Müsahibə

Arif Əliyev: "Əli Həsənov deyirdi ki, diffamasiyanı qəbul etsək, küçədə qan su yerinə axacaq"

Aytac Məmmədli
20 Fevral, 2021
730

Arif Əliyev - "Turan"

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib ki, komitə yaz sessiyası ərzində diffamasiya ilə bağlı dinləmə təşkil edəcək.

O bildirib ki, mətbuat azadlığının gücləndirilməsi, beynəlxalq indekslərdəki problemlərin aradan qaldırılması üçün diffamasiya ilə bağlı məsələləri komitənin gündəliyinə daxil ediblər.


Azərbaycan beynəlxalq təşkilatlar qarşısında diffamasiyanın dekriminallaşdırılması ilə bağlı öhdəlik götürsə də, bununla bağlı qanun layihəsi indiyə qədər parlamentdə müzakirəyə çıxarılmayıb.

Bəs Azərbaycan diffamasiya ilə bağlı öhdəlikləri niyə yerinə yetirmir?

“Toplum TV” bu və digər suallara aydınlıq gətirmək üçün Bakı Mətbuat Klubunun rəhbəri, jurnalist Arif Əliyevə müraciət edib.

- Arif bəy, diffamasiya haqqında qanun çoxdandır ki, müzakirə olunur, niyə hələ də qəbul olunmayıb?

- O vaxtlar diffamasiya haqqında qanunun gecikdirilməsini daha çox Əli Həsənovun fəaliyyəti ilə əlaqələndirirdim. Ona görə ki bu qanun 4 variantda müxtəlif təşkilatlar tərəfindən parlamentə təqdim olunub. Hətta prezident tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nda da bu qanun layihəsinin qəbul olunması bir tapşırıq kimi ortaya qoyulmuşdu. Bu işlə Prezident Adminstrasiyası, konkret olaraq Əli Həsənovun şöbəsi məşğul idi. Venesiya Komissiyası ilə arada çox ciddi narazılıqlar yarandı. Komissiya o sənədi qiymətləndirmədən keçirərkən söhbət bir müddəa ətrafında gedirdi: diffamasiyanın cinayət qanunuvericiliyindən çıxarılıb, mülki qanunvericiliyə salınması. Bununla əlaqədar Əli Həsənov dəfələrlə bildirdi ki, biz "Diffamasiya haqqında" Qanunu qəbul etməyə hazırıq, amma Azərbaycan cəmiyyəti, Azərbaycan jurnalistləri buna hazır deyillər. Biz diffamasiyanı qəbul etsək, küçədə qan su yerinə axacaq. Bax, belə boş-boş əsaslarla bu məsələ gecikdirilirdi. Postsovet məkanında diffamasiyanı qəbul etməyən bir-iki ölkə qalıb. Məsələn, qonşu Gürcüstan və Ermənistan bu qanunu çoxdan qəbul edib, heç kəs də bir-birini buna görə öldürmür. Onun dediyindən belə çıxırdı ki, Azərbaycan cəmiyyəti qonşularından qat-qat qaragüruh, bəsit bir toplumdur.

- Dediniz ki, Əli Həsənov Azərbaycan jurnalistlərinin bu qanunun qəbul edilməsinə hazır olmadığını deyib. Maraqlıdır, jurnalistlər niyə onların xeyrinə olan bir qanun layihəsinin gerçəkləşməsinə hazır olmasınlar ki?

- O demək istəyirdi ki, jurnalistlərin professional səviyyəsi aşağıdır, onlar təhqirə və böhtana həddən artıq çox yol verirlər, jurnalistlər ağıllansınlar, biz də onlara bu şəraiti yaradaq. Amma bununla söhbətin mahiyyəti faktiki olaraq dəyişdirilir. Söhbətin məğzi diffamasiyanın cəzasız buraxılması deyil, dekriminallaşmasıdır, yəni onun cinayət əməli yox, mülki qanun pozuntusu kimi qiymətləndirilməsi. Dəfələrlə olub ki, hakim dairələr, məmurlar bundan istifadə edərək jurnalistlərin həbsinə nail olublar. Bu isə həm Azərbaycan mediasının hakimiyyətlə münasibətlərini gərginləşdirib, həm də ölkənin imicinə ciddi zərbə vurub.

