Müsahibə

Almaniyada işləyən azərbaycanlı tədqiqatçı: “Xərçəngin vərdişlərlə və coğrafi faktorlara bağlılığı var”

Nuranə Atakişiyeva
Aysel Əzizova
5 Fevral, 2021
1314

Azərtac

Azərbaycanlı tədqiqatçı Aysel Əhədova xərçəng xəstəliklərinin tədqiqi sahəsində uğurlu nəticələrinə görə 2020-ci il üzrə Anita və Fridrix Roytner mükafatına layiq görülüb. O, Almaniyanın Heydelberq Universitet Hospitalının Patologiya İnstitutunun Tətbiqi xərçəng biologiyası şöbəsində elmi tədqiqatlar aparır.

O, 2011-ci ildə Azərbaycan Tibb Universitetini bitirib. Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində 2012-2015-ci illərdə Haydelberq Universitetinin tibb fakültəsində doktorantura (PhD) təhsili alıb. 

Hazırda A.Əhədova xərçəngin qeyri-sabit mikrosatellit növünün öyrənilməsi üzrə bir neçə layihədə iştirak edir və xərçəng hüceyrələrində qlükoza metabolizminə yönəlmiş yeni dərmanların, dərman kombinasiyalarının identifikasiyası üzrə tədqiqatlar aparır.

- Aysel xanım, xərçəngin qeyri-sabit mikrosatellit növünün öyrənilməsi dedikdə nə nəzərdə tutulur? Bu tədqiqat hansı xərçəng növünün müalicəsi üzrə ümid hesab olunur? 

- Qeyri-sabit mikrosatellit xərçəngin molekulyar növüdür və ona ən çox iki xərçəng növündə rast gəlinir. Biri bağırsaq xərçəngidir, - mən daha çox bu sahə üzrə tədqiqat aparıram, - digəri də uşaqlıq xərçəngidir. Ona bağırsaq xərçəngi hallarının 15 faizində, uşaqlıq xərçəngi hallarının 30 faizində rast gəlinir. Molekulyar növün kliniki əhəmiyyəti odur ki, o, həm irsi, həm də qeyri-irsi ola bilər. İrsi növü Linç sindromu adlanır, xərçəngə meyllilik kimi də hesab oluna bilər və həmin xəstələrdə dəqiqliklə bu növ, yəni qeyri-stabil mikrosatellit molekulyar növlü xərçəng əmələ gəlməsi mümkündür. Yeni araşdırmalara görə, Linç sindromlu fərdlərdə bağırsaq xərçəng riski təxminən 50 faizdir. Bununla da irsi meyillilik olan insanlarda xəstəliyə tutulma riski 10 dəfə çoxdur. Bu fərdləri vaxtında diaqnoz edib tədbir görməklə, xərçəng riskini azaltmaq olar. Mikrosatellit qeyri-stabilliyinin ikinci kliniki əhəmiyyəti isə odur ki, orqanizm xərçəngə qarşı immun cavabını yüksəldən xüsusi növ terapiyaya daha yaxşı cavab verir. Hətta metastazlı xəstələrdə belə sağalma müşahidə olunur. Biz çalışırıq ki, başqa ölkədən olan mütəxəssislərlə birlikdə Azərbaycanda da Linç sindromu barəsində təbliğat aparaq. Xərçəng riski yüksək olan insanların erkən yaşda müayinəyə getməsi daha məsləhətlidir. 

- Azərbaycan Tibb Universitetində bakalavr təhsili almısınız. Tibbi tədqiqatlar üçün ATU-da imkanlar nə dərəcədə geniş idi? 

