Müsahibə

Gültəkin Hacıbəyli: “3000-ə yaxın şəhid verən xalq məmur özbaşınalığına layiq deyil”

29 Yanvar, 2021
2635

arqument.az

“Toplum TV”-nin müsahibi keçmiş deputat, Milli Şuranın İdarə Heyətinin üzvü Gültəkin Hacıbəylidir.

- Gültəkin xanım, bugünlərdə Azərbaycanla Türkmənsitan arasında qaz anlaşması imzalandı. Söhbətə də burdan başlayaq. Bəzi mütəxəssislərə görə, müharibədən sonra belə bir anlaşma Azərbaycan üçün yerinə düşdü. Bəzi tənqidçilərsə hesab edir ki, bu anlaşmadan gələcək gəlir xalqların rifahına xidmət etmirsə, faydalarından danışmağa dəyməz. Anlaşmanı siz necə dəyərləndirirsiz?


- Anlaşmanın siyasi əhəmiyyəti iqtisadi əhəmiyyətindən daha çoxdur, həmin yataq iki ölkə arasında gərginlik mənbəyinə çevrilmişdi. Orda olan qaz yataqları bu günə qədər Azərbaycanın kəşf etdiyi yataqlarla müqayisədə çox kiçikdir deyə elə də əhəmiyyətli deyil, amma gərginlik mənbəyi olan problemin aradan qalxması və yatağın adının “Dostluq” qoyulması, təbii ki, müsbət hadisədir. Bununla belə, anlaşmanın iqtisadi tərəfini şişirtmək, gələcəkdə Azərbaycanın tükənən enerji ehtiyatlarına hansısa ciddi qatqısı olmasını söyləmək bir o qədər də düzgün olmaz. Mənim diqqətimi çəkən başqa bir məqamdır. İstər “Dostluq” kimi nisbətən az tutumlu, istərsə də “Şahdəniz” kimi böyük tutumlu yataqlar olsun, Azərbaycanın karbohidrogen ehtiyatlarının istifadəsi prosesində, neft-qaz hasilatı ilə bağlı sənədlərdə şəffaflıq yoxdur. Biz bu günə qədər neft-qaz hasilatının pay bölgüsü ilə bağlı real göstəricilərə malik deyilik. Biz bilmirik ki, Azərbaycana 100 milyardlarla qazanc gətirən neft layihələrinin gəlirləri necə paylaşdırılıb. Bu günə qədər hətta millət vəkilləri belə həmin müqavilələrin detallarına bələd deyillər, çünki detallar açıqlanmır. Milli Məclisdə o sazişlər sadəcə ratifikasiya olunur. Biz bu günə qədər Dövlət Neft Şirkətinin - SOCAR-ın gəlir və xərcləri haqqında malik deyilik. Bildiyimiz odur ki, neft milyardlarını udur, əvəzində Azərbaycan xalqına borc yükləyirlər. Bu günə qədər ən çox büdcə vəsaiti ayrılan, Azərbaycan xalqının mənfəətlərini sahiblənən SOCAR iflas olmaq həddindədir, xalqdan oğurlanan vəsaitlər şəxsi ciblərə yönəldilib, ofşor hesablara göndərilib, xaricdə bahalı əmlakın əldə edilməsinə, dəyəri 3-4 milyon olan qol saatlarının alınmasına xərclənib. Ona görə də, açığı, bu sazişdən mən xüsusi bir iqtisadi mənfəət gözləmirəm. Anlaşma nə Azərbaycan xalqına, nə də türkmən xalqına xidmət edəcək, yəni o gəlirlərin ancaq 10-15 %-i bu xalqların rifahına xərclənə bilər. Böyük qismi hər iki ölkədə avtoritar rejimin dayaqlarının möhkəmlənməsinə xidmət edəcək. 

- Ölkədəki siyasi durumu necə dəyərləndirirsiz? Müharibədən sonra nələr dəyişib ölkədə?

