Açıq mənbələrdən götürülüb
Tərtər işi
Müdafiə Nazirliyinin keçmiş idarə rəisi, general-mayor Rasim Əliyev 2017-ci ilin may-iyun aylarında Tərtərdə hərbçilərə qarşı işgəncələrin nazir və Baş Qərargah rəisinin razılığıyla həyata keçirildiyini iddia edir. Bu barədə o, məhkəməyə danışıb.
Nazirliyin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinə rəhbərlik etmiş, 2 il yarımdır ehtiyatda olan Rasim Əliyev hərbçilərə qarşı işgəncələrdə ittiham olunanlardan 4 nəfərin məhkəməsində şahid kimi dindirilib. Söhbət o dövrdə hərbi hissə komandiri olmuş polkovnik Vüsal Ələsgərov, hərbi hissənin qərargah rəisi Rəşid Niftəliyev, o dövrdə müddətdən artıq xidmət edən hərbi qulluqçular Ramil Qarayev və Rüstəm Ələsgərovdur.
Tərtərdəki olaylarla bağlı məhkəmə araşdırmalarından məlum olur ki, orada hərbçilərin ermənilərə casusluq şübhəsiylə sorğu-suala çəkilməsi və işgəncəyə məruz qalması prosesi 2017-ci il mayın 1-dən başlayıb. Rasim Əliyev deyir ki, o, Tərtərə mayın 9-da ezam olunub. Ondan əvvəl isə hazırkı Baş Qərargah rəisi, o dövrdə nazirin şəxsi heyət üzrə müavini olan Kərim Vəliyev Tərtərdə olub.
Əliyev danışır ki, gedəndə orada yüzlərlə işgəncəyə məruz qalmış, əlləri, gözləri bağlı hərbçi görüb. Həmin vaxt Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisi Rauf Kişiyev də orada olub:
“Rauf Kişiyev dedi, bunları başa sala bilmirəm ki, belə olmaz”
Onun sözlərinə görə, Tərtərdə proseslərə rəhbərlik edən şəxs o zaman korpus komandiri olan general Hikmət Həsənov, korpusun hüquqşünası Fuad Ağayev idi. General ifadəsində “Dəniz piyadaları”nın komandiri Cəfər Seyidov (Ali Məhkəmənin hakimi Əziz Seyidovun oğlu-red.) və tabeliyindəki heyətin Tərtərə gəlib, orada hərbçilərə qarşı işgəncələrdə iştirak etməsindən də danışıb.
https://toplum.tv/mehkeme/pterter-isi-nbspquotatam-meni-goumlrende-infarkt-keccedilirtdiquotp
“Mən Fuad Ağayevə baş verənlərə görə irad bildirmişdim, o da Hikmət Həsənova çatdırmışdı. Hikmət Həsənov zəng eləyib dedi ki, proseslər nazir və Baş Qərargah rəisinin göstərişiylə həyata keçirilir. Lap 100 nəfər ölsə belə, araşdırma davam etdirilməlidir. Mənim işimə qarışma”, - Rasim Əliyev ifadəsində belə deyib.
Məhkəmədə zərərçəkənlər də, təqsirləndirilən polkovnik Vüsal Ələsgərov da general Əliyevin özünü günahlandırıb. İşgəncələrin şahidi olduğu halda, qarşısını almaqdan ötrü öz səlahiyyətlərindən istifadə etmədiyinə görə onu qınayıb: “General-mayor deyir ki, “gücüm çatdığı qədər müdaxilə elədim”. Onda niyə o vəzifəni tutmuşdunuz? Burada oturası adam sizsiniz. Mən sizlərin cinayət zəncirinizdə 1000 halqadan 998-ci adamam”, - təqsirləndirilən Ələsgərovun sözləridir.
General Əliyevsə ona belə cavab verib: “Düz deyirsən, gərək səni yerində güllələyərdim”. O, əlavə edib ki, rəhbərlik baş verənlərdən xəbərdar idi, ona görə kiməsə nəsə deməyə ehtiyac duymayıb: “Bütün rəhbərlik xəbərdar idi işgəncələrdən. Bu sanki ona bənzəyir, hamı ərik ağacının altında dayanıb, ağacda olanları görür. Onlara deməyə nə ehtiyac var ki, ağacdakı ərikdir?”
Tərtər hadisələrində işgəncəyə məruz qalmış zərərçəkənlər tələb edib ki, Müdafiə naziri Zakir Həsənov, o dövrdə Baş Qərargah rəisi olmuş Nəcməddin Sadıkov məhkəməyə gəlsin: “Sizin kimi generalların üzündən həyatımız məhv olub. Ailələrimiz dağılıb. Şəxsən məni həyat yoldaşım vətən xaini hesab edib. İllərim həbsxanada keçib. Psixoloji vəziyyətim bu gün də gərgindir. Bunları heç nə ilə geri qaytara bilməzsiniz”, - Tərtər hadisələri zamanı dövlətə xəyanət ittihamıyla həbs olunub 2022-ci ilin dekabrında bəraət alaraq, azadlığa çıxan Müşfiq Əhmədli bildirib.
Rasim Əliyevin istintaqa verdiyi ifadə də məhkəmədə elan olunub.