- Almaniya universitetlərində xususi tədqiqat şöbələri var. Tədqiqatlar növbəti mərhələdə klinikada testlərdən keçirilir. Əgər sınaqlardan yaxşı keçərsə, sonda nəticə klinikada tətbiq olunur. Mənə elə gəlir ki, birincisi, tələbələrə tədqiqat aparmaq marağını aşılamaq lazımdır. Onların əsas marağı klinikada xəstələrlə işləyib, öyrəndiklərini tətbiq etməkdir və təbii ki, bu, çox önəmlidir. Amma klinikanı bir qırağa qoyub sırf tədqiqat sahəsinə gedənlərə daha az rast gəlinir. Məndə universitet illərindən bu istək yaranmışdı və soruşurdular ki, sən tədqiqatı harda aparacaqsan? Azərbaycanda hələlik belə imkan yaradılmayıb. Düzdür, bəzi qurumlar var və orada həqiqətən tədqiqat aparmaq olur. Amma bəzi sahələrdə beynəlxalq səviyyədə rəqabətə davamlı deyil və bunu yüksəltmək üçün, məncə, ən əsas şərtlərdən biri mübadilədir. Yəni başqa ölkələrdən professionalları çağırıb bizim tələbələrə və müəllimlərə məlumat verib, buna maraq yaratmaqdır. Tələbələr anlamalıdırlar ki, tədqiqat aparmaq sabah işin olmayacaq anlamına gəlmir. Bizdə məsələlərə praqmatik baxırlar. Tibb sahəsində işinin olması üçün həkim olmağın lazım olduğunu düşünürlər. Almaniyada isə tədqiqat apararkən də əmək haqqı alırsan. Yəni işin tədqiqat aparmaq olur. 

- Deyirlər ki, xərçəngdən ölməmək üçün əsas şərt vaxtaşırı müayinə olunmaqdır. Amma Azərbaycanda, adətən, insanlar ağrı və ya hansısa narahatlıq hiss etməyənə qədər həkimə müraciət etmirlər. Sizcə, xərçəngi daha erkən mərhələdə aşkar etmək üçün hansı addım atılmalıdır?

- Əsas amillərdən biri xərçəngin tez aşkar olunmasıdır. Tez tapılmağın yolu skrininqdən - ilkin müayinələrdən keçir. Misal üçün, burda bağırsaq xərçəngi hallarını azaltmaq üçün 55 yaşından başlayaraq hər kəsi skrininq edirlər. Bu barədə dəqiq məlumatım olmasa da, düşünürəm ki, Azərbaycanda da belə bir praktika var. Amma bu istiqamətdə maarifləndirmə aparılmalıdır ki, insanlar “Bu mənim nəyimə lazımdır?” deyə düşünməsinlər. Təbii ki, belə müayinələrin əlavə ödənişsiz olması daha uyğun olar. Bildiyim qədəriylə, Azərbaycanda tibbi sığorta sistemi mövcuddur və onun çərçivəsinə skrininq proqramları daxildirsə, lap əla, yoxdursa, daxil edilməsi əla olar.

- Skrininq dedikdə nə nəzərdə tutulur? Hansısa aparatlarla müayinə və ya testlərlə nəzarətdə saxlama? 

- Skrininq ümumi bir anlayışdır. Orqandan asılı olaraq dəyişir. Məsələn, bağırsaq xərçənginin skrininqidirsə, kolonoskopiya vasitəsilə yoxlanılır, süd vəzi xərçənginin skrininqi mamoqrafiya vasitəsilə müayinədir. Hər xərçəngin qarşısını almaq olmur. Amma elə xərçənglər var ki, onları müalicə etmək mümkündür və heç olmasa, bu növləri skrininqlə nəzarətdə saxlamaq yaxşı olar. 

- Xərçəng xəstəliyinin yaranmasında coğrafi faktorların da rolu varmı?

- Pəhriz, ölkə mətbəxinə xas yeməklər, günəş şüalarına məruz qalma kimi faktorlar təsir edə bilər. Məsələn, elə ölkələr var ki, onlarda dəri xərçəngi daha çoxdur, bu da günəşin zərərli şüaları ilə bağlıdır. Bəzi ölkələrdən birində ətin çiy vəziyyətdə yeyilməsinə görə daha çox bağırsaq xərçəngi meydana gəlir və s. Ümumiləşdirsək, xərçəngin həm vərdişlərə, həm də coğrafi faktorlara bağlılığı var.

- Azərbaycanın gənc həkimlərinə ixtisaslarını artırmaq üçün hansı ölkəyə getməyi məsləhət görərdiniz? 

