"Bayden administrasiyası miqrantlarla bağlı yeni addımlar atır”
Sosial media
Amerikada prezident seçkilərindən sonra əsas diqqət mərkəzində olan məsələlərdən biri də miqrasiya qaydalarında yumuşaldılma olub-olmaması ilə bağlıdır.
“Toplum TV” bu mövzuda sualları Amerikada fəaliyyət göstərən vəkil Vüqar Cəfərova ünvanlayıb.
- Tramp hakimiyyəti dövründə Amerikaya viza və ya “Yaşıl kart” (“Greencard”) alınmasında hansı çətinliklər mövcud idi?
- Həmin dövr kabus kimi gəlib keçdi. Amerika hakimiyyəti çox qarışıq və ən inkişaf etmiş demokratik sistem olduğuna görə, Tramp hakimiyyəti dövründə çox da böyük dəyişikliklər edə bilmədi. Onun hakimiyyətinin ilk ilində bizdən hər kəs soruşurdu ki, prezident Tramp gəldikdən sonra hansı dəyişikliklər baş verir? Biz cavabında bildirirdik ki, ciddi bir dəyişiklik yoxdur. Çünki o zamanlar sadəcə ritorika, qorxu, təhdidlər var idi. Amma 1-2 il sonra, xüsusən də hakimiyyətdən getməsinə az qalmış - 2020-ci ilin sentyabrından dekabrına qədər çox ciddi çətinliklər oldu. Bu çətinliklərdən biri Azərbaycanda da çoxlarını maraqlandıran “Yaşıl kart” verilməsiylə bağlı idi. 2019-cu ildə onu qazananların 2020-ci il sentyabrın sonuna kimi ölkəyə daxil olması lazım olsa da, çoxu bunu edə bilmədi. Covid-19 pandemiyası da problemlər yaratdı. Pasportdakı vizanın vaxtı bitsə də, ölkədən çıxa bilməyənlər oldu. Həmin müddət 6 aydan çox ola bilməz. Sentyabrda məhkəmə qərar çıxardı. Federal hakim vizaların COVİD-19 bəhanəsi ilə geçikdirilməməsini məcburi hesab etdi. Amma müddət çox az idi. 2-3 həftəlik müddətdən söhbət gedirdi. Biz həmin dövrdə Azərbaycanda bir neçə şəxsə vizaların alınmasına köməklik göstərdik. Çox çətinliklərdən keçdik. Rədd cavablarının sayı da kəskin şəkildə artdı. Bəzi viza növlərində rədd cavabları 80% təşkil edirdi. Proseslər çox yavaşladı. Hətta sentyabrda viza ödənişlərinin məbləğinin artırılması müzakirə edilirdi və söhbət ciddi artımlardan gedirdi, bəziləri üçün ikiqat, bəziləri üçün 30 % artım olduğu bildirilirdi. Ancaq məhkəmə bu təklifi ləğv etdi. Bu ləğvdən sonra Tramp hakimiyyəti müraciətlərin az qala heç birinə baxmırdı. Ölkədə qalan insanların viza müddətini uzatmaqla bağlı müraciətlərinə adi vaxxtlarda 2-3 aya cavab gəlirdisə, həmin dövrdə bir çox müraciətə ümumiyyətlə cavab verilmirdi, bir çox hallarda isə müraciətlərə viza müddəti bitəndən sonra cavab gəlirdi.
- Bəs yeni prezident seçiləndən sonra hansı dəyişikliklər oldu? Vizaların verilməsində hansısa yumşalmalar nəzərə çarpırmı?
- Prezident Bayden hakimiyyətə gəldiyi ilk gün Konqresə immiqrasiya islahatı ilə bağlı geniş qanun layihəsini təqdim etdi. Qanun layihəsi bəzi sənədsiz miqrantlar üçün vətəndaşlıq yolu ilə geniş bir amnistiya ehtiva edir. Tramp administrasiyasının andiçmə mərasimindən az əvvəl qəbul etməyə çalışdığı son qaydalar da donduruldu.Trampın əksər müsəlman ölkələri üçün tətbiq etdiyi “Səyahət qadağası” ləğv edildi. Eləcə də onun USCIS (Miqrasiya Bürosu) məmurlarına hər müraciətə yeni bir müraciət kimi baxıb, əvvəlki təsdiqləri nəzərə almamaq əmri ortadan qaldırıldı. Tramp dönəmində əvvəllər təsdiqlənmiş müraciətlərə yeni müraciət kimi baxılır, əvvəlki qərar müsbət olsa da, uzatma tələbi sırasında bunu nəzərə almaya bilirdilər.
