Müsahibə

ABŞ-da yaşayan musiqiçi: “Bəstəkarlar əsərlərinin titulunda qeyd edirlər ki, Üzeyir Hacıbəylinin operası əsasında yazılıb”

Nuranə Atakişiyeva
Aysel Əzizova
27 Yanvar, 2021
3076

Toplum.TV

“Toplum TV”-nin müsahibi Azərbaycanın əməkdar artisti, professor, beynəlxalq müsabiqələrin laureatı Nərgiz Əliyarovadır.


- Nərgiz xanım, ABŞ-a nə vaxt və nəyə görə köçdüz?


- 3 il yarım öncə Amerikaya köçmüşəm. Əsas səbəb övladlarımın təhsili ilə bağlı olub. Böyük qızım fizika fakültəsini bitirib. Fizika ilə məşğul olan insanın Bakıda maraqlı həyatı olmayacaqdı. Amerikaya EB-1 vizası, yəni xususi istedadlı şəxslərə (“extraordinary ability”) verilən viza ilə gəlmişəm. Bu zaman bütün ailə üzvlərinə “Yaşıl kart” (“greencard”) verilir. Mən də uşaqların təhsilinə görə öz seçimimi etdim.


- Hazırda ABŞ-da hansı işlərlə məşğulsunuz?


- Mən fəaliyyətsiz qalan adam deyiləm. Fəaliyyətsizlik mənim üçün ölümə bərabərdir. Amerikada 2 ay mənə kifayət etdi ki, bunu başa düşüm. Burada heç kəsin səninlə işi yoxdur, amma keç kəs sənə kömək də etmir. Onda anladım ki, əgər mən oturub kiminsə dəvətini gözləsəm, heç nə alınmayacaq. Qərara gəldim ki, beynəlxalq cəmiyyət platformasında daha çox iş görmək olar. Yaxınlarım deyirdilər ki, bu, bir nəfərin işi deyil, təşkilat işidir, sənə çətin olacaq. Mən Amerikaya 2017-ci ilin ortasında gəlmişəm, 2018-ci ildə artıq “Milli Musiqi və Qlobal Mədəniyyət” cəmiyyətini təsis etdim. Qurduğumuz cəmiyyət beynəlxalq cəmiyyətdir və bizim amalımız milli musiqi (burada təkcə Azərbaycan musiqisindən söhbət getmir) zəminindən qlobal mədəniyyətə gəlməkdir. Nyu-York çoxmillətli şəhərdir və burda bu məsələ çox aktualdır. Eyni şəhərdə yaşamaqlarına baxmayaraq xalqlararası inteqrasiya elə də güclü deyil, bir-birlərinin mədəniyyətinə çox da bələd deyillər. Əlbəttə ki, vətənpərvər azərbaycanlı kimi bütün layihələrin 50 faizdən çoxunu Azərbaycanla bağlayıram. Mənim əsas məqsədim təkcə Azərbaycan ifaçılarının deyil, həm də xarici musiqiçilərin bizim əsərləri ifa etməsinə nail olmaqdır. Çalışıram konsertdən əvvəl kiçik ön sözlə çıxış edib Azərbaycan və onun mədəniyyəti haqqında məlumat verim. Musiqi tam hər şeyi açıqlamır, gərək onu hansısa bilgilərlə tamamlayasan. Belə olduğu halda tamaşaçılarla da ünsiyyət yaranır. Daha maraqla qulaq asırlar, konsertdə yatmırlar.


- Sizcə, Azərbaycan musiqisinin tanıdılması üçün lazım olan işlərin hansı hissəsinə kifayət qədər diqqət edilmir?


