Səlim Müslümov işində şahid: “20 min manat verib DSMF-nin şöbə müdiri oldum”
Toplum TV - Səlim Müslümov
Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş nazir Səlim Müslümovun məhkəməsi davam edir. Məhkəmə iclasına hakim Faiq Qəniyev sədrlik edir.
Məhkəmə hələ də şahidləri dindirir. Bu günkü məhkəmə prosesində Şükür Osmanov ifadə verərək göstərib ki, əlillər üçün Şabranda 5 fərdi ev tikiblər. Rayon rəhbərliyinin iştirakıyla evlər əlillərə təhvil edilib. Hakim şahidin nəzərinə çatdırıb ki, istintaq zamanı tenderlərdə iştirak edən və onun sahibi olduğu tikinti şirkətində 12 min 201 manatlıq çatışmazlıq aşkar edilib.
Barmaqlar ölən şahidə tuşlanır
Hakim şahiddən Maliyyə Nazirliyinin apardığı yoxlamalarda iştirak edib-etmədiyini soruşub. Şükür Osmanov cavabında deyib ki, tikinti şirkətnin sahibi Müşfiq Qurbanov (dünyasını dəyişib) olub.
Şahid: - Tenderlərdə də Müşfiq Qurbanov iştirak edib. Mən onun işçisi olmuşam.
Hakim: - Axı rəsmi sənədlərdə adınız şirkətin təsisçisi kimi qeyd olunub. Vəzifəli şəxslərə bununla bağlı israfçılıq ittihamı verilsə də, mənimsəmə faktı sizin üzərinizdə qalır.
Eyni epizod üzdə Elxan Dadaşov da dindirilib. O, deyib ki, heç nədən xəbəri yoxdur və bütün işləri Müşfiq Qurbanov görüb.
Məhkəmənin dindirdiyi daha bir şahidsə Fikrət Qurbanov olub. Deməsinə görə, 50 ildir ki, Gəncədə aptek müdiri işləyir. Hakim onun ibtidai istintaqa verdiyi ifadəsini elan edib. Həmin ifadəyə görə onun Gəncə Əlillərin Bərpa Mərkəzi ilə dərman müqaviləsi olub. Mərkəzin dərmana görə ödədiyi 5 min 800 manatın 1450 manatını “otkat” olaraq geri qaytarıb. Elxan Dadaşov məhkəmədə deyib ki, belə bir ifadə verməyib: “And olsun vicdanıma ki, mən belə söz deməmişəm. Hər dəfə mərkəzin rəhbərliyinə 200-300 manatlıq qaimə-faktura göndərmişəm, vəssalam”.
Digər şahid Rüfət Kərimov ifadəsində göstərib ki, Nazirliyin Tikilməkdə Olan Obyektlərin İdarəsinin texniki nəzarət şöbəsinin müdiri olub. “Natiq Əzizov rəisim idi. Qarabağ əlillərinə mənzillər alınmalı idi. Bununla bağlı tender elan olundu. Mən də evlərin alqı-satqısı ilə bağlı notariusda Nazirliyin nümayəndəsi kimi iştirak etmişəm”.
Şahid deyib ki, Sumqayıt, Gəncə, Mingəçevir şəhərlərində evlərin-alqı satqısına nəzarət edib: “Mənim əsas vəzifəm sənədlərə nəzarət etmək olub. Bununla bağlı sənədlərə nəzarət etmişəm. Sənədlərdə olan uyğunsuzluqlar müəyyən etmişəm və aradan qaldırmışam. Belə bir fakt Mingəçevir şəhərində baş verdi. Orada satılan evin qiymətinin uyğun olmadığını müəyyən etdim. Buna görə sənədlərin dəyişdirilməsini həyata keçirmişəm”.
Şahid daha sonra qeyd edib ki, Mingəçevir və Gəncə şəhərinə evləri almaq üçün podratçı Rövşən Xəlilovla birgə gedib.
Hakim: - Rövşən Xəlilov Nazirliyin işçisi olmayıb, bu işlərlə əlaqəsi olmayan bir adam sizinlə niyə gedirdi?
Şahid: - Natiq Əzizov belə göstəriş vermişdi. Gəncə və Mingəçevirdə ev alqı-satqısı işlərinə Rövşən Xəlilov nəzarət edirdi.
Şahid Ramil Salmanov isə əvvəllər DSMF-nin Salyan rayon şöbəsində məsləhətçi kimi işləyib: “Sonradan 20 min manat verib DSMF-nin Neftçala rayon şöbəsinə müdir keçdim”.
Digər şahid Səfayət Şıxalıyevin şirkət rəhbəri olduğu bildirilib. Onun şirkəti ilk olaraq şəhid ailəsi üzvləri və müharibə iştirakçıları üçün 24 ev tikib. Bildirilib ki, evlərin tikintisinə görə nazirlik rəsmisi Natiq Əzizova 63 min manat verilib.
Salyan və Neftçala rayonlarında tikilmiş 28 evə görə isə Natiq Əzizova 84 min manat çatdırılıb.
Şahid dindirmələri bitdikdən sonra hakim növbəti məhkəmə iclasını dekabrın 5-nə təyin edib.
Səlim Müslümovu 2021-ci ilin fevralında DTX həbs edib. Mənimsəmə, rüşvətalma, vəzifədən sui-istifadə cinayətlərində təqsirli bilinir. İş üzrə ümumilikdə 27 milyon manat təşkil edən dəymiş ziyanın 20 milyon manatı həbsdə olduğu müddətdə keçmiş nazir tərəfindən Maliyyə Nazirliyinin depozit hesabına ödənilib. Bundan sonra o, “səhhətindəki problemlərə görə” adı altında ev dustaqlığına buraxılıb. Maliyyə Nazirliyi zərərçəkmiş tərəf kimi tanınır və qurum qalan 7 milyon manatın da keçmiş nazir tərəfindən ödənilməsini tələb edir.
Hələ məhkəmənin ilk baxış iclasında hakim keçmiş nazir Səlim Müslümova ifadə verməyi təklif etsə də, o, özünü təqsirli bilməyib, bütün dindirmələr bitəndən sonra ifadə verəcəyini deyib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Məhkəmə: Saxta müqavilələr, maliyyə arayışları, təkrar satılan mənzillər
Açıq mənbələrdən götürülüb
Əlillərin Bərpa Mərkəzinin baş həkimi bir ildə iki dəfə məhkum edildi
Açıq mənbələrdən götürülüb