- Qarabağ ətrafında 7 rayon işğaldan azad olunub və Azərbaycanın mənəvi, mədəni paytaxtı, musiqi beşiyi olan Şuşamız işğaldan azad edilib. Dağlıq Qarabağın təxminən 20-25 %-i, Hadrut rayonu və Şuşa şəhəri işğaldan azad olunub. Təbii ki, bu bizim müharibədə ən böyük qazancımızdır, ölkədəki ictimai-siyasi mühiti, xüsusi ilə də mənəvi-siyasi mühiti əhəmiyyəltli dərəcədə dəyişdirən faktorlar bunlardır. İnsanlarımızda özünə güvən yaranıb. Millət olaraq artıq aşağılıq kompleksindən qurtulmuşuq. Bunu böyük məmnunluq hissi ilə deyirəm. Biz artıq məğlub yox, qalib xalqıq. Amma nə yazıq ki, bunun ardınca xalqın gözlədiyi dəyişikliklər baş vermədi. Təəssüflər olsun ki, ölkədə məmur özbaşnalığı əvəllki səviyyədə qalmaqdadır. Hətta mən vəziyyəti daha ağır, daha dramatik səciyyələndirərdim, öncədən o məmurlar məğlub xalqla amiranə ədayla danışırdılar və ərazisinin 20 %-i işğal altında olan xalqın vətəndaşlarını aşağılayırdılar. Bu gün həmin məmurlar qalib xalqla, qazilərimizlə həmin ədayla danışırlar, şəhid ailələrinə qarşı hörmətsizlik edirlər. Müharibə iştirakçılarının haqqını tapdalayırlar, yeyirlər. Bu, təbii ki, bizim hər birimizin ürəyini ağrıdır. 3000-ə yaxın şəhid verən xalq məmur özbaşınalığı ilə üzləşməyə layiq deyil. Sosial şəbəkələr narazılıqlarla doludur. Dövlət səviyyəsində şəhid və qazilərə ayrılan yardım yetərincə deyil. Düzdür, cüzi artım oldu, şəhid ailələrinin müvainəti 300-dən 500 manatadək artırıldı, amma bu, çox azdır. İndiki infilyasiya, bahalıq, işsizlik şəraitində hədsiz dərəcədə azdır və bir şəhid ailəsinin dolanışığına yetməyəcək məbləğdir. Eyni sözləri qazilərimizin və müharibə iştirakçılarının müvainəti ilə bağlı da  demək olar. Bunun fonunda hökumət şəhərin mərkəzində yaraşıqlı, nəhəng bir binası olan Mərkəzi Banka nədənsə 450 milyon manata yeni bina tikmək sevdasına düşür. Halbuki 450 milyonla şəhid ailələrinin, qazilərin və digər müharibə iştirakçılarının bütün sosial problemlərini həll etmək olardı. Nə yazıq ki, bunun əvəzinə biz yeni bina tikintisi adı altında talançılığın şahidi oluruq. Digər problem Qarabağla bağlı vəziyyətin qeyri-müəyyənliyi, daha doğrusu, rus qoşunlarının sülhməramlı adı ilə daxil olduqları Qarabağda öz sələhiyyət çərçivələrini aşaraq özbaşnalıqlar törətməsidir. Onlar istədikləri vaxt postların yerini dəyişdirir, Azərbaycanın nəzarətində olan ərazilərə doğru sürüşdürürlər, yəni faktiki olaraq sürünən anneksiya siyasəti həyata keçirirlər. Bu günə qədər 50 mindən çox erməni Qarabağa qaytarılıb, amma bir nəfər də olsun azərbaycanlı məcburi köçkün Qarabağa geri qayıtmayıb və bu ayrıseçkiliyi yaradan rus sülhməramlılarıdır. Şuşanı faktiki mühasirədə saxlayan, Şuşaya gələn həm Laçın, həm Qırmızı Bazar yolunu öz nəzarəti altında saxlayan, Laçın dəhlizinə birtərəfli qaydada nəzarət edib o dəhlizi Azərbaycanın üzünə bağlayan rus sülhməramlılarıdır. Bu da insanlarda çox ciddi narahatlıq doğurur.

