Multimedia

20 Yanvar tıxacı - Büdcə pulları xərclənir, problem isə yerindədir - YENİLƏNİB

20 Yanvar, 2023
1998

Bura Bakının 20 Yanvar dairəsidir.  Adətən axşam və səhər saatlarında dairədə nəqliyyat sıxlığı yaşanır.

Həllini tapmayan problemdən həm sürücülər, həm də sərnişinlər təngə gəldiklərini söyləyirlər.

“Xırdalandan şəhərə olan 15 dəqiqəlik yolu mən bir saata gəlirəm. Əziyyət çəkirik, çətindir. Hökumət istəsəydi bu problemi çoxdan həll edirdi.

 Ona görə manatlıq taksilər də 2 manatdan işləyir. Yol açıq olsun, biz də qiyməti qaldırmayaq”,- deyə 20 Yanvar dairəsində taksi sürücüsü gileylənir.

“Saatlarla marşrut gözləyirik burda. Vaxtlı-vaxtında işə çata bilmirik. Enerjimiz tıxacda tükənir. Axşam iş bitəndə adam evi getmək istəmir. Körpü tikiləndə gözləyirdik ki, irəli düşərik, amma geri düşdük”, -avtobus gözləyən başqa bir vətəndaş isə belə deyir.

2007-ci ildən başlayaraq 20 Yanvar dairəsində  nəqliyyat infrastrukturunun qurulması üçün layihələr gerçəkləşdirilib.

Məsələn, Prezident İlham Əliyevin tapşırığı ilə tikilən ilk körpünün təkcə smeta dəyəri 24,1 milyon manat olub.

Eyni zamanda Tbilisi prospektində tunel də inşa edilib, uzunluğu 332 m, hündürlüyü 5,5 metrdir. Ümumilikdə körpü və tunelin tikintisinə 31,5 milyon manat xərclənib.

Tikinti işləri yekunlaşdıqdan sonra dövlət agentlikləri körpünün uğurla sınaqdan çıxdığını yazırdı.

Ancaq 2011-ci ildə Dövlət Yol Polisinin nəqliyyatın hərəkətinin təşkili şöbəsinin rəis müavini, polkovnik-leytenant Tofiq Hacıyev  “20 yanvar” körpüsünün o qədər də uğurlu olmadığını dolayısı ilə etiraf etdi. O bildirdi ki, “20 yanvar” körpüsünə əlavə olaraq yeni tunelin tikilməsi planlaşdırılır.

Nəqliyyat eksperti Elməddin Muradlı uğursuzluğun səbəbini belə izah edir:
 
“Çox güman ki, bu layihə hansısa kabinetdə qəbul olundu. Çıxıb araşdırma, hesabalma aparmadılar. Biz o vaxt düşündük ki, bu körpü hər şeyi həll edəcək. Amma etmədi. Bu körpünün ötürücülük gücü yoxdur. Bütün nəqliyyat vasitələri gəlib tuneldə ilişib qalır”.

Sözügedən ərazi Bakı Nəqliyyat Agentliyinin də diqqətindən kənar qalmayıb.

2017-ci ildə Agentlik 20 Yanvar dairəsi ilə bağlı uğurlu layihə həyata keçirdiyini elan edib.

Altı istiqamətdə gerçəkləşdirilən bu layihənin məqsədi bir sıra küçələri genişləndirilmək, Moskva və Tbilisi prospektində hərəkət edən nəqliyyat vasitələrini müxtəlif istiqamətlərə yönləndirmək idi.

Bir il sonra Avtomobil Yolları Dövlət Agentliyi nəqliyyat sıxlığını aradan qaldırmaq üçün növbəti layihəyə Bakı-Sumqayıt yolunun genişləndirilməsinə başladı.

Bu dəfə də Şamaxinka deyilən tuneldən başlayaraq dörd zolaqlı avtomobil yolu genişləndirilib. Sıxlığı azaltmaq üçün 130 metrlik piyada keçidi çəkilib. Bundan başqa ərazidə olan ekologiya postu sökülüb, bir az arxada yenisi tikilib.

Urbanist Elşən İsmayıl deyir ki, yolu genişləndirmək də problemi həll etmir:

“Məsələn, 20 Yanvar küçəsindən, Yasamaldan gələn nəqliyyat axını var. Nizamsız parklanma, dayanacaq problemi var. 2017-ci ildə Bakı Nəqliyyat Agentliyi layihə keçirdi, amma onun bir hissəsi icra olundu. Bəzi yerlərdə svetoforlar qoyuldu. Amma o layihə də yarımçıq qaldı”.
 
