Açıq mənbələrdən götürülüb
Hikmət Həsənov
Sumqayıt Məhkəmə Kompleksində “Tərtər işi” üzrə həbs olunan 5 nəfərin - general-mayor Bəkir Orucov, Rahib Məmmədov, İntiqam Məmmədov, Ziya Kazımov və Ülvi Rəşidovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.
2021-ci ilin dekabrında Baş Prokurorluğun İstintaq İdarəsində “Tərtər hadisələri” ilə bağlı yenidən araşdırmalar başlanan zaman 2017-ci ilin mayında Beyləqanda da baş verən cinayətlər araşdırılıb.
Bu iş üzrə 62 zərərçəkmiş, 21 şahid var. İlk dövrdə araşdırmalar “Tərtər işi” ilə eyni icraatda aparılsa da, bu ilin fevralında “Beyləqan hadisələri” üzrə 5 nəfər barəsində cinayət işi ayrılaraq, Bakı Hərbi Məhkəməsinə göndərilib. Hakim qarşısına Beyləqan korpusunun qərargah rəisi olmuş, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Bəkir Orucov və daha 4 nəfər – snayper bölüyünün komandiri Ziya Kazımov, Təhqiqat bölməsinin rəis müavini olmuş Rahib Məmmədov, İntiqam Məmmədov və Ülvi Rəşidov çıxarılıblar. Təqsirləndirilən şəxslərdən mayor Ülvi Rəşidovla polkovnik-leytenant Ziya Kazımov həbsdə deyil.
Hazırda məhkəmədə təqsirləndirilən şəxslər ifadə verirlər.
Ötən məhkəmə iclasında təqsirləndirlən Ziya Kazımov ifadə vermişdi. Bu dəfə İntiqam Məmmədov dindirilib.
Adam oğurluğu, işgəncə, qeyri-insani davranış ittihamları
İntiqam Məmmədov Müdafiə Nazirliyinin Hüquq İdarəsinin Təhqiqat Şöbəsinin baş zabiti - təhqiqatçısı vəzifəsində işləyib. Adam oğurluğu, külli miqdarda dələduzluq, rüşvət vermə, silah tətbiq olunmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə, işgəncə, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza vermə maddələri ittiham olunur.
O, məhkəmdəki ifadəsində ittiham üzrə özünü təqsirli bilmədi. “Mən əmrləri yerinə yetirmişəm. Nə göstəriş verilibsə, onu da icra etmişəm. İcra etməyə bilməzdim”, dedi.
İntiqam Məmmədov ifadəsində ittihamda adları yazılan Yasin Quliyevi və İlham Behbudovu ümumiyyətlə tanımadığını, onlarla heç vaxt təmasda olmadığını, onlardan izahat almadığını və alınması prosesində iştirak etmədiyini bildirib. Həmin şəxslərə qarşı qeyri-insani hərəkətlər etməyib, kimsəyə də belə bir göstəriş vermədiyini deyib: “Həmin prosesləri N saylı hərbi hissənin komandiri Mayis Bərxudarovun göstərişi ilə həmin korpusun zabitləri həyata keçiriblər. Bu proseslərə də komandirin tapşırığı ilə həmin korpusun zabiti Ülvi Rəşidovun özü və komandası rəhbərlik edib. Həmin şəxslərin hərbi hissəyə toplanması, orada saxlanması barədə bütün prosesləri hərbi hissə komandiri Mayis Bərxudarovun göstərişi ilə Ülvi Rəşidov təşkil edib. Mənə verilən tapşırıq korpus komandirinin idarəyə göndərdiyi siyahı üzrə hərbiçilərin izahatlarının alınması və rəhbərliyə təqdim etmək olub. 1 nəfərin izahatını almışam. Orada olan qara maskalı və silahlı şəxslərin heç biri mənə tabe olmayıb. Onlara komandanlığı ümumi olaraq Ülvi Rəşidov verib.
“Şübhəli” hərbi qulluqçular
Təqsirləndirilən deyib ki, 6 may 2017-ci ildə Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisi Rauf Kişiyev onu və Elçin Əliyevi yanına çağırıb 1-ci Ordu Korpusunun tabeçiliyində olan hərbi hissələrin şəxsi heyəti arasında düşmən qüvvələri ilə əməkdaşlıqda şübhəli bilinən hərbi qulluqçuların aşkar edildiyini deyib. Bununla bağlı araşdırma başladığını, Ordu Korpuslarının təhqiqatçılarından qruplar yaratmaqla həmin hadisələr ilə bağlı araşdırma aparılmasına zərurət olduğunu bildirib. Rauf Kişiyevin göstərişi əsasında tanıdığı hüquqşünaslardan 2-ci təhqiqat bölməsinin təhqiqatçıları Şahin Cəfərov və Rahib Məmmədovu, 6-cı təhqiqat bölməsinin təhqiqatçısı Təbriz Akbayev və Ruslanı, 1-ci Təhqiqat bölməsindən Emil Eyvazov, 8-ci təhqiqat bölməsindən Nahid Məmmədov və adlarını xatırlamadığı digər təhqiqatçıların ad-soyadlarını bildirməklə yaradılacaq qrupun tərkibinə daxil edilməsini təklif edib. Onun dediyi təhqiqatçıların adlarını Rauf Kişiyev Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkova verib. Bundan sonra əmr tərtib edilməklə bölmələrə həmin gün məlumat verilib.1 gün sonra onlar Tərtərin Şıxarx qəsəbəsində olan hərbi hissəyə gediblər. Orada l-ci Ordu Korpusunun komandiri general-mayor Hikmət Həsənovu, müavini polkovnik Babək Səmidlini, Həsənovun köməkçi Fuad Ağayevi, Müdafiə Nazirliyinin Xüsusi Təhlükəsizlik İdarəsinin rəisi polkovnik Ramin Əskərovu, l-ci Təhqiqat bölməsinin rəisi Fərid Dəmirovu görüb. Həmin hərbi hissəyə qolları və gözləri bağlı vəziyyətdə olan hərbi qulluqçular gətirilib.
