Müsahibə

Könül Şamilqızı: “Zelenski arı yuvasına çubuq uzadıb”

6 Fevral, 2021
2433

sosial media

Fevralın əvvəlində Ukrayna iqtidarı gözlənilməz  bir qərarla Rusiyaya informasiya müharibəsi elan etdi. Rusiya prezidenti Vladimir Putinin Ukraynadakı ən yaxın adamlarından Viktor Medvedçuka aid olduğu bilinən 3 televiziya kanalı və onlara bağlı bütün resursların fəaliyyətinin 5 il müddətinə dayandırılmasına qərar verildi.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarıyla bu kanallara, eyni zamanda onların rəsmi sahibi, Medvedçukun biznes ortağı, deputat Taras Kozakın bütün fəaliyyətlərinə sanksiya tətbiq edildi.

“Toplum TV” ciddi reaksiyalara səbəb olan bu qərarla bağlı Ukraynadakı prosesləri yaxından izləyən jurnalist Könül Şamilqızı ilə söhbət edib:

- Ukrayna prezidentinin bu radikal qərarlarını necə dəyərləndirirsiz? Motiv nədir, sizcə?

- Bir cümləylə ifadə etsək, Zelenski prezidentlik dövrünün ən ciddi siyasi qərarlarından birinə imza atdı. Daha da lakonikləşdirsək, Rusiyaya meydan oxudu. Hətta Poroşenkonun milliyyətçi və militarist siyasətinin ən yüksələn dövründə belə qərar verə bilmədiyi bir addım atdı. Çünki əslində 2018-ci ildə Medvedçukun 2 kanalına münasibətdə bu qərar Milli Təhlükəsizlik və Müdafiə Şurasına tövsiyə edilmiş, amma hərəkətə keçilməmişdi. Poroşenko indi hər nə qədər bu prosesin seçkiyə kölgə salınmasın deyə yarımçıq qaldığını desə də, Ukrayna siyasətini izləyən hər kəs bu televiziyaların və Kozakın əsas patronu Viktor Medvedçukun indiyə qədər toxunulmaz olduğunu bilir. Medvedçuk Ukraynanın müstəqilliyini qazanmasından etibarən ölkə siyasətində bütün siyasi oyunların əsas fiqurlarından biri olub və olmağa davam edir. Kuçma dövründə Prezident Administrasiyasına rəhbərlik edərkən də; Krımın və Donbassın işğalı əsnasında, Poroşenko iqtidarı dövründə güya arxa planda qalarkən də, Kremlin patronajlığıyla qurulan “Müxalifətçi Platforma-Həyat Uğrunda” partiyasının liderliyini üzərinə götürərkən də Putinin Ukraynadakı əsas adamıydı. Hələ də o statusdadır. Bilirsiz, Putin həm də Medvedçukun qızının xaç atasıdır. Yəni Medvedçuk Rusiya ilə birbaşa və qapalı kanallarla aparılan bütün danışıqların əsas aktyorlarından biridir. Buna Zelenskinin Putinlə əsir mübadiləsi anlaşması da daxildir.

- Zelenskinin özü də Medvedçukun bu rolundan istifadə edib deyirsiz yəni...

- Təbii ki. Ukrayna çox qəliz kombinasiyalarla idarə edilən, kimin kimlə dost-düşmən olduğunu anlamağın çox çətin olduğu bir ölkədir.

