Şəmkirdə qətl – polisi günahlandıran şahid səs yazılarını təqdim edib
Mayın 7-də Şəmkir sakini Arzu Cabbarov qolunda kəsiklərlə rayonun mərkəzi xəstəxanasına daxil olub.
Polislərin müşayiət etdiyi A.Cabbarovun həyatını xilas etmək mümkün olmayıb.
A.Cabbarov xəstəxanaya gətirilərkən yolda yaxın qohumlarına göndərdiyi səsli mesajda – “məni doğradılar, qolumu kəsdilər, xəstəxanaya aparırlar, tez özünüzü çatdırın” deyib.
Səs qeydi qohumlar tərəfindən sosial şəbəkələrdə yayıldıqdan bir saat sonra Daxili İşlər Nazirliyi məlumat yayıb. A.Cabbarovun tanışı olan bir qadının evində onunla mübahisə edərkən şüşəni sındırdığı və mərhumun öz qolunu kəsməklə intihar etdiyi bildirilib.
Ancaq Cabbarovun ailəsi və yaxın qohumları onun polislər tərəfindən şantaj olunduğunu bildirirlər, ölümünə səbəbkar kimi polisləri görürlər.
https://toplum.tv/sosial/qetlin-sahidi-polisi-ifsa-edir
Bu faktı A. Cabbarovun evində qətl edildiyi iddia edilən qadın Yeganə Yusifova da təsdiqləyir. O bildirib ki, Cabbarov öz qolunu özü kəsməyib, polislərdən biri şüşəni iş adamın qol büküyünə israrla çəkdikdən sonra Cabbarovu qan aparıb. Bundan sonra Yeganə Yusifovanı da, özünün dediyinə görə, polisə aparıb, bir həftə saxlayıblar və ona həqiqəti əks etdirməyən ifadələrə imza atdırıblar. Eyni zamanda, Yusifovanın guya Cabbarov tərəfindən döyüldüyü iddia olunub və bu iddianı təsdiqləmək üçün, ona yenidən xəsarət yetirib, ekspertiza rəyi alıblar. Yusifova üç polis əməkdaşının adını çəkir – polis rəisinin müavini, polkovnik leytenant Bayram İsmayılov, Feyruz İbrahimov və Etibar Yaqubov. Yusifovanın sözlərinə görə, ona yalan ifadələr verdirdikdən sonra polislər ona heç kimlə ünsiyyət qurmamasını, ifadəsini dəyişməməsini tapşırıblar. Bu gün Yusifova dediklərinin bir qismini təsdiqləyən səs yazılarını Toplum TV-yə təqdim edib.
O səs yazılarının Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları Feyruz İbrahimov və Etibar Yaqubova aid olduğunu iddia edir.
Səs yazılarında danışan şəxslər Y. Yusifovaya sirlərini saxlamağı, susmağı söyləyirlər.
Həmin səs yazılarını təqdim edirik.
Feyruz İbrahimov - Şəmkir rayon Polis İdarəsinin əməkdaşı
- Hər şey özümüzdən asılıdır. Nə qədər özümüzü möhkəm saxlasaq, ən çox da sən nə qədər üzdə olmasan, o qədər bizim xeyrimizə olacaq.
- Mən hara üzə gedirəm?
- Ora-bura...
- Üzə çıxanammı mən?...
- Çox hoppanıb düşəcəklər ora-bura , sonunda paşa-paşa yatacaqlar, inşallah, allahın köməkliyi ilə.
- Bayrama zəng vurummu, ay Feruz, ay xalaoğlu?
Etibar Yaqubov - Şəmkir rayon Polis İdarəsinin əməkdaşı
-Yəni mən orda necə danışıb çıxmışamsa, eləyəm sizin yanınızda.
- Elə də bilinir, elə də söhbət olub. Ayrı heç nə olmayıb.
- Ondan bəri dəyişən heç nə yoxdur ki?
- Yox, yox...
- Yəni görürsən mən dədəmi də yendim. Dədəmlə düşmən oldum bu söhbətə görə.
- Qulaq as. Deyirəm sənə balalarımın canına and olsun, deyirəm yox. Gör nə deyirəm. Sən mənə inanmırsanmı?
- Yəni orda and içib çıxmışam yanınızda. Dədəmlə bugünkü gün düşmənəm mən.
- ... narahat olma necə nə təhər olub elə də olacaq.
- Üç qardaş söhbət eləmişik. Mən satmaram dedim, bir kəlmə qurtardı.
- Bitdi də, narahat olma.
- Heç nə qadan alım, gör məni də yada sala bilirsənmi? Acından ölürük. Çörək pulu göndər mənə.
-Yaxşı.
Etibar Yaqubov-Şəmkir rayon Polis İdarəsinin əməkdaşı
- Mən Nicatın (Nicat – prokurorluğun əməkdaşıdır) yanına gedirəm. Biz zəng eləməmiş zəng eləmə.
- Nəyə?
- Bilmirəm gedək, görək nə deyir.
- Yaxşı.
- Özüm gələcəm. Zəng eləmə.
- Yaxşı.
Feyruz İbrahimov - Şəmkir rayon Polis İdarəsinin əməkdaşı
- Yazdımı o?
- Ekspert?
- Hə.
- Ciyərimin üstünü?
- Hə.
- Ciyərimin üstünü ekspert yazdı, dizimi yazdı. Haranı dunbuzlamışdı oranı. Cırmaq izini hamısı yazıb. Orda deyildin?
- Onu bildim. Sadəcə o birini görüm yazıbmı? Göyərti olubmu?
- Namiqdir (ekspert) nədir, o da gəldi cırmaq izlərini yazdı.
-Hə.
- O Etiş bir iki dənə də vurub getməmişdimi kürəyimi qılçamı? Sağ tərəfdən. Bir-ikisini də onu yazdı. Elə o biri nə yazmışdı bu da onu.
Daxili İşlər Nazirliyi (DİN) açıqlamasında iddiaları böhtan adlandırıb. Toplum TV Y.Yusifovanın adını çəkdiyi polis əməkdaşları və Şəmkir rayon Polis İdarəsindən münasibət ala bilməyib.
Toplum TV məsələni diqqətdə saxlayacaq.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Toplum TV
Toplum TV