtər işi”ndəki işgəncələrə görə bir qrup hərbi qulluqçu Vüsal Ələsgərovun, Rəşid Niftəliyevin, Ramil Qarayevin və Rüstəm Ələsgərovun məhkəməsi davam edib. Bu iş Bakı Hərbi Məhkəməsinin icraatında olsa da, məhkəmə iclasları Sumqayıt Məhkəmə Kompleksində keçirilir. Məhkəmə iclaslarına hakim Zeynal Ağayev sədrlik edir. Məhkəmə iclasında yenə zərərçəkənlər ifadə verib.
Zərərçəkən Təbriz Babazadə təqsirləndirilən şəxslərdən Vüsal Ələsgərovla Rəşid Niftəliyevi tanıyıb. Deyib ki, Vüsal Ələsgərov onun xidmət etdiyi hərbi hissənin komandiri, Rəşid Niftəliyevsə qərargah rəisi olub. Rəşid Niftəliyevdən şikayətçi olmasa da, ifadəsi boyu igəncələrdə tez-tez Vüsal Ələsgərovun adını çəkib. Zərərçəkənin ifadəsindən: “Mayın 2-də postdaydıq. Gəlib dedilər ki, sizi hərbi hissə komandiri çağırır. Bu adla məni və post yoldaşlarımı postdan aşağı – hərbi hissəyə düşürtdülər. Həmin ərəfələrdə bir hərbi cihaz yoxa çıxmışdı. Düşündük ki, yəqin komandir bizi ona görə çağırır”.
“Partaların üstünə çıxardıb, arxamızı yoxlayırdılar”
Zərərçəkən danışır ki, əllərini, gözlərini bağlayaraq onları Cəmilliyə aparıblar. Orada tibb məntəqəsinə çevrilmiş köhnə məktəb binasında yoxlamadan keçiriblər: “Cəmilliyə gətiriləndə bilirdik ki, erməniyə işləmək, işgəncə söhbətləri var. Bizi bir-bir partaların üstünə çıxarıb, arxamızı yoxlayırdılar. Hamımızı yoxlayandan sonra təmiz çıxdığımız üçün bizi təbrik elədilər”.
https://toplum.tv/mehkeme/pterter-isgenceleri-ldquohikmet-hesenov-dedi-bunun-agli-basina-gelmeyib-aparin-doumlyuumlnrdquonbspnbspp
“Məcbur edirdilər ki, bölük komandirimin üzünə durum”
Zərərçəkənin sözlərinə görə, korpus komandiri Hikmət Həsənovla hərbi hissə komandiri Vüsal Ələsgərov da orda olub. Onu Vüsal Ələsgərovun otağına aparıblar: “Bizi dizüstə oturtmuşdular. Başımıza da kəşfiyyatçıların papağını keçirtmişdilər, gözümüzü papaqla örtmüşdülər. Bu Vüsal deyirdi ki, cihazı erməniyə satmısan, boynuna al. Bizə izahat yazdırmaq istəyirdi ki, erməniyə işləmişik. Söyürdü, mən də cavabını verdim, qarnıma təpiklə vuranda böyrü üstə yıxıldım, yerdə təpiklə başıma da vurdu, otaqdan çıxanda dedi ki, öldürün bunları... Mənə dedilər ki, sənin ermənilərə işləməyinlə bağlı on nəfər üzünə dayanır. Dedim, mən 6-7 aydır xidmət edirəm, heç hərbi hissədən yaxından tanıdığım on nəfər yoxdur. Məni məcbur edirdilər ki, bölük komandirim Vaqif Abdullayevin adını çəkim”.
“Üzləşmədə deyirdi əmri müdafiə nazirindən, qərargah rəisindən alıb”
Zərərçəkən Təbriz Babazadə işgəncələrdən də danışıb: “Bədənimi toka veriblər, izləri hələ də bədənimdə qalıb. Cinsiyyət orqanıma o qədər tok verilmişdi ki, uzun müddət onu hiss etmədim. İşgəncələr nəticəsində çəkim 90 kiloqramdan 42 kiloqrama düşmüşdü. Səninlə (bunu üzünü Vüsal Ələsgərova tutuaraq söyləyir) bizi üzləşdirəndə deyirdin ki, sənə əmri müdafiə naziri, korpus komandiri verib, indi həmin sözü burda da de... Məni mayın 11-də Bakıya hospitala ölümcül halda gətiriblər, komada olmuşam, gətirilməyimdən xəbərim olmayıb. Hospitalın həkimləri inanmırdı ki, mən sağ qalaram. Həkimlərin də bizə münasibəti yaxşı deyildi, bizi vətən xaini bilirdilər, biganə yanaşırdılar".
