Müsahibə

“Müstəqil Azərbaycanda xilaskar ordunun komandanının heykəlinin olmaması üzücü haldır”

15 Sentyabr, 2021
3658

Sosial Media


Sentyabrın 15-i Bakının erməni-bolşevik birləşmələrindən azad olunduğu gündür.
 
“Toplum TV” bu günlə əlaqədar tarixçi, tədqiqatçı-jurnalist Dilqəm Əhməddən müsahibə alıb.

Dilqəm Əhməd- Sosial media


 
- Dilqəm bəy, 1918-ci ildə Bakının işğaldan azad edilməsinin tarixi əhəmiyyətindən danışardınız, bu hadisə sonrakı proseslərə necə təsir etdi?
 
- Cümhuriyyət liderləri Bakının azad edilməsinin vacibliyinə sonralar məqalələrində dəqiq şəkildə toxunublar. Haqlı olaraq yazıblar ki, Bakının azadlığı 28 Mayda elan olunan istiqlalın əməldə həyata keçməsinin əsasını qoydu. Nəzərə alaq ki, istiqlal Tbilisidə elan olunmuşdu, amma faktiki Gəncə istisna olmaqla, demək olar ki, ölkə ərazisində hökmümüz keçmirdi. Bakı Şaumyanın əlində idi, Gəncəyə doğru hücuma hazırlaşırdı. Ona görə də Məmməd Əmin Rəsulzadə İstanbuldan hökumətə teleqram göndərmişdi ki, əgər Bakı alınmasa, xudahafiz Azərbaycan. Bakının azadlığı Cümhuriyyətin varlığını təsdiqlədi, növbəti illərdə qalib dövlətlər tərəfindən tanınmasının da əsası məhz bu gerçəkliklə başladı. Mən bir tarixçi olaraq əminliklə deyirəm ki, əgər Ənvər Paşa və Nuri Paşa olmasaydı, bu gün Azərbaycan adlı dövlətdən bəhs etməyimiz imkansız idi. Bakısız Azərbaycanı indinin özündə də təsəvvür etmək mümkün deyil, o dövrdə isə heç mümkün olmazdı. Ölkənin əsas sərvəti olan neft, limanlar, ticarət məhz Bakıda idi. Ona görə də Rəsulzadə “Bakısız Azərbaycan başsız bədən kimidir” deyə yazırdı.
 
- Bakı işğaldan azad edilməsəydi, sizcə, Cümhuriyyət möhkəmlənə biləcəkdimi?
 
- Əgər Bakı işğaldan azad edilməsəydi, əvvəla, Tbilisidə elan edilən dövlət qısa zamanda tarixdən silinəcəkdi. Bakıda bolşevik hakimiyyəti davam edəcəkdi, nəticədə Bakı və ətrafı bir quberniya şəklində Sovet Rusiyasına daxil ediləcəkdi və Azərbaycan adlı dövlət əbədiyyən olmayacaqdı. Gəncə quberniyası, Zəngəzur, Naxçıvan isə Ermənistanın tərkibinə veriləcəkdi. Azərbaycanlılar etnik xalq kimi kölə vəziyyətində yaşayacaqdılar. Bu, ən pis versiyadır. Ən yaxşı halda isə Azərbaycan muxtar vilayət şəklində bugünkü Dağıstan kimi olacaqdı.
 
- Sizcə, bu günün önəmi yetərincə təbliğ olunurmu?
 
