“Azərbaycanda cəmiyyət dəyişərsə, hakimiyyət də dəyişəcək”
“Toplum TV”nin budəfəki müsahibi "OYAN" hərəkatının idarə heyətinin üzvü Nahid Cəfərovdur.
O, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalara ofislərin verilməsi, iqtidarın siyasi dialoq təşəbbüsü və digər məsələrlə bağlı sualları cavablandırıb.
- Son zamanlar Azərbaycanın siyasi müstəvisində müzakirə edilən mövzulardan biri hakimiyyətin siyasi dialoq təşəbbüsü ilə bağlıdır. Sizcə, indiki durumda Azərbaycanda iqtidarla müxalifət partiyaları arasında belə bir dialoqun olması nə dərəcədə realdır?
- Bu suala cavab vermək üçün digər ölkələrdə dialoqla bağlı bəzi qanunauyğunluqları müəyyən etmək və onları Azərbaycanla müqayisə etmək istərdim. Bütün ölkələrdə hakimiyyətdə olanların istəkləri demək olar ki, eyni olur - hakimiyyətdə çox qalmaq və ya rəqiblərini məğlub etmək. Müxalifətlə dialoq demokratik ölkələrdə məcburiyyətdən doğur, humanistik və ya demokratik dəyərlərdən deyil. Bu ölkələrdə hakimiyyəti dialoqa məcbur edən 2 əsas səbəb var. Bunlardan ilki məsuliyyətin paylaşılmasıdır. Hakimiyyət son dərəcə əhəmiyyətli və həssas bir məsələyə dair qərar verdiyi zaman bütün məsuliyyəti üzərinə götürmək istəmir. Belə olan halda sabah müxalifət tərəfindən küncə sıxılmasın deyə müxalifətlə dialoqa başlayır və müxalifəti də bu prosesə cəlb etməyə çalışır. Digəri isə hakimiyyəti itirmə qorxusudur. Müxalifət son dərəcə güclü olduğu üçün hakimiyyəti dialoqa məcbur edir. Hakimiyyət də qorxudan buna getməyə məcbur qalır. Biz bunu Ermənistanda Sarkisyanı dialoqa məcbur edən Paşinyanın timsalında gördük.
Azərbaycanda İlham Əliyev hakimiyyətini dialoqa məcbur edən heç bir siyasi qüvvə mövcud deyil. Digər tərəfdən də İlham Əliyev avtoritar fiqurdur və ölkədə partiya institutunu dağıdıb. Belə olan halda müxalifətlə hansısa məsuliyyəti paylaşmaq ehtiyacı yaranmır. Yəni bu dialoq təşəbüsü olmasaydı müxalifət nə edəcəkdi, küçələrə axışıb İlham Əliyevimi dəyişəcəkdi? Əlbəttə, yox. Fikrimcə, bu dialoq müxalifət üçün yeni oyun qaydaları yaratmaqdan başqa bir şey deyil. Müxalifətin mübarizə qaydalarını da İlham Əliyev diktə edir. Demək istədiyi də budur ki, bu ölkə mənimdir və mənim ölkəmdə müxalifətçilik etmək istəyirsənsə, bu qaydalarla edəcəksən.
- Ümumiyyətlə siyasi dialoqdan söhbət gedirsə, bu proses necə olmalıdır? Bu dialoqlar çərçivəsində nə kimi addımlar atılmalı və hansı dəyişikliklər edilməlidir?
- Dialoq yuxarıda qeyd etdiyim kimi, məcburiyyətdən yaranmalıdır. Dünyanın heç bir yerində iqtidar müxalifətə qarşı humanist olmur, muxalifətdən və ya hakimiyyəti itirməkdən qorxduğu üçün dialoqa gedir. Dialoqda iştirak edənlər arasında qüvvələr balansı nisbi də olsa bir-birinə yaxın olur. Bizdə ilk addım üçün güclü müxalifət institutunu formalaşdırmaq lazımdır ki, bu institut da İlham Əliyevi dialoqa məcbur edə və şərtlərini diktə edə bilsin.
- Siyasi partiyaların bəzilərinə ofislərin verilməsi ilə bağlı nə düşünürsünüz? Sizcə, partiyaların dövlətdən hər hansısa təminatının olması onun fəaliyyətinə necə təsir edə bilər?
