Müsahibə

Əlisa Nicat: “Zelenski Putini qıcıqlandırır, üzr istəsə, məsələ bitərdi”

Aytac Məmmədli
28 Fevral, 2022
2396

Toplum TV

“28 may” metrostansiyasının yaxınlığındakı kitab mağazalarından birində yazıçı-filosof Əlisa Nicatın kitab təqdimatıdır. 5-6 adam yazarın başına yığışıb şəkil çəkdirir, avtoqraf istəyir. Yazar da ərinmədən, əlləri əsə-əsə hər kitaba ayrı-ayrı ürək sözləri yazır. Bəzi kitabları sahibinə verəndə “bu kitabı cilidləyərsən, biz gedərik, sözlər qalar”,- deyə tapşırır

Nəhayət kitab təqdimatı yekunlaşır. İki saatdır dayanmadan danışan, hərəkətdə olan yaşlı adamın enerjisinin tükənəcəyindən ehtiyat etsəm də, Əlisa müəllimin yorulmadığını görürəm. Elə söhbətə də bundan başlayıram.  

-Əlisa müəllim, yorulmamısınız ki?

-Pah! Nə yorulmaq?

-Necəsiniz? Səhhətiniz necədir?

-86 yaşım var. Səhhətimdən elə də narazı deyiləm. Atamın oğluyam da. O 100 il yaşayıb. Yenə də yaşaya bilərdi, amma kimsəsiz olduğuna görə, elə bil könüllü tərk elədi bu dünyanı. 

Toplum TV

-Siz də 100 il yaşamaq niyyətindəsiniz?

-Sadəcə seyr eləmək niyyətindəyəm. Bütün insanları, göyü, yeri, kainatı, Allahı...

 -Necə təsəvvür edirsiz Allahı? 

-Mümkünsüz dərəcədə zəka sahibi, insan talelərinə biganə, çox az sayda adamı seçib öz himayəsində yaşadan. 

-Siz də özünüzü seçilənlərdən hesab edirsinizmi?

-Bəli! Dəfələrlə ölümlə üz-üzə qalmışam, amma hər dəfəsində Allah məni xilas edib. 

-Maddi vəziyyətiniz necədir? Dolana bilirsinizmi?

-Yaşayırıq da...Allah qoruyur məni. Hamı bilir ki, siyasi cəhətdən dinc adam deyiləm. Amma sağ olsunlar, bir dəfə də “KQB”, vəzifəli adam mənə zəng vurub deməyib ki, bu nə sözlərdi danışmısan. Əvəzində məni aclığa məhkum ediblər. Amma deyirəm də, onlardan güclü məxluq olan Allah məni qoruyub saxlayır və heç kəsə əl açmağa qoymur. 

Toplum TV

-Aclığa necə məhkum ediblər sizi? 

-290 manat pensiyadan başqa dövlətdən heç nə almıram. Bir də uşaqlar kömək edirlər, kitablarımı satıram. Vəssalam. Ha deyirəm, prezident təqaüdü verin, vermirlər. Bircə oğlumun canı, prezident təqaüdündən başqa heç nə istəmirəm. 

-Niyə təqaüd ala bilmirsiniz ki?

-Fatma Abdullazadə (Prezident Administrasiyasının humanitar siyasət məsələləri şəbəsinin keçmiş müdiri – red.) qoymurdu. Deyirdi ki, “bizim adam” deyil deyə, ona təqaüd verə bilmərik. 

-“Bizim adam” nə deməkdir?

-Aydın deyil? Mən tərif yazmıram. 

-Bir müsahibənizdə demisiniz ki, Almaniyada, İngiltərədə kitablarınız çap olunacaq. Nə oldu o işin axırı? 

-İngiltərədən dedilər ki, 1500 dollar lazımdır tərcümə üçün. Bizim qızlardan biri tərcümə etmişdi, dedilər ki, bu o səviyyədə deyil. Azərbaycanlı qızdır, ingiliscəni nə bilsin? Mən də 1500 dolları hardan tapım? Qaldı eləcə. 