- Bakının azad edilməsi indiyədək ən yüksək səviyyədə 2018-ci ildə, yüzüncü ildönümündə qeyd edilib. Ondan əvvəl isə bu şəkildə geniş qeyd olunmamışdı. Təbliğat baxımından tarixçilər öz öhdəliklərini yerinə yetiriblər. İstər Türkiyədə, istərsə də Azərbaycanda kifayət qədər kitab nəşr olunub, tarixi sənədlər tədqiq edilib. Hətta ötən il Türkiyədə Qafqaz İslam Ordusunun komandanlığının bütün sənədlərindən ibarət 500 səhifəlik sənədlər toplusu çap olundu. Həmin topluda nə qədər bizə məlum olmayan yeni bilgilər üzə çıxdı. Kifayət qədər sənədli filmlər də çəkilib. Araşdırmalar var, yetərlidir. Qafqaz İslam Ordusunun əsgərlərinin bölgələrimizdə olan məzarlarınadək tədqiqat aparılıb. Nəsiman Yaqublunun, Ədalət Tahirzadənin, Cəmil Həsənlinin, Musa Qasımlının, Akif Aşırlının və başqalarının maraqlı tədqiqatları var. Amma təbii ki, Türkiyədə daha çox tədqiq olunub. Çünki birinci əl qaynaqlar məhz oradadır. Hətta Qafqaz İslam Ordusu zabitlərindən Rüşdü bəyin, Süleyman İzzət bəyin xatirələri də var. Detallı şəkildə bütün proses tarixə köçürülüb. Şübhəsiz ki, tədqiqatlar bitib demək olmaz. Zamanla yeni qaynaqlar üzə çıxdıqca, bu tarixi hadisənin əhəmiyyətini daha çox dərk edəcəyik.
 
- Topluda üzə çıxan yeni bilgilər hansılar idi?
 
- Məsələn, həmin sənədlərdən öyrənirik ki, 1918-ci il mayın 19-da Qafqaza daxil olan Nuri Paşa Zəngəzurdan göndərdiyi şifrəli məktubda bölgə ilə bağlı ilk raportunu hazırlayıb. O, Qafqazdakı vəziyyəti bu şəkildə izah edib: “Dünən Qafqaza daxil oldum. Yaxşı qarşılandıq. Qarabağdakı yarım milyon əhalinin 45 faizi ermənidir. Ermənilər kamilən silahlanmışlar, əsgəri təşkilatları, elmi vəsaitləri vardır. Mühüm yolları təhkim, bəzi kəndlər arasında telefon əlaqəsi təsis ediblər. Müsəlmanların ancaq iki faizi silanlanmışdır. Öz aralarında qətllər olur. Ermənilər vəziyyətə hakimdirlər. Ermənilər 15-ə qədər müsəlman kəndini dağıdıblar. İngilis ordusunun imdadlarına yetişəcəklərinə qanedirlər”. Məktubun davamında Nuri Paşa silahlı birliklərin formalaşması üçün çoxlu pula ehtiyacı olduğunu və qərargahını Nuxa şəhərində quracağını bildirib. Təəssüf ki, o, azərbaycanlıların Qarabağda cüzi qisminin silahlı olduğunu və öz aralarında da qarşıdurmalar yaşandığını qeyd edib. Azərbaycan türklərinin Çar Rusiyası dövründə hərbi xidmətə aparılmamalarının ziyanlı tərəfi burada da özünü aşkar göstərib.
 
Yenə həmin sənədlərə görə, iyunun 12-də Nuri Paşa Gəncədəki erməni taboruna gün batımından iki saat öncəyə qədər silahı yerə qoymaları üçün vaxt verib, bu halda onların əhalidən hesab olunacaqlarını, sərbəst qalacaqlarını bildirib. Nuri Paşanın Qafqazda olarkən ən çox ehtiyat etdiyi məsələ Gəncə və Qarabağdakı silahlı ermənilərin Bakıdakı bolşevik hökumətinə dəstək verməsi idi. Ona görə də Gəncədən göndərdiyi raportda açıq şəkildə yazıb: “Gəncə və Qarabağ tərəflərdə yaşayan ermənilər bolşevik hərəkatında iştirak edərlərsə, vəziyyətimizin çox vahiməli olacağı və yüz minlərlə müsəlmanın qanının töküləcəyi mütləqdir”.
 
- Dilqəm bəy, uzun illərdir 15 sentyabrın Bakı günü elan edilməsini təklif edənlər var. Siz buna necə baxırsınız?
 
