Müsahibə

“Qarşıda Əfqanıstanı uzunmüddətli vətəndaş müharibəsi gözləyir”  

Nigar Səmədli
3 İyul, 2021
989

TRT World

“Toplum TV”-nin budəfəki müsahibi Əfqanıstan və Orta Asiya üzrə mütəxəssis Əsədullah Oğuzdur.  

Ə.Oğuz Əfqanıstanda doğulub, 1982-ci ildə - sovet qoşunları bu ölkəyə girəndən sonra Türkiyəyə gedib, daha sonra təhsil almaq üçün Almaniyaya yollanıb, təhsilini tamamladıqdan sonra bu ölkənin ordusunda Əfqanıstan və Orta Asiya üzrə mütəxəssis olaraq çalışıb, Almaniya Müdafiə Nazirliyi və NATO tərəfindən medallarla təltif edilib, ABŞ-ın keçmiş prezidenti Klinton tərəfindən təqdirnamə alıb; Əfqanıstan və Orta Asiyadan bəhs edən 4 kitabın, çoxsaylı məqalənin müəllifidir.  

- ABŞ və NATO qüvvələrinin Əfqanıstanı tərk etməsi ilə bağlı fikirləriniz necədir? Sizcə, ABŞ 20 ildən sonra niyə belə bir addım atdı?  

- ABŞ və NATO onsuz da Əfqanıstanda qalıcı deyildi. Müəyyən hədəflərə çatdıqdan sonra buranı tərk edəcəyini əvvəlcədən bildirmişdi. Məqsədlərdən biri “Əl-Qaidə”nin məhv edilməsi idi ki, bunu bacardı. İkincisi isə Əfqanıstanın yenidən qurulmasıydı, buna isə qismən nail olundu. Son 20 ildə yüzlərlə irili-xırdalı layihələr həyata keçirildi, 10-a yaxın yerli seçkilər keçirildi, milyonlarla qız məktəbə getməyə başladı, qadınlar seçkilərdə namizəd oldular. Hazırda Əfqanıstan parlamentində 60-a yaxın qadın millət vəkili, səfiri və naziri var. Əlbəttə, bunlar inkişaf göstəriciləridir, amma “Taliban”ın qayıtması ortaya çıxması ilə hər şey yenidən təhlükə altına düşüb.  

- Əfqanıstan cəmiyyəti bu xəbəri necə qarşıladı?  

- NATO və ABŞ-ın Əfqanıstandan çəkilmək qərarı, əlbəttə ki, xalqı çətin vəziyyətdə qoydu. Çünki nə Əfqanıstan cəmiyyəti, nə də hökumət buna hazırdır. Hazırda Kabildə hökumət hər an dağılacaq kimi görünür. Digər tərəfdən, müxtəlif etnik qruplar silah götürərək “Taliban”la müharibəyə hazırlaşırlar, ona görə ki, heç kim son 20 ildə qazandıqlarını itirmək istəmir. Vəziyyət belə davam edərsə, Əfqanıstanı uzunmüddətli vətəndaş müharibəsi gözləyir.  

Əsədullah Oğuz -  Sosial Media

- “Taliban”ın may ayından sonra hücumları artırdığı və ölkənin böyük bir hissəsini nəzarətə götürdüyü deyilir. Bu əməliyyatlarla bağlı proqnozlarınız nədir? ABŞ-ın ölkəni “Taliban”a buraxdığını söyləmək olarmı?  

- “Taliban”, demək olar ki, bütün ətraf əraziləri nəzarətdə saxlayır və bir çox iri şəhərə yaxınlaşıb. ABŞ-ın istədiyi “Taliban” və Əfqanıstan hökumətinin sülh razılaşması imzalaması və koalisyon hökumət qurmasıdır. Bu qədər güclənmiş “Taliban”la bu ehtimal çətin görünür. ABŞ və NATO Əfqanıstandan bezib. İndi onlar düşünürlər ki, ölkəni əfqanların öz ixtiyarına buraxmaq vaxtıdır. Amma ABŞ-ın “Taliban” tərəfindən məğlub edildiyi iddiaları doğru deyil. Çünki son 20 ildə “Taliban” heç bir böyük şəhəri ələ keçirə bilməyib, yalnız ucqar kənd yerlərində mövcud olub. Ancaq onu da qeyd edim ki, Əfqanıstan uzunmüddətli dövr üçün idarə edilməsi çətin olan coğrafiyadır. Nəticədə heç bir güc onu uzun zaman idarə edə bilməyib. Ancaq bu da məğlubiyyət demək deyil.  

- Əfqanıstan hökuməti “Taliban”la mübarizə üçün kifayət qədər gücə sahibdirmi?  

