Məhkəmə

Tərtər işi:  "Atam məni görəndə infarkt keçirdi"

Esmira Cavadova
28 İyul, 2023
241

Açıq mənbələrdən götürülüb

Tərtər işi

Bu həftə Bakı Hərbi Məhkəməsində “Tərtər işi” üzrə təqsirləndirilən Sənan Maşıyev, Cabir Qəhrəmanov, Elçin Əliyev və Ruslan Mikayılovun məhkəməsi davam edib. Maşıyevgil yüzlərlə hərbçiyə işgəncə verməkdə, nəticədə onlardan bir neçəsinin ölümünə səbəb olmaqda ittiham olunur.  
 
Bu qrup barəsində onu da bildirək ki, Tərtər hadisələrində hərbçilərə işgəncə verməyə görə həbs olunublar. 2019-cu ilin martında Tərtər Hərbi Məhkəməsində onlar haqqında hökm çıxarılıb, hər biri 5 il 6 ay-6 il azadlıqdan məhrum edilib. 2020-ci il oktyabrın 1-də azadlığa buraxılıblar, oktyabrın 2-də həmin vaxt yenicə başlamış müharibəyə göndəriliblər. Qüsursuz xidmətlərinə görə medallarla təltif olunublar. Hətta onlardan biri Ruslan Mikayılov döyüşlərdən birində yaralanıb. Ancaq il yarım əvvəl “Tərtər işi” üzrə istintaq təzələnəndə bu şəxslər yenə həbs olunub.  
 
Maşıyevgil hərbçilərin bədəninə cərəyan verməkdə, onları günlərlə ac-susuz saxlamaqda, başlarını su ilə dolu çəlləklərə salıb boğmaqda, zorlamaqda təqsirləndirilirlər. İttiham aktında qeyd olunub ki, bu işgəncələrdən həyatını itirənlər də olub.  
 
Hazırda zərərçəkmişlər dindirilir. Sonuncu məhkəmə iclasında yenə zərərçəkmişlərin dilindən çıxan qandonduran hekayələri Toplum TV olaraq oxuculara çatdırırıq.   

"Su istəyəndə gətirib ağzımıza çöp qoyurdular"
 
Əvvəlcə İzzət Cəfərov ifadə verib. O, başına gələnlərə baxmayaraq, indi də Orduda tabor komandirinin müavini vəzifəsində xidmət edir.  
 
İzzət Cəfərov deyib ki, 2017-ci ilin may ayıın 5-də hərbi hissə komandiri Vüsal Ələsgərov (digər qrupun tərkibində mühakiməsi davam edir) onun xidmət etdiyi posta gəlib. Postdakı dörd əsgərlə bağlı maraqlanıb, gedəndə əsgərləri də özüylə aparıb. Sabahı gün ona hərbi hissədən zəng vuraraq bildiriblər ki, hərbi hissəyə gəlib, buraxılış vərəqəsi götürüb, evə gedə bilər. Bütün bunları edib evə yola düşüb, yolda olanda hərbi hissədən zəng vuraraq geri qayıtmasını tapşırıblar: “Məni Cəmilliyə çağırdılar, hər şey də orda baş verdi. Vüsal dedi, bizdə məlumat var ki, sən erməniyə işləyirsən. Mən etiraz etdikcə, onlar daha da üstümə gəldi. Başıma torba keçirib, yerə yıxmışdılar, biri də üstümdə oturmuşdu. Vüsal dedi ki, al boynuna. Tapşırdı ki, aparın bunu otağa, ordakıları görsün, ağıllansın. Məni bir otağa apardılar, içəri girəndə dəhşətə gəldim. Yerdə qan içində qolları arxasına qandallı iki nəfər uzanmışdı, demək olar ki, meyit idilər. Dedilər istəyirsən, səni də bu günə qoyaq? Məni elə günə saldılar ki... "Papanin"ə aparılanda, özümdən xəbərim olmayıb”.  

https://toplum.tv/mehkeme/pterter-isi-ldquohikmet-hesenov-isgencelere-nezaret-edirdirdquop 
 
İzzət Cəfərovun sözlərinə görə, Mərkəzi Hərbi Hospitalda da ona münasibət yaxşı olmayıb: “Hospitalın rəisi gəldi, məni gördü, işçilərə dedi, bu oğraş erməniyə satılıb. Mənə ancaq kofe verirdilər ki, yatmayım”.  
 
