Tərtər işgəncələri: “Hikmət Həsənov dedi, bunun ağlı başına gəlməyib, aparın, döyün”
Aprelin 11-də “Tərtər işi”ndəki işgəncələrə görə bir qrup hərbi qulluqçunun məhkəməsi davam edib. Bu iş Bakı Hərbi Məhkəməsinin icraatında olsa da, Sumqayıt Məhkəmə Kompleksində keçirilir. Cinayət işi hakim, Bakı Hərbi Məhkəməsinin sədr əvəzi Zeynal Ağayevin icraatındadır.
“Görürdülər təsir etmir, toku qulaqlarıma qoşurdular”
Məhkəmə iclasında zərərçəkənlər ifadə verir. Bu günkü iclasda ilk ifadəni zərərçəkən Nicat Abbasov verdi. Zərərçəkən təqsirləndirilən şəxslərin saxlandığı şüşə qəfəsə tərəf boylanıb məhkəməyə bildirdi ki, onlardan heç birini tanımır. Hakim ondan bu barədə təkrar soruşanda cavab verdi:
- İşgəncə veriləndə əllərimiz, gözlərimiz bağlı olurdu. İşgəncə verənləri görə bilmirdik.
- Bəs zərərçəkənlərdən tanıdığınız var?
- (Zərərçəkən məhkəmə zalına bolanır) Bəli, bəziləriylə eyni hərbi hissədə xidmət etmişik.
- Buyurun, danışın, hansı hərbi hissədə qulluq etmisiz, sizə kim igəncə verib?
Nicat Abbasov hakimin sualına cavab olaraq deyib ki, 2017-ci ilin mayında o da daxil olmaqla xeyli sayda hərbi qulluqçunun və sıravi əsgərin əllərini, gözlərini bağlayaraq döyə-döyə KAMAZ-lara doldurub Mingəçevirdəki N saylı hərbi hissəyə aparıblar. Hakim zərərçəkəndən onu döyənlərin, maşına mindirib aparanların adlarını soruşub. Zərərçəkən belə cavab verib: “Mənə 1 ay 17 gün işgəncə verilib. Bədənim tokun içindədir. Əllərimi o qədər toka veriblər ki... Görürdülər təsir etmir, toku qulaqlarıma qoşurdular. Başım da toka verilib. Məndə yaddaş, huş qalmayıb. Başım pozulub”.
Dövlət ittihamçısı zərərçəkəndən bir daha işgəncə verənlərdən kimləri xatırladığını soruşub. Nicat Abbasov cavab verib ki, gözləri bağlı olduğundan işgəncə verənləri görməyib. Onun sözlərinə görə, hərbi xidmət yoldaşı Elçin Quliyev işgəncələrə dözməyərək yanındaca ölüb.
“Qardaşım İkinci Vətən müharibəsində şəhid oldu. Qoymurdum getsin, deyirdim, geyinmə bu formanı əyninə, mən geyindim, adımı vətən xaini qoydular. Qulaq asmadı, getdi, 3 gündən sonra döyüşlərdə şəhid oldu”, - Nicat Abbasov belə söyləyib.
Hakim ondan hüquqşünas Fuad Ağayevi görüb-görmədiyini soruşub, o deyib ki, adıçəkilən şəxsi gözləri bağlı olduğundan görməyib, ancaq səsini eşidib, əmr verən o olub.
Zərərçəkənin söylədiyinə görə, işgəncələrdən sonra onu və digər işgəncə verilənləri Sarıcalı Hospitalına aparıblar, orda bir neçə gün yara izləri itsin deyə məlhəm sürtüblər.
Hakim zərərçəkəndən şikayət və tələbinin olub-olmadığını soruşub. Zərərçəkən belə cavab verib: “Onlara əmr verilib, onlar da əmri icra ediblər. Əmr verənlərin cəzalandırılmasını istəyirəm, əmr verənlərsə yuxarılarda oturanlardır. Bir də onu demək istəyirəm ki, kişi kişiyə o hərəkətləri etməzdi”.
“Əllərimizi öz botinkalarımızın ipiylə bağladılar, bizi döydülər”
Sonra ifadə vermək növbəsi zərərçəkən Nizami Verdiyevə çatdı. O, təqsirləndirilən şəxslərdən yalnız əsgər kimi xidmət göstərdiyi hərbi hissənin komandiri olmuş Vüsal Ələsgərovu tanıdığını bildirdi. Zərərçəkən komandirinin 2017-ci ilin mayında postda olduğunu dedi: “Məni aşağı çağırdılar. Bir neçə əsgərlə əl-qolumuzu, gözlərimizi bağlayıb Mingəçevirə apardılar. Orda N saylı hərbi hissədə 3 gün toka verdilər. 3 gündən sonra məni naryada buraxdılar”.
