Müsahibə

Əfqanıstanlı mütəxəssis: "Yaxın illərdə dünya yeni 11 sentyabra hazır olmalıdır" 

Nigar Səmədli
27 Avqust, 2021
2042

Əsədullah Oğuz - TRT World

"Toplum TV”-nin budəfəki müsahibi Əfqanıstan və Orta Asiya üzrə mütəxəssis Əsədullah Oğuzdur.   

O, avqustun 26-da Əfqanıstanda baş verən terror hadisəsi, sülhməramlı qüvvələrin ölkədən təxliyə olunması və ölkədə yeni yaranan vəziyyətlə bağlı sualları cavablandırıb. 

 -Kabil hava limanında baş verən terror hadisəsini ABŞ sülhməramlılarının təxliyəsi ilə əlaqələndirmək olarmı? 

-Əvvəllər də dəfələrlə demişəm ki, ABŞ Əfqanıstanı xaos və qarışıqlıq içində tərk etsə, şübhəsiz ki, bunun müəyyən nəticələri olacaq. Bu nəticələr ABŞ Əfqanıstanı tərk etməzdən əvvəl də ortaya çıxmağa başlamışdı. Hücumu kimin törətdiyinin əhəmiyyəti yoxdur. Əsas odur ki, Əfqanıstan yenidən terror ölkəsinə çevrilir. Dünyanın bir çox yerindəki radikal İslamçı təşkilatlar tezliklə Əfqanıstanda toplanacaq və bu, önümüzdəki dövrdə dünyanı ciddi şəkildə narahat edəcək. Mövcud geri çəkilmənin yaxın, orta və uzunmüddətli nəticələri olacaq. Yaxınmüddətli nəticə önümüzdəki günlərdə və aylarda gözlənilən qaçqın axını, ortamüddətli nəticə sağda-solda bomba partlaması, uzunmüddətli nəticə isə son 10-15 ildə dünyanın yeni 11 sentyabra hazır olmasıdır.   

-Türkiyə ordusu da Əfqanıstandan təxliyə olunur. “Taliban”ın ölkədə başqa xarici qüvvələri istəmədiyi ilə bağlı açıqlamaları olurdu. Sizcə, Türkiyənin bu qərarı yubatmaqda məqsədi nə idi?  

-Düşünürəm ki, Türkiyə son ana qədər “Taliban”la razılaşmağa ümid edirdi. Odur ki, qoşunların çıxarılmasını son ana qədər təxirə saldı. Lakin qeyd etdiyiniz kimi “Taliban” əvvəldən ölkədə heç bir xarici qüvvəni qəbul etməyəcəyini bəyan etmişdi. Hər halda Türkiyə hava limanını “Taliban”dan qoruyacaqdı. “Taliban” avqustun 15-də Kabilə girdikdən sonra isə türk əsgərlərinin orada qalmasının heç bir mənası yox idi. 

-Bundan sonra Əfqanıstanda nələr gözlənilir? Ölkənin tamamilə "Taliban"ın əlinə düşdüyünü söyləmək olarmı? 

-Təbii ki, bundan sonra bütün ölkə taliblərin əlində olacaq. Yalnız Pəncşir əyaləti müxalifətin əlindədir, amma bunun da çox əhəmiyyəti olmayacaq. “Taliban” 1990-cı illərdə idarəçiliyinin yenilənmiş versiyasını tətbiq edəcək. Bundan sonra televiziya ekranlarında qadınları qamçılayan, namaza getmədikləri və ya saqqal saxlamadıqları üçün insanları döyən “Taliban” yaraqlılarının görüntülərini görəcəyik. “Taliban” indiki formada hakimiyyətdə olarsa, Əfqanıstanı qaranlıq günlər gözləyir. Amma beynəlxalq ictimaiyyətin təzyiqi ilə geniş əsaslı bir idarə sistemi qurarsa, fərqli bir Əfqanıstan görə bilərik. Nə olacağını dəqiq söyləmək çətindir, bunu zaman göstərəcək. Amma mən düşünürəm ki, “Taliban” kökündən dəyişməyib, eynidir. 

-“Taliban”ın gətirdiyi qadağalar və xalqa göstərdiyi işgəncələrlə bağlı sosial mediada müxtəlif videolar yayılıb. Doğrudur, aralarında saxta olduğu deyilənlər də var. "Taliban" Kabili ələ keçirdikdən sonra tam olaraq nələr baş verir?  

