Müsahibə

Azərbaycanlı mühacir: "Rejimin təzyiqlərinə dözməyən bacım gözümün önündə intihar etdi"

Nigar Səmədli
25 Mart, 2021
545

sosial media

Elyaz Yekənli

"Güney Azərbaycanda xeyli sayda yeni doğulan körpə rəsmən adsızdır"

“Toplum TV”-nin budəfəki müsahibi ABŞ-ın Virciniya ştatında yaşayan iranlı (güney azərbaycanlı) mühacir Elyaz Yekənlidir.

O, siyasi faəliyyətinə görə İranda üzləşdiyi təqib və işgənclərdən danışır: 

-  Elyaz bəy, mühacirətə getməyinizə səbəb nə oldu, qalıb mübarizə apara bilməzdinizmi? 

-  Çox uzun hekayədir. Qısaca deyim ki, dözülməz işgəncə və təzyiqlərə məruz qalırdım. Dəfələrlə həbs olunduğum üçün adım İran xüsusi xidmət orqanlarının siyahısında idi. Gördüm ki, daha yaşaya bilmirəm, ölkədən qaçdım. 

-  Onda bir az əvvəldən başlayaq. Necə oldu ki, siyasi fəaliyyətə qərar verdiniz? 

-  Mən 1975-ci ildə Güney Azərbaycanın Mərəndin Yekənat bölgəsinin Çənlibel obasında doğulmuşam. Öz ana dilimdə təhsil ala bilməmişəm, bizə zorla fars dilini öyrədirdilər. Uşaqlıqdan Azərbaycanın tarixi ilə maraqlanmağa başladım, amma bizə heç nə öyrətmirdilər, yalnız İran tarixindən danışırdılar. Məsələn, Quzey Azərbaycanla maraqlananlara Naxçıvanı göstərib deyirdilər ki, ora Rusiyadır. Biz bilmirdik ki, orada bizimlə eyni dildə danışan insanlar var. 15 yaşım olanda isə Birinci Qarabağ müharibəsi başladı. Qarabağ savaşı ilə bağlı xəbərləri molla rejimi xəbərləri yalanlayırdı. Bunu ona görə edirdilər ki, insanların bilgisi olmasın. Məlumatlı insanlar isə hökumət tərəfindən təqib edilir, həbs olunurdular. Yadımdadır, Qarabağla bağlı bizə məlumat verən bir dostumuzu  öldürdülər. 17 yaşım olanda müharibədə iştirak etmək üçün gizli yollarla Azərbaycana keçdim. Amma yaxalanaraq İrana gətirildim və 9 ay Ərdəbildə həbsdə qaldım. Azyaşlı sayıldığım üçün azadlığa buraxıldım. 

-  Həbsdən çıxdıqdan sonra nə işlə məşğul oldunuz? 

-  1995-ci ildə Şəbüstərdə türk dili və tarixi üzrə doktor Zehtabidən dərs aldım. 1997-ci ildə isə Urmiya şəhərində farsca nəşr olunan “Urmu səsi” qəzetinin baş yazarı oldum. Qəzet yalnız həftədə bir səhifə azərbaycanca yazılar dərc etməyə icazə verirdi.  Burada Azərbaycanla bağlı durmadan yazılar, afişalar, şəkillər çap etdirirdim. Eyni zamanda Babək qalası ilə bağlı məlumatlar dərc etdirir, orada toplantılar keçirirdik. Yüzlərlə insan o qalaya toplaşıb müzakirələrimizdə iştirak edirdi. Elə bu səbəbdən İran hökuməti qalanı bağladı. Bundan sonra təqib və təzyiqlər başlandı. Bu təqiblərdən dolayı 2002-ci ildə Türkiyəyə qaçdım, Ülkü Ocaqlarının türk dünyası üzrə səlahiyyətli nümayəndəsi oldum. Eyni zamanda “Yeni çağ” və “Ortadoğu” qəzetlərində məqalələr yazdım. 