Toplum TV

-Yardım üçün tərcümə təşkilatlarına müraciət etmədiniz bəs? Bəlkə kömək edərdilər?  

-Heç kəs kömək etmədi. Almaniyaya gedə bilsəydim, heç olmasa, Nitsşe haqqında yazdığım kitabı çap etdirə bilərdim. Amma nəylərinə lazımdır hansısa azərbaycanlının Nitsşe haqqında dediyi. Elə deyil ey, adama deyərlər bir oxu, bax, gör nələrə toxunulub orda.

-Bir az da dünya gündəmindən danışaq. İzləyirsinizmi?

-Əlbəttə.

-Son günlər Rusiya-Ukrayna müharibəsi gündəmi zəbt edib. 

-Putin dəli kimi bir şeydir. Nə özünə, nə də xalqına xeyri var. İndiki zamanda bir ölkəni işğal etmək nə deməkdir?

-Ukrayna prezidenti Volodimir Zelenski ilə də bağlı fikirlər haçalanır. Bəziləri  deyir ki, o, əsl liderdir, xalqıyla bərabər savaşır. Digər tərəfdən də deyirlər ki, praqmatik deyil, özünü qəhrəman kimi göstərmək üçün xalqını qurban verir. Siz nə düşünürsünüz?

-Hər iki tərəf haqlıdır. O, yaxşı aktyordur, “simpatiçni” cavandır, hamının xoşuna gəldi, seçildi.  Amma indi özbaşına qərarlar verir, danışır, daha da qıcıqlandırır Putini, halbuki üzr istəsə, məsələ bitərdi. Sözdü də üzr istəmək, nədir ki? Əvəzində müharibə olmayacaqdı, bu qədər adam ölməyəcəkdi. Amma belə təmiz adamdı, Putin kimi qıraqda milyardlar saxlamır. 

-Sizcə, o üzr istəməliydi? Axı ölkəsinin ərazi bütövlüyünə qəsd olunub

-Bu hücumda onun da günahı var. Əvvəldən daha tədbirli ola bilərdi. Amma xalq arxasında dayanır, qəzəblidir. Məsələn, Azərbaycan xalqı qəzəblənə bilmir. 

-Niyə?

-Xarakteri belədi. Nə vəziyyət olur-olsun yaşamağı düşünürük. Dünən bir taksiylə gedirəm, sürücü hey deyir: “Buna da şükr”. Gör nə qədər miskin və müti məxluqdur. Bizim xalq dilənçi, ac, yarımcan da olsa, ancaq yaşamaq istəyir. Bizdə kiminsə haqqı yeyiləndə deyir ki, gedib idarənin qabağında özümü yandıracam. Demir ey, gedib öldürəcəm. 

-Bəs meydan hərəkatındakı, “20 yanvar”dakı xalq?

-Çıxmalıdırlar də, vuruşmalıdırlar. Təsəvvür elə ki, hamı birdən meydana çıxır. Onun qabağını almaq olar? Bizdə birini döyən kimi qaçır, gedir. Biz həmişə kölə olmuşuq. Midiya dövründə Əhəmənilər 400 il, Sasanilər 400 il, ərəblər 500 il kölə elədi bizi. Sonra ruslar... Bu, ağlasığmaz köləlik oldu. 

Toplum TV

-Sosial şəbəkələrdə Zelenskini Elçibəylə müqayisə edənlər var. Nə qədər uğurlu müqayisədir, sizcə? 

-Elçibəy tamamilə təsadüfi adam idi. O prezident deyildi, özü də deyirdi. 

-Azərbaycanda sosial mediada Ukrayna prezidentinin addımlarını təqdir edənlər də az deyil və hətta sual edənlər var ki, Azərbaycanda niyə aktyorlar arasında Zelenski kimi siyasi lider yetişmir?