- Heç birinə. Bunun obyektiv və subyektiv səbəbləri var. Subyektiv səbəb odur ki, biz vaxtında bununla lazımı qədər məşğul olmamışıq. Obyektiv səbəbsə odur ki, çox da böyük ölkə deyilik və bizim mühacirət 20-30 ildir mövcuddur. Məsələn, mən 3 ildir buradayam, amma ermənilər 100 ildir, üçüncü nəsildir burada yaşayırlar. Eyni zamanda, Amerikadakı ermənilər assimilyasiya olmalarına baxmayaraq milli mənsubiyyətlərini saxlayıblar. Burada hər zaman Ermənistan haqqında danışırlar, çox vaxt da yalan danışırlar. Biz say baxımından da erməni icmasından dəfələrlə azıq. Amma buna baxmayaraq yenə də günahımız var, ola bilsin, əlimizdən gələnin cəmi 50 faizini etmişik. Amma axrıncı müharibə göstərdi ki, Azərbaycan xalqı özünün intibah dövrünü yaşayır. Haqqımızda düşündüyümüzdən daha yüksək keyfiyyətlərə malik olduğumuzu gördük. Müharibə vaxtı biz günün 20 saatını işləyirdik. Mən müxtəlif beynəlxalq təşkilatların üzvüyəm və həmin qruplarda Azərbaycan tarixi, Gəncə və Bərdə şəhərlərində mülki vətəndaşların bombalanması haqqında bilgilər verirdim. Müharibə dövründə kimin gücü nəyə çatırdı, onu edirdi. Məsələn, qızımgilin 50 nəfərlik heyəti var idi, sosial mediada ermənilərin yazdıqları şərhlərin hamısını faktlarla cavablandırırdılar.


- Azərbaycan musiqilərini başqaları asanlıqla öz adına çıxır və ya anonim kimi təqdim edirlər. Sizcə, müəllif hüquqlarının qoruna bilməməsində problem nədədir?


- Bu, bir nəfərin işi deyil, vahid bir siyasət olmalıdır. Bir dəfə “Yutub”da Arno Babacanyanın fortopiano əsərini eşitdim. Əsərin adı “Vagarşapat rəqsidir”. Mən dəhşətə gəldim, bu, Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” operettasından “Deyirlər ki, toy olacaq” parçasıdır. Araşdırdım ki, Arno Babacanyan bunu XX əsrin əvvəlində yaşayan folklorçu Komitasa istinadənyazıb. Komitas Türkiyədə yaşayıb, 1915-ci ildə Fransaya köçüb. Yəni bu insanın işi folklor nümunələri yığmaq olub, Azərbaycana da gəlib. Sonradan Hacıbəyovun bəstəsini erməni musiqisi kimi tanıtmağa başlayıb. Komitas 1916-cı ildə onu Parisdə nəşr edib, mən onu da tapdım. “O olmasın, bu olsun” operettası 1910-cu ildə yazılıb, 1911-ci ildə Bakıda nümayiş etdirilib. Bu o deməkdir ki, 1916-cı ildə yazılan əsər 6 il əvvəl yazılan əsərdən oğurlanıb. Həmin vaxt müəllif haqları və s. yox idi. Hüquqi cəhətdən onu qorumaq çox çətindir. Əgər Komitasa əsasən Arno Babacanyan əsəri müasirləşdirilməsəydi, onu heç itirib-axtaran da olmayacaqdı. Ən gözəl pianoçular bu əsəri çalır və heç kim də bilmir ki, o, Üzeyir bəyin musiqisidir, Komitasın və ya Babacanyanın deyil. Bir az da araşdırdım ki, Arzumanyan adlı bəstəkarları var, o da bu əsəri kvartet (4 alət) üçün yazıb. Bu mənə çox pis təsir etdi və düşündüm ki, şəxsən mən bu barədə nə edə bilərəm.


- Yəqin Cəmiyyətinizin elan etdiyi müsabiqə ideyası da belə yarandı?


- Bəli. Mən bir çıxış yolu gördüm - biz Azərbaycan əsərlərini, Üzeyir bəyin musiqisini məhşurlaşdırmalıyıq. Sonra belə bir müsabiqə keçirmək ideyası yarandı. Müsabiqə Nyu-Yorkdan - dünyanın mərkəzindən başlasa, digər ölkələr üçün daha cəlbedici olacaq. Biz Üzeyir Hacıbəyovun “Arşın malalan”, “O olmasın, bu olsun” və “Koroğlu“ operalarından 10 melodiya seçmişik. İstənilən azərbaycanlını yuxudan oyatsan, bu melodiyaları əzbər oxuyacaq, amma onları dünyada heç kim tanımır. Təşkilat Komitəsi olaraq biz həmin melodiyaları bəstəkarlara vermişik. Bəstəkarlar onlardan istifadə edib əsər yazırlar və titulunda qeyd edirlər ki, Üzeyir Hacıbəylinin operası əsasında yazıb. İkinci tərəfi odur ki, Üzeyir bəyin əsərlərinin əksəriyyəti opera və operettadır, böyük simfonik orkestr üçün nəzərdə tutulub, insturmental əsərləri isə çox azdır. Bu baxımdan müsabiqənin şərtində də 5 instrumentə qədər əsər yazmaq tələbi nəzərdə tutulub. Heç bir yaş məhdudiyyəti yoxdur. Ən yaxşı əsərlər Amerikada dərc olunacaq, ilk 3 yerin qalibini pul mükafatı gözləyir.