Vəkillərdən biri sual verib: “Nə oldu ki, qəflətən 3 gündən sonra səni naryada buraxdılar?”
Zərərçəkən “Bilmirəm, buraxdılar” söyləməklə kifayətlənib.
Hakim: - Nə naryadı idi?
Zərərçəkən: - Yemək naryadı.
Hakim: - Kimlərə yemək verirdin?
Zərərçəkən: - Həm içgəncə verənlərə, həm də işgəncə verilənlərə.
Zərərçəkən deyib ki, hər gün yemək naryadından sonra yenə qolları və gözləri bağlanır, işgəncə yerinə aparılırmış. Onlardan işgəncə altında ifadə alınandan sonra əl çəkiblər: “Mayın sonlarında daha işgəncə vermirdilər. 8 nəfər idik, bir otaqda saxlanılırdıq, heç nə soruşmurdular, kim əsəbi olurdu, gəlirdi, qapaz, yumruq, təpik vurub, gedirdi”.
Zərərçəkən Ümid Yusifov da işgəncələrdən danışdı. O, təqsirlənirilən şəxslərdən Rəşid Niftəliyevi tanıdığını dedi.
Ümid Yusifov bildirdi ki, Rəşif Niftəliyev onun xidmət etdiyi hərbi hissənin qərargah rəisi olub: “Tabor komandirinin əmriylə mənim və bir neçə əsgər yoldaşımın əllərini öz botinkalarımızın ipiylə bağladılar, bizi döydülər. Sonra hərbi hissənin qərargahına apardılar. Orada Rəşid Niftəliyevin əmriylə əllərimizi açıb, bizə yemək verdilər. Bizə dedilər ki, boynunuza alın, erməniyə işləyirsiz. Tərtər Hərbi Prokurorluğundan iki müstəntiq də gəlmişdi. Tabor komandiri məni döydükcə deyirdi ki, ermənidən əmələ gəlmiş, erməniyə işləyirsən. Cibimdən atamın şəkli çıxdı, dedi, atan da erməniyə işləyir”.
Zərərçəkən Etibar Əhmədovsa ona işgəncə verənlərdən Vüsal Ələsgərovu, Rəşid Niftəliyevi tanıdı. O, ifadəsində N saylı hərbi hissənin 1-ci taborunun yeməkxana növbətçisi olduğunu bildirdi.
Zərərçəkən işçgəncələr nəticəsində ölmüş Elçin Quliyevin yaxın qohumu olduğunu söylədi. O, özünün də əlləri, gözləri bağlı şəkildə Mingəçevirə aparılaraq N saylı hərbi hissədə işgəncəyə məruz qalmasının Elçin Quliyevlə əlaqəli olduğunu vurğuladı: “Elçin Quliyev mənim mamaoğlum idi. Atam zəng elədi, dedi ki, Elçini öldürüblər. N saylı hərbi hissədə maskalılar döyə-döyə maşına mindirəndə boynunu sındırmışdılar. Bu xəbəri təzə almışdım ki, gəlib məni də əli, gözü bağlı apardılar Mingəçevirdəki N saylı hərbi hissəyə. Orda məni toka verdilər”.
Hakim soruşub: “Tək sizi mindirib aparmışdılar?” Zərərçəkən cavab verib ki, onu gizir Rəfael Emçiyevlə birlikdə aparıblar.
Prokuror zərərçəkənə işgəncə verilməsinin səbəbi ilə maraqlanıb.
Zərərçəkən: - Guya ölənlə (Elçin Quliyevlə) birlikdə erməniyə işləmişik. Toka verirdilər, deyirdilər bizə ad ver. Hər gün qulaqlarıma qədər toka verirdilər, ah-nalə səsləri qulaq batırırdı. Gün ərzində bir butılka su verilirdi, əlli nəfərin hərəsi bir qurtum içirdi. İşgəncələr ağlasığmaz idi.
Hakim: - İbtidai istintaqa verdiyiniz ifadədə demisiz ki, işgəncə verənlərə Xocalıdan olduğunuzu, xain olmadığını bildirmisiz.
Zərərçəkən: - Bəli, dedilər, yaz ki, erməniyə satqınlıq eləmisən, dedim, mən Xocalı sakiniyəm, heç vaxt xainlik etmərəm. Aparıb daha da çox işgəncə verdilər.
Hakim: - Şikayətiniz, tələbiniz var?
Zərərçəkən: - Bəli. Mənim hərbi biletimi təmizləsinlər. Götürüb hərbi biletimə yazıblar ki, yararsızam. Bizə xain damğası vurdular, uzun müddət dost-tanış içinə çıxa bilmədik.
