Müsahibə

Gürcüstan müxalifətçisi: "Baş nazirin istefası müxalifət liderinin həbsi ilə bağlı deyil"

Nigar Səmədli
19 Fevral, 2021
1074

24news.ge

“Gürcüstanda hakimiyyət məcbur qalaraq istefaya gedəcək”

“Toplum TV”-nin müsahibi Gürcüstanın “Vahid Milli Hərəkat” Partiyasının Marneuli qərargahının rəhbəri Aqil Mustafayevdir.

O, Gürcüstanda son günlər baş verən hadisələr, üzvü olduğu partiyanın rəhbəri Nika Meliyanın həbs qərarı, baş nazirin istefası və digər məsələrlə bağlı danışıb.

- Gürcüstanın Baş naziri Georgi Qaxariyanın istefası gözlənilən idimi və bu, Gürcüstanda necə qarşılandı? 

- 2020-ci ilin oktyabrın 31-də keçirilən seçkilərdən əvvəl Georgi Qaxariyanın postunu tərk etməsi ilə bağlı mediada məlumatlar yayılsa da, istefa vermədi. Çünki seçkiöncəsi bu addımı partiyanın imicinə təsir edəcəkdi. Amma hər kəsə məlum idi ki, o, yaxın zamanda vəzifəsindən uzaqlaşdırılacaq. Bunun üçün partiyadaxili qruplaşmaların əlində bir çox səbəb vardı. Bunların arasında Qaxariyanın əvvəllər Gürcüstan əhalisi arasında aqressiv addımları ilə yadda qalması, eyni zamanda partiyadaxili məsələlərdə yaranan müəyyən fikir ayrılıqları idi. İndiki halda isə o, düzgün zamanda düzgün taktika işlədərək istefa verdi.

- Georgi Qaxariya deyib ki, istefasının səbəb müxalifət lideri Nika Meliyanın həbsi ilə bağlıdır. Bu məsələdə hakim partiya - “Gürcü Arzusu” ilə aralarında  fikir ayrılığı yaranıb. Sizcə, Baş nazirin bu cür açıq tekslə istefa verməsinə səbəb nədir?

- Mən bunu açıq şəkildə söyləyirəm ki, Baş nazir Georgi Qaxariyanın istefa verməsinin səbəbi müxalifət lideri Nika Meliyanın həbs olunması ilə bağlı deyildi. Qeyd etdiyim kimi, uzun zaman öncədən partiyada daxili çəkişmələr, qruplaşmalar vardı və onlar birləşərək Qaxariyanı uzaqlaşdırmaq istəyirdilər. Sadəcə, son dövrlərdə onun siyasi şuranın iclaslarında, eyni zamanda ciddi siyasi qərarların verilməsində iştirak etməməsi və Meliya ilə bağlı fikrinin partiya daxilində müzakirə zamanı onun tərəfini tutmamaları bütün bu prosesi sürətləndirdi. Nəticədə o, özü üçün düzgün bir vaxt seçərək istefa verdi.

- “Vahid Milli Hərəkat” Partiyasının sədri Nika Meliyanın həbsinin təxirə salınması Gürcüstan hökumətinin geri addımı kimi dəyərləndirilə bilərmi? 

- Meliyanın həbsinin haradan qaynaqlandığına nəzər salsaq, 2019-cu il iyunun 20-də baş verən hadisələrə geri dönməliyik. İyun hadisələrində Gürcüstan hakimiyyəti torpaqlarının 20 faizini işğal etmiş Rusiyanın dövlət nümayəndəsini Gürcüstan parlamentinin spiker kürsüsündə əyləşdirərək xalqa qarşı təhqiramiz bir addım atdı. Bu səbəblə keçirilən etiraz aksiyalarında şəxsən mən də daxil olmaqla bir çox Gürcüstan vətəndaşı, eyni zamanda siyasi partiyaların liderleri də iştirak edirdi. Həmin aksiyalarda yüzlərlə şəxs hakimiyyətin sifarişi ilə məhkəmə tərəfindən sorğulandı və hətta bəzilərinə həbs qərarı çıxarıldı. Eyni zamanda məhkəmə partiyamızın lideri Nika Meliyanı cərimələdi. Sonradan Meliyanın məbləği ödəməkdən imtina edərək qanunsuzluğa qarşı çıxması hakimiyyət tərəfindən onun haqqında həbs qərarının çıxarılması ilə nəticələndi. Bu qərardan sonra Gürcüstan vətəndaşlarının etirazını, eyni zamanda bütün müxalif partiyalarının Meliya ətrafında birləşməsini və vəziyyətin onların siyasi platformaları üçün ciddi şəkildə zərərli olduğunu görən iqtidar geri addım atdı. Ümumilikdə götürsək, hakimiyyətin bundan sonra atacağı bu cür addımlar onun məğlubiyyəti kimi görünəcək. 

- "Vahid Milli Hərəkat" Partiyası növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edir, eyni zamanda sabiq prezident Mixail Saakaşvili də müxalif partiyalara bununla bağlı çağırış edib. İndiki halda parlament seçkilərinin keçirilməsi mümkündürmü?