- Milli Məclisin İnsan hüquqları komitəsi bildirib ki, yaz sessiyası ərzində diffamasiya ilə bağlı dinləmə təşkil ediləcək. Bəs indi məsələni gündəmə gətirməkdə məqsəd nədir?

- Prinsipcə, bu çoxdan həll olunmalı bir məsələ idi. İndiki vəziyyətdə “feyk" məlumatlarla bağlı bu mövzu xeyli aktuallaşıb. “Feyk”lərin artması, texnoloji cəhətdən mürəkkəbləşməsi bir çox ölkələri bu məsələlərə qayıtmağa məcbur edib. Bu çoxdan yetişmiş bir məsələdir, çünki diffamasiyaya aid olan bir sıra anlayışların bizdə dəqiq izahı yoxdur. Ona görə də məhkəmələr bəzən çox absurd qərarlar çıxarırlar. Diffamasiya məsələsi Azərbaycanın illər əvvəl qəbul olunmuş dövlət sənədində də öz əksini tapmışdı ki, il ərzində qəbul olunsun, amma o tapşırıq hələ də yerinə yetirilməyib. Halbuki bu, media azadlığına aid olan məsələdir.

- Demək olar ki, həbs olunan jurnalistlərin əksəriyyəti Cinayət Məcəlləsinin heç də şərəf və ləyaqətin alçaldılması maddələri ilə deyil, daha çox xuliqanlıq, terrorizmə cəhd, rüşvətalma, narkotik maddə gəzdirmə kimi maddələrlə həbs ediliblər. Belə olan halda, bu qanunun qəbul edilməsinin əhəmiyyəti qalırmı?

- Qalır. Birincisi, indiyədək qanunvericilikdə qalan sərt cəzalar və məhdudiyyətlər jurnalistlərə psixoloji təsir göstərir. İkincisi, istənilən halda qanunvericiliyimizi beynəlxalq standartlara, imzaladığımız sənədlərə uyğunlaşdırmalıyıq. Üçüncüsü, bu bir az yanlış təsəvvürdür ki, Azərbaycanda diffamasiya ilə bağlı cinayət cəzası tətbiq olunmur. Bir ara, doğrudur, Heydər Əliyevin vaxtında tətbiqinə moratorium qoyulmuşdu, amma sonradan məhkəmələr bunu tətbiq etməyə başladı. Hər il monitorinq həyata keçirən təşkilatlar var, onların nəticələri göstərir ki, cinayət qaydasında jurnalistlərə qarşı işlərin qaldırılması praktikası məhkmələrdə davam edir. Bir sıra hallarda cinayət qaydasında şərti cəzalar kəsilir. Bəli, biz həbsdə olan jurnalistlərin digər maddələrlə cəzalandırıldığını görürük, amma bununla bağlı bizim görmədiyimiz bir hissə də var.

- Qanunun qəbulu üçün öncəliklə ölkədə münbit şərait yaradılmalı deyilmi? Məsələn, Cinayət Məcəllsinin 323.1.maddəsinə görə, kütləvi informasiya vasitələrində prezidentinin şərəf və layaqətini alçaltmaq, hətta azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Halbuki Avropa İnsan Hüquqları Məhkəməsi bu cəzanı qəbuledilməz hesab edib.

- Şərait dedikdə nəyi nəzərdə tutursunuz?

- Yəni deyirəm ki, məsələni kökündən həll etmək lazım deyilmi?

- Köklü həll etmək üçün qanunvericiliyə nəzər salmaq lazımdır. "Diffamasiya haqqında" Qanun ayrıca qəbul olunarsa, bu daha yaxşı variantdır. Amma mövcud qanunvericiliyə əlavə dəyişikliklərin edilməsi də nəzərdə tutula bilər. Cinayət və mülki məcəllələrə, media haqqında digər qanunlara kompleks yanaşmaq lazım olacaq. Əgər söhbət cəmiyyətin hazır olmamasından gedirsə, bu, bir qədər ciddi yanaşma deyil. Dediyim kimi, başqa ölkələrin də təcrübəsi var. Məsələn, Gürcüstanı, Ukraynanı götürək, statistika göstərir ki, cinayət məsuliyyəti aradan qaldırıldıqdan sonra heç də diffamasiya hallarının sayı artmayıb. Bunlar hamsı boş söhbətlərdir.