Zərərçəkən kimi tanınmış və məkəmədə dindirilən İsrafil Ələkərzdə N saylı hərbi hissənin 4-cü bölüyündə xidmət edib. Məhkəmədə verdiyi ifadəyə görə, 2017-ci ilin 15-20 may arası tarixlərdə döyüş postunda olub. Onu tabora apararaq əllərini və gözlərini bağlayıb, döyüblər. Sonra Mingəçevirdəki N saylı hərbi hissəyə aparıblar. Orda bir neçə gün işgəncələrə məruz qalandan sonra Bakıya götürüblər.
“Döyürdülər, toka verirdilər, soruşurdular ki, sizi düşmən tərəfə kim keçirib? Sonra da saxta ekspertiza rəyi çıxartdılar. Guya mənimlə 4 ay əvvəl cinsi əlaqədə olublar. Deyirdilər, boynuna al ki, erməni zorlayıb səni. Mənə qol çəkdirmək istəyirdilər. Hansı ki, mən iki ayın əsgəri idim, cəmi bir ay idi döyüş postuna çıxırdım. 4 ay əvvəl necə zorlana bilərdim?
Hakim: - Vaqif Abdullayev barədə nə deyə bilərsiz?
Zərərçəkən: - Onu Mingəçevirdə gördüm, yemək vaxtı gözümüzü açıb bizi yeməkxanaya aparırdılar. Ona dəhşətli işgəncələr verilmişdi, vəziyyəti çox bərbad idi.
Zərərçəkən İsrafil Ələkbərazdə müstəntiq tərəfindən də döyüldüyünü dedi: “Telefonu götürüb dedi ki, indi atana zəng edəcəm, deyəcəm ki, oğlunu ermənilər zorlayıb. Mən bunu eşidəndə özümdən ixtiyarsız əlimi telefona tərəf uzatdım ki, zəng etməsin. Müstəntiqin otağında olan maskalılar da, müstəntiq də məni dəhşətli şəkildə döydülər”.
Facebook-dakı “Tərtər işi” səhifəsindən: “Kapitan rütbəli Vaqif Abdullayev 16 dekabr 2015-ci ildə xidmətlərinə görə Müdafiə Naziri tərəfindən "Casio Shock" saatı ilə mükafatlandırılıb. O, xidmətinin 9 ilini ön xəttdə səngərdə zabit kimi çalışıb. Öz maaşı və kreditlər hesabına işlədiyi hərbi hissədə və postlarda təmir işləri görüb. Hal-hazırda buna görə banklara borcu var.
O, 2016-cı ilin Aprel döyüşlərində iştirak edib. 2017-ci ilin fevral ayında isə general-mayor Hikmət Həsənov posta yoxlamaya gəlir. Yoxlanış zamanı Hikmət Həsənov irad tutur ki, postun təminatı yaxşı deyil. Vaqif Abdullayev isə haqlı olaraq ona cavab verir ki; "Siz nə vaxt təmin etdiniz ki, mən də postu yaxşılaşdırmadım?"
Bu cavabdan sonra Hikmət Həsənov Vaqif Abdullayevi qara siyahısına salır. 9 may 2017-ci ildə Vaqif Abdullayevi həbs edib, işgəncə verirlər. 24 may 2017-ci ilə qədər Vaqifə işgəncə verirlər. Lakin Vaqif Abdullayev bu işgəncələrə tab gətirir və şərəfsizlərin saxta ittihamın qəbul etmir. Ardından Vaqif Abdullayevi hərbidən "xidmətə yararsız" adı ilə təxris edirlər”.
Məhkəmə gün ərzində davam edib və 20-yə yaxın zərərçəkən dindirilib. Bir neçə zərərçəkən ifadəsində general Hikmət Həsənovun içgəncələrə birbaşa nəzarət etdiyini deyib. Məsələn, Fərzəli Cahangirov məhkəmənin nəzərinə çatdırıb ki, ona işgəncə verib, ermənilərə işləməsi barədə ifadə almaq istəyiblər. Sonra deyiblər ki, Hikmət Həsənov onu yanına çağırır: “Məni Hikmət Həsənovun yanına apardılar. Dedi ki, erməniyə işləmisən, etiraf elə. Dedim ki, boynuma şər atırlar, işgəncə verirlər, mənim düşmənlə heç bir əlaqəm olmayıb. O isə işgəncə verənlərə tapşırdı ki, ağlı başına gəlməyib, aparın bir az da döyün”.
Məhkəmə iclası zərərçəkmişlərin ifadəsiylə davam edir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
İlkin Süleymanov: "Ağlıma da gəlməzdi ki, bu cinayət mənim üstümdə qalacaq"
Açıq mənbələrdən götürülüb