Hikmət Həsənovun ona telefon zəngi, Müdafiə naziri və Baş Qərargah rəisindən göstəriş alması, nə qədər ölən olsa belə, dayanmayacaqları, sorğu-sualı və işgəncələri davam etdirəcəkləri barədə istintaqdakı ifadəsini təsdiq edib-etmədiyini vəkillərdən biri ondan soruşub. General-şahid suala belə cavab verib:
“Hikmət Həsənov mənə dedi ki, nazir və Baş Qərargah rəisi mənə “dobro” verib. Ölənlər olsa belə, davam edəcək...”
“Bu adam mənim oğlumun qatilidir”
Tərtər hadisələrindəki zərərçəkənlərin ittiham etdiyi şəxslərdən biri də hazırda Laçında hərbi hissə komandiri Teymur Məmmədovdur. O, həmin dövrdə Tərtərdə briqada komandiri vəzifəsində çalışıb. Zərərçəkmişlər deyir ki, şəxsən Məmmədov özü də birbaşa işgəncələrdə iştirak edirdi. Bu üzdən iyulun 25-də Məmmədovun şahid kimi dindirildiyi məhkəmə iclası gərgin keçib.
“Hikmət Həsənov mənim oğlumu tanımırdı. Oğlum sənin tabeliyindəki hərbçi idi. Mənə cavab ver. Oğlumu niyə ora göndərib, işgəncə verdin və öldürdün? Bu adam mənim oğlumun qatilidir”, - Tərtər hadisələrində həyatını itirmiş hərbi qulluqçu Elçin Quliyevin anası Validə Əhmədovanın sözləridir.
“Böhtandır...” deyən Teymur Məmmədov vurğulayıb ki, o, sadəcə, iki nəfərin göstərişləri icra edib: korpus komandiri Hikmət Həsənov və korpusun hüquqşünası Fuad Ağayevin. Məmmədovun sözlərinə görə, onun rəhbərlik etdiyi briqadadan sorğu-suala 130 hərbçi göndərilib və onlar işgəncəyə məruz qalıb. Onlardan 6 nəfər işgəncə nəticəsində həyatını itirib. Niyə həmin işgəncələr barədə harasa şikayət etməməsi haqda suala isə o, belə cavablandırıb:
“Korpus komandiri mənə deyib ki, o adamları sorğuya göndərmək lazımdır, mən də göndərmişəm. Prokurorluğun da nümayəndələri orada olub. Ümumiyyətlə, müraciət edə biləcəyim instansiyaların hamısının nümayəndələri orada idi. Kimə müraciət edəydim? Hərbi prokurora deyəydim ki, bunu belə eləmə, elə elə?”
Həm zərərçəkənlər, həm də təqsirləndirilənlər deyir ki, istintaqın əlində polkovnik Məmmədovun işgəncələrdə iştirakını sübut edən videogörüntülər var. Həmin video və fotolarda aydın görünür ki, adamlar Məmmədovun yanında butılka ilə zorlanır, başqa vasitələrlə işgəncəyə məruz qalır.
“Sənin briqadanda 5-6 ölüm olub, mənim briqadamda isə ölüm olmayıb. Mənimlə sənin fərqin nədir? Gözünün qabağında o boyda qan-qada, hamını günahkar çıxartdın, özün süddən çıxmış ağ qaşıq oldun? Yetimin birini (təqsirləndirilən Rüstəm Ələsgərovu nəzərdə tutur-red.) vermisən güdaza. Allahın siqaretini də göndərmirsən. Onun xəstə balasının, zərərçəkənlərin ahı tutacaq səni...”, - təqsirləndirilən polkovnik Vüsal Ələsgərovla şahid Teymur Məmmədov arasında gərginlik yaşanıb.
https://toplum.tv/mehkeme/pterter-isi-ldquohikmet-hesenov-isgencelere-nezaret-edirdirdquop
Hərbçilərin sorğu-sual üçün çağrıldığı və sonradan işgəncəyə məruz qaldığı məkan Teymur Məmmədovun rəhbərlik etdiyi hərbi hissənin köhnə binası olub. Məmmədov etiraf edib ki, rəhbərlik etdiyi briqadanın kəşfiyyat bölüyündən həmin hadisələr vaxtı 5-6 nəfər binanın mühafizəsi üçün göndərib. Biri də hazırda təqsirləndirilənlər arasındakı Rüstəm Ələsgərov olub.
“Mən yetim adamam, heç kimim yoxdur, ona görə buradayam. Məni həbs eləyəndə günü 20 manata kanalizasiya quyusu qazırdım. Autizm xəstəsi uşağım qalıb, siqaret, geyim tapmıram. Oradakı ölümləri mənim üstümə yazanların Allah balasını öldürsün. Mənim xəbərim olub onlardan? İndi burada üstünüzdən atmaqla deyil, bir “KamAz” adam gətirdilər, gözümün qabağında əmr verdiniz ki, qaldırın bu bu qoduqları yuxarı...”, - Rüstəm Ələsgərov keçmiş komandiri Teymur Məmmədova deyib.
Məmmədov da təsdiqləyir ki, Ələsgərov ora binanın mühafizəsindən ötrü göndərilib. Onu binanın içində, hərbçilərə işgəncə verən yerdə və s. görmür. Özü də onun kiməsə işgəncə verdiyinə inanmır.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Qubad İbadoğlunun məhkəməsi, gənc fəalların oxşar motivli həbsləri
Toplum Tv
Narkotikə görə tutulan inanclı: “Mədəniyyət evlərində narkotikə qarşı çıxışlar edirdik”
Açıq mənbələrdən götürülüb