-  Yəni bir daha İrana qayıtmadınız da?!

-  2004-cü ildə BMT vasitəsilə mühacir kimi Kanadaya sığınmaq istədim, amma doğmalarımın israrı və vətən sevgimə görə bu arzum gerçəkləşmədi. Bu səbəbdən Güney Azərbaycana qayıtmaq barədə qərar verdim. İrana qayıdarkən sərhəddə yaxalandım, polisə aparıldım və aylarla dindirildim. 6 aydan sonra azad olundum və daha öncə işlədiyim qəzetdə ara-sıra yazmağa başladım. 2006-cı ildə hökumət qəzetlərinin birində güney azərbaycanlılarının böcəyə bənzədilərək alçaldılması genişmiqyaslı etirazlara səbəb oldu. Təbrizdə, Urmiyada, Tehranda və digər şəhərlərdə minlərlə insan bu etirazlara qatıldı. İlk günlər gözləntilərimiz yüksək olsa da, təəssüf ki, aksiyalar davamlı olmadı. Türkiyə və Azərbaycandan böyük dəstək gözləsək də, heç bir reaksiya verilmədi, nəticədə proses dayandı. Aksiyalarda fəal iştirakıma görə yenidən həbs olundum və 18 ay zindanda qaldım.

-  ABŞ-a necə getdiniz? 

-  Həbsdən azad olduqdan sonra - 2010-cu ildə Ağrı dağı tərəfdən yenidən Türkiyəyə qaçdım. BMT-nin vasitəsilə ABŞ-ın Sakramento şəhərinə gəldim və jurnalist olaraq fəaliyyət göstərməyə başladım. Yenə Azərbaycanla bağlı məlumatlar hazırladım, Güney Azərbaycanda aparılan mübarizə ilə bağlı sənədli film ərsəyə gətirdim. Sakramentoda 9 ay yaşadıqdan sonra Virciniya ştatına gəldim və o vaxtdan burada yaşayıram. Azərbaycanla bağlı bütün tədbirlərə qatılır, ölkəmdəki fəallara dəstək oluram. Burada olarkən “Günaz TV” ilə əməkdaşlıq etdim. Hazırda isə “Azerbaijan News TV”-nin ABŞ müxbiri olaraq çalışıram.

- Bəs İkinci Qarabağ müharibəsi ilə bağlı təəssüratlarınız necədir? 

-  Açığı, II Qarabağ müharibəsi başlayanda müharibəyə qatılmaq istədim. Ankaradakı Azərbaycan səfirliyinə məktubla müraciət etdim. Səfirlik isə bildirdi ki, bu məsələ onların səlahiyyətində deyil. Savaşa qatıla bilməsəm belə, 44 gün içində durmadan çalışdım, Qarabağla bağlı proqramlar hazırladım, müxtəlif insanları müzakirələrə çağırdım. Biz - güney azərbaycanlılar hər zaman olduğu kimi bu dəfə də Azərbaycanın yanında olduq. Onu deyim ki, bu dəfə Azərbaycan təkcə Ermənistana deyil, Rusiya və İrana da qalib gəldi. 

-  Yəqin ki, ailə üzvləriniz İrandadır. Onlara hər hansı təzyiqlər varmı? 

-  Bəli, hazırda bacı və qardaşlarım İranda yaşayır. Bir bacım mənimlə birlikdə fars rejiminə qarşı mübarizə aparırdı. O da təzyiqlərə məruz qalırdı. Mən həbsxanadan çıxdıqdan sonra dözməyib gözümün önündə intihar etdi. Çox itkilər verdik, mübarizə yoldaşlarımızı itirdik. Bəziləri rejim tərəfindən intihara sürükləndi, bəziləri də müxtəlif vasitələrlə aradan götürüldü. Elələri oldu ki, müəmmalı yol qəzalarında ailələri ilə birlikdə öldülər, yəni öldürüldülər. 