-Şəxsiyyət yoxdur də, xarakter yoxdur. Monteskyönün bir cümləsi var: Hakimiyyətdə olan adam kimdənsə, nədənsə qorxmalıdır. Bu bizdə yoxdur, Putində də yoxdur. Ona görə, nə istəyirlər, edirlər. 

- Siz dövlət başçısının xalqdan qorxmasını nəzərdə tutursunuz? 

-Ətrafdakılardan da ola bilər, xalqdan da, polisdən də. Bizim xalq hər şeyi yuxarıdan gözləyir. Elə şey olmur. Narazısansa, özün çıxmalısan meydana, özün tələb etməlisən. 

-Beynəlxalq hüquq müdafiə təşkilatları, eləcə də yerli hüquq müdafiçiləri adətən Azərbaycanda haqqını tələb edən, siyasi sistemə, qanun pozuntularına etiraz edənlərin təqib olunduqlarını, azadlıqdan məhrum edildiklərini, işgəncələrlə üzləşdiklərini bildirirlər. 

-“Viva la muerte!” Tərcüməsi - “Yaşasın ölüm!”. Fransada 400 il bu şüarla 4 milyon adam həyatını qurban verdi. Yalnız ondan sonra Fransa azad oldu. 

-Yəni azadlıq üçün ölümü gözə almaq lazımdır deyirsiniz?

-Bəli. Əgər sənin üçün azadlıq ölümdən qiymətli deyilsə, deməli, sən azad deyilsən və heç vaxt azad olmayacaqsan. Əlcəzair Fransanın müstəmləkəsi idi. Əlcəzairlilər 10 il Fransa ilə vuruşdu. 1 milyon adam öldü. Fransa da gördü ki, təslim olmur, axırda əl çəkdi. 

-Bir müsahibənizdə demisiniz ki, illərdir bəzi suallara cavab axtarıram. Bunlar içərisində azadlıq və hakimiyyətin də nə olduğuna dair suallarınız var. Bu təzadlı iki sözün mənası nədir sizin üçün?

- Dünyada ancaq siçanlar vardı, özləri üçün yaşayırdılar. Nə istəyirdilər, edirdilər. Bunlar bir gün yığışıb dedilər ki, gəlin öz içimizdən bir başçı seçək, onun dediyi kimi yaşayaq. Nəhayət bir siçanı başçı seçdilər və ona söylədilər ki, sabahdan sən nə desən, odur. Və səhər oyanıb, gördülər ki, başçı seçdikləri siçan dönüb pişik olub...

Hakimiyyət budur. Xalq nəyə layiqdirsə, onu da alır. Xalqın nə ürəyindəndirsə, Prezident onu verir. 

-Sizcə, indiki vəziyyət xalqın ürəyindəndir?

-Bəli. 

-Bəs sizin?

-Mən ayrı adamam. Dünyada bir dənə Əlisa Nicat var. 

-Siz bu xalqdan saymırsınız özünüzü? 

-Fiziki olaraq xalqdan biriyəm. Amma Allah məni kimiləri nəzarətində saxlayır. 

-Rus yazar Dostoyevski, yoxsa ukraynalı Qoqol? Hansına üstünlük verirsiniz? 

-Sözsüz, Qoqol. Dostyevski hay-küydür, onu şişirdirlər. Dostyevski bir kitabında yazır ki, İstanbul nə vaxt bizim olacaq? Yaxud Rusiya Türkmənistanla müharibə aparanda ruslar bir kənd almışdı. Humanist yazıçı Dostyevski necə sevinirdi. 

Toplum TV

-Qarabağ alınanda siz sevinməmişdiniz?

-Sevinmişdim. İlham bəyə də təşəkkür eləmişdim. Amma “Arsax” üstümüzdə ləkədir. Putin İlhamı çox istəyir. Mənə elə gəlir ki, “Arsax”ı alsaq, nəsə eləməz. Ölkədə 340-dan çox rusdilli məktəb var. Daha bundan artıq nə olsun?

-Yeri gəlmişkən, dövlətdən maliyyələşən rusdilli məktəblərin olmasını tənqid edənlər də var. 

