Müsahibə

“Azərbaycan Ermənistandakı seçkinin nəticələrinə təsir göstərməyə çalışacaq”

22 May, 2021
2453

Sosial media

Prezident İlham Əliyev mayın 21-də Azərbaycanın Ermənistanla sülh sazişi imzalamaq istədiyini bildirib. O, sazişin detallarını açıqlamasa da, qarşı tərəfin Dağlıq Qarabağın statusu barədə danışmaq cəhdlərindən əl çəkməli olduğunu söyləyərək “Bu, müzakirə mövzusu deyil” deyib.

Eyni gündə Ermənistan Baş nazirinin səlahiyyətlərini icra edən, seçkilərə hazırlaşan Nikol Paşinyan da sülh sazişindən danışıb. Bu durumda sülh müqaviləsinin imzalanması nə qədər realdır?

“Toplum TV” bu haqda hərbi jurnalist Səxavət Məmmədlə danışıb.

- Üçtərəfli sülh bəyanatının bölgədəki vəziyyəti tam tənzimləmədiyi deyilirdi. Eyni zamanda, İlham Əliyev Dağlıq Qarabağın status məsələsinin keçmişdə qaldığını söyləsə də, bu məsələ müzakirə mövzusu olaraq qalmaqdadır. Sizcə, İlham Əliyevin sülh təklifi vəziyyəti Azərbaycanın xeyrinə dəyişə bilərmi?

- Üçtərəfli sülh bəyanatı bölgədəki vəziyyəti tam tənzimləməlidir, amma şərtlərə əməl olunmur, erməni qanunsuz birləşmələri hələ də Azərbaycan torpaqlarındadır. Hətta 2 gün əvvəl Ağdərə, Əsgəran istiqamətində olanda onların bu ərazidə qaldığını müşahidə etdim. Bu da o deməkdir ki, bəyanata əməl olunmur, proseslərsə ləng gedir.
Təbii ki, İlham Əliyevin təklifi Azərbaycanın xeyrinə olacaq. Çünki erməni cəmiyyəti bu məsələlərdən faktiki olaraq bezib, onlar Qarabağdan çəkilib öz dövlətləri, cəmiyyətləri üçün çalışmağı düşünür. Necə ki Gürcüstan Abxaziya, Osetiyadan əlini çəkib hər şeyi zamana buraxdığını açıqlayıb, bu məsələnin ölkə gücləndikdən sonra gündəmə gətiriləcəyini elan etdi, indi eyni ssenarini Ermənistan təkrarlamağa çalışır. Fikrimcə, indiki məqamda silahla, güclə bir şeylər baş verməyəcək. Aydındır ki, Azərbaycan ordusu hazır vəziyyətdədir. Hazırda Azərbaycan tərəfi qalib tərəf kimi bəyanatın 4-cü bəndinin yerinə yetirilməsini diktə edir və çalışır ki, erməni silahlı birləşmələri bölgəni tərk etsin.

- Nikol Paşinyan son çıxışında bildirdi ki, yeni sənəd ölkəsinin maraqlarına 100 % uyğundur və Azərbaycan tərəfi razılıq verərsə, sənədi imzalayacaq. Sizcə, yeni sənəddən nə gözləmək olar?

- Ermənistan hökuməti sülhə gedəcəyi halda nə ilə qarşılaşacağını çox gözəl bilir. Bu ölkə 28 il öncə Azərbaycan torpaqlarını işğal etsə də, Qarabağda quruculuq işləri görülməyib. Bu isə o deməkdir ki, nəinki Ermənistan hakimiyyəti, eləcə də vətəndaşları bu ərazilərdə möhkəmlənə biləcəklərinə inanmayıblar. Ölkənin bundan öncəki rəsmiləri, xüsusilə də Köçəryanın, Sarkisyanın dövründə onlar Qarabağ faktorundan çox ciddi istifadə edirdilər. Bütün siyasi addımlarını Qarabağ kartı üzərindən hesablayırdılar. Amma indi faktiki olaraq elə bir durum yoxdur. Ermənistanda vəziyyət gərgindir. Ölkə müharibədən yeni çıxıb, üstəlik yaxınlarda seçkilər olacaq. Təbii ki, qərarların qəbul edilməsində iqtisadi səbəblər də rol oynayır. Hazırda ölkə blokadadır. Tək İranla quru sərhədi var, bu da Ermənistana sərf etmir. Çünki həm Türkiyə, həm də Azərbaycan bazarını itirir. Bu da müharibədən yenicə çıxan ölkənin zərərinədir.