Zərərçəkən orada bir neçə gün qalandan sonra Biləcəri quvvaxtına etap edilib. Orda da işgəncəyə məruz qalıb:  
 
“Deyiləsi, danışılası deyil, qollarım arxaya qandallı, gözüm bağlı şəkildə saatlarla qışqıra-qışqıra qalırdım, gəlib ayaqyoluna aparmırdılar, elə altıma batırırdım. Nəcisimin üstündə yatırdım. Əynimə pampers geyindirmişdilər, dolub daşırdı, ayağımdan aşağı nəcis axırdı. Gəlib, araya qoyub, aşağılayıb, gülürdülər. Yeməyə də elə o vəziyyətdə aparırdılar. Öz qabaqlarından qalmış yemək “otxodlarını” qabağımıza tökürdülər, sonra da sayırdılar, tutaq ki, 10 deyəndə gərək yeməyi bitirəydik. Halbuki, qollarımız arxaya qandallı, gözlərimiz bağlı, əlbəttə ki, yeyə bilmirdik. Su istəyəndə gətirib ağzımıza çöp qoyurdular, suya çatanda çöpü çəkirdilər, gülüşürdülər. İnsanlığa sığmayan belə işgəncələr...”  
 
Zərərçəkən danışdıqca sözləri boğazında düyünlənirdi, özünü ağlamaqdan zorla saxlayırdı. O, deyirdi ki, üzünə 41 hərbçi yoldaşı qoyulub. Toka verilib, suda boğulmalara məruz qalıb və sair: “Mənim arxamı müayinə etmək üçün 26 dəfə stola çıxardıblar. Hər dəfəsində də aşağılanmışam. 40 gün batırıb, nəcisimin üstündə yatmışam”.  

"İnsanları lüt soyundurub qan içərisində uzandırmışdılar"

Sonra məhkəmə digər zərərçəkmiş Tural Qocayevi dindirib. O da başına gələnlərə baxmayaraq, hazırda Müdafiə Nazirliyinin hərbi hissələrindən birində komandirin tərbiyəli işlər üzrə müavini işləyir. Tural Qocayev əvvəlcə bildirdi ki, 17 ildir orduda xidmət edir, bunun 15 ili cəbhə xəttində keçib. Aprel döyüşlərində iştirak edib. Şəxsən general Hikmət Həsənov həmin döyüşlərdəki iştirakına görə ona qol saatı hədiyyə edib. 44 günlük müharibədəki iştirakına görə isə Prezidentin Sərəncamıyla “Şuşanın azad olunmasına görə” medalla təltif olunub.  
 
Tural Qocayev özü barədə məlumatları verdikdən sonra 2017-ci ilin may ayına qayıdır. Deyir ki, mayın 4-də məzuniyyətə buraxılıb, Qazaxa – evinə gedib. Bir neçə gün sonra azyaşlı övladlarının müalicəsinə görə ailəsi ilə Bakıya gəlib, bu zaman ona hərbi hissədən zəng olub, bildirilib ki, xaricə kurs keçməyə göndərilir, təcili toparlanıb hərbi hissəyə qayıtmalıdır. Yola düşüb, yolda olarkən hərbçi qardaşı ona zəng vurub, ailənin başını aşağı edəcək hər hansı əməli olub-olmadığını soruşub. Elə yoldaykən onunla danışan hərbi hissə yoldaşı ilə əlaqəsi kəsilib. Öyrənib ki, onu hərbi polisə aparıblar. Dalınca gedib, özünü də saxlayıblar:  
 
“Məni ordan hərbi hissəyə gətirdilər. Hikmət Həsənov da ordaydı. Hərbi hissənin binasından gələn insan uğultusundan qulaq tutulurdu. İlahi, qışqırtılar, yalvarmalar, sanki eyni vaxtda yüzlərlə insana işgəncə verilirdi. Vahimədən az qalırdı adamın ürəyi partlasın. Hərbi hissənin qarşısında dayanmışdım. Hər yer qan idi. İnsanları lüt soyundurub qan içərisində uzandırmışdılar, əl-qolları qandallı, gözləri bağlıydı. Nə baş verdiyini hələ də dərk edə bilmirdim. İnanmazsız, adamları kamazlarla gətirirdilər, kamazların kuzasından yerə - asfaltın üstünə kartof kisəsi kimi götürüb atırdılar. Kimsə qışqrırdı ki, bu vətəni satan "peysərləri" də yığın içəri. Gözümün qabağında lüt soyundurulmuş və işgəncə görmüş bir zabiti çamadan kimi qatladılar, dörd tərəfə skoçladılar, maşının baqajına yerləşdirə bilmirdilər, basırdılar ki, baqaj bağlansın. Mənə yaxınlaşan yox idi. Məni gətirən sürücü dedi, burdan uzaqlaşaq. Elə maşını işə salıb yerindən tərpənəndə arxadan fit çaldılar. Sonra da hər şey iki dəqiqənin içərisində baş verdi”.  
 
Zərərçəkən danışır ki, onu da lüt soyundurublar, gözlərini bağlayıblar, qollarını arxadan qandallayıblar. Hərbi hissənin içərisində isə işgəncələr başlayıb: “Allah heç kəsə göstərməsin. 22 gün mən orda nələr yaşadım... Xayalarıma tok verdilər, bütün qap-qara idim (aşağı ətraflarını göstərir), başıma əski atıb, suda boğurdular..."

Heç itlə elə davranmazlar, necə ki, bizimlə davranırdılar.  
 
