Məhkəmə

Tovuz işi: Nərminin nənəsi prokurora məktubunda nə yazdı?

Leyli Cəfərova
31 Avqust, 2022
977

Taleyi müəmmalı qalmış 11 yaşlı Nərminlə bağlı məhkəmə davam edir 

11 yaşlı Nərmin Quliyevanın xüsusi amansızlıqla öldürülməsində təqsirləndirilən İlkin Süleymanovun mühakiməsi davam edir. Avqustun 31-də Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanov məhkəmə iclasını açıq elan edəndən sonra prosesin sənədlərin tədqiqi mərhələsində olduğunu xatırlatdı. İş materiallarındakı 5-ci cildi elan etməyə başladı. Tədqiq olunan sənədlər arasında diqqəti çəkənlərdən biri Nərmin Quliyevanın nənəsi Minayə İsmayılovanın keçmiş baş prokurorun keçmiş birinci müavini Rüstəm Usubova yazdığı məktub olub. Minayə İsmayılova baş prokurorun müavininə məktubu İlkin Süleymanovun həbsindən sonra 29 yanvar 2020-ci il tarixində yazıb. Nənə nazirdən onu qəbul edib dinləməsini dönə-dönə xahiş edib. İlkin Süleymanovun qatil olduğuna inanmadığını, Rüstəm Usubov onu qəbul edərsə, bildiyi xeyli məsələləri şəxsən söyləyəcəyini yazıb. Ancaq cavab gəlməyib. Hakim bununla bağlı sənədi elan etdikdə Nərmin Quliyevanın məhkəmə salonunda əyləşmiş atası Şərif Quliyev yerindən bunları deyib: “Minayə kimdir ki... Uşağın yiyəsi mənəm, qatili də kimdirsə, özüm bilərəm”.  

Sənədlərin tədiqiqində o da üzə çıxdı ki, Şərif Quliyev 4 yanvar 2020-ci il tarixdə prezidentə məktub yazıb. Yanvarın 6-da ona məktubunun Prezident Administrasiyasına çatması barədə qəbz gəlib. Ancaq iş materiallarında atanın məktubunun Prezident Administrasiyasına yanvarın 8-də daxil olması barədə sənəd var. 

İlkin Süleymanovun vəkili Zabil Qəhrəmanov bildirdi ki, bu məsələ araşdırılmalıdır: “Hər sənədi oxuyub keçməklə iş aşmır, qanunvericilikdə sənədlərin elanı deyə bir şey yoxdur, sənədlərin tədqiqi var. Zəhmət olmasa imkan yaradın, məhkəmə sənədləri tədqiq etsin. Bu məktub məsələsi ciddidir. Şərif Quliyev prezidentə məktub yazır, iki gündən sonra cavab gəlir ki, məktub ünvana yetişdi. Sonra məlum olur ki, məktub ünvana daha iki gün sonra yetişibmiş. Yaxşı, bəs bu, necə olur? Məktubun hələ gedib ünvana çatmadığı halda o cavabı ataya kim yazıb, göndərib? Kimin bunda marağı olub? Bütün bunlar araşdırılmalıdır, üzərindən sükutla keçmək olmaz”. 

Yanmış cəsəd tapılandan sonra Dondarquşçudakı evlərə və həyətlərə, yardımçı sahələrə baxış keçirilməsiylə bağlı protokollar elan ediləndə də vəkil susmadı: - Maraqlıdır ki, Nərmin itkin düşəndə polis hərəkət etmir, yanmış meyit tapılandan sonra isə qəfil hərəkətə keçir, kənddəki evlərin altını üstünə çevirir, iz axtarır. Bu gecikmiş axtarış kimə və nəyə lazım idi? İşin içərisində çoxlu suallar var və bu suallara məhkəmədə cavab tapılmalıdır”. 

İlkin Süleymanovsa yaşadığı evdən götürülən əşyalarla bağlı baxış protokolu elan ediləndə dilləndi: “Evimizdən qırmızı rəngli yastıq üzlükləri götürülmüşdü, ancaq ortalığa çıxmadı. Çox əşyalar vardı ki, götürüldü, ancaq aqibəti bilinmədi”. 