- Azərbaycandakı musiqi məktəbləri, universitet təhsil sistemi ABŞ-dakından nə ilə fərqlənir?


- Mən həm sovet, həm də ABŞ sistemində dərs demişəm. Hər ikisinin böyük qüsurları var. Azərbaycan sovet təhsil sistemini davam etdirir. Uşaq musiqi məktəbinə qəbul olunursa, onun peşəkar olacağı təxmin edilir, yəni bu təhsil sistemi professional musiqiçi yetişdirmək üçün nəzərdə tutulub. 100 nəfərdən bəlkə 1 nəfər peşəkar olur, yerdə qalan 99 nəfərsə təhsil proqramının ağırlığına görə musiqini sevməməyə başlayır, bəziləri hətta nifrət edir. Amerikada isə hər şey musiqisevərlər üçündür, kim istəsə, musiqi məktəbi aça bilər. Bu məktəblər çox az peşəkar yetişdirirlər. Məncə, iki sistemi birləşdirmək olar. Yəni professional musiqiçi olmaq istəyən uşaqlarla həvəskar kimi məşğul olmaq istəyənləri ayırsaq, təhsil prosesi muiqiyə olan məhəbbəti öldürməz. Odur ki, burada musiqisevərlər də, konsertlərə gedənlər də çoxdur. Bizdə isə konsertlərə çox az adam gedir. Hətta musiqi məktəbinə gedən uşaq da musiqiyə ağır bir iş kimi baxır, sonradan o sahəyə qayıtmaq istəmir. Mən düşünürəm ki, hər təhsil sisteminin müsbət tərəflərini götürüb muasir tələblərə uyğun daha mükəmməl məktəb sistemi yaratmaq mümkündür.
 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Müsahibə

İH şöbə müdiri: Problem müharibə iştirakçılarının işsizliyidir

Roza Məmmədova
17 İyul 2022

Toplum TV

Qazi Elvin Cəfərovun Sabirabad rayon İcra Hakimiyyəti qarşısında özünü yandırmasından sonra Toplum TV icra başçısı Siraqəddin Cabbarova  iki  dəfə müsahibə üçün müraciət edib, ancaq başçı hər dəfə çox məşğul olduğunu bildirərək müsahibə verməyib. Suallara  Sabirabad rayon İcra Hakimiyyəti yanında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Müslüm Rzayev cavab verib. -Elvin Cəfərovdan başqa da Sabirabadda qazi intiharları olub. Sizcə niyə qazilər etiraz üçün son varianatı - intiharı seçirlər? - Özünü asan qazini nəzərdə tutursunuz yəqin. Onun da ailəsi intiharın səbəbi ilə bağlı müraciət edib, bizim rəhbərlik onları qəbul edib, dinləyib. Kim bu barədə soruşursa, öyrənmək istəyirsə,...
Müsahibə

Rasim Balayev AKİ-yə sədr seçildi

31 May 2022

açıq mənbədən götürülüb

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin ümumi yığıncağı baş tutub. Report-un xəbərinə görə, Xalq artisti Rasim Balayev ittifaqın sədri seçilib. Toplantını Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev açıb və ittifaqın sədrliyinə Rasim Balayev namizədliyinin irəli sürüldüyünü deyib. Anar Rzayev seçkinin açıq səsvermə ilə keçirilməsini təklif edib və onun təklifi qəbul olunub. Açıq səsvermə ilə Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni sədri seçilib. İttifaqın əvvəlki sədri Xalq yazıçısı Rüstəm İbrahimbəyov martın 10-da Rusiyada vəfat edib. O, Birinci Fəxri Xiyabanda dəfn olunub.

Seçilmiş Videolar

Toplum TV loqo