- 15 sentyabr Bakı günü elan edilməli, rəsmi tətil olmalıdır. Qafqaz İslam Ordusunun xatirəsinə muzey qurulmalı, Nuri Paşaya heykəl qoyulmalıdır. Qafqaz İslam Ordusu komandanlarından Cəmil Cahid Paşa, Nuri Paşa o zaman Qarabağda da olublar. Şuşa əhalisi onları təntənə ilə qarşılayıb. Bu il qismət oldu, ilk dəfə həmin tarixi hadisə
münasibətilə Şuşada da yürüş keçirildi. Bunlar önəmlidir. Amma əlbəttə ki, Türkiyə ilə münasibətlərimizin ən pik həddə olduğu bugünlərdə daha geniş miqyaslı tədbirlərə ehtiyac vardı. Amma unutmayaq ki, ilk dəfə olaraq Şuşada 15 sentyabrın qeyd olunması ölçüyəgəlməz bir olaydır.
 
- Hələlik Bakıda bu günlə əlaqədar hansısa tarixi abidə qoyulmayıb. Sizcə, belə bir abidəyə ehtiyac varmı və harada olmalıdır?
 
- Təəssüf ki, həmin hadisə ilə bağlı paytaxtda şəhidlərin xatirəsinə qoyulan abidədən başqa bir şey yoxdur. Qubada soyqırım qurbanlarının xatirəsinə gözəl bir kompleks tikilib. Bakıda da belə bir abidə olsa yaxşı olardı. Eləcə də Qafqaz İslam Ordusunun irəlilədiyi hər məntəqədə kiçik muzeylərin yaradılması yaxşı addım sayılardı. Sovet Azərbaycanında şəhərin ən görkəmli yerində və mart soyqırımı qurbanlarının məzarı üstündə işğalçı ordunun komandanı Kirova abidə qoyulmuşdu. Müstəqil Azərbaycanda xilaskar ordunun komandanının heykəlinin olmaması üzücü haldır. Nuri Paşa İkinci Dünya müharibəsi illərində də Bakının azadlığına çalışıb. Bu baxımdan bizim borcumuzdur ki, onun xatirəsini əbədiləşdirək.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Müsahibə

İH şöbə müdiri: Problem müharibə iştirakçılarının işsizliyidir

17 İyul 2022

Toplum TV

Qazi Elvin Cəfərovun Sabirabad rayon İcra Hakimiyyəti qarşısında özünü yandırmasından sonra Toplum TV icra başçısı Siraqəddin Cabbarova  iki  dəfə müsahibə üçün müraciət edib, ancaq başçı hər dəfə çox məşğul olduğunu bildirərək müsahibə verməyib. Suallara  Sabirabad rayon İcra Hakimiyyəti yanında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Müslüm Rzayev cavab verib. -Elvin Cəfərovdan başqa da Sabirabadda qazi intiharları olub. Sizcə niyə qazilər etiraz üçün son varianatı - intiharı seçirlər? - Özünü asan qazini nəzərdə tutursunuz yəqin. Onun da ailəsi intiharın səbəbi ilə bağlı müraciət edib, bizim rəhbərlik onları qəbul edib, dinləyib. Kim bu barədə soruşursa, öyrənmək istəyirsə,...
Müsahibə

Rasim Balayev AKİ-yə sədr seçildi

31 May 2022

açıq mənbədən götürülüb

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin ümumi yığıncağı baş tutub. Report-un xəbərinə görə, Xalq artisti Rasim Balayev ittifaqın sədri seçilib. Toplantını Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev açıb və ittifaqın sədrliyinə Rasim Balayev namizədliyinin irəli sürüldüyünü deyib. Anar Rzayev seçkinin açıq səsvermə ilə keçirilməsini təklif edib və onun təklifi qəbul olunub. Açıq səsvermə ilə Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni sədri seçilib. İttifaqın əvvəlki sədri Xalq yazıçısı Rüstəm İbrahimbəyov martın 10-da Rusiyada vəfat edib. O, Birinci Fəxri Xiyabanda dəfn olunub.

Seçilmiş Videolar

Toplum TV loqo