Nəhayət, sosial gərginlik, bahalanma, bu yaxınlarda dizel və benzinin qiymətinin artması ilə bağlı yaranan infilyasiya onsuz da ehtiyac içində yaşayan insanların durumunu daha da ağırlaşdırıb. Bu baxımdan cəmiyyətdə sosial gərilmə var və Azərbaycan hökuməti bu istiqamətdə ciddi addımlar atmalıdır. 

- Bahalanma fonunda hökumətin bahalı binalar tikdirdiyini vurğuladız. Müxalifətin buna etirazı sosial şəbəkə çərçivəsindədir, cəmiyyətsə baş verənləri susqunluqla qarşılayır. Sizcə, niyə?

- Ölkədə sərt avtoritar rejim hökm sürür, müxalifət dissident fəaliyyətinə məhkum edilib. Ona görə də Azərbaycan müxalifətini klassik anlamda müxalifət adlandırmaq olmaz. Biz dissident fəaliyyəti ilə məşğuluq. Bizim sadəcə sosial şəbəkədə fikir bildirmək imkanımız var, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlini hətta bu imkandan da məhrum ediblər. O, 2020-ci il aprelin 13-dən evdə internet blokadasına alınıb. Bu baxımdan heç bir maddi resursu, qərargahı, fəaliyyət imkanı olmayan Azərbaycan müxalifətindən bundan artıq nəsə tələb etmək bir az ədalətsizlikdir. Bugünlərdə çox böyük qəhrəmanlıq və cəsarət nümayiş etdirən Rusiya müxalifətinin lideri Aleksey Navalnı ilə müqayisədə Azərbaycan müxalifəti çox-çox məhdud imkanlara malikdir. O, açıq şəkildə Rusiya vətəndaşlarından banklar və fondlar üzərindən milyonlarla vəsait toplayaraq fəaliyyət göstərir, Azərbaycan müxalifətini isə sosial şəbəkələrdə hakimiyyət və hakimiyyətin trolları sorğulayırlar ki, siz evinizə çörəyinizi hansı pulla alırsınız, niyə çörək alıb yeyirsiniz, acından ölmürsünüz? O baxımdan buradakı vəziyyəti nəzərə almaq lazımdır. 

Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan müxalifəti şüurlu bir təbəqədir. Biz Covid-19-un tüğyan etdiyi bir zamanda sosial etiraz aksiyasına çağırış etməmişik. SMS icazəsi bir neçə gün əvvəl ləğv olunub, amma 5 nəfərdən artıq toplaşmaq qadağası qalmaqdadır. Biz insanları təhlükə altına alıb çağırışlar edə bilmərik. Bizimçün Azərbaycan vətəndaşlarının sağlıq durumu hər şeydən önəmlidir. 

Həm də müharibə təzə bitib. Hələ yaralarımızı sarımamışıq. Hələ öz doğmalarını, itkinlərini axtaran ailələr var. Hələ qazilərimiz müalicə alırlar. Yaraların qaysaq bağlaması üçün zamana ehtiyac var. Biz koronavirusun, müharibənin tüğyan etdiyi bir vaxtda Azərbaycan xalqına kütləvi aksiyalarla bağlı çağırış etməyi məqbul saymırıq. Bu, doğru olmazdı, amma, təbii ki, bizim sosial şəbəklər üzərindən də olsa, insanların marifləndirmək kimi məsuliyyətimiz var və ölkə vətəndaşlarının halal pulları banka bina tikintisi adı altında sovrulursa, şəhid ailələrinə qarşı sayğısızlıq edilirsə, buna etirazımızı bildiririk. Yoluxmaların azalacağı dönəmdə biz müxalifət olaraq daha fərqli addımlar atmağı da düşünürük, kütləvi aksiyalar Milli Şuranın gündəmindədir.