- Son zamanlar həm Paşinyan, həm də İlham Əliyev bir-birinə qarşı bəyanatlar verirdilər. İndisə onlar eyni gündə güzəştlərdən, yeni təkliflərdən danışıblar. Həqiqətən də nələrsə dəyişib, yoxsa bunu başqa cür yozmaq lazımdır?

- Azərbaycanda bir çoxları erməni informasiya maşınının təsiri altına düşdü. Bölgədəki gərginlik sanki “Biz Ermənistanın ərazisinə girmişik” şəklində təqdim edildi. Anlaşılan odur ki, hətta mətbuatın belə bu barədə informasiyası yoxdur, onlar vəziyyətin reallıqda necə olduğunu bilmirlər. Azərbaycan özünün sərhədlərini müəyyənləşdirir. Hətta regionda əsas söz sahibi olan Rusiya belə dillənmir ki, Azərbaycan Ermənistan ərazisinə girib. Sülh bəyanatı nə Azərbaycanın, nə də Ermənistanın təqdim etdiyi xəritə əsasında deyil, məhz keçmiş SSRİ-nin xəritəsi əsasında hazırlanıb. Buna görə də Azərbaycan tərəfi rahat-rahat işini görə bilir.

- Onda Qaragöl ərazisindəki gərginlik necə izah olunmalıdır? Sərhədlərin müəyyən edilməsi niyə ləngiyir?


- Əslində sərhədlərin müəyyənləşdirilməsi həm də hava şəraiti və o ərazinin iqlimindən də asılıdır. Müharibə bitəndən bir az sonra Azərbaycan tərəfi qış mövsümündə daha rahat bölgələrin sərhədlərini müəyyənləşdirməyə kökləndi. İndi də Kəlbəcər, Laçın istiqamətindəki sərhədləri müəyyənləşdirməyə başlayıb. Qaragöl ərazisi də Azərbaycan torpaqlarına daxildir. Burada bir şeyə diqqət çəkmək lazımdır. Əgər ermənilər bilsəydi ki, Azərbaycan hərbçiləri onların ərazisinə girir, buna mütləq cavab verərdilər. Bu halda orada xüsusi gərginlik, hətta lokal döyüş belə ola bilərdi. Amma bu baş vermədi. Xəritə, GPRS nəyi göstərdisə, sərhədçilər gedib orada dayandı. Buna görə də onlar ciddi şəkildə reaksiya verə bilmədilər, edə bildiklərisə mətbuatda yayılan “narazılıq” bəyanatları oldu.
Müharibədə iki tərəf var: qalib və məğlub tərəf. Düşünürəm ki, Azərbaycan qalib tərəf olduğundan sonuna qədər diktə etməlidir. Məğlub tərəf də qarşı tərəfin dediklərini yerinə yetirməyə məhkumdur. Bir misal çəkim: İkinci dünya müharibəsində məğlub olan Almaniya kapitulyasiya aktının imzalanmasında belə iştirak edə bilməmişdi. Yalnız hər şey hazır olandan sonra foyedə gözləyən hökümət rəsmilərini aktı imzalamağa dəvət etmişdilər. Demək istədiyim odur ki, qalib tərəfin üstünlüyü həm də buradan irəli gəlir.

- Sərhəddə baş verənlərin seçki ərəfəsində Paşinyanın nüfuzunun zəiflədilməsinə xidmət etdiyini iddia edənlər də var. Münaqişənin tənzimlənməsinə çalışdığını bəyan edən Rusiya isə indilik neytrallığını qoruyur. Sizcə, status məsələsində Rusiya Azərbaycana dəstək olacaqmı?