Urbanist söyləyir ki, parklanma və nizamsız ictimai nəqliyyat tənzimlənsə və ərazidə olan iri obyektlər sökülsə, sıxlığın azaldılması mümkündür:

“Sumqayıt qatarları qismən fəaliyyət göstərir. Amma onların sayı kifayət qədər deyil. Manatlıq taksilər isə ona görə var ki, ictimai nəqliyyat qənaətbəxş deyil. Bu səbəbdən insanların ictimai nəqliyyata üz tutması prioritet olmalıdır.

Eyni zamanda ərazidə tikilmiş bir neçə böyük ticarət mərkəzi sıxlığın artmasına şərait yaradır, insanlar bura girmək üçün parkinq edirlər. Adətən, belə böyük yol qovşaqlarında parkinq olmamalıdır, hərəkət axını daimi olmalıdır”.

Sözügedən ərazidə davamlı olaraq layihələrin icrası bir məsələni qabardır. Görəsən, bu layihələr icra edilməzdən qabaq sözügedən ərazidə hər hansı araşdırma aparılmışdımı? Buraya insan axını, nəqliyyatın hərəkəti hesaba qatılmışdımı?

Toplum TV bu sualı Bakı Şəhər İcra Hakimiyyətinə, Bakı Nəqliyyat Agentliyi (BNA), Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA)  və Daxili İşlər Nazirliyinin (DİN) tabeliyində olan Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə ünvanlayıb.

BNA, DİN və Bakı Şəhər İcra Hakimiyyətindən deyilib ki, bu suallar onların fəaliyyət sahəsinə aid deyil.

Bakı Nəqliyyat Agentliyi isə araşdırma ilə bağlı ünvanlanan suala cavab verməyib. Agentlikdən yalnız o bildirilib ki, günün müəyyən vaxtlarında “20 Yanvar” metro stansiyası  ətrafından şəhərin müxtəlif istiqamətlərinə 27 sayda marşurut fəaliyyət göstərir. Sözügedən marşrutlarla gün ərzində təxminən 340 mindən çox sərnişin daşınır.

Cavabdan görünən odur ki, BNA sadəcə faktı konstatasiya etməklə kifayətlənib, ərazidəki nəqliyyat sıxlığını söyləməklə işini bitmiş sayıb, problemdən çıxış yolu kimi hansı işlərin görülüb-görülməməsi haqqında heç nə deməyib. 

Bakı Şəhərinin Baş Planında isə 2040-cı ilə qədər “Bakı-Sumqayıt” şosesində, Xırdalan və “20 Yanvar” dairələrində yeni layihələrin icrası nəzərdə tutulub. Amma bəzi  ekspertlər bunun da problemi köklü şəkildə həll edəcəyinə şübhə edirlər.

“Baş planda 20 Yanvar dairəsində söküntü və yaxud da tikinti ilə bağlı hər hansı layihə nəzərdə tutulmayıb. Sadəcə olaraq, dairənin yükünü azaltmaq üçün 20 Yanvara alternativ yollar, girişlər salınacaq. Amma bu yüngülləşdirici tədbirdir və düşünmürəm ki, planda göstərilənlər problemi həll etsin”, - urbanist Elşən İsmayıl belə deyir.

Üstəlik Bakı Şəhərinin Baş Planında 2040-cı ilə qədər yeni layihənin gerçəkləşdiriləcəyi qeyd olunur. Hazırda 2023-cü ildir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Multimedia

Neft gəlirləri ədalətli bölünürmü? - SORĞU

5 Mart 2024
“Qazıntı yanacağına sahib olan ölkə olmaq sözsüz ki, bizim günahımız deyil. Düşünürəm ki, bu, bizim nailiyyətimizdir ki, biz neft və qaz ehtiyatları olan bir çox ölkənin üzləşdiyi “neft lənətinə” düçar olmamağı bacardıq. Biz nefti inkişafa çevirdik, sərvətin ədalətli paylanmasını təmin etməyə nail olduq”. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına verdiyi müsahibədə deyib. Toplum TV Bakı sakinlərini arasında sorğu keçirib: Sizcə, Azərbaycanda neft gəlirləri ədalətli şəkildə bölünürmü?
Multimedia

"Arxa cəbhədə olmuşuq deyə veteranlıq vermirlər"

5 Mart 2024
Ömər Hüseynov mart ayının 4-də Müdaifə Nazirliyi qarşısında etiraz aksiyası keçirib.  "İkinci Qarabağ Müharibəsi" zamanı oktyabr ayından Ağcabədidə, dekabrdan isə Qubadlının müdafiəsində olduğunu bildirir. Deyir veteranlıq almaq üçün dəfələrlə Müdafiə Nazirliyinə müraciət etsə də, arxa cəbhədə olduğu deyilərək, veteranlıq verilmir. 

Seçilmiş Videolar

Toplum TV loqo