- "Vahid Milli Hərəkat" Partiyası və Gürcüstandakı bütün müxalif partiyalar ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edir. Bu, Gürcüstan vətəndaşları tərəfindən sifariş verilmiş və partiyalar tərəfindən irəli sürülən tələbdir. Bunun üçün yüzlərlə səbəb var, amma bunlardan ən önəmlisi Gürcüstanda keçirilən son seçkilərin saxtalaşdırılması, eyni zamanda bu seçkiləri qəbul etməyən parlament nümayəndələrinin mandatlardan imtina etməsidir. Bütün bu səbəblər onu göstərir ki, Gürcüstanda hazırkı siyasi böhrandan çıxış yolu yalnız növbədənkənar seçkilərin keçirilməsidir. Bu siyasi böhran nəinki ölkədəki partiyalar üçün, eyni zamanda bütün Gürcüstanın ictimai-siyasi və iqtisadi vəziyyətinin gərginləşməsinə aparıb çıxarır. Çox yaxın zamanda artıq beynəlxalq təşkilatlar öz mövqelərini bildirməyə başlayacaq, hətta artıq başlayıblar. Bütün baş verənlər onu göstərir ki, Gürcüstanda növbədənkənar parlament seçkiləri qaçılmazdır, sadəcə, hakimiyyət əlindən gəldiyi qədər vaxtı uzadaraq seçkiləri ləngitməyə çalışır. 

- Sizcə, Gürcüstanda növbəti inqilabi proseslər gözlənilirmi?

- Düşünmürəm ki, Gürcüstanda yenidən inqilab olsun, çünki artıq xalq da inqilablardan demokratik yolla hakimiyyətin dəyişməsi mərhələsinə keçmək istəyir. Necə ki 2012-ci ildə Saakaşvili tərəfindən bu addım atıldı və demokratik yolla hakimiyyətin dəyişməsinə nail olundu. Amma çox təəssüflər olsun ki, 2020-ci ilin parlament seçkilərində Gürcüstan vətəndaşlarının dəyişiklik üçün verdiyi səsi "Gürcü Arzusu" Partiyası qəbul etmədi və vəziyyəti daha da gərginləşdirdi. Xalq isə növbədənkənar seçkilərin keçirilməsini tələb edəcək və hakimiyyət bu tələbi yerinə yetirmədiyi halda onlar artıq itaətsizlik aksiyalarına başlayacaqlar. Nəticədə isə hakimiyyət məcbur qalaraq inqilabsız istefaya gedəcək. 

Müsahibə

“Azərbaycan İsrail-Fələstin münaqişəsində hansısa tərəfi dəstəkləməməlidir”

Nigar Səmədli
14 May 2021

Sosial media

Fələstinlə İsrail arasında illərdir gərgin olaraq qalan münasibətlər mayın 11-dən növbəti dəfə kəskinləşib. Fələstin ərazilərinə nəzarət edən HƏMAS qrupu Qüdsün Əl-Əqsa məscidini İsrailin təcavüz və terrorizmindən qorumaq üçün səy göstərdiyini bildirib və sözügedən məscidin mühasirədən çıxarılması tələb edib. Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, 27-i uşaq olmaqla,103 fələstinli öldürülüb, ən az 530 nəfər yaralanıb. İsrail tərəfi hərbi əməliyyatlar başlayandan bəri yeddi nəfərin öldüyünü açıqlayıb. “Toplum TV” iki ölkə arasında baş verənlərlə bağlı siyasi şərhçi Zaur Əkbərlə danışıb. - İsraillə Fələstin arasında illərdir münaqişə davam edir. Hazırkı qarşıdurmanın əsas səbəbi nə oldu? - Yaxın Şərq hər zaman barıt çəlləyi olub və qeyd...
Müsahibə

Əli Kərimli: “Heç nəyi dəyişmək istəməzdim”

Şəhla Kərim
28 Aprel 2021

Sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin doğum günüdür. “Toplum TV” onunla müsahibəni təqdim edir. - Əli bəy, 56 yaşınız tamam olur. Yaşadığınız ömrü necə qiymətləndirirsiniz? Nəyisə dəyişmək şansınız olsaydı, bu, nə olardı? - Çox şükür edirəm Allahıma ki, peşmanlıq hissi keçirmədən yaşayıram. Özümü xalqım, ailəm, dostlarım qarşısında alnıaçıq, üzüağ hesab edirəm. Verdiyim mühüm qərarlara görə peşmanlıq hissi keçirmirəm. Ona görə də nəyisə dəyişmək istəməzdim. Yenidən yaşasaydım, həlledici məqamlarda indiki həyatımda verdiyim qərarları seçərdim.  - İndiyə qədər siyasi fəaliyyətinizdə etdiyiniz ən böyük səhv, Sizcə, hansıdır? - Mən siyasətçiyəm, mənə xalqımız qiymət verməlidir. Özümün müəyyən mülahizələrim ola bilər. Amma nəzərə alın...
Seçilmiş Videolar