- Siz mübarizəyə başlayanda bunları hesablamamışdınız ki?

- Yox, bu yola çıxanda bilirdik ki, bizi hansı çətinliklər gözləyir. Amma çalışırdıq ki, Güney Azərbaycan fars rejiminin əsarətindən çıxsın. Bunu, sadəcə, mən yox, milyonlarla insan istəyir. O zamanlar düşünürdüm ki, şimalda SSRİ-nin basqısı altında olsa belə, azərbaycanlılar öz dillərində təhsil ala bilir, amma bizim sayımız daha çox olduğu halda haqqımızı ala bilmirik. Bu gün Güney Azərbaycanda xeyli sayda yeni doğulan körpə rəsmən adsızdır. Buna səbəb valideynlərin övladlarına istədikləri adı qoymasına fars rejiminin icazə verməməsidir. Valideynlər isə farsların məcburi verdiyi adları qoymasınlar deyə hətta uşaqlarının adsız yaşamasına razıdırlar. Bu səbəbdən mübarizəmiz haqqımızı alanadək bitməyəcək və əminik ki, qalib gələcəyik. 

Müsahibə

"Mühacirlər hakimiyyətdən pul alıb klanlararası davalarda iştirak edirlər" -  Yafəz Əkrəmoğlu 

17 Mart 2021

sosial media

Son günlər Avropada yaşayan azərbaycanlı mühacirlərin təzyiqlərə və hətta hücumlara məruz qalmaları barədə xəbərlər yayılır.  “Toplum TV” bunun səbəbləri və mühacirlərlə bağlı digər məsələlər barədə  "Azadlıq” radiosunun keçmiş əməkdaşı, hazırda Almaniyada yaşayan jurnalist Yafəz Əkrəmoğluyla danışıb.  - Yafəz bəy, Sizcə, Məhəmməd Mirzəlini niyə və kimlər bıçaqladılar? - Məhəmməd Mirzəli ilə şəxsi tanışlığım yoxdur. Vəzifəli şəxslərin qadın qohumları haqda kəskin ifadələr işlətdiyi videoları rastıma çıxıb və ikrah doğurub. Mən bu cür mübarizə metodunu qəbul etmirəm, buna mübarizə demək olarsa. Onun bıçaqlanmasıyla bağlı müxtəlif versiyalar səslənir. Ən populyarı məhz söyüşlərinə görə hakimiyyət tərəfindən cəzalandırılmasıdır. Bundan əvvəl də güllələnməsiylə bağlı xəbər yayılmışdı. Özü...
Müsahibə

"Bayden administrasiyası miqrantlarla bağlı yeni addımlar atır”

Nuranə Atakişiyeva
12 Mart 2021

Sosial media

Amerikada prezident seçkilərindən sonra əsas diqqət mərkəzində olan məsələlərdən biri də miqrasiya qaydalarında yumuşaldılma olub-olmaması ilə bağlıdır. “Toplum TV” bu mövzuda sualları Amerikada fəaliyyət göstərən vəkil Vüqar Cəfərova ünvanlayıb. - Tramp hakimiyyəti dövründə Amerikaya viza və ya “Yaşıl kart” (“Greencard”) alınmasında hansı çətinliklər mövcud idi? - Həmin dövr kabus kimi gəlib keçdi. Amerika hakimiyyəti çox qarışıq və ən inkişaf etmiş demokratik sistem olduğuna görə, Tramp hakimiyyəti dövründə çox da böyük dəyişikliklər edə bilmədi. Onun hakimiyyətinin ilk ilində bizdən hər kəs soruşurdu ki, prezident Tramp gəldikdən sonra hansı dəyişikliklər baş verir? Biz cavabında bildirirdik ki, ciddi bir dəyişiklik yoxdur. Çünki o...
Seçilmiş Videolar