Zərərçəkən işgəncələrdən danışdıqca sözlər boğazında düyünlənirdi: “SAT-ın uşaqlarıydı bizə işgəncə verənlər... Heç itlə elə davranmazlar, necə ki, bizimlə davranırdılar. Hər gün işgəncə, hər qan gölməçəsi... Bizi yeməyə aparanda da, tualetə aparanda da aşağılayırdılar. Baxırdın ki, özündən rütbəcə, yaşca kiçik birisi sənin arxana təpik vura-vura tualetə aparıb-gətirir, dözülməz idi... Qollarımız arxamıza qandallı, gözümüz bağlı, başımızdan basırdılar ki, yeyin. Yeməklər də öz qabaqlarından qalmış “otxodlar” olurdu. Elə vaxt olurdu ki, gətirib elə işgəncə yerində yerə tökürdülər yeməyi... Elə bil it qabağına tökürlər. Yemək palçığa, nəcisə qarışırdı, yeyə bilmirdik”.  

https://toplum.tv/mehkeme/pldquoterter-isgencelerirdquo-sefahet-imranov-dedi-agilli-ol-seni-veten-xaini-kimi-vereceyikp
 
Tural Qocayev işgəncə yerində general Hikmət Həsənovu, Babək Səmidlini gördüyünü deyir: “General Hikmət Həsənov birbaşa işgəncələrə nəzarət eləyirdi. 1-ci Korpusun komandir müavini Babək Səmidli də ora gəlirdi. (44 günlük müharibədən bir neçə gün sonra minaya düşərək həlak olub). Qara, yekə CİP-də gəlirdi, gözündə qara eynək... Nə qədər qışqırdımsa mənim günahım yoxdur, üzünü o tərəfə çevirdi”.  
 
Mayın 29-da vətən xaini söhbətindən “təmiz çıxanların siyahısı" elan olunanda, Tural Qocayevin də adı çəkilib. Daha bir neçə gün orda qaldıqdan sonra evə buraxılıb: “Mənə çox çətin idi. Hələ də bilmirdim ki, ailəmin baş verənlərdən nə qədər xəbəri var. Düşünürdüm, bəlkə də elə bilirlər xaricdə kursdayam. Bədənimdə qaradan, göydən başqa rəng yox idi. Bilmirdim ki, işgəncə izlərini necə gizlədim. Oğlum dedi, ata, qonşular uşaqları mənimlə oynamağa qoymurlar, deyirlər, onun atası erməniyə satılıb. Atamsa məni görəndə infarkt keçirtdi”.  
 
Sonradan Tərtər hərbi prokurorluğunda Tural Qocayevə qondarma cinayət işi açmaq istəyiblər. Guya 2015-ci ildə işlədiyi hərbi hissədə generator almaq adıyla pul yığıb və mənimsəyib. Dediyinə görə, buna görə hərbi hissədən saxta şahidlər də tapılıb. Ancaq o, İlham Əliyevə, Mehriban Əliyevaya müraciət edəndən sonra işə xitam verilib.  
 
Məhkəmə iclası zərərçəkənlərin ifadələriylə davam edir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

Qubad İbadoğlunun məhkəməsi, gənc fəalların oxşar motivli həbsləri

Esmira Cavadova
22 Sentyabr 2023

Toplum Tv

Toplum TV-də məhkəmə saatı verilişinə baxırsınız. Verilişdə səs-küylü məhkəmələrdən, yeni həbslərdən danışacağıq. Hüquqşünaslarla, ekspertlərlə birlikdə məhkəmələrin fəaliyyətinə işıq salmağa çalışacağıq.
Məhkəmə

Narkotikə görə tutulan inanclı: “Mədəniyyət evlərində narkotikə qarşı çıxışlar edirdik” 

Esmira Cavadova
19 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Bakı Ağır Cinayətlər Məhkəməsində Nahid Qəhrəmanovun məhkəməsi başlayıb. Onun adı 7 ay əvvəl hökümətyönlü xəbər saytlarında “Kərimə dövləti qurmaq istəyən 32 nəfər”dən biri kimi qeyd olunurdu. Bildirilirdi ki, həmin 32 nəfər özlərini cəmiyyətdə “dindar” kimi qələmə verərək sosial şəbəkələr üzərindən, eləcə də ibadət yerlərində, insanların toplaşdığı digər mərasimlərdə İran lehinə təbliğatlar aparıblar. Dini etiqad azadlığından sui-istifadə edərək Azərbaycanda formalaşmış tolerantlıq ənənələrinə xələl gətirmək üçün xaricdən aldıqları tapşırıqlarını yerinə yetiriblər. Ancaq bu ad altında həbs olunanların işi məhkəməyə gəldikcə məlum olur ki, onlara qarşı həmin əməllə bağlı yox, satış məqsədilə külli miqdarda narkotik əldə edib saxlamaqla bağlı ittiham verilir. Elə Nahid...

Seçilmiş Videolar

Toplum TV loqo