- Milli Şurada təmsil olunan AXCP-nin 10 üzvü həbsdədir, 14 nəfərlə bağlı istintaq aparılır və s. Yeni aksiyaların yeni həbslərlə nəticələnə biləcəyi ehtimalı barədə nə düşünürsüz? 

- Bəli, AXCP üzvləri arasında siyasi məhbuslar və istintaq altında olan insanlar var. Qarabağ yürüşünə görə absurd ittihamlarla saxlanılanların bir qismi hazırda şərti azadlıqdadırlar, amma yenə də istintaq davam edir. Bunu birmənalı olaraq insan haqlarının pozulması kimi dəyərləndirirəm. Qarabağa azadlıq istəyənləri cəzalandırmaq ilk növbədə Azərbaycan xalqına qarşı, onun müqəddəs vətənpərvərlik duyğularına qarşı hörmətsizlikdir. Eyni zamanda, siyasi məhbusların həbsdə qalması Azərbaycan dövlətçiliyinə hörmətsizlikdir. XXI əsrdə yaşayırıq. Qonşu ölkələrdə demokratik istlahatlar surətlə davam edir və bu reallıqda Azərbaycanda 150 nəfərə yaxın siyasi məhbusun olması utancverici hadisədir. Məhbusların böyük bir hissəsi dindar kəsimin təmsilçiləridir. “Müsəlman Birliyi” Hərəkatının üzvləri arasında Qarabağda baş qoyan onlarla şəhidimiz var. Amma onun rəhbəri, sıravi üzvlərinin çoxu həbsdədir, onlar siyasi məhbus kimi də tanınıblar beynəlxalq təşkilatlar tərəfindən. AXCP-nin neçə üzvü şəhid olub, qazi olub, müharibədə iştirak edib, amma o partiyaya qarşı hələ də absurd ittihamlar qalmaqdadır. Bu, Azərbaycan hakimiyyətinə başucalığı gətirmir, üstəlik, ölkənin də imicini korlayır. Ən azı ABŞ-da yeni prezidentin seçilməsi ilə, Avropa Birliyinin Maqnitiski aktını qəbul etməsi ilə dünya tarixində yeni bir mərhələnin başlamasından hali olanlar, - ölkəni idarə edənləri nəzərdə tuturam -  bundan nəticə çıxarmalıdırlar. Ən tez zamanda ölkədə siyasi mübarizə üçün normal şərait yaradılmalıdır. Bunun üçün ilk növbədə siyasi məhbuslar azad olunmalıdır, siyasi partiyaların fəaliyyəti üçün normal şərait yaradılmalıdır. Ölkənin aparıcı siyasi partiyası olan AXCP-ni 4 dəfə ofisdən çıxarırlar, partladılır, qapısını qaynaqlanır, amma bir sədri və ola bilsin, bir də o sədrin ailə üzvündən ibarət olan yalançı, saxta partiyalara ofis təqdim olunur. Bunu cəmiyyətə təntənəli şəkildə iqtidar-müxalifət dioloqu kimi təqdim edirlər. Çıxış yolu bu deyil. Ölkə çox ağır perspektivlər qarşısındadır. Torpaqlarımız azad olundu, amma o torpaqları inkişaf etdirmək, əkib-becərmək lazımdır. Bunun üçün milyardlarla vəsait, investisiya lazımdır; Avropanın, ABŞ-ın dəstəyinə ehtiyacı var. Qarabağla bağlı məsələlər həll olunmayıb. Çox çətin bir mərhələyə daxil oluruq. Azərbaycan hakimiyyəti bu barədə götür-qoy etməlidir və ən qısa zamanda uyğun addımlar atmalıdır. Avtoritar rejimlər çökmək üzrədir. Tezliklə Belarusda bunun şahidi olacağıq. Rusiyada ciddi təlatümlər baş verməkdədir və Azərbaycanın siyasi hakimiyyəti zamanın çağırışlarına adekvat reaksiya verməlidir. 

