Məhkəmə

Səlim Müslümovun işi: Şahidlər "otkat"lardan danışır

Leyli Cəfərova
10 Oktyabr, 2022
610

Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş nazir Səlim Müslümovun məhkəməsi davam edir.

Oktyabrın 10-da məhkəmə şahidləri dindirib.  Şahid qismində ifadə verən Səfadar Cavadov deyib ki, təsisçisi olduğu “Şıxlı” MMC 2014-cü ildə Sumqayıt Əlillərin Bərpa Mərkəzinə yumşaq mebellər, müxtəlif avadanlıqlar və həkim geyimlərinin satınalmaları üçün keçirilən tenderin qalibi olub.

Yaddaşı “zəif” şahid...

Şahid məhkəmənin suallarını cavablandırarkən məlum olub ki, onu bu işə Arif adlı dostu calayıb: “Arif cavanlıq dostum idi. Dedi ki, gəl sənədləri toplayaq verək, mən də razılaşdım. Təsisçisi və direktoru olduğum şirkətlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında 198 min manatqlıq müqavilə bağlandı.

Hakim: - Necə oldu ki, tenderin qalibi oldunuz?

Şahid: - Nə bilim, sənədləri hazırlayıb göndərdik, olduq.

Hakim: - Sizdən başqa üç şirkət də sənəd verib, sizin hansı üstünlüyünüz oldu ki, seçildiniz?

Şahid: - Onu bilmirəm.

Prokuror: - 2014-cü ilədək hansısa tenderdə iştirak etmişdiniz?

Şahid: - Yox.

Prokuror: - Bəs 2014-cü ildən sonra?..

Şahid: - Yox.

Prokuror: - Belə çıxır ki, bu şirkət elə bir satınalmalarda iştirak edib?

Şahid: - Bəlkə də olub, yadımdan çıxıb.

Hakim: - Siz 198 min manatın 42 min manatını otkat şəklində Nazirliyə qaytarmısınızmı?

Şahid: - Belə şey olmayıb.

Hakim şahidin ibtidai istintaqa verdiyi ifadəsini elan edir. Məlum olur ki, Səfadar Cavadov satınalmalar üçün dövlət büdcəsindən ayrılmış və bu şirkətə ödənmiş 198 min manatın 42 min manatını Nazirliklə onun arasında vasitəçi olan Vüqar Əhmədova verib, Vüqar Əhmədovsa Nazirliyin vəzifəlisi olan Dəyanət Fərəcova çatdırıb. Hakim ifadəni elan edəndən sonra şahid özü də bunu təsdiqləyib.

Hər evdən 5 min...

Növbəti şahid Tural Hacıyev olub. O, ifadəsində göstərib ki, müharibə əlilləri və şəhid ailələri üçün tikiləcək 9 evə görə 7 şirkət yaradılıb. O isə həmin şirkətlərin sahibi olub: “Atam Nazirlikdə vəzifəli şəxs olan Natiq Əzizovla görüşüb danışmışdı. Natiq Əzizov atama demişdi ki, iş veririk, ancaq hər evdən 5 min bizimdir. Atam da razılaşmışdı, adıma şirkətlər açıldı, tenderləri götürdük, pul köçürüldü, atam 9 evə görə aparıb Natiq Əzizova 45 min manatı əvvəlcədən ödəyəndən sonra işləri bizə verdilər”.

Nazirliyin dəftərxana ləvazimatları, maşın avadanlıqları, alpinist söhbətləri... 

Tural Hacıyevin bu işlərin bir parçası olmuş  atası Söhbət Hacıyev  2016-cı ildə vəfat edib.  Tural Hacıyevsə DTX-da iki dəfə dindirilib.

Sonra Anar Rəhimov ifadə verib. Deyib ki, bu işlərə onu kitab mağazasının sahibi olan dayısı İsrafil Həsənov qoşub. Dayısı onun adına 7 şirkət açıb və ona hər ay müxtəlif sənədləri imzalamasına, pul əməliyyatlarında iştirak etməsinə görə maaş şəklində 700 manat ödəyib: “Mənim bu işlərlə heç bir əlaqəm olmayıb. Yalnız sənədlər imzalamışam, maaş almışam. İşləri dayım idarə edib. Pulları da dayım verirdi, aparıb Nazirlikdə Dəyanət Fərəcova verirdim.

Hakim: - Bəs sonra nə oldu?

Şahid: - 2016-cı ildə başa düşdüm ki, bunun axırı yaxşı olmayacaq. O işdən aralandım.

Hakim: - Sən bilirsən nə boyda məsuliyyət var üzərində? O boyda məsuliyyətin qarşısında eləcə, şirkəti bağladın, vəssalam? Sən bu qədər sənədlər imzalamısan, pullar alıb-vermisən, bütün bunların ardından elə şirkəti bağladın, hər şey bitdi?

Şahid susur...

Vəkil sual verir: - O boyda nazirliyin dəftərxana ləvazimatları, kompüter, printer, maşın avadanlıqlarının satınalmaları... Sənin bir anbarın, bir ofisin vardı heç olmasa?.. Necə fəaliyyət göstərirdin? O boyda avadanlıqları hara yığırdın? Pulları harda sayırdın? Nazirliyin şüşələrini silmək asan məsələ deyil, alpinistləri necə tapırdın?..

Şahid susur...

