Məhkəmə

Səlim Müslümov işi – Protez zavodunun fəhləsi necə şirkətlər sahibi oldu...

Leyli Cəfərova
26 Sentyabr, 2022
375

Şahid: Devalvasiya oldu, işləri batırdıq, biri öldü, o biri intihar elədi, mən də qorxuya düşmüşdüm, dedilər, narahat olma, sənə əlavə işlər veriləcək, kompensasiya olunacaq, vəziyyətdən çıxacaqsan.  

Bunu sentyabrın 26-da keçmiş nazir Səlim Müslümovun məhkəməsində şahid qismində dindirilən İbad İsmayılov deyir.

Məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilir.

«Heç nə, yoldaş hakim, fəhlə idim, oldum şirkət sahibi»

İbad İsmayılov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez Zavodunda fəhlə işləyib. Bir gün onu Nazirliyin Tikilməkdə Olan Obyektlərin idarə rəisi Natiq Əzizov yanına çağıraraq adına şirkətlər təsis etməyi təklif edib:

“Mənim adımda hələ əvvəldən “Tala-Tikinti” MMC vardı. Onu özüm açmışdım, Natiq Əzizov dedi, gəl, adına daha iki şirkət açaq.

Hakim: - Şirkətin adı niyə məhz “Tala” idi?

Şahid: - Özüm Zaqatalanın Tala kəndindənəm. O vaxt şirkətimi də kəndimin adıyla təsis etmişdim.

Hakim: - Davam edin, sonra nə oldu?

Şahid: - Heç nə, yoldaş hakim, nə olacaq, fəhlə idim, oldum şirkətlər sahibi.

Hakim: - Nigar xanım sizin həyat yoldaşınızdır?

Şahid: - Bəli, şirkətlərdən biri onun adına təsis olunub.

Hər evdən 6 min manat

İbad İsmayılov şirkətlərdən birinin həyat yoldaşının adına təsis edilməsinin səbəbindən də danışdı. Dedi ki, bu, tenderlərdə qalib məsələsində izi azdırmaq üçün düşünülübmüş: “Bütün tenderləri mən uda bilməzdim axı”, - şahid hakimə deyib.

Hə, bu şahidin və həyat yoldaşının “qazandıqları” tenderlərə gəlincə, bu tenderlər müharibə əlilləri və şəhid ailələri üçün tikilən fərdi evlərlə bağlı olub. İbad İsmayılov ibtidai istintaqa verdiyi ifadəsində göstərib ki, 22 belə layihə olub, keçirilmiş tenderlərdə bu layihələrin bir qismini həyat yoldaşı, bir qismini özü “qazanıb”. İbad İsmayılov məhkəmədə həmin ifadəsini təsdiqləyib. Deyib ki, onu bu işlərə qoşan Natiq Əzizovla aralarındakı razılığa görə, hər fərdi evdən 6 min manat Natiq Əzizova gedirmiş.

Hakim: - Pulu ona harda verirdiniz?

Şahid: - İş otağında, şəxsən özünə verirdim.

Hakim: - Siz bilirsiniz nə işlərlə məşğul olmusunuz?

Şahid: - Əlbəttə, bilirəm, ancaq nə edəydim.

Hakim: - Niyə imtina etmirdiniz?

Şahid: - Bəs nə edəydim, işsiz qalacaqdım axı. Onsuz da o işi gəlib bir başqası görəcəkdi.

İbad İsmayılov sualları cavablandırarkən o da üzə çıxdı ki, bu layihələr hətta can alıb. Məsələn, devalvasiya vaxtı layihəyə cavabdeh olan iki nəfər dünyasını dəyişib: “Devalvasiya oldu, işləri batırdıq, biri öldü, biri intihar elədi (adlarını çəkmir, məhkəmə tərkibi və vəkillər də maraqlanmır). Natiq Əzizov mənə ürək-dirək verdi ki, qorxma, sənə əlavə işlər veriləcək, itirdiklərin kompensasiya olunacaq. Sonra birtəhər vəziyyətdən çıxdım”.

41 min manatlıq mənzil 51 min manata

Şahidi dindirmə zamanı üzə çıxdı ki, fərdi evlərə avadanlıqların alınmasında da rəqəmlər şişirdilib. Məlum oldu ki, avadanlıqlarla birlikdə 41-42 min manata başa gəlmiş mənzillər 51 min manata rəsmiləşdirilirmiş. Bunun 6 min manatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tikilməkdə Olan Obyektlərin idarə rəisi Natiq Əzizova şəxsən iş otağında verilirmiş. İbad İsmayılov 22 ev tikdiyini, Natiq Əzizova iş otağında cəmi 132 min manat verdiyini deyib.

Şahidin dindirilməsi başa çatdıqdan sonra o, məhkəmə salonunu tərk edərkən hakim növbəti məhkəmə iclasına həyat yoldaşı Nigar İsmayılovayla gəlməsini tapşırıb.  Nigar İsmayılova da şahid siyahısındadır.

