Əvəz Hafizlinin anası: "Oğlumu yatan yerdə öldürüb, ən ağır cəza verilsin"
İyulun 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə bloger Əvəz Hafizlini qətlə yetirməkdə təqsirli bilinən Əmrulla Güləliyevin məhkəməsi keçirilib.
Öncə dövlət ittihamçısı Vüqar Quliyev məhkəmə prosesində ittiham aktını elan edib. Daha sonra təqsirləndirilən şəxs ifadə verib. O, ifadəsində göstərib ki, Əvəz Hafizli ilə əmioğlu olublar.
Təqsirləndirən şəxs özünü ittihamlarda təqsirli bilib və etiraf edib ki, Əvəz Hafizlini cinsi oriyentasiyasına görə öldürüb:
“Ögey əmioğlum idi. Nəslimizin adını batırırdı. Dedim, qayıt bu yoldan... Yolunu əməlli-başlı azmışdı, əxlaqsızlıq edirdi. Həmin gün də aramızda mübahisə yarandı. Əxlaqsızlıq etdiyini 2014-cü ildən bilirdim. Mən onu öldürmək istəmirdim. Hər dəfə başa salırdım ki, qayıt bu yoldan. Hər dəfə deyirdim ki, nəslimizin adını batırma. Qulaq asmırdı. Mən əmimgildə qalırdım. Əvəz də əmimgillə bir həyətdə ayrı evdə yaşayırdı. Daimi yaşayış yerim yoxdur. Gah Savalan qəsəbəsində bibim oğlugildə, gah da Balaxanıda əmimgildə qalırdım”.
Təqsirləndirilən şəxs hadisə gününü belə xatırlayır:
“Həmin gün Əvəzgilə getdim, ona axırıncı xəbərdarlıq elədim ki, bu yoldan qayıdacaqsan. O isə mənə dedi ki, bu mənim sənətimdir, get işinlə məşğul ol. Mən də əsəbiləşdim Əvəzin evində mətbəxdən bıçağı götürdüm. Birinci bıçağı həyətdə, sonra isə evdə vurdum. Həmin vaxt özümdə deyildim. Neçə bıçaq vurdum, harasında vurdum, bilmədim. Evdə heç kim yox idi deyə səsə də gələn olmadı. Öldürdüm, çıxdım. Əməlindən peşmanam, gərək öldürməyəydim. Əvəzi öldürüb, əlimi yuyub, bıçağı da götürüb, polisə getdim”.
Əmrulla Gülalıyevin ifadəsinə görə, Əvəz Hafizinin boyun nayihəsini kəsmək məqsədi olmayıb:
“Birinci o məni vurdu, mən də onu bıçaqla vurdum. Bıçaq boyun nayihəsinə dəydi. Əslində məni söyməsəydi, öldürməyəcəkdim. Məni söydüyü üçün vurdum. Mənə dedi ki, öz işim, öz həyatımdır, özüm bilərəm. Sonra da söyüş söydü. Ən əsası küçədə, qəsəbədə gəzə bilmirdim. Hamı deyirdi ki, əmin oğlu bu yoldadır. Dost-tanış içində başımı aşağı eləmişdi”.
Hakim təqsirləndirilən şəxsin ibtidai istintaqa verdiyi ifadəsini elan edib.
Əmrulla Gülalıyev həmin ifadəsində göstərib ki, Əvəz Hafizlini öldürməyi 3 ay əvvəl planlaşdırıb. Qətldən əvvəl digər əmisi oğlunun Balaxanıdakı mağazaya baş çəkib. Əvəzin evdə olub-olmadığını soruşub. Əmisi oğlu Əvəzin tək olduğunu deyib.
O da bıçaq götürərək Əvəzgilə gedib. Əvəzi həyətə çağırıb, yerə yıxıb, boğazını kəsib. Bədəninin müxtəlif nahiyələrinə bıçaq zərbələri yetirib. Sonra da polisə təslim olub.