- Ofis və digər təminatların verilməsi mübarizə şərtlərindən biridir. Pulu verən də sifarişi verir. Partiya avtoritar bir siyasi hakimiyyətdən ofis, pul və ya vəzifə kimi müxtəlif güzəştlər əldə edirsə, o, İlham Əliyevlə sanki centlemen sazişi imzalayır. Bu səbəbdən də İlham Əliyevin büdcəni talamasına göz yumur, amma digər məmurları qorxmadan tənqid edir.
- Ümumiyyətlə, çoxpartiyalı bir quruluşdan söhbət gedirsə, ölkə daxilində baş verən siyasi proseslərdə də müxtəliflik, çeşidlilik açıq şəkildə gözə çarpmalıdır. Azərbaycanın siyasi partiyalarını bu tezis üzərindən qiymətləndirsək, hansı çatışmazlıqlar ortaya çıxar?
- Azərbaycanda siyasi partiya yoxdur. Siyasi partiyanı partiya edən iki şərt təmin olunmalıdır: Partiyanın fərqli ideoloji kursu və seçki institutu. Heç bir partiyanın fərqli ideoloji kursu yoxdur. Əvvəl ReAl partiya olmamışdan qabaq belə bir kurs ortaya qoya bilmişdisə, partiyaya çevriləndən sonra bunu itirmiş oldu. Bu səbəbdən də bir-birinə zidd olan addımlar atırlar. Seçki insitutunun da aqibəti hər kəsə bəllidir.
- İkinci Qarabağ müharibəsi dönəmində ölkədəki partiyaların tutduqları mövqeyi necə qiymətləndirirsiniz? Sizcə, xarici qüvvəyə qarşı aparılan müharibədə ölkə daxilindəki müxalif partiyaların mövqeyi obyektiv olmalıdır yoxsa bu qüvvəyə qarşı dövlətlə birlikdə mübarizə edilməlidir?
- Demokratiyanın gözəlliyi orada plüralizmin və rəngarəngliyin olmasıdır. Bizdə bu plüralizm siyasi mübarizədə demək olar ki, mövcud deyil. Digər tərəfdən II Qarabağ müharibəsində müxalifətin hansısa formada mübarizə aparmaq kimi bir imkanı olmayıb. Bəzi müxaliflər həmin dövrdə sadəcə hakimiyyəti tənqid etməyi dayandırdılar. Bu da normal və təbiidir.
- Azərbaycanda hansı ideologiyaya sahib siyasi partiyanın boşluğu açıq şəkildə hiss olunur və sizcə hazırkı reallıqla yeni partiyaların yaranmasına ehtiyac varmı?
- Azərbaycanda heç bir siyasi partiya ideoloji əsasda qurulmayıb. Siyasi partiyaları İlham Əliyevə nifrət edənlər və İlham Əliyevin hesabına dolanmaq istəyənlər olaraq iki qismə ayırmaq olar. Mübarizə ideoloji getmədiyindən insanlarımız liberalizmi və insan azadlığını əxlaqsızlıqla eyniləşdirir. Müxalifət partiyaları da bu insanlarla ölkədə demokratiya qurmaq istəyir. Məncə, Azərbaycanda bütün partiyalar özlərini buraxmalı, vahid bir hərəkat yaranmalı və bu hərəkat cəmiyyəti yalnız ideoloji mübarizəyə hazırlamalıdır. Cəmiyyət dəyişərsə, hakimiyyət də dəyişəcək. Azadlığı əxlaqsızlıq bilən və onu istəməyən bir toplumla azadlıq uğrunda mübarizə aparmaq olmaz.
“Mən Xocalıda anamın şəhid olduğu yerdən keçib erməni ilə birlikdə yaşaya bilmərəm”
Justice for Khojali
Arif Əliyev: "Əli Həsənov deyirdi ki, diffamasiyanı qəbul etsək, küçədə qan su yerinə axacaq"
Arif Əliyev - "Turan"
7 uşaqlı ana: “Demirik ki, bizə ət alsınlar. Deyirik ki, hər ay bir yeşik ərzaq versinlər”
İddia: “Polis kapitanı mənə dedi ki, bu dəqiqə paqonumuzu cırıb başına oyun açacağıq”
Könül Şamilqızı: “Zelenski arı yuvasına çubuq uzadıb”
"Paşinyan hakimiyyəti devrilsə, sərhədlərin açılması Türkiyənin də, Azərbaycanın da ziyanına işləyəcək”
İsa Qəmbər: “Xalq bu cür önəmli məlumatı erməni və rus mətbuatından öyrənməli deyil”