Səlim Müslümov işində şahid: “Bütün tenderlər formal keçirilirdi, nəticəsi əvvəldən bəlliydi”
Toplum TV - Səlim Müslümov
Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş nazir Səlim Müslümovun məhkəməsi davam edir. Dekabrın 12-də məhkəmədə Bəxtiyar İsgəndərov şahid qismində dindirilib. O, əvvəllər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Tikilməkdə Olan Obyektlər İdarəsinin rəisi Natiq Əzizovun müavini işləyib.
Şahidin qısa ifadəsindən sonra hakim ona 2014-cü ildə sosial evlərin tikilməsi üçün dövlət büdcəsindən ayrılmış 20 milyon manatın xərclənməsiylə bağlı suallar verib. Şahid sualları belə cavablandırıb: “Mən cəmi bir il orada idarəsini rəisinin müavini olmuşam, 2016-cı ildə tender komissiyasının üzvü olmuşam. Sosial evlərin tikilməsi üçün tenderlər elan olunurdu. Bu tenderlər sənəd üzərində keçirilirdi. Həmin tenderlərin nəticələri əvvəlcədən bəlli idi. Tenderlərdə adı keçən şəxslərin vəzifəsi isə işdə olan sənədlərə imza etməkdən ibarət idi".
Bəxtiyar İsgəndərov deyib ki, dövlət büdcəsindən ayrılan vəsait sosial evlərin tikintisinə xərclənib. Ancaq hansı qaydada xərclənməsindən xəbəri olmayıb.
Dövlət ittihamçısı şahidin ibtidai istintaqa verdiyi ifadəsinin elan edilməsini istəyib. Hakim elan edib. Bəxtiyar İsgəndərovun ibtidai istintaqa verdiyi ifadəsinə görə, sosial evlərin tikintisinə 20 milyon manat ayrılıb, tenderlər elan olunub. Bütün tenderlər formal olaraq həyata keçirilib. Bu işləri Səlim Müslümovun tapşırığıyla Nazirliyin Tikilməkdə Olan Obyektlərin İdarə rəisi Natiq Əzizov görüb.
Məhkəmənin dindirdiyi başqa şahid Mahir Şükürovsa Dövlət Əmək Müfəttişliyində işləyib. Salyan, Şirvan Neftçala, Hacıqabul rayonları daxil olmaqla 11 saylı Dövlət Əmək Müfəttişliyinin rəisi olub. İstintaqın gəldiyi qənaətə görə, 2014-cü ilin mayından oktyabrınadək Dövlət Əmək Müfəttişliyinin rəisi Fuad Əlizadəyə sektor müdiri Emil Allahverdiyevin vasitəsiylə hər ay 4 min manat pul göndərib. Ancaq o, istintaq ifadəsini inkar edib: “Mən heç kimə rüşvət verməmişəm.
Dövlət ittihamçısı: - İfadənizi oxumuşdunuz?
Şahid: - Bəli.
Dövlət ittihamçısı: - Özünüz imzalamısız?
Şahid: - Bəli.
Dövlət ittihamçısı: - Siz rəhbər vəzifədə işləmisiz. İstintaqda ifadə vermisiz, imzanız da var. Bu gün gəlimisiz, burda deyirsiz ki, istintaqa verdiyim ifadəyə don geydirilib.
Şahid: - Mən heç kimə pul verməmişəm.
Sonra şahid qismində 2014-2026-cı illər ərzində Binəqədi və Abşeron rayonları daxil olmaqla 2 saylı regional əmək müfəttişliyində işləmiş Vüqar Abdullayev dindirilib. (Hazırda Dövlət Gömrük Komitəsində mühasib işləyir). İfadəsində göstərib ki, vəzifəsi müəssisələri yoxlamaq olub. Qanun pozuntusuna yol vermiş müəssisələri cərimələyib. Hakim ona rəisi olmuş Fuad Əlizadəylə rüşvət münasibətlərindən soruşub.
Hakim: - Fuad Əlizadəyə nə qədər pul vermisiz?
Şahid: - Mən heç kimə pul verməmişəm.
Hakim: - Bir az səmimi olun, ibtidai istintaqa verdiyiniz ifadə var. Belə çıxır ki, istintaqa yalan danışmısız?
Şahid: - Yox.
Bundan sonra hakim onun Vüqar Abdullayevin ibtidai istintaqa verdiyi ifadəsini elan edib. Həmin ifadəsində şahid qeyd edib ki, hər ay rəisi Fuad Əlizadəyə Emil Allahverdiyevin vasitəsiylə 25 min manat göndərib. Fuad Əlizadə həmin pulu nazir Səlim Müslümova çatdırıb.
Şahid bildirib ki, ibtidai istintaqa verdiyi ifadəsində belə söz deməyib.
Dövlət ittihamçısı: - Bəs bu 25 min manat söhbəti hardan çıxıb?
Şahid: - Yoxlamalar zamanı nöqsanlar aşkar olunurdu. Bu nöqsanlara görə ödənişlər edilirdi.
Dövlət ittihamçısı: - Ödəniş dövlət büdcəsinə edilər. Bunun da müqabilində qəbz verilir. Siz dediklərinizin məsuliyyətini hiss edirsiz?
Şahid susub.
Sonra məhkəmə Bakının Nərimanov, Səbail, Nəsimi və Yasamal rayonlarında əmək müfəttişi işləmiş Mirsəlim Seyidovu dindirib. O, Nazirlikdə ən iri cərimələri yazan müfəttiş olduğunu deyib. Ümumilikdə 1 milyon 500 min manat...
Şahid sual-cavab olunduqdan sonra hakim onun ibtidai istintaqa verdiyi ifadəsini elan edib. Şahidin həmin ifadəsinə görə, cərimələrin toplanması üçün Fuad Əlizadə ilə komanda şəklində işləyirlərmiş. Xırda müəssislərdən hər ay cərimə adı altında 20-25 min manat yığılıb, Fuad Əlizadəyə ötürülüb.
Bu günə olan şahid dindirmələri başa çatandan sonra hakim növbəti məhkəmə iclasını dekabrın 19-na təyin edib.
Səlim Müslümovu 2021-ci ilin fevralında DTX həbs edib. Mənimsəmə, rüşvətalma, vəzifədən sui-istifadə cinayətlərində təqsirli bilinir. İş üzrə ümumilikdə 27 milyon manat təşkil edən dəymiş ziyanın 20 milyon manatı həbsdə olduğu müddətdə keçmiş nazir tərəfindən Maliyyə Nazirliyinin depozit hesabına ödənilib. Bundan sonra o, “səhhətindəki problemlərə görə” adı altında ev dustaqlığına buraxılıb. Maliyyə Nazirliyi zərərçəkmiş tərəf kimi tanınır və qurum qalan 7 milyon manatın da keçmiş nazir tərəfindən ödənilməsini tələb edir.
Hakim ötən məhkəmə iclasında Səlim Müslümova ifadə verməyi təklif etsə də, sonuncu imtina edib. Deyib ki, özünü təqsirli bilmir, əməllərini isə səhlənkarlıqdan ibarətdir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Məhkəmə: Gənc ana 1 yaşlı körpəsini zəhərləyib öldürməkdə təqsirləndirilir
Açıq mənbələrdən götürülüb