“Hikmət Həsənov işgəncələrə nəzarət edirdi”
Onlarda şifahi formada düşmən qüvvələri ilə əməkdaşlıqda şübhəli şəxs kimi dindirilməsini və sorğulandığı zaman döyülmələrini, bədənlərinə elektrik cərəyanı verilməsini SAT-ın hərbi qulluqçuları Cəfər Seyidovun nəzarəti altında icra ediblər:
“Sorğularda hansı sualların verilməsini, ümumilikdə hansı mövzu üzrə dindirilməsini Fuad Ağayev tapşırıb, Hikmət Həsənov da bu məsələlərdə Fuad Ağayevə göstərişlər verməklə ümumi olaraq aparılan dindirmələrə, işgəncə proseslərinə nəzarət edib. Onlar Rauf Kişiyevin nəzarəti altında, prokurorluğun müstəntiqləri də rəhbər heyətlərinin nəzarəti altında ərazidə saxlanılan şəxslərin dindirilməsini təşkil ediblər”.
Təqsirləndirilənin sözlərinə görə SAT-ın hərbi qulluqçuları dindirmək üçün bəzi vaxtlarda onların dediyi şəxsləri, bəzi vaxtlarda isə özləri istədikləri şəxsləri onların yanına gətirib. SAT-ın hərbi qulluqçularının başları bağlı olduğundan onların kimliyini bilməyib. Həmin şəxslərə mina partladılması zamanı elektrik cərəyanı verən cihazla elektrik cərəyanı verilməsi, plastik boru ilə SAT-ın hərbi qulluqçularının zor tətbiq edilməsi barədə eşitmiş, SAT-ın başında maska olan hərbi qulluqçular 1-ci Ordu Korpusunun sorğularıma üçün gətirilmiş şəxsi heyətini başlarına su tökməklə, bədənlərinin müxtəlif nahiyələrinə sillə və təpik zərbələri vurmaqla döyüb işgəncə veriblər.
Nəcməddin Sadıkovdan daxil olan materiallar, xəyanət şübhələri...
Təqsirləndirilən deyib ki, Rauf Kişiyevlə Elçin Əliyev Bakıya qayıtdıqdan az sonra onu dəvət edərək Baş Qərargah rəisi Nəcmədin Sadıkovdan materialın daxil olduğunu deyiblər. Bildiriblər ki, 1 Ordu Korpusunda olduğu kimi II Ordu Korpusunda da düşmənlə əməkdaşlıq edən hərbi qulluqçular aşkar edilib. Onların izahatlarının alınaraq nəticəsi barədə Baş Qərargah rəisinə məruzə edilməlidir. Ona Baş Qərargah rəisi Nəcməddin Sadıkovun dərkənarı ilə materialı verib 29 may tarixində Beyləqan rayonunda yerləşən hərbi hissəyə göndəriblər. Materialda Mayis Bərxudarovun adından Baş Qərargah rəisi Nəcməddin Sadıkovun adına ünvanlanmış iki məktubdan və əlavə edilmiş siyahılardan ibarət olub. Beyləqanda Mayis Bərxudarovla görüşüb. O, məsələdən xəbərdar olduğunu deyib. Mayis Bərxudarovdan həmin məktubda adları keçən şəxslərin nəyə əsasən şübhələnərək adlarını qeyd etdiyini soruşub. Təqsirləndirilənin sözlərinə görə Mayis Bərxudarov deyib ki, hərbi hissələrin komandirləri və ya tərbiyə işləri üzrə müavinləri tərəfindən həmin şəxslərin adlarının verildiyini deyib. Bundan sonra Mayis Bərxudarovun göstərişi ilə korpusun snayper hazırlığı bölüyünün komandiri Ülvi Rəşidov bu işdə ona kömək göstərməyə başlayıb. Bundan başqa Mayis Bərxudarov mühafizə üçün N saylı hərbi hissədən hərbi qulluqçuları ayıracağını da bildirib. 30 mayda hərbi hissəyə gələndə artıq ona sorğu-sual üçün ayrılmış kazarmada çoxlu hərbçinin gətirildiyini görüb. Orada Mayis Bərxudarovun dediyi kimi, mühafizə üçün qara formalı, qara maskalı və silahlı hərbçilər olub. Hər günün sonunda idarə rəisi Rauf Kişiyevə alınmış izahatlarla bağlı məruzə edib. Təqsirləndirilən deyib ki, saxlanılan hərbiçilər onların yanında döyülməyib.
İntiqam Məmmədov deyib ki, sorğu-sual prosesində ona 68 nəfərin siyahısı təqdim olunub. Ancaq onların içində düşmənlə əməkdaşlıq etməsi faktı təsdiqini tapmayıb.
Məhkəmə prosesi davam edir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Qubad İbadoğlunun məhkəməsi, gənc fəalların oxşar motivli həbsləri
Toplum Tv
Narkotikə görə tutulan inanclı: “Mədəniyyət evlərində narkotikə qarşı çıxışlar edirdik”
Açıq mənbələrdən götürülüb