Müsahibə

“Qarşıda Əfqanıstanı uzunmüddətli vətəndaş müharibəsi gözləyir”  

Nigar Səmədli
3 İyul, 2021
1142

TRT World

“Toplum TV”-nin budəfəki müsahibi Əfqanıstan və Orta Asiya üzrə mütəxəssis Əsədullah Oğuzdur.  

Ə.Oğuz Əfqanıstanda doğulub, 1982-ci ildə - sovet qoşunları bu ölkəyə girəndən sonra Türkiyəyə gedib, daha sonra təhsil almaq üçün Almaniyaya yollanıb, təhsilini tamamladıqdan sonra bu ölkənin ordusunda Əfqanıstan və Orta Asiya üzrə mütəxəssis olaraq çalışıb, Almaniya Müdafiə Nazirliyi və NATO tərəfindən medallarla təltif edilib, ABŞ-ın keçmiş prezidenti Klinton tərəfindən təqdirnamə alıb; Əfqanıstan və Orta Asiyadan bəhs edən 4 kitabın, çoxsaylı məqalənin müəllifidir.  

- ABŞ və NATO qüvvələrinin Əfqanıstanı tərk etməsi ilə bağlı fikirləriniz necədir? Sizcə, ABŞ 20 ildən sonra niyə belə bir addım atdı?  

- ABŞ və NATO onsuz da Əfqanıstanda qalıcı deyildi. Müəyyən hədəflərə çatdıqdan sonra buranı tərk edəcəyini əvvəlcədən bildirmişdi. Məqsədlərdən biri “Əl-Qaidə”nin məhv edilməsi idi ki, bunu bacardı. İkincisi isə Əfqanıstanın yenidən qurulmasıydı, buna isə qismən nail olundu. Son 20 ildə yüzlərlə irili-xırdalı layihələr həyata keçirildi, 10-a yaxın yerli seçkilər keçirildi, milyonlarla qız məktəbə getməyə başladı, qadınlar seçkilərdə namizəd oldular. Hazırda Əfqanıstan parlamentində 60-a yaxın qadın millət vəkili, səfiri və naziri var. Əlbəttə, bunlar inkişaf göstəriciləridir, amma “Taliban”ın qayıtması ortaya çıxması ilə hər şey yenidən təhlükə altına düşüb.  

- Əfqanıstan cəmiyyəti bu xəbəri necə qarşıladı?  

- NATO və ABŞ-ın Əfqanıstandan çəkilmək qərarı, əlbəttə ki, xalqı çətin vəziyyətdə qoydu. Çünki nə Əfqanıstan cəmiyyəti, nə də hökumət buna hazırdır. Hazırda Kabildə hökumət hər an dağılacaq kimi görünür. Digər tərəfdən, müxtəlif etnik qruplar silah götürərək “Taliban”la müharibəyə hazırlaşırlar, ona görə ki, heç kim son 20 ildə qazandıqlarını itirmək istəmir. Vəziyyət belə davam edərsə, Əfqanıstanı uzunmüddətli vətəndaş müharibəsi gözləyir.  

Əsədullah Oğuz -  Sosial Media

- “Taliban”ın may ayından sonra hücumları artırdığı və ölkənin böyük bir hissəsini nəzarətə götürdüyü deyilir. Bu əməliyyatlarla bağlı proqnozlarınız nədir? ABŞ-ın ölkəni “Taliban”a buraxdığını söyləmək olarmı?  

- “Taliban”, demək olar ki, bütün ətraf əraziləri nəzarətdə saxlayır və bir çox iri şəhərə yaxınlaşıb. ABŞ-ın istədiyi “Taliban” və Əfqanıstan hökumətinin sülh razılaşması imzalaması və koalisyon hökumət qurmasıdır. Bu qədər güclənmiş “Taliban”la bu ehtimal çətin görünür. ABŞ və NATO Əfqanıstandan bezib. İndi onlar düşünürlər ki, ölkəni əfqanların öz ixtiyarına buraxmaq vaxtıdır. Amma ABŞ-ın “Taliban” tərəfindən məğlub edildiyi iddiaları doğru deyil. Çünki son 20 ildə “Taliban” heç bir böyük şəhəri ələ keçirə bilməyib, yalnız ucqar kənd yerlərində mövcud olub. Ancaq onu da qeyd edim ki, Əfqanıstan uzunmüddətli dövr üçün idarə edilməsi çətin olan coğrafiyadır. Nəticədə heç bir güc onu uzun zaman idarə edə bilməyib. Ancaq bu da məğlubiyyət demək deyil.  

- Əfqanıstan hökuməti “Taliban”la mübarizə üçün kifayət qədər gücə sahibdirmi?  