- Rusiya, təbii ki, Azərbaycanı daim nəzarət altında saxlamaq istəyir. Qarabağ isə hər iki tərəfə Rusiyanın təzyiq vasitəsidir. Kreml bu təzyiq vasitəsindən, demək olar ki, qurtulub. Bununla belə, sülhməramlılar 5 il müddətinə ərazidədirlər. Onların bölgədə bundan daha artıq qala biləcəyi də gözləniləndir. Rusiya hərbçilərinin 5 il sonra bölgədən çıxacaqlarını proqnozlaşdırmaq mümkün deyil. Fikrimcə, sülhməramlılar bu missiyanı nəinki Azərbaycanın istədiyi formada, heç bəyanata uyğun da yerinə yetirmirlər. Rusiyanın Azərbaycana dəstəyinə gəldikdə, o bunu etməyə məcburdur; sülh bəyanatına görə, Rusiya burada zamin duran tərəfdir və Azərbaycan öz ərazisində hərəkət etdiyi müddətcə o buna qarşı çıxmayacaq. Məndə olan informasiyalara görə, hazırda Rusiya kənara çəkilib və Azərbaycana mane olmamaq xətti tutub. Bunun özü də müəyyən mənada dəstəkdir. Ümumənsə, Rusiya çalışır ki, hər iki ölkəyə bərabər yanaşsın. Amma Azərbaycan qalib tərəfdir, eyni münasibət nümayiş etdirilməsi ədalətli deyil.

Birinci Qarabağ savaşından sonra Ermənistanın qazandığı mövqe Azərbaycanın xeyrinə dəyişib. Onda diktə edən tərəf onlar idi.
Dediyim kimi, indi vəziyyət dəyişib. Ermənistanda seçki keçiriləcək və bütün tərəflər bundan istifadə etməyə çalışacaqlar. Azərbaycanın əlində ciddi əsaslar var: istər sərhəd, anklavlarla bağlı, istərsə də terorçularla. Təsəvvür edin, terrorçuları Ermənistana kim qaytara bilsə, o adamın ölkədə nüfuzu artacaq, çox ciddi dəstək qazanacaq. Düşünürəm ki, Azərbaycan bunlardan istifadə edib seçkinin nəticəsinə təsir etməyə çalışacaq.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Müsahibə

İH şöbə müdiri: Problem müharibə iştirakçılarının işsizliyidir

17 İyul 2022

Toplum TV

Qazi Elvin Cəfərovun Sabirabad rayon İcra Hakimiyyəti qarşısında özünü yandırmasından sonra Toplum TV icra başçısı Siraqəddin Cabbarova  iki  dəfə müsahibə üçün müraciət edib, ancaq başçı hər dəfə çox məşğul olduğunu bildirərək müsahibə verməyib. Suallara  Sabirabad rayon İcra Hakimiyyəti yanında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Müslüm Rzayev cavab verib. -Elvin Cəfərovdan başqa da Sabirabadda qazi intiharları olub. Sizcə niyə qazilər etiraz üçün son varianatı - intiharı seçirlər? - Özünü asan qazini nəzərdə tutursunuz yəqin. Onun da ailəsi intiharın səbəbi ilə bağlı müraciət edib, bizim rəhbərlik onları qəbul edib, dinləyib. Kim bu barədə soruşursa, öyrənmək istəyirsə,...
Müsahibə

Rasim Balayev AKİ-yə sədr seçildi

31 May 2022

açıq mənbədən götürülüb

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin ümumi yığıncağı baş tutub. Report-un xəbərinə görə, Xalq artisti Rasim Balayev ittifaqın sədri seçilib. Toplantını Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev açıb və ittifaqın sədrliyinə Rasim Balayev namizədliyinin irəli sürüldüyünü deyib. Anar Rzayev seçkinin açıq səsvermə ilə keçirilməsini təklif edib və onun təklifi qəbul olunub. Açıq səsvermə ilə Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni sədri seçilib. İttifaqın əvvəlki sədri Xalq yazıçısı Rüstəm İbrahimbəyov martın 10-da Rusiyada vəfat edib. O, Birinci Fəxri Xiyabanda dəfn olunub.

Seçilmiş Videolar

Toplum TV loqo