Medvedçuk toxunulmaz statusunu Poroşenko dövründə pərdə arxasında davam etdirməyə çalışırdı. Ancaq Zelenskinin iqtidara gəlməsiylə paralel olaraq səhnəyə çıxmağa başladı. Əvvəlcə Yanukoviç dövründən qalma Rusiya yönümlü siyasətçiləri ətrafına toplayaraq siyasi partiya quruculuğuna girişdi və “Müxalifətçi Platforma-Həyat Uğrunda” Partiyasının liderliyini əlinə aldı. Daha sonra isə ölkənin informasiya məkanını ələ keçirməyə başladı.
2019-un yayında Medvedçukun biznes ortağı, Rusiya yönümlü deputat-biznesmen Taras Kozak əvvəlcə xüsusilə Ukraynanın qərbində populyar olan ZIK kanalını aldı. Daha sonra isə əvvəlcədən də Medvedçukun de-fakto nəzarət etdiyi bilinən tanınmış media resurslarından “NewsOne” və “112” telekanalları da Kozaka satıldı. Kozakın ancaq xəbərlər və siyasi proqramlar yayımlayan bu televiziyalara ümumilikdə 20 milyon dollar ödədiyi bildirilir. Daha doğrusu, Kozakın deyil, Medvedçukun. Bu televiziyalar satıldıqdan dərhal sonra gözə batacaq şəkildə Medvedçuk və Rusiya təbliğatına başladılar. Kanalların əməkdaşlarının çoxu işdən qovuldu, yerinə Rusiya yönümlü jurnalistlər götürüldü. Maraqlıdır ki, yeni yaranan holdinqin rəhbərliyinə də seçkidə Poroşenkonun piarını apardığı üçün işdən qovulan «Pryamiy» kanalın keçmiş rəhbəri gətirildi.

Keçən il isə Medvedçukun “1+1” kanalında da payının olduğu ortaya çıxdı. Daha doğrusu, Medvedçukun xanımının Vircinya adalarındakı şirkəti vasitəsilə “1+1” kanalının hissələrinin 25 faizə yaxınını aldığı məlum oldu. Təbii ki, xanımının adına olan o şirkət işin sadəcə görünən tərəfidir.

Daha əvvəl Medvedçuk özü  ABŞ-ın 2014-cü ildə tətbiq etdiyi sanksiyalar səbəbilə bizneslə məşğul ola bilmədiyini, bu səbəbdən ticarət əlaqələrini həyat yoldaşının adıyla qurduğunu etiraf etmişdi. Yəni “1+1” kanalındakı hissələri də alan Medvedçuk idi. Burada maraqlı olan nüans isə kanalın əsas hissələrinin digər bir oliqarx, Donbass müharibəsi vaxtı Putinin düşmən elan etdiyi İqor Kolomoyskiyə aid olmasıdır. Ziddiyyətlər ölkəsinə aid daha bir misal da budur.
Təbii ki, Medvedçuk sadəcə informasiya məkanıyla da kifayətlənmədi. Son iki ildə Ukrayna mətbuatında Medvedçukun hüquq-mühafizə orqanlarını ələ keçirmək istiqamətində də addımlar atdığına dair iddialar səsləndirilib.

- Yəni Zelenski dövründə Rusiya Ukraynada güclənib demək mümkündürmü?

- Güclənib demək mümkün olmasa da, 2013-2015 arasındakı sarsılmış gücünü bərpa edib demək mümkündür. Düşünün, bu gün Ukrayna parlamentində birbaşa Rusiyadan idarə olunan 44 deputat var. Bu deputatlar Krımın işğalına qarşı çıxmır, Donbassdakı vəziyyəti vətəndaş müharibəsi sayır, Qərblə inteqrasiyaya qarşı çıxır, Rusiya ilə iqtisadi əlaqələrini günü-gündən artırır. Medvedçuk başda olmaqla, Rusiyadan idarə olunan oliqarxlar ölkə siyasətinə, idarəetməsinə, hüquq-mühafizə orqanlarının fəaliyyətinə təsir imkanlarını artırmağa çalışır.

Bundan əlavə, ölkədəki xəbər və siyasət proqramlarının çoxunu özündə cəmləyən telekanallardan ibarət böyük bir holdinq qurulub və bu holdinqin siyasəti Kremldə müəyyənləşir. Bu kanallar Donbassdakı müharibəyə vətəndaş müharibəsi deyir, Kremlin “ukraynalı faşistlər” təbliğatını davam etdirir, Ukrayna dilinə keçidlə bağlı spekulyasiyalar edir, Qərbə inteqrasiyaya qarşı çıxır. Zelenski iqtidarının  Donbassa sülh, əmin-amanlıq gətirmə, iqtisadiyyatı böhrandan çıxarma kimi vədlərini yerinə yetirə bilməməsi,  “Xalqın Xidmətçisi”nin reytinqinin gedərək sürətlə düşməsi, beynəlxalq birliyin Moskvaya qarşı sanksiyalarda ardıcıl olmaması, məsələn, AŞPA-da Rusiya heyətinin mandatının bərpası kimi addımlar da, təbii ki, ən çox Rusiya meylli güclərin işinə yarayır.

- Ukrayna iqtidarı buna niyə imkan verir?

- Əvvəla, dediyim kimi, Ukrayna ziddiyyətlər ölkəsidir. Sistem o qədər sadə çalışmır. Baxırsan ki, ən milliyyətçi görünən siyasətçinin belə dolayı yolla Moskva ilə bir bağı var. Və ya Rusiya ilə bağı olmasa belə, Ukraynada siyasətə təsir edən oliqarxlardan hansısa biriylə əlaqəsi var və bu əlaqə onun əlini-ayağını bağlayır. Ya da ölkədəki Rusiya tərəfdarı elektoratdan – ki, xüsusilə ölkənin şərqində bu elektorat həlledicidir, - səs, dəstək gözləntisi var, bu səbəbdən qıcıq yaratmamağa çalışır.  Xülasə, siyasi iradə çatmır. Bunu ittiham olaraq demirəm, əlbəttə. Rusiya kimi bir düşmənlə başa çıxmaq, ona qarşı iradə nümayiş etdirmək o qədər asan deyil.

- Bəs Zelenski niyə indi bu iradəni göstərmək qərarı verdi?

- Müxtəlif versiyalar irəli sürmək olar. Birincisi, Zelenskinin azalan reytinqi. Prezidentliyə mümkün namizədlər arasında hələ də ən yüksək reytinqi özündə saxlasa da, Zelenskinin dəstəyi gedərək azalır. Məsələn, keçən ilin dekabrında bu dəstək 27 faiz idisə, yanvarda 21 faiz oldu. Bu, şəxsən mənim üçün gözlənilməz bir şey deyil. Çünki Zelenski seçki vədlərinin, demək olar ki, heç birini yerinə yetirə bilməyib – bunun obyektiv səbəbləri də çoxdur, əlbəttə, amma xalqı o səbəblər çox da maraqlandırmır. Xalqı su və istilik tarifləri daha çox maraqlandırır, o da həll olunmur. Hələlik Zelenski yerli bələdiyyələrlə danışaraq tarifləri artırmamağa çalışır, amma bu, həll deyil. Tarif artımı, borclanma, etirazlar və yenə təxirə salma zənciri uzun müddət davam edə bilməz. Buna işsizliyi, iqtisadi böhranı, pandemiya böhranını, Donbassdakı vəziyyəti, Krımın işğal altında olmasını da əlavə etsək, Zelenskini o qədər də xoş günlər gözləmir.
Bir iddiaya görə, Zelenski komandası bu problemlərdən diqqət yayındırmaq və reytinqlərdəki azalmanı durdurmaq üçün Rusiyanın informasiya məkanını işğalına qarşı addım atmaq qərarına gəlib.
Başqa bir iddia ondan ibarətdir ki, Zelenski Putinlə “anlaşmalı düşmənçilik” münasibətinin mümkün olmadığının fərqinə varıb.

O, seçki kampaniyasına Poroşenkonun korrupsiya və oliqarxiya ilə mübarizə, tariflər, iqtisadiyyat və müharibə ilə bağlı siyasətini kəskin tənqidlə başlamışdı və Rusiya ilə konfliktə səbəb olacaq ritorikadan mümkün qədər yayınmağa çalışırdı. Hətta əksinə, məhbus mübasiləsi, əsir dəyişikliyi kimi addımlarla Putinlə əməkdaşlıq siqnalları verirdi. Rusiyanın təbliğat strukturları da Zelenskiyə çox “ilişmirdi”. Bu səbəbdən o dövrdə hətta Zelenskinin Rusiyanın layihəsi olduğunu iddia edənlər də vardı.  Amma məncə, seçki komandası Zelenskini Poroşenkonun milliyyətçi, militarist və anti-Rusiya ritorikasından uzaq duraraq daha çox dəstək qazanacağına inandırmışdı. Çünki Ukraynada Zelenskini iqtidara gətirən siyasi situasiya Poroşenkoya qələbə qazandıran situasiyadan çox fərqliydi. Poroşenko Rusiyanın aqressiyasının ən pik nöqtəyə çatması və bu səbəbdən Ukraynada anti-Rusiya əhval-ruhiyyəsinin və milliyyətçi duyğuların yüksəlməsi fonunda iqtidara gəlmişdi. Ukrayna inqilabdan yeni çıxmışdı, Krım işğal edilmişdi, Donbassda işğal başlamışdı, insanlar ölürdü, evini tərk eməyə məcbur qalırdı. Gözləntilər də daha çox bu istiqamətdəydi.
Zelenskinin prezidentlik mübarizəsinə başladığı dövrdə isə insanlar müharibədən və onun gətirdiyi əlavə problemlərdən yorulmuş, həll olunmayan iqtisadi problemlərdən daha da bezmiş və növbəti inqilabın onların istəklərini gerçəkləşdirməməsi səbəbilə xəyal qırıqlığına uğramışdılar.  Zelenski də bu insanlar üçün istər siyasi kimliyinin, istər açıq bir oliqarxik bağlantısının olmaması – hər nə qədər İqor Kolomoyskiy ilə əlaqəsi olduğu deyilsə də,  -istərsə də militarist və milliyətçi ritorikadan uzaq durmağa çalışmasıyla yeni “ağ atlı oğlan”idi.  Seçki prosesində bu faktorların hamısı rol oynadı. Putin də Zelenskiyə müəyyən qədər fürsət verdi. Ancaq keçən iki ilə yaxın müddətdə Zelenski və komandası Putinlə anlaşmağın mümkün olmadığını, Putinin əməkdaşlıq deyil, tam nəzarət və biət istədiyini görmüş oldu. Eyni zamanda Rusiyanın Ukraynada yenidən güclənməsinin özü üçün təhlükə olduğunu da. Zelenskinin bu reflekslə Medvedçuka - əslində Kremlə müharibə elan etdiyini düşünənlər də var.  

Başqa bir iddia da bu addımın Vaşinqtonun tələbiylə və ya ABŞ-dakı iqtidr dəyişikliyindən güc alaraq atılmasıdır. Qərardan əvvəl Ukrayna xarici işlər nazirinin ABŞ dövlət katibiylə telefon söhbətinə və ABŞ-ın Medvedçukun kanallarına qarşı sanksiyaları dərhal dəstəkləməsinə də bu iddianı gücləndirən arqumentlər kimi baxılır.  
Səbəb nə olursa-olsun,  ortada çox ciddi bir qərar var və məncə, bu xəmir hələ çox su aparacaq.

- Nə mənada?

- Əvvəla, qərar Ukraynanın öz daxilində belə birmənalı qarşılanmır. Rusiyanın Ukrayna mediası və siyasətində nümayişkəranə şəkildə güclənmə planıyla bağlı kimsənin tərəddüdü yoxdur, təbii ki. Hər kəs bu kanalların Rusiyanın təbliğat maşını olduğunun və Medvedçukun niyyətinin Ukraynanı yenidən Kremlin peykinə çevirmək olduğunun fərqindədir. Ancaq qərarın hüquqiliyi ilə bağlı suallar və başqa qüvvələrə münasibətdə də presedent ola biləcəyinə dair narahatlıqlar var.

- Qərarın hüquqiliyi nə baxımdan suallar yaradır?

- Ukrayna qanunvericiliyinə görə, Ukrayna fiziki və hüquqi şəxslərinə sanksiya tətbiq edilə bilməz. Bunun yalnız bir istisnası var – terrorizmlə əlaqə. Yəqin ki, Medvedçuk və Kozak bu qanunu əsas gətirərək məhkəməyə müraciət edəcək. Ukrayna iqtidarı o məhkəməyə güclü dəlillər təqdim edə bilməsə, uduzma ehtimalı böyükdür. Hərçənd bəzi iddialara görə, Kozakın Rusiya vətəndaşlığı var və bu, sanksiya üçün əsas ola bilər. Ancaq bunu sübut etmək o qədər asan deyil, çünki Rusiya bu barədə rəsmi kanallarla belə məlumat vermir. Bu situasiyada isə heç verməyəcək. Kozakla bağlı digər ciddi iddia da onun Donbass bölgəsindəki kömür mədənlərindəki qeyri-qanuni fəaliyyətləri və bu fəaliyyətlər nəticəsində əldə etdiyi gəlirlə terrorizmi maliyyələşdirməsidir. Bu, çox ciddi arqumentdir, amma yenə də dəlillərlə əsaslandırmaq lazım gələcək.
Digər tərəfdən, Ukraynadakı Rusiya yönlü qüvvələr bu qərardan öz elektoratı arasında təbliğat vasitəsi olaraq istifadə etməyə və vəziyyəti gərginləşdirməyə çalışacaq.
Müxalifət fraksiyası artıq Zelenskiyə imtiçment tələbini irəli sürəcəyini açıqlayıb.
Bütün hallarda Zelenski arı yuvasına çubuq uzadıb. Bu mərhələdən sonra geri çəkilmək onun özünə də, Ukraynaya da baha başa gələ bilər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Müsahibə

İH şöbə müdiri: Problem müharibə iştirakçılarının işsizliyidir

17 İyul 2022

Toplum TV

Qazi Elvin Cəfərovun Sabirabad rayon İcra Hakimiyyəti qarşısında özünü yandırmasından sonra Toplum TV icra başçısı Siraqəddin Cabbarova  iki  dəfə müsahibə üçün müraciət edib, ancaq başçı hər dəfə çox məşğul olduğunu bildirərək müsahibə verməyib. Suallara  Sabirabad rayon İcra Hakimiyyəti yanında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Müslüm Rzayev cavab verib. -Elvin Cəfərovdan başqa da Sabirabadda qazi intiharları olub. Sizcə niyə qazilər etiraz üçün son varianatı - intiharı seçirlər? - Özünü asan qazini nəzərdə tutursunuz yəqin. Onun da ailəsi intiharın səbəbi ilə bağlı müraciət edib, bizim rəhbərlik onları qəbul edib, dinləyib. Kim bu barədə soruşursa, öyrənmək istəyirsə,...
Müsahibə

Rasim Balayev AKİ-yə sədr seçildi

31 May 2022

açıq mənbədən götürülüb

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin ümumi yığıncağı baş tutub. Report-un xəbərinə görə, Xalq artisti Rasim Balayev ittifaqın sədri seçilib. Toplantını Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev açıb və ittifaqın sədrliyinə Rasim Balayev namizədliyinin irəli sürüldüyünü deyib. Anar Rzayev seçkinin açıq səsvermə ilə keçirilməsini təklif edib və onun təklifi qəbul olunub. Açıq səsvermə ilə Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni sədri seçilib. İttifaqın əvvəlki sədri Xalq yazıçısı Rüstəm İbrahimbəyov martın 10-da Rusiyada vəfat edib. O, Birinci Fəxri Xiyabanda dəfn olunub.

Seçilmiş Videolar

Toplum TV loqo