Şəki ləhcəli korrupsiya

Məhkəmənin dindirdiyi növbəti şahid Şəkidə yaşayan İlqar Mustafayev olub. Bu şəxs saatsazdır. Vaxtilə qaynaqçı işləyib. Nazirlikdə işləyən bir tanışı ona bir neçə il əvvəl sənədlər imzalatdırıb. Bu məsələnin səsi bir də DTX-da çıxıb. O, şirin Şəki ləhcəsiylə başına gələnləri hakimə danışıb:  “Dedi, bu sənədlərə qol çək, mən də savadsız adamam, tutdum, çəkdim. Getdi, ondan sonra heç nə olmadı. 2021-də məni DTX çağırdı. Orda bilmişəm ki, sən demə şirkət sahibiyəm.

Hakim: - Alqı-satqı, pul vəsaitlərinin köçürülməsi və sair, bunlardan xəbəriniz olmayıb?

Şahid: - Yox, DTX-da eşitdim. Dedim, bu nə işdi başıma gəldi... Sən demə özümdən xəbərsiz şirkət rəhbəri olmuşam.

Hakim: - Sahibi olduğunuz “Tunar M” MMC-nin şəhid ailələri üçün sifarişlə tikdiyi evlərdə də olmamısız?

Şahid: - Mən ev filan görməmişəm, heç nədən də xəbərim olmayıb.

Səlim Müslümovsa susur

Sonra Əlillərin Bərpa Mərkəzi ilə dərman şirkətləri arasında bağlanmış müqavilələrlə bağlı şirkət əməkdaşları dindirilib.

Hakim növbəti məhkəmə iclasını oktyabrın 3-nə təyin edib.

Səlim Müslümov hələ ifadə verməyib. O, indiyədək dindirilmiş şahidlərin ifadələrinə də reaksiya vermir. Necə deyərlər, hələlik eyni masa arxasında iki vəkilinin arasında əyləşərək sakitcə dinləyir.

Keçmiş nazir Səlim Müslümovu 2021-ci ilin fevralında DTX həbs edib. Mənimsəmə, rüşvətalma, vəzifədən sui-istifadə cinayətlərində təqsirli bilinir. İş üzrə ümumilikdə 27 milyon manat təşkil edən dəymiş ziyanın 20 milyon manatı həbsdə olduğu müddətdə keçmiş nazir tərəfindən Maliyyə Nazirliyinin depozit hesabına ödənilib. Bundan sonra o, “səhhətindəki problemlərə görə” adı altında ev dustaqlığına buraxılıb. Maliyyə Nazirliyi zərərçəkmiş tərəf kimi tanınır və qurum qalan 7 milyon manatın da keçmiş nazir tərəfindən ödənilməsini tələb edir.

Hakim ötən məhkəmə iclasında Səlim Müslümova ifadə verməyi təklif etsə də, sonuncu imtina edib. Deyib ki, özünü təqsirli bilmir, əməlləri isə səhlənkarlıqdan ibarətdir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

Erməni diversanta 18 il həbs cəzası verildi - YENİLƏNİB

7 Dekabr 2023

AzərTac

Kəlbəcərdə saxlanılan erməni diversant Voskanyan Qaqik Aşotoviçin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Toplum TV xəbər verir ki, Sabunçu rayon Məhkəməsində keçirilən prosesdə hakim Abdulla Məmmədov hökm oxuyub. Təqsirləndirilən şəxs 18 il müddətə azadlıqdan məhrum edilib. Voskanyan cəzasının ilk 5 ilini həbsxanada, qalanını isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. ​​​​​*** 15:53 Dekabrın 7-də Sabunçu rayon Məhkəməsinin inzibati binasında Kəlbəcərdə saxlanılan erməni diversant Qagik Voskanyanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.  Bu iş Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun icraatında olsa da, məhkəmə prosesi Bakıda keçirilir.  Səhər saatlarında başlayan məhkəmə iclasında dövlət ittihamçısı Müşfiq Rəhimov ittiham aktını elan edib. ...
Məhkəmə

Söyüdlü sakininin məhkəməsi: “Plakatları hazırladığım üçün narkotiklə şərlədilər” 

Esmira Cavadova
7 Dekabr 2023

Açıq mənbələrdən götürülüb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Gədəbəyin Söyüdlü kənd sakini olan Coşğun Musayevin məhkəməsi başlayıb.  Məhkəmə iclasına hakim Eldar İsmayılov sədrlik edir. Coşğun Musayev narkotikə görə ittiham olunsa da, o, həbsinin birbaşa Söyüdlü hadisələriylə əlaqəli olduğunu deyir.  Xatırlatma  Bu il iyunun 20-də və 21-də Gədəbəy rayonunun Söyüdlü kənd sakinləri kəndin ərazisindəki qızıl mədəninin kimyəvi təmizləmədən sonra axıdılan turşu qalıqlarının toplandlığı gölməçə dolduğundan başqa yerdə yeni gölməçə qurulmasına etiraz ediblər. Bu zaman əraziyə polis qüvvələri yeridilib. İyunun 20-də polislə etirazçılar arasında qarşıdurma yaranıb və polis gözyaşardıcı qazdan istifadə edib. Kənd sakinlərindən onadək insan xəsarət alıb. 5 nəfər etirazçı inzibati qaydada 20...

Seçilmiş Videolar

Toplum TV loqo