Müsahibə

Jurnalistikada gecə və gündüzün hekayəsi – Jurnalistikanın tədrisi layihəsi

Nigar Səmədli
22 Yanvar, 2021
421

Əkinçi

“Azərbaycan jurnalistikasındakı boşluqlardan biri azad cəmiyyətin, azad fikirli və azad ruhlu insanların olmamasıdır”.

“Toplum TV”-nin budəfəki müsahibi jurnalist, multimedia təlimçisi Vüsalə Əlibəylidir. O, "Əkinçi"nin jurnalistikanın tədrisi ilə bağlı yeni layihəsi haqqında danışıb.

- “Media və jurnalistika” təliminin qarşısına qoyduğu məqsədlər nələrdir və hansı yeniliklər əhatə olunub?

- "Əkinçi"nin bir çox layihələri kimi bu da çox unikaldır. Layihədə yer alan epizodların hər birinin ssenarisi yazılır, xüsusi olaraq seçilir və səsləndirilir. Ssenarilərin yazılması və səsləndirilməsi isə mənə aiddir. Layihə rəhbəri Vüqar Salamlı mənə bu barədə bəhs edəndə çox sevindim, çünki bu, jurnalist olaraq bizim hər zaman yaralı yerimiz olub. Düşünürəm ki, həm jurnalistlərin, həm də cəmiyyətin media savadlılığı baxımından Azərbaycan cəmiyyətinin də yaralı yeridir. Saxta xəbərlərin tüğyan etdiyi bir zamanda jurnalistlərin peşəkarlığı ilə yanaşı, oxucuların da jurnalistika savadlarının olması onların asanlıqla doğru və yalan xəbəri ayırd etməsində önəmli rol oynayacaq. Digər tərəfdən media savadlılığı həm də sorğulamaq deməkdir. Mənim düşüncəmə görə, sual verən insan azad insandır. Qapalı cəmiyyətlərdə isə heç nə sorğulanmır. Bu cür layihələr isə insanları baş verən hadisələrə şübhəcil yanaşmağa, onları sorğulamağa sürükləyir. Yenə də yer aldığım bu layihə Azərbaycan jurnalistikasındakı boşluğun sadəcə bir hissəsini doldura bilər. Bu baxımdan belə layihələr davamlı və sayca çox olmalıdır ki, hətta rəqabət yaransın.

- Azərbaycan jurnalistikasında müşahidə etdiyiniz və mübarizə aparmaq istədiyiniz hansı boşluqlar var?

- İlk növbədə var olan boşluq jurnalistika təhsili ilə bağlıdır. Azərbaycanda tədris olunan jurnalistika təhsilinin axsayan yönləri həddən artıq çoxdur və eyni zamanda azad deyil. Əgər təhsil azadlığı yoxdursa, burada yaradıcılıqdan və peşəkarlıqdan söhbət gedə bilməz. Mənim tələbəlik illərimdən davam edən problemlər hələ də qalmaqdadır. İkinci problem tədris materiallarının olmamasıdır. Mən ssenariləri yazmaq üçün xeyli xarici mənbə araşdırıb oxumuşam. Digər tərəfdən bir neçə il öncə mənim həmmüəllifi olduğum bir kitab nəşr edildi, amma universitetlərdə onun tədrisinə imkan verilmədi. Bu da onun göstəricisidir ki, qaynaqlara çatımlılıq rahat deyil. Bu baxımdan həmin animasiyalar jurnalistlər üçün həm də mənbə rolunu oynayacaq. Ən bariz boşluqlardan digəri isə azad cəmiyyətin, azad fikirli və azad ruhlu insanların olmamasıdır. Azərbaycan kimi azad və peşəkar medianın basqılara məruz qaldığı ölkələrdə bu resurs çox faydalıdır.

- Animasiyalar neçə bölümdən ibarət olacaq və nə zamana qədər davam etdirilməsi düşünülür?

- İlk mərhələdə animasiyalar 10 epizod olacaq. Bu videoların bölüm əvəzinə epizod adlandırılmağının da səbəbi var. Bunlar jurnalistlərin qarşılaşacaqları epizodlardır. Animasiyalarda yer alan çətinlikləri jurnalist olaraq hər birimiz yaşayırıq. Bunların öhdəsindən gəlməkdə isə bu epizodlar bir növ mayak rolunu oynayacaq. İlk 10 epizodda biz əsas anlayışlar haqqında məlumatlar çatdırmağa çalışacaq və maraq doğurarsa, davam etdirəcəyik. Eyni zamanda biz izləyicilərin şərhlərini oxuyub, onların maraqlı fikirlərini dəyərləndirə bilərik. Bəlkə də onlardan hansısa maraqlı təklif gələcək.

- Təlimlərin təqdimatı üçün nəyə görə məhz animasiya üsulunu seçmisiniz?