Hakim ondan soruşub: "Özünə qəsd də etmisən?"
Zərərçəkən cavab verib: "Bütün bu hadisələrdən 6 ay sonra özümə qəsd etmişəm. Başıma gətirdiklərini qəbullana bilmirdim, cinsiyyət orqanımı toka vermişdilər, mənə vətən xaini kimi baxırdılar. Fikirləşirdim ki, axı niyə mən bunları yaşamalıydım. Yaşamaq mənimçün mənasız olmuşdu".
T.Babazadə deyib ki, işgəncələr zamanı butulkayla da hədələnib: “İki nəfər işgəncə verirdi, bir əlimlə zərbələr dəyməsin deyə üzümü tuturdum, biri isə kəmərimə əl atırdı, deyirdi ki, gedim butulkanı gətirim, bir əlimlə də kəmərimdən yapışmışdım ki, aça bilməsinlər”.
Zərərçəkmişin sözlərinə görə, yoxa çıxmış cihaz sonradan başqa əsgərdən tapılıb.
“İşgəncə verib, hamımızı üz-üzə qoydular”
Sonra zərərçəkən Niyaz Yaqubov ifadə verib. Təqsirlənirilən şəxslərdən Vüsal Ələsgərovu, Rəşid Niftəliyevi tanıdığını deyib. Vüsal Ələsgərovun komandiri olduğu hərbi hissədə qulluq edibmiş. Onun ifadəsinə görə, xidmət etdiyi posta13:16-da gələn kəşfiyyat bölüyünün üzvləri onu və postda dayanan yoldaşlarını yığaraq Vüsal Ələsgərovun yanına aparıblar: “Məni Zeynal Hacıyevlə birlikdə Vüsal Ələsgəroun otağına apardılar. Mən Vüsal Ələsgərovu ilk dəfəydi görürdüm. Bizdən iki gün əvvəl Muğan Verdiyevi də aparmışdılar. Ona dəhşətli işgəncələr verilmişdi. Vüsal Ələsgərov dedi ki, guya Muğan Verdiyev ikimizi də MAXE Qafarovun şəhid olduğu postdan keçirərək erməniyə aparıb. Biz Cəmillidə günlərlə dəhşətli işgəncələrə məruz qaldıq. 10 gün bədənim toka verildi. Axırda işgənclərə dözməyib bir-birimizin üzünə durduq. Artıq Muğan Verdiyev özü də işgəncəyə dözməyərək bizi erməniyə tərəf keçirdiyini yalandan etiraf etmişdi”.
Zərərçəkənin söylədiyinə görə, işgəncə və üzə dayanmalardan sonra hərbi hissəyə qaytarılıb. Daha bir neçə gün sonra isə Hərbi Prokurorluqda izahat verib və başına gələnləri izahatında da göstərib: “İkinci Qarabağ Müharibəsi qazisiyəm. Vüsal kimi mənəviyyatsızların üzündən bu günə qalmışam”.
Niyaz Yaqubov deyib ki, onu Muğan Verdiyevə görə DTX-da da dindiriblər.
“Hamısı yoxlamadan təmiz çıxdı, ancaq rəylər saxtalaşdırıldı”
Daha sonra zərərçəkən Əbil Məmmədli ifadə verib. O, N saylı hərbi hissənin tibb məntəqəsinin rəisi olub. Danışır ki, hər şey 2-ci tabor, 4-cü bölükdən başlayıb, mayda (dəqiq tarixi qeyd etməyib - red.) hamını taborun qabağına yığıblar və qərargah rəisi Azər Cəfərov Gorana təlimə yola düşəcəklərini deyib. Ancaq əlavə edib ki, ola bilsin, bəziləri ordan hərbi hissəyə qayıtmasın. Həmin günədək isə hərbi hissədə artıq “erməniyə işləmə” söhbətləri gedirmiş: “Biz o söhbətləri ciddiyə almırdıq, bir-birimizlə zarafatlaşırdıq, ağlımıza da gəlməzdi ki, məsələ bu qədər ciddiləşər. Bizi Marquşavana apardılar, orda bütün gizir, zabit, MAXE, əsgər – hamını arxadan yoxladıq. Yoxlamada MTE-dən potoloq, Mərkəzi Hərbi Hospitaldan cərrah da iştirak edirdi. Hospitaldan gələn cərrah hamını bir-bir şəxsən yoxlayırdı. Mən də onlarla birlikdə yoxlayırdım. Özümü isə yoxlamadılar. Bahadur Əhmədov vardı, indi Sərhəd Qoşunları Tibb İdarəsinin rəisidir, o dedi ki, sən niyə yoxlanmırsan? Göstəriş verdi ki, bunu da yoxlayın. Tibb polkovniki cavab verdi ki, mən onu yoxlamıram. Hərbi hissəyə gələndə Bahadur Əhmədov dedi ki, mən özüm səni yoxlayacam, özü şəxsən məni arxadan yoxladı və söylədi ki, əlamət var”.