-Əslində bizim üçün bundan böyük təhqir yoxdur. Dünyada yoxdur belə şey. Fransada ingilis məktəbi var heç? Öyrənmək üçün kurs açmaq olar ey, amma 340 məktəb nədir? Gördün? Putinə də ləzzət vermişdi bu rus dili söhbəti, Prezidentlə görüşdə danışırdı. 

-Evdə vəziyyət necədir, Əlisa müəllim, kiminlə yaşayırsınız?

-Masazırda oğlumgillə qalıram. Evlər ayrıdı. Mən tək yaşayıram. 

-Təklik çətin gəlmir sizə?

-2 dəfə yemək yeyirəm, onu da gəlin bişirir. Kitabların içində yaşayıram özüm üçün. Qocaldıqca o kitabları satmaq istəyirəm. Amma Azərbaycanda kitab oxuyan yoxdu. 10-15 il əvvəl kitab oxumaq az qala cinayət idi. İndi vəziyyət əvvəlkindən yaxşıdı. 

-Mən suallarımı yekunlaşdırdım, Əlisa müəllim. Təşəkkür edirəm. 

-Mən təşəkkür edirəm. Gətir bir kitab da sənin üçün yazım. 

 

Müsahibə

Ukraynada girov götürülən azərbaycanlı: “Sağlamlığımda, xüsusən də ürəyimdə problemlər yaranıb”

Məzahir Abdurahmanov
28 Aprel 2022

Toplum Tv

Hüseyn Abdullayev 2019-cu ildə Mariupul Dövlət Universitetinə qəbul olunub. 2 il qiyabi təhsil aldıqdan sonra 2021-ci ildə əyani oxuya bilmək üçün Ukraynaya gedib. Müharibənin 22-ci günündə Ukraynadan çıxmaq istəyərkən rus ordusu tərəfindən girov götürülüb. “Toplum TV” Hüseyn Abdullayevlə müsahibəni təqdim edir. - Hüseyn, müharibənin başladığı ilk günlərdə Ukraynanı tərk etməməyinizin, 22 gözləməyinizin səbəbi nədir? - Müharibə başlamamışdan əvvəl bizə xəbərdarlıq edildi. Bir çox şəxs ölkəni tərk etdi. Mən düşündüm ki, müharibə çox davam etməz. Ona görə də ölkəni tərk etmədim. Sonradan şəhəri tərk etmək istəsək də bizi buraxmadılar. Söylədilər ki, çıxsanız ruslar qoymayacaq. Ona görə də məcbur qaldıq orda. -Müharibə...
Müsahibə

Anar Natiqoğlu: “Bəziləri deyir ki, səfirliyə zəng çatmır, əlaqə saxlamaq mümkün deyil, yalandır”

Məzahir Abdurahmanov
28 Fevral 2022

Sosial Media

“Ukraynanı özümüzə ikinci vətən sayırıq, heç yerə getmək fikrimiz yoxdur” "Bəziləri deyir ki, səfirliyə zəng çatmır, əlaqə saxlamaq mümkün deyil, yalandır. Biz onlarla mütəmadi əlaqədəyik". "Birlik" Odessa azərbaycanlıları diaspor təşkilatının sədr muavini, Ukraynada yaşayan keçmiş jurnalist Anar Natiqoğlu "Toplum TV"-yə müsahibəsində belə deyir. "Toplum TV” onunla müsahibəni təqdim edir. -Hazırda Ukraynada, xüsusilə də Odessada vəziyyət necədir? -Odessada vəziyyət yaxşıdır, sakitlikdir. Dünən axşam saatlarında siqnal səsi veriləndən sonra bir-iki partlayış səsi eşidildi. Onda da dedilər ki, hava hücümundan müdafiə qurğuları işə düşüb. Partlayış səslərindən sonra heç nə olmayıb. Səhər saatlarından da sakitlik davam edir. - Orada yaşayan azərbaycanlıların təhlükəsizliyi baxımından hansı...

Seçilmiş Videolar

Toplum TV loqo