- Bəli, Əfqanıstan hökuməti və ordusu “Taliban”la mübarizə gücünə sahibdir. Ancaq problem ondadır ki, hökumətin özü iki yerə - puştunlara və şimaldakı qruplara bölünüb. Puştun tərəfi “Taliban”a daha çox rəğbət bəsləyir və ara-sıra onunla əlbir olur. Dr. Abdullahın rəhbərlik etdiyi şimal qrupları olan taciklər, özbəklər və hazaralarsa kəskin şəkildə “Taliban”a və dolayısıyla puştunlara qarşı çıxırlar. “Taliban”ın son hücumlarında Əfqanıstan ordusu bir çox bölgəni “Taliban”a döyüşsüz təslim edib. Deyilənə görə, prezident Qani “Taliban”ın şimala hakim olması və şimal qruplarını zəiflətməsi üçün onunla əməkdaşlıq edir. Əks təqdirdə “Taliban”ın bir aya 70 rayonu ələ keçirməsi mümkün olmazdı. Bir sözlə, Əfqanıstan dövləti birlikdə hərəkət edərsə, “Taliban”ı durdura bilər, ancaq bu birlik və inam yoxdur. 

 - “Taliban” bütün ölkəni ələ keçirərsə, ölkədə nə kimi dəyişikliklər baş verəcək? Əfqanıstanın gələcəyini necə görürsünüz? 

 - “Taliban”ın bütün ölkəyə hakim olmaq şansı azdır. Çünki o, ölkəyə təkbaşına hakim olarsa, bu dəfə Pakistan təsir gücünə sahib olacaq və digər ölkələrin Əfqanıstandakı maraqları təhlükə altına düşəcək. Bu səbəbdən də onlar “Taliban”ın təkbaşına hökmranlıq etməsini istəmirlər. Əfqanıstan üçün yeganə həll yolu “Taliban” da daxil olmaqla, koalisiya hökumətinin qurulmasıdır. Əks təqdirdə Əfqanıstan 90-cı illərdə olduğu kimi şimala və cənuba bölünəcək, vətəndaş müharibəsi yenidən alovlanacaq.

Müsahibə

İlham Əliyev Qarabağın statusu haqda: "Muxtariyyət artıq müzakirə mövzusu deyil"  

29 Sentyabr 2021

president.az

Sentyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransanın “France-24” televiziya kanalına müsahibə verib. Prezidenti məbtuat xidmətinə əsasən müsahibəni təqdim edirik: - Salam, “France-24” kanalında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə eksklüziv müsahibəyə xoş gəlmisiniz. O, bizə Bakıdan qoşulur. Cənab Prezident, “France-24” kanalında bizim qonağımız olduğunuz üçün çox sağ olun. - Fransız auditoriyası ilə danışmaq üçün mənə bu fürsəti verdiyinizə görə təşəkkür edirəm. - Ölkənizin 44 gün ərzində qalib gəldiyi Azərbaycan və Ermənistan arasında olan müharibənin başlanmasından düz bir il ötür. Keçən həftə BMT-də müharibə bitəndən bəri ilk dəfə hər iki ölkənin - Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri görüşdü. Bu, hər...
Müsahibə

Elman Fəttah: "Azərbaycanın Minsk qrupunu iqnor etməsi ağlabatan görünmür"

Vüsalə Mikayıl
24 Sentyabr 2021
“Toplum Tv”-nin bu dəfəki müsahibi siyasi şərhçi Elman Fəttahdır. O, son zamanlar Azərbaycanın Qarabağ münaqişəsi və qonşu ölkələrlə bağlı yürütdüyü xarici siyasəti şərh edib. Müsahibəni təqdim edirik. -Rusiyanın XİN başçısını müavini Andrey Rudenko deyib ki, Minsk qrupu həmsədrləriylə birgə Nyu-Yorkda Azərbaycan, Ermənistan XİN başçılarının görüşü gözlənilir. Minsk qrupu ölkələri təkidlə danışıqların bərpa olunmasına dair çağırışlar səsləndirirlər. ABŞ-ın Ermənistandakı səfiri də dəfələrlə Qarabağın statusunun müəyyənləşdirilməsi barədə fikirlər səsləndirib. Azərbaycan Minsk qrupu vasitəçiliyi ilə danışıqları bərpa etməlidirmi? Bu danışıqların tematikası nə ola bilər? Minsk qrupunu təklif edəcəyi yeni nələrsə varmı? Burada Dağlıq Qarabağın statusu da müzakirə mövzusu ola bilərmi? -ATƏT-in Minsk qrupu...
Seçilmiş Videolar