Məhkəmə

Söyüdlü sakininin məhkəməsi: “Plakatları hazırladığım üçün narkotiklə şərlədilər” 

7 Dekabr, 2023
314

Açıq mənbələrdən götürülüb

Məhkəmə

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Gədəbəyin Söyüdlü kənd sakini olan Coşğun Musayevin məhkəməsi başlayıb

Məhkəmə iclasına hakim Eldar İsmayılov sədrlik edir. Coşğun Musayev narkotikə görə ittiham olunsa da, o, həbsinin birbaşa Söyüdlü hadisələriylə əlaqəli olduğunu deyir. 

Xatırlatma 

Bu il iyunun 20-də və 21-də Gədəbəy rayonunun Söyüdlü kənd sakinləri kəndin ərazisindəki qızıl mədəninin kimyəvi təmizləmədən sonra axıdılan turşu qalıqlarının toplandlığı gölməçə dolduğundan başqa yerdə yeni gölməçə qurulmasına etiraz ediblər. Bu zaman əraziyə polis qüvvələri yeridilib. İyunun 20-də polislə etirazçılar arasında qarşıdurma yaranıb və polis gözyaşardıcı qazdan istifadə edib. Kənd sakinlərindən onadək insan xəsarət alıb. 5 nəfər etirazçı inzibati qaydada 20 sutka həbs edilib, 1 etirazçı isə 1500 manat cərimə olunub. Elə həmin günlər kəndin daha bir neçə sakini narkotik ittihamıyla həbs olunub. Hazırda onlardan biri Coşğum Musayev məhkəmə qarşısındadır. Dekabrın 6-da o, məhkəmədə sərbəst ifadə verib. 

Məhkəmə 

Coşğun Musayev ifadəsində göstərib ki, Söyüdlüdə böyüyüb, valdieynləri də orada yaşayır. Özü bir müddət əvvəl Gəncəyə köçüb, telefon ustasıdır. Telefonların həm alqı-satqısı, həm də təmiriylə məşğul olur. İyunun 21-də Gəncədəki “Dubay bazarı” deyilən yerdə inşaat materialları alarkən ona zəng gəlib. Zəng vuran adam özünü polis əməkdaşı kimi təqdim edib, deyib ki, polisə onun oğurluq telefon satması barədə məlumat daxil olub, buna görə də onunla görüşüb aydınlaşdırmaq istəyir. Təqsirləndirilən şəxsin ifadəsindən:

“Məndən yerimi soruşdu, dedim, “Dubay bazarı”ndayam. Dedi ki, yaxınlıqdayam, orda ol, gəlim, görüşək, razılaşdıq. Ancaq içimdə bir şübhə yarandı, düşündüm ki,  telefon alqı-satqısıyla məşğul olduğuma görə aradabir belə hallar olur, ancaq polis heç vaxt “gəlim, görüşək” demir, məni şöbəyə dəvət edir. Ona görə də həmin nömrəni “getkontakt”da araşdırdım, baxdım ki, nömrə sahibi orada “Məhəbbət – DTX” kimi qeyd edilib. “DTX telefon oğurluğu araşdırmır axı”, deyə düşünürdüm ki, mülki geyimlilər qoluma girdi. Yoldaşıma dedim ki, axşam evə qayıtmasam, Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vursun”. 

Coşğun Musayevin sözlərinə görə, onu Gəncə DTX-na götürərək bir saat ərzində Söyüdlü hadisələrinə görə sorğu-sual ediblər. Sonra Bakıya – Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə göndəriblər:

“Ailəmlə əlaqə saxlamağa imkan vermədilər. Telefonumu, maşınımın açarlarını alıb, bir zərfə qoyub, möhürlədilər. Məni Bakıya gətirdilər. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində bir az sorğu-sual edib, saxlama təcridxanasına saldılar”. 