- Əvvəla, təhsil üçün hansı ölkəni seçmələrindən aslı olmayaraq təhsilini davam etdirmək istəyən bütün gənclərimizə uğurlar arzu edirəm. Ən önəmlisi isə mənə təhsilin vacibliyini vaxtında aşılamış valideynlərimə, bütün müəllimlərimə və bu şəraiti yaradan dövlət proqramlarının təşkilatçılarına öz dərin minnətdarlığımı bildirirəm. Sualınıza gəldikdə, mən düşünürəm ki, bu insanın özü ilə bağlı məsələdir. Mən Almaniyaya gəlmək istəyirdim. Bu ölkə məni çəkirdi. Bəzi stereotiplər var, məsələn, alman dəqiqliyi, Almaniya məhsullarının keyfiyyəti və s. Bura gəldikdən sonra həmin stereotiplərin çoxu doğruldu. Amma bu, tamamilə zövq məsələsidir. Mənə elə gəlir ki, təhsil aldığın yer sənə uyğun olmalıdır. Tutaq ki, mən deyə bilərəm ki, Böyük Britaniyada təhsil çox güclüdür, orda təhsil alın. Amma sən ora gedib özünü orda yaxşı hiss etməyəcəksənsə, getmə. Mən Almaniyaya təhsil almağa gələndə Azərbaycana qayıtmaq fikri ilə gəlmişdim. Amma elə alındı ki, doktoranturadan sonra məni işləmək üçün saxladılar. Onda anladım ki, həyatım bura bağlandı. Mən sevindim ki, bura Almaniyadır, elə bir ölkə ola bilərdi ki, mən orda yaşaya bilməzdim. Çox şadam ki, Almaniyada insanlar bizim təsəvvür etdiyimizdən daha istiqanlıdırlar, xüsusən də gəlmələrə qarşı. Ayrı-seçkiliyə məruz qalmıram. Çalışırlar imiqrasiya etmiş insanlara kömək etsinlər, onların əlindən tutsunlar. Mənimlə birgə çalışan almanlar var, bura qaçqın kimi gələnlərə, onların uşaqlarına dərslərində kömək edirlər, onların inteqrasiyasına çalışırlar.

Müsahibə

Ukraynada girov götürülən azərbaycanlı: “Sağlamlığımda, xüsusən də ürəyimdə problemlər yaranıb”

Məzahir Abdurahmanov
28 Aprel 2022

Toplum Tv

Hüseyn Abdullayev 2019-cu ildə Mariupul Dövlət Universitetinə qəbul olunub. 2 il qiyabi təhsil aldıqdan sonra 2021-ci ildə əyani oxuya bilmək üçün Ukraynaya gedib. Müharibənin 22-ci günündə Ukraynadan çıxmaq istəyərkən rus ordusu tərəfindən girov götürülüb. “Toplum TV” Hüseyn Abdullayevlə müsahibəni təqdim edir. - Hüseyn, müharibənin başladığı ilk günlərdə Ukraynanı tərk etməməyinizin, 22 gözləməyinizin səbəbi nədir? - Müharibə başlamamışdan əvvəl bizə xəbərdarlıq edildi. Bir çox şəxs ölkəni tərk etdi. Mən düşündüm ki, müharibə çox davam etməz. Ona görə də ölkəni tərk etmədim. Sonradan şəhəri tərk etmək istəsək də bizi buraxmadılar. Söylədilər ki, çıxsanız ruslar qoymayacaq. Ona görə də məcbur qaldıq orda. -Müharibə...
Müsahibə

Anar Natiqoğlu: “Bəziləri deyir ki, səfirliyə zəng çatmır, əlaqə saxlamaq mümkün deyil, yalandır”

Məzahir Abdurahmanov
28 Fevral 2022

Sosial Media

“Ukraynanı özümüzə ikinci vətən sayırıq, heç yerə getmək fikrimiz yoxdur” "Bəziləri deyir ki, səfirliyə zəng çatmır, əlaqə saxlamaq mümkün deyil, yalandır. Biz onlarla mütəmadi əlaqədəyik". "Birlik" Odessa azərbaycanlıları diaspor təşkilatının sədr muavini, Ukraynada yaşayan keçmiş jurnalist Anar Natiqoğlu "Toplum TV"-yə müsahibəsində belə deyir. "Toplum TV” onunla müsahibəni təqdim edir. -Hazırda Ukraynada, xüsusilə də Odessada vəziyyət necədir? -Odessada vəziyyət yaxşıdır, sakitlikdir. Dünən axşam saatlarında siqnal səsi veriləndən sonra bir-iki partlayış səsi eşidildi. Onda da dedilər ki, hava hücümundan müdafiə qurğuları işə düşüb. Partlayış səslərindən sonra heç nə olmayıb. Səhər saatlarından da sakitlik davam edir. - Orada yaşayan azərbaycanlıların təhlükəsizliyi baxımından hansı...

Seçilmiş Videolar

Toplum TV loqo