- Mən cəmiyyəti yox, hakimiyyəti nəzərdə tuturdum.

- Hakimiyyəti, əlbəttə, buna hazırlamaq lazımdır. Ümumi bir prinsip var: sən nə qədər yüksək vəzifə tutursansa, bir o qədər də dözümlü yanaşmalısan, tənqidə açıq olmalısan. Bizdə əksinədir - ən yüksək vəzifəni daha ciddi qoruyurlar. Prezidentin diffamasiyadan müdafiəsi üçün xüsusi cəza növləri və ayrıca bəndlər nəzərdə tutulub. Xüsusilə bir şeyi nəzərə alaq, mənim yadıma gəlmir ki, dediyiniz maddələr tətbiq olunsun. Yaxşı, bu onsuz da tətbiq olunmursa, sən niyə bu ölü maddələri qanunvericilikdə saxlayırsan? Niyə həm psixoloji təsir baxımından mənfi bir mühit yaradırsan, həm də hesabatdan-hesabata Azərbaycana qarşı əlavə ittihamlar irəli sürülməsinə əsas yaradırsan?

Müsahibə

“Mən Xocalıda anamın şəhid olduğu yerdən keçib erməni ilə birlikdə yaşaya bilmərəm”

Aytən Zamanova
26 Fevral 2021

Justice for Khojali

“Xocalıma, anamın şəhid olduğu yerə getmək istəyirəm”. "Toplum TV"-nin budəfəki müsahibi Milli Qəhrəman Tofiq Hüseynovun qızı Yasəmən Həsənovadır. Tofiq Hüseynov Xocalıda yaradılmış özünümüdafiə taborunun yaradıcılarından olub, daha sonra həmin taborun komandiri təyin edilib; “Mixaylo” ləqəbiylə tanınırdı.  Şahidlərin danışdığına görə, T.Hüseynov fevralın 26-da çox sayda dinc sakini Xocalıdan çıxara  bilib, 3 gün sonrasa sonuncu qumbarasını sinəsinə sıxaraq özü ilə bərabər yaxınlığındakı silahlı erməniləri də partladıb. O həlak olanda 37 yaşı vardı.  Xocalı hadisələri vaxtı həyat yoldaşı, qardaşı, ata-anası da qətlə yetirilib.   Azərbaycan Respublikası Prezidentinin 7 iyul 1992-ci il tarixli fərmanı ilə Tofiq Hüseynov "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. O,...
Müsahibə

Gürcüstan müxalifətçisi: "Baş nazirin istefası müxalifət liderinin həbsi ilə bağlı deyil"

Nigar Səmədli
19 Fevral 2021

24news.ge

“Gürcüstanda hakimiyyət məcbur qalaraq istefaya gedəcək” “Toplum TV”-nin müsahibi Gürcüstanın “Vahid Milli Hərəkat” Partiyasının Marneuli qərargahının rəhbəri Aqil Mustafayevdir. O, Gürcüstanda son günlər baş verən hadisələr, üzvü olduğu partiyanın rəhbəri Nika Meliyanın həbs qərarı, baş nazirin istefası və digər məsələrlə bağlı danışıb. - Gürcüstanın Baş naziri Georgi Qaxariyanın istefası gözlənilən idimi və bu, Gürcüstanda necə qarşılandı?  - 2020-ci ilin oktyabrın 31-də keçirilən seçkilərdən əvvəl Georgi Qaxariyanın postunu tərk etməsi ilə bağlı mediada məlumatlar yayılsa da, istefa vermədi. Çünki seçkiöncəsi bu addımı partiyanın imicinə təsir edəcəkdi. Amma hər kəsə məlum idi ki, o, yaxın zamanda vəzifəsindən uzaqlaşdırılacaq. Bunun üçün partiyadaxili qruplaşmaların...
Seçilmiş Videolar