- İlham Əliyev hakimiyyətin geniş siyasi dialoq təşəbbüsü başlatdığını bildirib. Eyni zamanda, AXCP və Müsavat haqqında bəzi ittihamlar səsləndirib. Bu fonda hakimiyyətlə dialoqu mümkünhesab edirsizmi?

- İlham Əliyevin son ittihamı Milli Şura və AXCP ilə bağlı idi. Milli Şuranı hətta antimilli şura adlandırdı. Eyni zamanda, Azərbaycanın dialoq “nazirliyinin” rəhbəri Ədalət Vəliyev Milli Şura və AXCP-dən başqa digər partiyalarla dialoq içində olduqlarını bildirdi. AXCP və Milli Şura ölkədə ən çox təqib olunan qurumlardır. Milli Şuranın üzvləri təzyiq, təqib altındadırlar. Aydındır ki, söhbət gerçək dialoqdan yox, onun imitasiyasından gedir və biz bu imitasiyada heç vaxt iştirak etməmişik. Azərbaycan hakimiyyətinin gerçək, səmimi dialoq istəyi varsa, bəli, biz o dialoqda iştiraka hazırıq. Bunun üçün hakimiyyət müəyyən addımlar atmalıdır ki, biz o dialoqun gerçək olacağına inanaq. İlk növbədə siyasi məhbuslar azad edilməlidir, AXCP-nin ofisi özünə qaytarılmalıdır. Milli Şuraya və AXCP-yə siyasi təşkilatlar olaraq fəaliyyət göstərmək üçün zəruri şərait yaradılmalıdır, bu təşkilatların üzvləri üzərindəki ittihamlar götürülməlidir.

- Milli Şuranın 2021 üçün hədəfləri nələrdir?

- Bizim hədəfimiz Azərbaycanda demokratiya quruculuğudur. Biz Azərbaycanda dinc, konstitusion şəraitdə hakimiyyət dayişikliyinin baş verməsinə nail olmaq istəyirik. Bunun üçün ölkənin ilk növbədə islahatlar yolu ilə bu prosesə qədəm qoymasını istəyirik. Biz ən yaxın zamanda ölkədə siyasi münasibətlərdəki gərginliyin aradan qaldırılmasını və ölkənin siyasi məhbus ayıbına birdəfəlik son qoyulmasını istəyirik. İnsanların sosial durumu, ölkənin iqtisadi vəziyyəti çox ağırdır və bu problemlərin həlli üçün ciddi islahatlara ehtiyac var. Biz Milli Şura olaraq bu islahatların həyata keçirilməsinə çağırırıq. Bunun üçünsə Azərbaycan xalqının aparacağı dinc mübarizənin önündə olmağa, onun təşkilatçısı olmağa və xalqımızın istək və arzularının ifadəçisi olmağa qərarlıyıq. 

- Hakimiyyətin karonavirusla mübarizəsini necə dəyərləndirirsiniz? Nə qədər effektlidir? Ölkəyə Çin vaksini gətirilib, ona münasibətsə birmənalı deyil. Vurduracaqsızmı?

- Milli Şura hökumətin koronavirusla mübarizə siyasəti ilə bağlı xüsusi bəyanatla çıxış edib və orda Azərbaycan hakimiyyətinin bu problemi qarşılamağa hazır olmadığını, ölkə insanını bu bəla ilə müdafiəsiz, tək buraxdığını böyük ağrı, təəssüf hissi ilə qeyd etmişik. Təəssüflər olsun ki, Azərbaycan hakimiyyəti bu ağır xəstəliklə mübarizədə öz vətəndaşının yanında olmadı. Azərbaycan vətəndaşları yalnız öz şəxsi vəsaitləri hesabına koronavirusla mübarizə aparmaq məcburiyyətində qaldılar, 1500-2000 manat civarında xərc çəkərək sağaldılar, ancaq bu vəsaiti tapmayan, həyatla vidalaşan insanlarımız da çox oldu. İkincisi, bir ilə yaxındır ki, insanlar işsiz oturublar. Onlar normal qidalana bilmirlər və dövlət işləməyən, normal qidalanmayan, evinə normal bazarlıq edə bilməyən insanlara arxa çıxmadı, insanların ümmunitetinin zəifləməsi xəstəliyin yayılmasında əsas səbəblərdən birinə çevrildi. Bu baxımdan da Azərbaycan hakimiyyətinin fəaliyyəti qənaətbəxş deyil. 