Təqsirləndirilən şəxs ifadəsinə davam edərək bildirib ki, iyunun 22-də səhər saatlarında onu idarədən çıxararaq bir parka götürüblər: “Məni bir skamyada oturtdular. Dedilər ki, sənlik bir iş yoxdur, bizə başqası lazımdır, o gələcək, onu tutub, səni buraxacağıq, narahat olma. Bir də baxdım ki, onlardan biri mənim fotolarımı çəkir. Heç kəs gəlmədi, məni maşına qoyub, geri – idarəyə qaytardılar. İbrahim müəllimin otağına apardılar, içəri girəndə masanın üstündə bükülülər vardı, dedi, götür, bu, sənindir. Mən ömrümdə narkotik görməmişəm, narkotik haqqında heç bir təsəvvürüm də yoxdur. Tez-tez telekanallarda narkotiklə tutulanları göstərəndə narkotik bükümlərini elə o videolarda görmüşəm. İbrahim müəllim dedi, götür bunları, sənindir, iki uşağın var, sənə cəza filan da düşəsi deyil, qorxma, yüngül bir şeydir. Biz bilirik ki, sənlik heç nə yoxdur, bizə başqa adamlar lazımdır. Fikirləşdim ki, birdən götürüb çantayla narkotiki qoyarlar kürəyimə, bədbəxt olaram, ona görə də məcbur oldum, götürdüm qoydum cibimə...” 

Coşğun Musayev deyib ki, bütün bunlar ona dövlət hesabına təyin olunmuş və ad-soyadını bilmədiyi vəkilin yanında baş verib. Axtarış prosesinin videoçəkilişi dörd dəfə təkrarlanıb: “Videoçəkilişdən əvvəl mənə öyrətdilər ki, denən 50 manata alımışam, öz istifadəm üçün almışam, əməlimdən peşmanam. Narahat olma, məhkəmədən səni buraxacaqlar. Məsələn, onlar çəkirdi, vəkil sual verirdi ki, sənə təzyiq olub? Mən də bildirirdim ki, ailəmlə danışmağa imkan yaradılmır. Onlar sözümü kəsib, çəkilişi dayandırır, deyirdilər ki, bunu demə, onu demə, və başdan çəkməyə başlayırdılar və bu, dörd dəfə təkrarlandı”. 

Coşğun Musayev hakimin suallarını cavablandırarkən bildirib ki, onun üzərində həm Gəncə DTX-da, həm də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində axtarış aparılıb və heç nə tapılmayıb: “Hətta məni gecə saxlama təcridxanasının qapısından içəri salanda da kontrol yoxladılar, corablarımın içinə qədər...”.

Prokuror: - Sizdə narkotik yoxdursa, siz niyə üzərinizə narkotiki götürüb, ümid etməlisiz ki, kimsə sizi məhkəmədə buraxacaq? Sizə başqa təzyiq olmayıb? Döyüblər sizi? 

Coşğun Musayev: - Xeyr, döyməyiblər, ancaq İbrahim müəllim dedi ki, burda qəhrəmanlıq eləməyin yeri yoxdur. Kamerada dev kimi oğlanlar var ki, mümkün deyil. Kamerada ağsaqqal var idi, o da dedi ki, yeri yoxdur. Razı olmayanda otaqda narkotik çoxdur. 10-kilo, 20 kilo qoyarlar bədbəxt olarsan. İstintaq Təcridxanasında qaldığım 40 gün ərzində nə görüş, nə telefon danışığına icazə verməyiblər. 40 gündən sonra ailəmlə görüşdüm, mənə vəkil tutdular. 

Vəkil: - O plakatları niyə düzəltmişdin? 

Coşğun Musayev: - Başdan danışa bilərəm? 

Hakim: - İşin mahiyyətinə aidiyyəti yoxdur, sənə narkotik ittihamı verilib, mahiyyəti üzrə danış. Ancaq yaxşı, nə plakatlar imiş onlar, danış.  

Coşğun Musayev: - Kəndimizin şəhidlərinin plakatlarını da düzəldirdim. Birinci, İkinci Qarabağ müharibəsi şəhdilərinin plakatlarını, alimlərin plakatlarını, Söyüdlünün tarixiylə bağlı plakatlar. Bu plakatlara ayrılan puldan 120 manat qalmışdı. Mayda kənddə belə bir söhbət yarandı ki, qızıl zavodu kənddə ikinci zəhərli gölü yaradır. Kənd sakinləri arasında narahatçılıq yaranmışdı. Məndən xahiş etdilər ki, “su çirklənir”, “ağaclar quruyur”, “Şəmkir çayı təhlükədədir” kimi plakatlar düzəltdirim, göl ətrafındakı məftillərə yapışdırsınlar. 

Vəkil: - Söyüdlüdə səndən başqa narkotik ittihamı ilə tutulanlar var? Varsa, adlarını çəkə bilərsən? 