Məhkəmə iclasında Əvəz Hafizinin qardaşı Təbriz Şıxməmmədov qısa ifadə verib və deyib ki, hadisə zamanı rayonda olub: “Əmrulla ilə bir həyətdə böyümüşük. Əmrullanı özümüzə qardaş bilmişik, bir həyətdə böyümüşük. Mənim Əvəzin hansı həyat sürməsindən xəbərim olmayıb. Evdən çıxıb gedirdi, bir müddətdən sonra gəlirdi. Bizə heç nə demirdi. Əmrullayla Əvəz arasında nə mübahisə olduğunu bilmirdik. Heç bir şikayətimiz yoxdur. Bu gün də Əmrullanın ailəsi ilə problemimiz yoxdur. Biz iki qardaş, bir bacı olmuşuq, Əmrulla da bizimlə böyüyüb deyə ona da qardaş demişik. Ailə üzvlərimin də Əmrullaya qarşı şikayəti yoxdur”.
Ancaq şahid kimi dindirilən anası başqa söz deyib.
O, Əmrulla Gülalıyevə ən ağır cəza verilməsini istəyib: “Mən Əmrullanı öz balalarımdan ayırmamışam. Əvəz yaxşı uşaq idi. Əmrullayla danışmırdı. Əvəz bu biri uşaqlardan fərqli geyinirdi. Ancaq heç kimlə işi yox idi. Səhər gedib, axşam gəlirdi. Mən səhər rayona gedəndə Əvəz yatmışdı, qayıdanda meyitini gördüm. Əmrulla onu yatdığı yerdə öldürüb. Bütün yorğan-döşək qan içindəydi. Mən Əmrullaya ən ağır cəza istəyirəm. O, mənim günahsız balamı öldürüb”.
Məhkəmədə Əvəz Hafizinin əmisi Ceyhun Şıxməmmədov da ifadə verib. Deyib ki, Əvəzlə 5 ildir ki, münasibəti olmayıb: “Eşirmişdim ki, pis yoldadır. Ona görə də münasibəti kəsmişdim. Hadisə baş verəndə isə rayonda olmuşam”.
Əvəz Hafizinin dayısı oğlu Xəyal Mirzəliyevin ifadəsindən: “Hadisə vaxtı Savalan qəsəbəsindəki evimdə idim. Zəng vurdular ki, Əmrulla Əvəzi öldürüb. Bilirdim ki Əvəz cinsi azlıqdır. Ancaq onunla bu barədə heç bir söhbətim olmayıb”.
İfadələr dinlənildikdən sonra prokuror bildirib ki, Əvəz Hafizinin qardaşı hüquqi varis olsa da, təqairləndirilən şəxsin xeyrinə çıxış edib.
Bu səbəbdən hakim Əli Məmmədov zərərçəkənin anası Camalə Şıxməmmədovaya mərhumun hüquqi varisi kimi seçim etməsinə imkan yaradıb.
Cəmalə Şıxməmmədova qərar vermək üçün məhkəmədən vaxt istəyib.
Hakim növbəti məhkəmə iclasını iyulun 25-nə təyin edib.
Məhkəməmin binası önündə bir neçə ictimai fəal Əvəz Hafizliyə dəstək məqsədilə çıxış ediblər.
Əvəz Hafizli 2022-ci ilin fevralın 22-də qohumu Əmrulla Güləliyev tərəfindən boğazı kəsilərək öldürülüb.
Ölümündən öncə dəfələrlə təhdid altında olduğunu bildirərərək aksiyalar keçirmişdi.
İlkin araşdırmalara görə, Əmrulla Güləliyev cinayəti törədərkən sərxoş vəziyyətdə olduğunu, aralarında yaranmış şəxsi mübahisə zəminində törətdiyini etiraf edib.
"Ali baş komandanın qonşuluğunda" sakinlər baxımsızlıqdan şikayətlənir