Vaksinasiya məsələsinə gəlincə, burada ciddi nöqsanlara yol verilib. Birincisi, ölkəyə Çin vaksininin gətirilməsini qəbul etmirəm. Məsələn, Gürcüstan dünyanın ən məhşur, ən güvənli vaksini sayılan “Pfizer” vaksinindən istifadə edir. Bu vaksin İsraildə, Almaniyada, ABŞ-da geniş tətbiq olunur. Biz isə Çindən vaksin almışıq, onun keyfiyyəti ilə bağlı məndə ciddi şübhələr var. Eyni zamanda, vaksinlərin alınması prosesində də yubanma olub. Məsələn, bir çox ölkələrdə artıq vaksinləşmə prosesi bir aydır davam edir. Biz isə gecikirik. Azərbaycanın maddi imkanları imkan verərdi ki, biz vaxtında və daha keyfiyyətli vaksinlər sifariş verək. Ümumiyyətlə, vaksinləşmə ağır prosesdir. Hələ o peyvəndlərin effekti barədə də qəti rəy yoxdur. Məsələn, İsrail əhalisinin üçdə birinə “Pfizer” vaksini vurulub, amma orda da vaksinin nə dərəcədə faydalı olub-olmaması ilə bağlı tərəddüdlər, şübhələr var. Almaniya, ABŞ istehsalı olan vaksinlər barədə də rəylər birmənalı deyil. Amma seçimim yenə də də Çin vaksini yox, daha keyfiyyətli “Pfizer” və ya “Moderna” peyvəndləri ola bilər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Müsahibə

İH şöbə müdiri: Problem müharibə iştirakçılarının işsizliyidir

17 İyul 2022

Toplum TV

Qazi Elvin Cəfərovun Sabirabad rayon İcra Hakimiyyəti qarşısında özünü yandırmasından sonra Toplum TV icra başçısı Siraqəddin Cabbarova  iki  dəfə müsahibə üçün müraciət edib, ancaq başçı hər dəfə çox məşğul olduğunu bildirərək müsahibə verməyib. Suallara  Sabirabad rayon İcra Hakimiyyəti yanında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Müslüm Rzayev cavab verib. -Elvin Cəfərovdan başqa da Sabirabadda qazi intiharları olub. Sizcə niyə qazilər etiraz üçün son varianatı - intiharı seçirlər? - Özünü asan qazini nəzərdə tutursunuz yəqin. Onun da ailəsi intiharın səbəbi ilə bağlı müraciət edib, bizim rəhbərlik onları qəbul edib, dinləyib. Kim bu barədə soruşursa, öyrənmək istəyirsə,...
Müsahibə

Rasim Balayev AKİ-yə sədr seçildi

31 May 2022

açıq mənbədən götürülüb

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin ümumi yığıncağı baş tutub. Report-un xəbərinə görə, Xalq artisti Rasim Balayev ittifaqın sədri seçilib. Toplantını Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev açıb və ittifaqın sədrliyinə Rasim Balayev namizədliyinin irəli sürüldüyünü deyib. Anar Rzayev seçkinin açıq səsvermə ilə keçirilməsini təklif edib və onun təklifi qəbul olunub. Açıq səsvermə ilə Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni sədri seçilib. İttifaqın əvvəlki sədri Xalq yazıçısı Rüstəm İbrahimbəyov martın 10-da Rusiyada vəfat edib. O, Birinci Fəxri Xiyabanda dəfn olunub.

Seçilmiş Videolar

Toplum TV loqo