Tramp administrasiyası dönəmində aşağı təminatlı ailələr aldıqları sosial yardımlara görə cəzalandırılırdılar. Bu üzdən onlar bir çox haqlarını itirirdilər və ya yararlana bilmirdilər. Bayden hakimiyyəti “Forma I-944”-ün doldurulmasını tələb edən “Public Charge” qaydası daxil olmaqla, bu qaydaların yenidən araşdırılmasını istədi və martın 9-dan qüvvədən düşdü. Bundan başqa, Trampın prezidentliyi dövründə cənub sərhədində ayrılmış ailələri yenidən birləşdirmək üçün işci qrupu yaradıldı. Sığınacaq axtaranlar üçün "Meksikada qal" siyasəti dayandırıldı. Tramp administrasiyası cənub sərhədinə gəlib sığınacaq üçün müraciət edənləri geri, Meksikaya dönməyə məcbur edirdi. Bu siyasət sığınacaq axtaranlar üçün yaratdığı ciddi çətinliklər və risklər səbəbindən çox tənqid olunurdu. İndi cənub sərhədinə gələn və qoruma istəyən şəxs onun işinə baxılıb qərar verilənə qədər ABŞ-da qala biləcək.
- Bayden administrasiyası bu məsələdə niyə çevik davrandı?
- Təbii ki, bu, bir siyasətdir. Demokratların ən böyük dəstəkçisi imiqrantlardır. Amerikada 42 milyona yaxın imiqrant var. Bunlardan 23 milyonu səs verir. Bu da Amerikada səs verən hər 10 nəfərdən 1-i deməkdir. Bu baxımdan demokratlar onları hirsləndirməməyə çalışırlar. Mən “səmimi deyillər” demirəm. İndi də proses yavaş gedir. Necə ki, Tramp istədiklərinin hamısını edə bilmirdi, Konqres vardı, Senat vardı. Demokratlar da eyni şəkildə, çünki Konqres səs baxımından 50-50-yə bölünüb. Amma bununla belə, Bayden ciddi dəyişikliklər etdi. Ən vacibi qanundakı mesaj yüklü bəzi dəyişikliklərdir. “Alien” kəliməsi var idi, Azərbaycan dilində “yadplanetli”, “yadelli” deməkdir, onun təhqiredici məna daşıdığını bildirirdilər. Həmin sözü “non-citizen” – “vətəndaş olmayan şəxs” ifadəsiylə əvəz etdilər. İnsanları leqal statusuna görə bölmədilər. Təbii, bu da çox önəmli dəyişiklikdir. Misal üçün, Tramp “Executive order” - Prezident Qərarnaməsindən istifadə edərək Konqresi “by pass” - gözardı edib, yetkisini aşaraq az qala hər gün yeni qərar verirdi. Bayden hökuməti həmin qərarnamədən mümkün qədər az istifadə etməyə çalışır. Amma o da başa düşür ki, təxribat çoxdur və itiriləcək zaman yoxdur, axan qan durdurulmalıdır. Bəzi vacib hallarda fərman gücündən (“Executive order”) istifadə qaçılmazdır. Böyük dəyişikliklər üçün “Comprehensive İmmigration legislation” (ətraflı imiqrasiya) qanununu gizli şəkildə Konqresə göndəriblər. Burada ailələrin birləşdirilməsinin sürətləndirilməsi məsələsi var. Misal üçün, bugünkü qanuna əsasən, siz Azərbaycandan ata-ananızı və ya qardaşınızı Amerikaya gətirmək istəyərsinizsə, 15 il gözləməlisiniz. Amerikada 12 milyondan çox illeqal yaşayan olduğunu bildirirlər. Onlara mərhələli yollarla vətəndaşlıq yolunun açılması nəzərdə tutulur. İlleqalların bir anda əfv edilməsi önəmli addımdır.
- Amerikada yaşama hüququ almaq üçün viza növləri fərqli olsa da, azərbaycanlılar ən çox “Yaşıl kart” lotereyasına müraciət edirlər. Onun alınması istiqaqmətində hansısa dəyişikliklər varmı?