Elan edilən cildlərdən o da məlum olur ki, azyaşlı Nərmin ailəsi tərəfindən əmək istismarına da məruz qalıb. O, yoxa çıxmamışdan bir müddət əvvəl anasıyla birlikdə Kürdəmirdəki kafelərdən birində qabyuyanlıq edib. 

Sentyabrın 7-də məhkəmə iclası növbəti cildlərin tədqiqi ilə davam edəcək. 

İki il yarım əvvəl Tovuz rayonunun Dondar Quşçu kəndində baş vermiş bu hadisə ölkəyə səs-küy salıb. İbtidai istintaq azyaşlı qızın İlkin Süleymanov tərəfindən qətlə yetirməsi qənaətinə gəlib. İlkin Süleymanovsa məhkəmə ifadələrində cinayətin işgəncəylə boynuna qoyulmasından danışıb. Məhkəmə 1 ildən çoxdur ki, davam edir. 

2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İlkin Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.

İlkin Süleymanov, yaxın qohumları və Dondar Quşçu kəndinin sakinləri azyaşlı qızın qətlinin ört-basdır edilməsi mqəsədilə cinayətin İlkinin üzərinə atıldığını iddia edirlər. Taleyi müəmmalı olan Nərminin valideynlərisə düşünürlər ki, onu İlkin qətlə yetirib. İlkin Süleymanovun vəkilləri hələ istintaq dövründə bildirirdilər ki, o, dözülməz işgəncələrə məruz qalır. İlkin Süleymanov özü də məhkəmədə ibtidai istintaq zamanı ona verilən işgəncələrdən danışıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Məhkəmə

Erməni diversanta 18 il həbs cəzası verildi - YENİLƏNİB

7 Dekabr 2023

AzərTac

Kəlbəcərdə saxlanılan erməni diversant Voskanyan Qaqik Aşotoviçin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Toplum TV xəbər verir ki, Sabunçu rayon Məhkəməsində keçirilən prosesdə hakim Abdulla Məmmədov hökm oxuyub. Təqsirləndirilən şəxs 18 il müddətə azadlıqdan məhrum edilib. Voskanyan cəzasının ilk 5 ilini həbsxanada, qalanını isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. ​​​​​*** 15:53 Dekabrın 7-də Sabunçu rayon Məhkəməsinin inzibati binasında Kəlbəcərdə saxlanılan erməni diversant Qagik Voskanyanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.  Bu iş Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun icraatında olsa da, məhkəmə prosesi Bakıda keçirilir.  Səhər saatlarında başlayan məhkəmə iclasında dövlət ittihamçısı Müşfiq Rəhimov ittiham aktını elan edib. ...
Məhkəmə

Söyüdlü sakininin məhkəməsi: “Plakatları hazırladığım üçün narkotiklə şərlədilər” 

Esmira Cavadova
7 Dekabr 2023

Açıq mənbələrdən götürülüb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Gədəbəyin Söyüdlü kənd sakini olan Coşğun Musayevin məhkəməsi başlayıb.  Məhkəmə iclasına hakim Eldar İsmayılov sədrlik edir. Coşğun Musayev narkotikə görə ittiham olunsa da, o, həbsinin birbaşa Söyüdlü hadisələriylə əlaqəli olduğunu deyir.  Xatırlatma  Bu il iyunun 20-də və 21-də Gədəbəy rayonunun Söyüdlü kənd sakinləri kəndin ərazisindəki qızıl mədəninin kimyəvi təmizləmədən sonra axıdılan turşu qalıqlarının toplandlığı gölməçə dolduğundan başqa yerdə yeni gölməçə qurulmasına etiraz ediblər. Bu zaman əraziyə polis qüvvələri yeridilib. İyunun 20-də polislə etirazçılar arasında qarşıdurma yaranıb və polis gözyaşardıcı qazdan istifadə edib. Kənd sakinlərindən onadək insan xəsarət alıb. 5 nəfər etirazçı inzibati qaydada 20...

Seçilmiş Videolar

Toplum TV loqo