- Bəli, Əfqanıstan hökuməti və ordusu “Taliban”la mübarizə gücünə sahibdir. Ancaq problem ondadır ki, hökumətin özü iki yerə - puştunlara və şimaldakı qruplara bölünüb. Puştun tərəfi “Taliban”a daha çox rəğbət bəsləyir və ara-sıra onunla əlbir olur. Dr. Abdullahın rəhbərlik etdiyi şimal qrupları olan taciklər, özbəklər və hazaralarsa kəskin şəkildə “Taliban”a və dolayısıyla puştunlara qarşı çıxırlar. “Taliban”ın son hücumlarında Əfqanıstan ordusu bir çox bölgəni “Taliban”a döyüşsüz təslim edib. Deyilənə görə, prezident Qani “Taliban”ın şimala hakim olması və şimal qruplarını zəiflətməsi üçün onunla əməkdaşlıq edir. Əks təqdirdə “Taliban”ın bir aya 70 rayonu ələ keçirməsi mümkün olmazdı. Bir sözlə, Əfqanıstan dövləti birlikdə hərəkət edərsə, “Taliban”ı durdura bilər, ancaq bu birlik və inam yoxdur. 

 - “Taliban” bütün ölkəni ələ keçirərsə, ölkədə nə kimi dəyişikliklər baş verəcək? Əfqanıstanın gələcəyini necə görürsünüz? 

 - “Taliban”ın bütün ölkəyə hakim olmaq şansı azdır. Çünki o, ölkəyə təkbaşına hakim olarsa, bu dəfə Pakistan təsir gücünə sahib olacaq və digər ölkələrin Əfqanıstandakı maraqları təhlükə altına düşəcək. Bu səbəbdən də onlar “Taliban”ın təkbaşına hökmranlıq etməsini istəmirlər. Əfqanıstan üçün yeganə həll yolu “Taliban” da daxil olmaqla, koalisiya hökumətinin qurulmasıdır. Əks təqdirdə Əfqanıstan 90-cı illərdə olduğu kimi şimala və cənuba bölünəcək, vətəndaş müharibəsi yenidən alovlanacaq.

Müsahibə

“Müstəqil Azərbaycanda xilaskar ordunun komandanının heykəlinin olmaması üzücü haldır”

Nigar Səmədli
15 Sentyabr 2021

Sosial Media

Sentyabrın 15-i Bakının erməni-bolşevik birləşmələrindən azad olunduğu gündür.   “Toplum TV” bu günlə əlaqədar tarixçi, tədqiqatçı-jurnalist Dilqəm Əhməddən müsahibə alıb. Dilqəm Əhməd- Sosial media   - Dilqəm bəy, 1918-ci ildə Bakının işğaldan azad edilməsinin tarixi əhəmiyyətindən danışardınız, bu hadisə sonrakı proseslərə necə təsir etdi?   - Cümhuriyyət liderləri Bakının azad edilməsinin vacibliyinə sonralar məqalələrində dəqiq şəkildə toxunublar. Haqlı olaraq yazıblar ki, Bakının azadlığı 28 Mayda elan olunan istiqlalın əməldə həyata keçməsinin əsasını qoydu. Nəzərə alaq ki, istiqlal Tbilisidə elan olunmuşdu, amma faktiki Gəncə istisna olmaqla, demək olar ki, ölkə ərazisində hökmümüz keçmirdi. Bakı Şaumyanın əlində idi, Gəncəyə doğru hücuma hazırlaşırdı....
Müsahibə

Əfqanıstanlı mütəxəssis: "Yaxın illərdə dünya yeni 11 sentyabra hazır olmalıdır" 

Nigar Səmədli
27 Avqust 2021

Əsədullah Oğuz - TRT World

"Toplum TV”-nin budəfəki müsahibi Əfqanıstan və Orta Asiya üzrə mütəxəssis Əsədullah Oğuzdur.    O, avqustun 26-da Əfqanıstanda baş verən terror hadisəsi, sülhməramlı qüvvələrin ölkədən təxliyə olunması və ölkədə yeni yaranan vəziyyətlə bağlı sualları cavablandırıb.   -Kabil hava limanında baş verən terror hadisəsini ABŞ sülhməramlılarının təxliyəsi ilə əlaqələndirmək olarmı?  -Əvvəllər də dəfələrlə demişəm ki, ABŞ Əfqanıstanı xaos və qarışıqlıq içində tərk etsə, şübhəsiz ki, bunun müəyyən nəticələri olacaq. Bu nəticələr ABŞ Əfqanıstanı tərk etməzdən əvvəl də ortaya çıxmağa başlamışdı. Hücumu kimin törətdiyinin əhəmiyyəti yoxdur. Əsas odur ki, Əfqanıstan yenidən terror ölkəsinə çevrilir. Dünyanın bir çox yerindəki radikal İslamçı təşkilatlar tezliklə Əfqanıstanda toplanacaq...
Seçilmiş Videolar