- Təklif olunan qanun layihəsinin mətni ictimaiyyətə açıqlanmasa da, Ağ Ev rəsmiləri tərəfindən müxtəlif KİV-lərdə ümumiləşdirilən əsas məqamlar qanun layihəsinin immiqrasiya ilə bağlı aşağıdakı islahatları özündə cəmləşdirdiyini göstərir: DACA üzvləri, immiqrant təsərrüfat işçiləri və “Müvəqqəti Qorunan Status” fərdləri (işləmək üçün icazə verilən) üçün sürətli - dərhal vətəndaşlıq yolu təmin edir;
Sənədsiz mühacirlərin 5 ilə “Yaşıl kart” və 8 ilə vətəndaşlıq almaq hüququ qazanmasına imkan verir. Bu təxminən 11 milyon sənədsiz mühaciri əhatə edəcək. Ailə əsaslı immiqrasiya ilə bağlı vizalar artırılır və iş vizaları üçün ölkələr üzrə məhdudiyyətlər ləğv edilir;
Bundan başqa, illik iş vizası sayı çoxaldılaraq baza sayı 140.000-dən 170.000-ə qədər artırılır;
ABŞ universitetlərindən STEM sahələrində doktorluq dərəcəsi almış şəxslərin is vizalarının illik ədədi məhdudiyyətlərdən azad edilməsi təmin edilir;
“Digər İşçilər" üçün ayrılmış məşğulluğa əsaslanan "Üçüncü seçim" (EB-3) vizalarının sayını (üçüncü seçim kateqoriyası ilə əhatə olunmuş ixtisaslı və peşəkar işçilər xaricində) digər məşğulluğa əsaslanan bölgüdə dəyişiklik edilməsi ilə 10.000-dən 40.000-ə qədər artırılır;
Təsdiqlənmiş viza müraciətləri üzrə 10 ildən çox gözləyən immiqrantlarla bağlı məhdudiyyətlər aradan qaldıraraq vizaların verilməsi sürətləndirilir. Yüksək dərəcələrə, müstəsna qabiliyyətə sahib, bacarıqlı və peşəkar işçi və ya “digər işçi”dəki işə əsaslanan “İkinci seçim” və “Üçüncü seçim” immiqrantlarının (EB-2 və EB-3 immiqrantları) qəbulunu müvəqqəti azaltmaq üçün DHS-yə icazə verilir.
Eyni zamanda, ali təhsil müəssisələrində “F-1” tələbələri üçün yeni qorumalar yaradılır, tərk etmək niyyətində olmadıqları xarici adresleri nümayiş etdirmək tələbi aradan qaldırılır;
“Yaşıl kart” sahiblərinin həyat yoldaşları və uşaqları ədədi olaraq məhdudiyyətlərdən azad edilir;
Bu təkliflər barədə daha geniş məlumat yaxın günlərdə əldə olunacaq. Bir də Donald Tampın verdiyi ən son fərmana əsasən martın sonuna kimi bəzi vizaların ölkəyə girməsi qadağan idi. Amma fevralın 24-də Bayden bu fərmanı ləğv etdi. Yeni sərəncam aşağıdakı immiqrasiya vizası kateqoriyaları üçün qadağanı ləğv etdi: ABŞ vətəndaşlarının valideynləri və qardaşları üçün; “Yaşıl kart” sahiblərinin ailə üzvləri üçün; DV Lotereyasının qalibləri üçün; İşə əsaslanan immiqrantların çoxu üçün.
Bu, müraciət edənlər üçün müsbət bir inkişaf olsa da, konsulluqların dərhal həmin vizaları emal edəcəyi demək deyil. Konsulluqların əksəriyyəti pandemiya səbəbindən kilidlənmə rejimində qalır və yalnız təcili viza görüşlərini təmin edir. Əlavə olaraq “H-1B”, “L-1” və əksər “J-1”-lər daxil olmaqla, immiqrant olmayan iş vizalarına qoyulan qadağa hələ də qalmaqdadır. Qeyri-immiqrant qadağalarının martın 31-də bitməsi planlaşdırılır. Azərbaycanlılara Amerikaya gəlmək üçün lotereya daha maraqlıdır. Hazırda mən hərəkətlilik görürəm. Amerikanın o bölgədəki səfirliklərinə bir neçə elektron məktub göndərmişdim. Hər birinə cavab gəlib. Müraciətləri qəbul etməklərini reklam etməsələr də, amma hərəkətlilik var. Xüsusən bugün Azərbaycandan “E-2” (kiçik yatırım), “Returning Immigrant” (“I-131A”), “M1” (lisey səviyyəsində) və “F1” (tələbə vizalarına) müraciətlər qəbul olunur. Misal üçün, mənim müraciət etdiyim məsələlər var - insanlar “Yaşıl kart” sahibidirlər, Azərbaycana gediblər və COVİD-ə görə Amerikaya daxil ola bilməyib orda qalanlar var. Onların müraciətləri hazırda qəbul olunur.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Toplum TV
açıq mənbədən götürülüb
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür