Müsahibə

“Mən Xocalıda anamın şəhid olduğu yerdən keçib erməni ilə birlikdə yaşaya bilmərəm”

Aytən Zamanova
26 Fevral, 2021
3065

Justice for Khojali

“Xocalıma, anamın şəhid olduğu yerə getmək istəyirəm”.

"Toplum TV"-nin budəfəki müsahibi Milli Qəhrəman Tofiq Hüseynovun qızı Yasəmən Həsənovadır.

Tofiq Hüseynov Xocalıda yaradılmış özünümüdafiə taborunun yaradıcılarından olub, daha sonra həmin taborun komandiri təyin edilib; “Mixaylo” ləqəbiylə tanınırdı. 

Şahidlərin danışdığına görə, T.Hüseynov fevralın 26-da çox sayda dinc sakini Xocalıdan çıxara  bilib, 3 gün sonrasa sonuncu qumbarasını sinəsinə sıxaraq özü ilə bərabər yaxınlığındakı silahlı erməniləri də partladıb. O həlak olanda 37 yaşı vardı. 

Xocalı hadisələri vaxtı həyat yoldaşı, qardaşı, ata-anası da qətlə yetirilib.  

Azərbaycan Respublikası Prezidentinin 7 iyul 1992-ci il tarixli fərmanı ilə Tofiq Hüseynov "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. O, Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.

Qızı Yasəmən Həsənova 1980-ci ilin mart ayının 8-də Xocalıda anadan olub. O, faciənin canlı şahidlərindəndir. 

-  Yasəmən xanım, Xocalı ilə bağlı yadınızda qalan xatirələrinizi bölüşə bilərsinizmi?

-  12 yaşına kimi uşaqlığım Xocalıda keçib. Çox gözəl təbiəti, tərtəmiz havası vardı. Qar yağanda soyuğu hiss etmirdik. Qonşu uşaqlarla yığışıb çaya getdiyimizi, kəklikotu yığdığımızı xatırlayıram. Çox xoş günlərimiz keçib Xocalıda. 12 yaşına kimi xoşbəxt uşaqlıq illərimi yaşamışam, valideynli illərimi yaşamışam. İndi çox ağırdır o günləri xatırlamaq.

-  Xocalıdan Bakıya gəlmə hekayəniz necədir?

-  Faciə baş verdikdən sonra Ağcabədinin Hindarx kəndinə gəldik. Orda qohumlarımız vardı. Onlar bizə qucaq açdılar. O evdə - Şahin əmigilin evində atamın yas mərasimi verildi. 40 gün biz o evdə qaldıq. Təkcə biz qalmadıq o evdə. Bir neçə ailə - 40 böyük, 25-26 uşaq vardı. Ailəmizdən sağ qalan bircə əmim idi. O biri əmim də şəhid olmuşdu. Onun iki övladı da yanımızdaydı. Əmim bizi Bakıya gətirdi, sahə müvəkkili idi. Özünün 3 qızı vardı, biz də 3 uşaq idik, bir də  şəhid olan əmimin 2 övladı - hamımıza əmim dəstək oldu. Onun həyat yoldaşı Şəfiqə xanım bizə ana nəvazişi göstərdi, öz övladlarından ayırmadı. Biz böyüdük, ailə qurduq. Daha sonra Leyla Əliyevanın təşəbbüsüylə bizə - hər iki valideynini itirənlərə ev verdilər. Hazırda həmin evdə yaşayıram. Həyat öz axarı ilə davam edir... Mən öz torpağımıza getmək istəyirəm, Xocalıya getmək istəyirəm. Düzdür, bizim üçün hər cür şərait yaradıblar. Amma mən yenə də mən öz torpağımıza qayıtmaq istəyirəm.

-  Atanız Tofiq Hüseynov Milli Qəhrəmandır. Onu necə xatırlayırsınız?

-  Atam mənim qürur yerimdir. Mən fəxr edirəm ki, Milli Qəhrəman Tofiq Hüseynovun qızıyam. Uşaq olsam da, yaxşı xatırlayıram atamın keçdiyi döyüş yolunu. Döyüş əməliyyatlarının birində körpə uşağı xilas etmişdi. Bəlkə də o uşaq indi sağdır, yaşayır. Onlar 3 gün meşədə suyun içində qalmışdılar. Evə gələndə uşağı evdən necə çıxarmasından, necə xilas etməsindən danışırdı. Elə həvəslə, fərəhlə danışırdı ki, sanki nağıla qulaq asırdım. Mənim üçün çox maraqlıydı. Həmin döyüş əməliyyatına 21 nəfər könüllü də qoşulmuşdu. Onlar da atamla getmişdilər. Atam bir çox əməliyyatda iştirak edib. “Mixaylo” ləqəbini ona Bozdağ əməliyyatından sonra vermişdilər. Hamı mənim atama inanırdı... Atama hərbi geyim çox yaraşırdı. Biz bilirdik ki, atam sağ qalmayacaq. Çünki atam həmişə deyirdi ki, hamı Xocalısız yaşasa da, mən yaşaya bilmərəm... Həmin il fevral 29 gün idi. Fevralın 29-u meşənin sıx yerinə çəkilərək özünü qumbara ilə öldürmüşdü. Şəhid oldu. Bunu ermənilərə əsir düşməmək üçün etdi. Çünki bilirdi ki, əsir düşsə, onu sağ buraxmayacaqlar. Ermənilər onu axtarırdılar. Martın 19-u anamın doğum günü idi. Elə bir gündə, yəni martın 19-u atamın meyitini Bakıya gətirdilər və onu Şəhidlər Xiyabanında dəfn etdilər. Bayram axşamı idi. Mənim yaşıdlarım tonqal üstündən atlanıb şənlənəndə mən atamı son mənzilə yola salırdım. Xocalı faciəsində mən hər iki valideynimi, babamı, hər iki nənəmi, əmimi, xalamı, xalamın iki övladını itirdim.

Biz qohumların, tanışlarım köməyi ilə o gecədən sağ-salamat qurtula bildik. Bacımın 10, qardaşımın 8 yaşı vardı. Biz bu gün özümüz valideynik, amma yenə də ürəyimiz valideyn həsrətiylə döyünür, ürəyimiz valideynlərimizi istəyir. Fevralın 25-dən 26-na keçən şəhid verdiyimiz əzizlərimizdən bir tək atamın məzarı var. O da Şəhidlər Xiyabanında dəfn olunub. Hər il fevralın 26-da biz atamın məzarı üstünə gedirik, eyni zamanda “Ana harayı” abidəsini də ziyarət edirik. Həmin günü hər zaman xatırlayırıq. Çox çətindir həmin gündən danışmaq. Elə bir dəhşətli gecə idi ki, heç kimə - nə qocalara, nə uşaqlara, nə cavanlara aman verdilər, hamısını vəhşicəsinə qətlə yetirdilər. 29 il keçsə də, biz yenə də o gecəni  xatırlayırıq. Bu gecə qar yağıb. Sanki həmin günləri yaşayıram mən. Tək mənim üçün yox, bütün Xocalılar üçün ağırdır.

-  44 günlük müharibə zamanı yəqin digər rayonlar kimi siz də Xocalının azad olunacağını gözləmisiniz. 

-  Bütün işğal olunmuş torpaqlar - bütün Qarabağ mənim üçün əzizdir. Ermənilərin ayağının altından qurtarıldı o torpaqlar. Mən Xocalının iki kəndinin işğaldan azad olunduğu xəbərini eşidəndə bilmirdim ağlayım, yoxsa gülüm. Övladlarım da mənə dedilər ki, ana, biz bilmirik ki, sən ağlayırsan, yoxsa gülürsən. Çox sevinirdim. Ümidim var ki, mən o sevinc hisslərini bir daha yaşayacam. Mən bilirəm. Mən dövlətimizə inanıram, prezidentimizə inanıram. Mən əsgərlərimizə inanıram. 

-  O cür ağır hadisələrdən sonra Xocalıya qayıtmaq haqqında düşünürsünüzmü?

-  Mənim bir arzum var - Xocalıma getmək. Anamın şəhid olduğu yerə getmək istəyirəm. Xocalıya gedib torpağı qucaqlamaq istəyirəm. Özü orda yoxdur, amma ruhunun orda olduğunu bilirəm. Ruhu məni duyacaq, hiss edəcək ki, mən gəlmişəm. Xocalıdakı  evimizə getmək istəyirəm. 12 yaşıma kimi yaşadığım uşaqlıq xatirələrimi yenidən yaşamaq istəyirəm. Düzdür, mən uşaqlığımı, gəncliyimi yaşaya bilmədim, amma yaşlılığımı Xocalıda yaşamaq istəyirəm. Mən cənab prezidentimizə, igid əsgərlərimizə güvənirəm. 44 günlük müharibə mənim üçün ümid doğurdu ki, Xocalıya gedəcəm. İnanıram ki, gedəcəm. Atam Xocalıda hərbi müəllim idi. Mən ibtidai sinif müəlliməsiyəm. Bir arzum var ki, Xocalıda atamın işlədiyi məktəbdə işləyim.

-  Xocalıya qayıda biləcəyiniz haqda nəsə bir məlumat verilibmi sizə? Əlaqə yaradılıb sizinlə?

-  Sorğu keçirilib. Biz də onlara müsbət cavab vermişik. Necə məsləhətdirsə, biz də onunla razıyıq. Amma vəziyyət belədir ki, əgər orada ermənilər yaşayacaqsa, mən gedib Xocalıda ermənilərlə birlikdə yaşaya bilmərəm. Mən anamın şəhid olduğu yerdən keçib erməni ilə birlikdə yaşaya blmərəm. Ümumiyyətlə, Xocalıda heç vaxt ermənilər olmayıb, yaşamayıblar. Xocalı mənim torpağımdır. Mən orada ermənilərlə birlikdə necə yaşaya bilərəm?

- Şagirdlərinizə Xocalı faciəsi haqda nə danışırsız? 

-  Mən hazırda 4 nömrəli Xankəndi məktəbində işləyirəm. Əvvəl Xocalı məktəbində işləyirdim. Hər il tədbirlər keçirirəm. Ondan əlavə, hər gün 5 dəqiqə də olsa, təkcə Xocalıdan yox, bütün Qarabağdan danışıram şagirdlərimə. Onlara Xocalıdan, orada keçən uşaqlıq xatirələrimdən danışıram. Şagirdlərimin bir neçəsi Xocalı haqqında şəkillər çəkirlər, mətnlər hazırlayırlar. Sanki oranı görüblər. Hətta şagirdlərim deyirlər ki, müəllimə, biz sizinlə Xocalıya gedəcəyik. Mən də onlara söz vermişəm ki, inşallah, Xocalı alınsın, sizi ora ekskursiyaya aparacam. Onlara uşaqlıqda gəzdiyim yerləri göstərəcəm. Həmişə qiyabi gördükləri yerləri əyani görsünlər deyə.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Müsahibə

İH şöbə müdiri: Problem müharibə iştirakçılarının işsizliyidir

Roza Məmmədova
17 İyul 2022

Toplum TV

Qazi Elvin Cəfərovun Sabirabad rayon İcra Hakimiyyəti qarşısında özünü yandırmasından sonra Toplum TV icra başçısı Siraqəddin Cabbarova  iki  dəfə müsahibə üçün müraciət edib, ancaq başçı hər dəfə çox məşğul olduğunu bildirərək müsahibə verməyib. Suallara  Sabirabad rayon İcra Hakimiyyəti yanında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Müslüm Rzayev cavab verib. -Elvin Cəfərovdan başqa da Sabirabadda qazi intiharları olub. Sizcə niyə qazilər etiraz üçün son varianatı - intiharı seçirlər? - Özünü asan qazini nəzərdə tutursunuz yəqin. Onun da ailəsi intiharın səbəbi ilə bağlı müraciət edib, bizim rəhbərlik onları qəbul edib, dinləyib. Kim bu barədə soruşursa, öyrənmək istəyirsə,...
Müsahibə

Rasim Balayev AKİ-yə sədr seçildi

31 May 2022

açıq mənbədən götürülüb

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin ümumi yığıncağı baş tutub. Report-un xəbərinə görə, Xalq artisti Rasim Balayev ittifaqın sədri seçilib. Toplantını Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev açıb və ittifaqın sədrliyinə Rasim Balayev namizədliyinin irəli sürüldüyünü deyib. Anar Rzayev seçkinin açıq səsvermə ilə keçirilməsini təklif edib və onun təklifi qəbul olunub. Açıq səsvermə ilə Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni sədri seçilib. İttifaqın əvvəlki sədri Xalq yazıçısı Rüstəm İbrahimbəyov martın 10-da Rusiyada vəfat edib. O, Birinci Fəxri Xiyabanda dəfn olunub.

Seçilmiş Videolar

Toplum TV loqo