Coşğun Musayev: - Bəli. Bayaq yadımdan çıxdı, demədim. Üstümə narkotik qoyandan sonra məni ekspertizaya apardılar. İki kəndçim var, on ildən bir görürəm. Biri Bakıda, o biri Gədəbəydə yaşayır. Orda gördüm, salamlaşdıq, dedilər bu Gədəbəy haqq-hesabına görə vatsapda səs göndəriblər, ona görə tutulublar. Əsgərov Hidayət, Şirinov Dadaş. Ekspertizada onları görmüşdüm. Cabbarov Etibar, Əliyev Şöhrət də həmin hadisələrə görə saxlanmışdı, narkotiklə ittiham olunurlar. 

Hakim təqsirləndirilən şəxsin ibtidai istintaqa verdiyi ifadəsini elan edib. Həmin ifadədə göstərilib ki, Coşğun Musayev Bakıya avtomobilinin kreditini ödəməyə gəlib. Bakıda olarkən özü istifadə etmək üçün tanımadığı şəxsdən 50 manat müqabilində kokos alıb. Coşğun Musayev bildirdi ki, həmin ifadəni müstəntiq yazıb, o isə oxumadan imzalayıb: “İyunun 23-də saxlama təcridxanasına gəldilər, kağızları mənə uzadıb dedilər “ora qol çək, bura qol çək”, ifadəni oxumadan imzalatdırdılar. Bakıya narkoik dalıyca gəlirdimsə, həyat yoldaşıma deyərdimmi ki, qayıtmasam 102 xidmətinə zəng vur? Nakrotik almağa gedən adam niyə 102-yə məlumat versin? 

Hakim: - Biz də elə onları araşdırmaq üçün yığışmışıq. 

Coşğun Musayev: - Həyat yoldaşımın da şahid kimi dindirilməsini xahiş edriəm. 

Hakim: - Məhkəmə zalındadırsa, artıq şahid kimi dindirilə bilməz. 

Hakim daha sonra bildirib ki, növbəti məhkəmə iclasında şahidlər dindiriləcək və növbəti məhkəmə iclasını yanvarın 17-nə təyin edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

Qan xərçəngindən əziyyət çəkən uşaqlara görə yığılmış pulların aqibəti necə oldu? 

29 Fevral 2024

Açıq mənbələrdən götürülüb

Bakı Ağır Cinayətlər Məhkəməsində Nuridə Seyidovanın, Aynur Bayramovanın və Aysel Məmmədovanın məhkəməsi başlayıb.  Məhkəmə iclasına hakim Azad Məcidov sədrlik edir. Bu xanımlar talassemiyalı uşaqların xaricdə müalicəsi adı altında ayrı-ayrı vətəndaşlardan alınmış ümumilikdə 1 milyon manat civarında pulu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilirlər. Xanımlara qarşı Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluğa görə 178.3.2-ci maddəsi ilə ittiham irəli sürülüb. Hər şey ondan başlayıb ki, ötən ilin fevralında bir qrup vətəndaş “Urmedhelp” və “My Doc Tour Medical Tourism” şirkətlərinin sahibi Nuridə Seyidovadan, Aynur Bayramovadan, Aysel Məmmədovadan Prezidentə və Vitse-Prezidentə, Ombudsmana və başqa hüquq-mühafizə orqanlarına şikayətçi düşüb. Məsələn, 10 yaşlı övladı qan...
Məhkəmə

“Tərtər mollaları” işi üzrə məhkəmə davam edir 

28 Fevral 2024

Açıq mənbələrdən götürülüb

Bakı Ağır Cinayətlər Məhkəməsində Xəqani Məmmədov, Sənan Məmmədov, İqbal Axundov, Arif Cümşüdov, Tərzan Qaraşov və Anar İsayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilir. Məhkəmə iclasına Şəlalə Həsənova sədrlik edir. İbtidai istintaqın qənaətinə görə, bu şəxslər Azərbaycanda “Kərimə” dövləti qurmaq istəyən dəstə üzvləri olub. Mühakimə olunanlar Tərtər rayonundan olduqlarından və orada dini mərasimlərdə mollalıq etdiklərindən işə şərti olaraq “Tərtər mollaları” adı verilib.   Təqsirləndirilən şəxslərin bəzilərinə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsiylə yanaşı 234-cü maddə də verilib.  İttiham aktında qeyd olunur ki, İranda yaşayan, həmin ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Rufulla Axundzadə və Bəxtiyar Bayramov Tərtər rayon sakini Arif...

Seçilmiş Videolar

Toplum TV loqo