- Təlimlərin animasiya vasitəsilə çatdırılması mənim qərarım olmasa da, ürəyimcə oldu. Çünki jurnalistika insanların informasiya almaq ehtiyacından yaranıb. Zamanla isə bu ehtiyac trendlərə uymağa çalışır. Hazırkı dövrün trendi isə multimediadır, yəni insanlar oxumadan izləyərək öyrənmək istəyirlər. Bu animasiyalarda da rənglərin seçimi insanın gözünü yormayacaq və marağına səbəb olacaq şəkildə seçilib. İnformasiyanın bu cür çatdırılması dinamiklik yaradır və onun daha asan qavranmasına kömək olur. Animasiyalardakı qəhrəmanlar - Leyla və Gündüz isə simvolik olaraq seçilib. “Leyla”nın mənası gecə deməkdir, yəni istənilən bir həqiqətin digər üzü də var. Bu iki qəhrəman fəaliyyətə yeni başlayan jurnalistlərdir və onlar səhv edib çətinliyə düşsə də, sonda bu səhvlərin öhdəsindən gələ bilirlər. Yəni animasiyalar jurnalistlərin yaşadıqları həyatın və ümimiyyətlə, Azərbaycan cəmiyyətinin güzgüsüdür.

- Epizodların məzmunları jurnalistikanın daha çox hansı sahələrini əhatə edir?

- Videoların məzmunları ilə bağlı danışsaq, əslində A-dan Z-yə hər şeyi əhatə etmək mümkün deyil. Jurnalistikada müzakirə ediləcək, incələnəcək xeyli məqamlar var. Hətta bəzən elə kiçik situasiyalar ola bilər ki, jurnalist həmin an hansı qərarı verəcəyini bilmir və veriləcək səhv qərar həm reportajda yer alan şəxsə, həm də jurnalistin özünə zərər vura bilər. Bu epizodlarda məhz bu cür detallara diqqət yetirməyə çalışmışıq. Eyni zamanda özümün 15 illik təcrübəm müddətində qarşılaşdığım dilemmaları xatırlamağa çalışıb yazdığım ssenarilərdə bunlardan bəhs etmişəm.

Müsahibə

“Mən Xocalıda anamın şəhid olduğu yerdən keçib erməni ilə birlikdə yaşaya bilmərəm”

Aytən Zamanova
26 Fevral 2021

Justice for Khojali

“Xocalıma, anamın şəhid olduğu yerə getmək istəyirəm”. "Toplum TV"-nin budəfəki müsahibi Milli Qəhrəman Tofiq Hüseynovun qızı Yasəmən Həsənovadır. Tofiq Hüseynov Xocalıda yaradılmış özünümüdafiə taborunun yaradıcılarından olub, daha sonra həmin taborun komandiri təyin edilib; “Mixaylo” ləqəbiylə tanınırdı.  Şahidlərin danışdığına görə, T.Hüseynov fevralın 26-da çox sayda dinc sakini Xocalıdan çıxara  bilib, 3 gün sonrasa sonuncu qumbarasını sinəsinə sıxaraq özü ilə bərabər yaxınlığındakı silahlı erməniləri də partladıb. O həlak olanda 37 yaşı vardı.  Xocalı hadisələri vaxtı həyat yoldaşı, qardaşı, ata-anası da qətlə yetirilib.   Azərbaycan Respublikası Prezidentinin 7 iyul 1992-ci il tarixli fərmanı ilə Tofiq Hüseynov "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. O,...
Müsahibə

Arif Əliyev: "Əli Həsənov deyirdi ki, diffamasiyanı qəbul etsək, küçədə qan su yerinə axacaq"

Aytac Məmmədli
20 Fevral 2021

Arif Əliyev - "Turan"

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib ki, komitə yaz sessiyası ərzində diffamasiya ilə bağlı dinləmə təşkil edəcək. O bildirib ki, mətbuat azadlığının gücləndirilməsi, beynəlxalq indekslərdəki problemlərin aradan qaldırılması üçün diffamasiya ilə bağlı məsələləri komitənin gündəliyinə daxil ediblər. Azərbaycan beynəlxalq təşkilatlar qarşısında diffamasiyanın dekriminallaşdırılması ilə bağlı öhdəlik götürsə də, bununla bağlı qanun layihəsi indiyə qədər parlamentdə müzakirəyə çıxarılmayıb. Bəs Azərbaycan diffamasiya ilə bağlı öhdəlikləri niyə yerinə yetirmir? “Toplum TV” bu və digər suallara aydınlıq gətirmək üçün Bakı Mətbuat Klubunun rəhbəri, jurnalist Arif Əliyevə müraciət edib. - Arif bəy, diffamasiya haqqında qanun çoxdandır ki, müzakirə olunur, niyə hələ də...
Seçilmiş Videolar