Hakim sual verir: - Sənin adına 6-7 şirkət olub, ancaq dayının adına olan şirkətlərin sayı-hesabı yoxdur. Həmin şirkətlərin pullarını da dayın sənin vasitənlə göndərirdi Dəyanətə?

Şahid: - Mən Dəyanətin yanında cəmi 10 dəfə olmuşam.

İdman zalındakı tanışlıqdan iri pullara imza atmağa...

Daha sonra şahid Abuzər Babayev ifadə verib. Deyib ki, 2015-ci ildə Nicat Mirzəyev adlı şəxslə idman zalında tanış olub. Təzə tanış ona evlərin tikintisi və təmiri ilə bağlı adına şirkət açmaq təklifi edib. O da razılaşıb: “Mənim heç nədən xəbərim yoxdur. Ayda bir dəfə gedib Kapitalbankın Nəsimi filialından pul çıxarıb onlara verirdim. Nə ev görmüşəm, nə təmirlə məşğul olmuşam”.  

Abuzər Babayev deyir, DTX-ya çağırılanda ona məlum olub ki, adına açılmış şirkətlər otkatla işləyib. Şirkətə gələn pulun bir hissəsi sonradan Nazirliyə qayıdıb. 

Növbəti məhkəmə iclası oktyabrın 17-nə təyin edilib.

Keçmiş nazirsə hələ də şahid ifadələrini sakitcə dinləyir.

Səlim Müslümovu 2021-ci ilin fevralında DTX həbs edib. Mənimsəmə, rüşvətalma, vəzifədən sui-istifadə cinayətlərində təqsirli bilinir. İş üzrə ümumilikdə 27 milyon manat təşkil edən dəymiş ziyanın 20 milyon manatı həbsdə olduğu müddətdə keçmiş nazir tərəfindən Maliyyə Nazirliyinin depozit hesabına ödənilib. Bundan sonra o, “səhhətindəki problemlərə görə” adı altında ev dustaqlığına buraxılıb. Maliyyə Nazirliyi zərərçəkmiş tərəf kimi tanınır və qurum qalan 7 milyon manatın da keçmiş nazir tərəfindən ödənilməsini tələb edir.

Hakim ötən məhkəmə iclasında Səlim Müslümova ifadə verməyi təklif etsə də, sonuncu imtina edib. Deyib ki, özünü təqsirli bilmir, əməllərini isə səhlənkarlıqdan ibarətdir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

Mənimsəmədə ittiham olunan bələdiyyə sədrləri məhkəmə qarşısına çıxarılır  

Esmira Cavadova
31 May 2023

Açıq mənbələrdən götürülüb

Ağstafanın Dağkəsəmən bələdiyyəsinin keçmiş sədri Ariz Bayramov və Neftçalanın keçmiş bələdiyyə sədri Rövşən Quliyev məhkəmə qarşısına çıxarılır. Onlar ötən il həbs olunublar. Hər ikisi vəzifə saxtakarlığında, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilir.     Məsələn, Ariz Bayramova qarşı irəli sürülmüş ittihama görə o, 2019-2022-ci illər ərzində bələdiyyə sədri vəzifəsində işləyərkən kənd yollarının təmiri üçün xərcləri sənədlərdə şişirdib. Bundan başqa, bələdiyyə vəsaitləri hesabına kənd sakinlərinə maddi yardım verilməsi barədə sənədlərə yalan məlumatlar daxil edib. Ariz Bayramov Ağstafa rayon Məhkəməsi tərəfindən mühakimə olunacaq.   https://toplum.tv/mehkeme/pnarkotik-ticaretinde-ittiham-olunan-ilahiyyatccedilinin-isi-agir-cinayetlere-goumlnderilibp   Rövşən Quliyev də oxşar maddələrlə ittiham olunur. Belə ki, ötən ilin oktyabrında Neftçala rayon Prokurorluğunda Neftçala bələdiyyəsində...
Məhkəmə

“Müsəlman Birliyi”nin fəalı 1 il qapalı həbsxanada qalacaq  

Esmira Cavadova
31 May 2023

Açıq mənbələrdən götürülüb

Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə siyasi məhbus Abbas Hüseynin məhkəmə prosesi keçirilib. Məhkəmə Abbas Hüseynin 1 illik Qobustan həbsxanasına köçürülməsi ilə bağlı Nizami rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.      Bu il aprelin 27-də 1 saylı Cəzaçəkmə müəssisəsinin rəhbərinin təqdimatı əsasında Bakının Nizami Rayon Məhkəməsi Abbas Hüseynin 1 il müddətinə Qobustan qapalı həbsxanasına köçürülməsi barədə qərar qəbul edib. Abbas Hüseynin müdafiəçiləri məhkəmənin bu qərarından apellyasiya şikayəti verdiyi üçün o, mayın 18-də 1 saylı Bakı İstintaq Təcridxansına köçürülüb.   https://toplum.tv/mehkeme/pquotmuumlselman-birliyiquot-herekatinin-uumlzvuuml-isgenceye-meruz-qaldigini-bildirirp   Bir neçə gün əvvəl Abbas Hüseynin sosial şəbəkələrdə audio müraciəti yayılmışdı. O, saxlanıldığı Cəzaçəkmə Müəssisəsində həyatına hər...

Seçilmiş Videolar

Toplum TV loqo