Əbil Məmmədli digərləri kimi onunla da bağlı saxta sənəd tərtib olunduğunu bildirir: “Mənə o kağızı göstərəndə soruşdum ki, hanı bunun möhürü, imzası? Kim verib bu sənədi, hanı adı, soyadı?”
“Psixoloq işgəncəyə gedənlərin ciblərindən siqaretlərini götürürdü”
Əbil Məmmədlinin sözlərinə görə, bundan sonra işgəncələr başlayıb: “Bizi Gorana apardılar, orda “palatkalar” quruldu. Hər gün 1-2 nəfər aparıb, işgəncə verib, etirafedici izhatlar alıb, qaytarıb gətirirdilər. Bir gün də psixoloq dedi ki, təbrik edirik, xainlər tapılıb, qalır sizin gedib izahat yazmağınız. Mənim ona psixoloq deməyə dilim gəlmir, işgəncəyə gedənlərin cibindən siqaretini götrürdü”.
Əbil Məmmədlinin söylədiyinə görə, bədəni günlərlə toka verilib, Sarıcalıda, Bakıda hospitallarda müalicə alıb, dəfələrlə Bakıya gətirilib, hərbi hissəyə qaytarılıb. Ancaq o, işgəncə verənlərin hazırkı təqsirləndirilən şəxslərin olmadığını da dilə gətirib: “Mən bunları tanımıram, mənim olduğum hərbi hissəyə aidiyyətləri yoxdur. Həm də bunlar heç görünüşcə də mənə işgəncə verənlərlə müqayisəyə gəlmir. Bunlar işgəncə verənlərin yanında bədəncə çox cılızdılar. Orda işgəncə verənlərin sayı çox idi. Elə təkcə mənə dörd nəfər işgəncə verirdi, iki nəfər qollarımdan tutub pilləkənləri qaldırırdı, işgəncə yerinə aparırdı”.
https://toplum.tv/mehkeme/pldquoterter-isirdquo-uumlzre-mehkeme-nezaretccedililer-generalin-vekilini-doumlyuumlb-nbspp
“Zabitlərlə daha amansız davranırdılar”
Zərərçəkən onu da deyib ki, işgəncələr zamanı zabitlərlə daha amansız davranıblar.
Hakim: Siz postda olmamısız, sizi niyə bu işə cəlb ediblər?
Zərərçəkən: Bilmirəm, mənə deyirdilər ki, guya bayrağın üstünə “zajiqalkayla” adımı yazmışam, bir də guya erməniylə cinsi əlaqədə olan hansısa əsgərin arxasını tikmişəm.
Hakim: Siz yoxlamalarda iştirak etmisiz, ümumiyyətlə, cinsi əlaqədə olmaqla bağlı hansısa əsgərdə, zabitdə bir əlamət var idi?
Zərərçəkən: Yox, hamısı təmiz çıxmışdı, ancaq saxta sənədlər verildi, guya cinsi əlaqədə olublar.
Məhkəmədə gün ərzində təxminən 20 zərərçəkən dindirilib. Məhkəmə iclası növbəti həftə davam edəcək.
“Tərtər işi” üzrə istintaq zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verməsi, onları qanunsuz azadlıqdan məhrum etməsi və vəzifə səlahiyyətlərini aşması müəyyən edilən Vüsal Ələsgərov, Rüstəm Ələsgərov, Ramil Qarayev Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü maddələri, Fuad Axundov CM-nin 127.2.2 (qəsdən sağlamlığa az ağır zərər vurma), 145.3, 293.3, 341.2.2 və 341.2.3 maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
İlkin Süleymanov: "Ağlıma da gəlməzdi ki, bu cinayət mənim üstümdə qalacaq"
Açıq mənbələrdən götürülüb