-“Taliban” Kabili ələ keçirdikdən sonra böyük bir çaxnaşma yaşandı və Qərb həyat tərzinə alışmış müasir qadınlar xaricə qaçmaq üçün Kabil hava limanına axışdılar. Həmçinin adi vətəndaşlar da amerikalıların əfqanları təyyarə ilə xaricə apardığını eşidəndə hava limanına qaçdılar. Nəticədə hava limanında lazımsız bir sıxlıq və izdiham meydana gəldi. Halbuki Kabil hava limanına gələnlərin böyük əksəriyyəti təhlükə altında deyildi, sadəcə mövcud qarışıqlıqdan istifadə edərək Qərbə getmək istəyirdi. 

-Ölkədəki qadağalarla bağlı müxtəlif aksiyalar keçirilir. Sizcə, "Taliban" Əfqanıstan xalqı ilə razılığa gələcək, yoxsa qadağalar olduğu kimi qalacaq?  

-Bəzi qadağalar bir qədər yumşaldılacaq və əvvəlki kimi ciddi şəkildə tətbiq olunmayacaq. Ancaq əsas qadağalarda heç bir dəyişiklik olmayacaq. Bunlar qadın azadlığını məhdudlaşdırmaq, namaz vaxtı dükanları bağlamaq, saqqal uzatmaq, musiqini qadağan etmək kimi qayda və qadağalardır. 

-Əfqanıstanlı mühacirlərin fərqli ölkələrə yerləşdirildiyi xəbərləri yayılıb. Digər ölkələrə daha çox kimlər üz tutur və onların həyatı ilə bağlı məlumatınız varmı?

-Xaricə qaçan əfqanların əksəriyyəti şəhərlərdə yaşayan müasir əfqanlardır. Onlar heç bir şəkildə “Taliban” hakimiyyəti altında yaşamaq istəmirlər. Son 20 ildə azadlıq və demokratiyaya öyrəşdikləri üçün taliblərin köhnə və qaranlıq idarəçiliyini istəmirlər. Kənd sakinləri isə “Taliban”ı istəməsələr də, döyüşlərin dayandırılmasından məmnundurlar. Çünki keçmişdə kənd yerlərində hər gün baş verən münaqişələrdə 500-1000 adam ölürdü. 

Müsahibə

Memar: “Hərbi Qənimətlər Parkı memarlıq nümunəsi kimi dəmir yığınını xatırladır”

Roza Məmmədova
26 Yanvar 2022

Toplum TV

“Orta əsr Şirvan memarlığını Hadruta gətirməyin nə mənası var?” Toplum TV-nin bu dəfəki müsahibi gənc memar Dilqəm İsmayılovdur. - REAL Platforması Mədəniyyət Komitəsi bu il ölkədə ən yaxşı və ən pis memarlıq nümunələrini seçmək üçün müsabiqə elan edib. Müsaqibədə münsif heyətində siz də təmsil olunursunuz. Sizə görə ən yaxşı və ən pis memarlıq nümunəsi hansılar oldu? - Əslində, müsabiqə memarlar üçün yox, vətəndaşlar üçün elan edilib. Mənə görə Ağ Şəhərdəki ofis binası son illərin ən seçilən binasıdır. Bundan başqa Səməd Vurğun küçəsində yerləşən Tibb Universitetinin Tədris Cərrahiyyə korpusunun binası isə uğursuz alınıb, heç xəstəxanaya oxşamır. Pis nümunər isə həddən çoxdur. -...
Müsahibə

Klinik psixoloq: “Bir pasiyentim qonaqları çimizdirməmiş qonaq otağına buraxmırdı”

Aytac Məmmədli
12 Yanvar 2022

Açıq mənbələrdən götürülüb

“Toplum TV” Psixologiya Elmi-Tədqiqat İnstitunun əməkdaşı, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin klinik psixoloqu Fuad Əsədovla müsahibəni  təqdim edir. - Fuad bəy, Azərbaycanda bir stereotip var, kiməsə psixoloqa getmək məsləhət görüləndə ya dəli olmadığını sübut etməyə çalışır, ya da psixoloqa getdiyini gizlətməyə. Nədir sizcə bunun səbəbi və bu yanaşma tərzini necə dəyişmək olar? - Son zamanlar bu məsələdə müsbətə doğru dəyişiklik hiss olunur. Əvvəllər psixoloqa "dəli həkimi" damğası qoyurdular. Düzdür, bu, indi də davam edir. Amma nə biz həkimik, nə də el arasında dəli deyilən adamlarla işləyirik. Yəni həmin söz birləşməsinin heç bir tərəfi bizim üçün keçərli deyil. Bizim tətbiq elədiyimiz...
Seçilmiş Videolar