Müsahibə

Rais Rəsulzadə: “Babamla xeyli söhbət etdim”
 

Mira Rəcəbli
31 Yanvar, 2021
1540

Sosial media

“Rəsulzadənin ən böyük əsəri mövcud Azərbaycanımızdır”

Yanvarın 31-i dövlət xadim, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri olan Məmməd Əmin Rəsulzadənin doğum günüdür. Onun "Bir kərə yüksələn bayraq, bir daha enməz!" ifadəsi XX əsrdə Azərbaycan müstəqillik hərəkatının şüarı olub.


“Toplum TV” Məmməd Əmin Rəsulzadənin doğum günündə onun nəvəsi, əməkdar rəssam, Azərbaycan Siyasi Repressiya Qurbanları Assosiasiyasının sədri Rais Rəsulzadədən müsahibə alıb.


- Rais bəy, söhbətə xatirələrdən başlayaq. Atanız Azər bəy babanızla bağlı nələr danışırdı?


- Atamın danışdıqları nənəmin dediklərinə söykənirdi. 1920-ci ildə atasını həbs edib Moskvaya aparanda o, 3 aylıq körpə idi. Ona görə atamın babamla bağlı xatirələri olmayıb. 27 aprel çevrilişinin ertəsi günü həbslər, qarətlər başlamışdı, ziyalılarımıza küçə süpürtdürür, milyonerləri soyurdular.. Rəsulzadənin ailəsi üçün də çətin dövr başladı, uzun illər onunla bağlı kompromat yığdılar və sonra onların əsasında öz mənfur işlərini gördülər. Nənəmi həbs edəndə istintaq zamanı “Siz SSRİ-inin bir nömrəli düşməni olan Məmməd Əmin Rəsulzadə ilə yazışırsınız. Yazışmalar nə haqdadır?” soruşublar. Nənəm də cavab verib ki, o, mənim uşaqlarımın atasıdır, uşaqlar haqqında yazırdı. Onlar onsuz da məktubları oxuyurdular. Atamın böyük qardaşı Rəsulu həbs edib güllələdilər, atamgili 1937-ci ildə sürgün etdilər. Atam danışırdı ki, bizi məktəbdə incidirdilər, Rəsul məktəbdən gəlib deyirdi ki, yenə müəllimlər barmaqla məni göstərib “Bunlar xalq düşmənidir. Rəsulzadə elə, Rəsulzadə belə...” deyirlər. Atam həmişə söyləyirdi ki, siz bu danışılanlara inanmayın, o yaxşı adamdır, Azərbaycanın gələcəyi üçün çalışıb. Belə söhbətlər edirdi. Başqa onu deyirdi ki, babam uşaqlarına hədiyyələr, “posılka” və arada pul göndərirmiş. O, 1937-ci ilə qədər ailəsi ilə əlaqə saxlayıb, bizimkiləri sürgün edəndən sonra əlaqə kəsilib.


- Qiyabi olaraq tanıdğınız babanızda ən çox bəyəndiyiniz və təqdir etdiyiniz xüsusiyyətlər hansılardır?


- Nə qədər ki, Azərbaycan tarixi var, Rəsulzadə var və olacaq. Onu tariximizdən silmək mümkün deyil. Nə mən, nə atam Rəsulzadəni görmüşük, mən sürgündə anadan olmuşam. Mən nənəmi görməsəm də, atam deyirdi ki, o, bizi həmişə sakitləşdirirdi, onun əməlləri haqqında danışırdı. Mən də həmişə ailəmizdə onun adını eşitmişəm, amma pıçıltı ilə öz aramızda danışırdıq. Onun adını çəkmək belə yasaq idi. Mən boya-başa çatanda maraqlandım ki, o kimdir. Elə bilirdim ki, üzdə olan nüfuzlu adamdır, qoçaqdır və sairə. Amma orta və ali məktəbdə tarixlə maraqlananda gördüm, Azərbaycan tarixində Rəsulzadənin dediklərindən sitatlar gətirilir ki, Lenin elə, Rəsulzadə isə belə deyir. Onda mən dedim ki, bu elə-belə adam deyil və başladım dərindən öyrənməyə. Rəsulzadə haqqında çox materiallar var. O sadə adam deyil ki, onun hər hansı keyfiyyətləri haqqında danışaq. Rəsulzadə Azərbaycan dövlətinin qurucusudur. Rəsulzadə Azərbaycan mədəniyyətinin çox böyük, görkəmli simalarından biridir. Böyük dövlət xadimidir. Rəsulzadə Azərbaycan bayrağının yaradıcısıdır. Azərbaycançılıq ideyasının atasıdır və Azərbaycan azadlıq ideologiyasının, azadlıq məfkurəsinin yaradıcısıdır və həmin məfkurə elə indi də inkişaf edir. Nəhayət Rəsulzadə böyük demokratiya ideyalarının müəllifidir, dünyəvi simadır. Bunu onun nəvəsiyəm deyə demirəm. Siz də onun nəvəsisiniz. Rəsulzadə fəxrimizdir, tariximizdir və onu dərindən öyrənmək vacibdir. Bir-iki cümlə ilə onu tanıtmaq yerinə düşməz, ona hörmətsizlik olar. Rəsulzadə həqiqətən böyük simadır. Hər birimizin fəxridir. Onunla dostluq edən Seyid Tağızadə deyirdi ki, Rəsulzadə dürüst, qüvvətli məntiq sahibi, sözü bütöv, öz ideyalarına böyük inam bəsləyən biri idi və axırda əlavə edir ki, belələrinə bizim zamanda nəinki şərqdə, hətta dünyada rast gəlinməz. Belə şəxsiyyəti olan xalq xoşbəxtdir. Rəsulzadə haqqında Amerikada, Kanadada, Fransada, İngiltərədə, Türkiyədə, Almaniyada, Rusiyada, hətta Yaponiyada kitablar dərc olunur, məqalələr yazılır, onun ideyaları ilə maraqlanırlar, amma bizdə şanlı keçmişimizə bir az başqa cür münasibət var. Tokio Universitetinin professoru gözlərindən yaş axa-axa məndən soruşurdu ki, bəs niyə belə? Mən də deyirdim ki, hər şey yaxşı olacaq və hər şey öz yerini tutacaq.


- Necə düşünürsünüz, Azərbaycanda Məmməd Əmin Rəsulzadə irsi yaşadılırmı?


- Yaşadılır. Rəsulzadənin 130 illiyində prezident İlham Əliyev sərəmcam vermişdi ki, onun əsərləri latın qrafikası ilə çap olunsun. Ondan qabaq rəhmətlik Şirməmməd Hüseynov onun 5 cildlik irsini çap etdirdi. Qalan 5 cildini də Nəsiman Yaqublu hazırlayır. Rəsulzadənin çox yerdə dəyərli yazıları var. Bütün məhrumiyyətlərə baxmayaraq o bir an belə dayanmırdı, ömrünün axırınacan Azərbaycanın azadlığı uğrunda mübarizə aparırdı və inanırdı ki, qalib olacaq, onun ideyaları yaşayacaq. Onun ən böyük əsəri mövcud Azərbaycanımızdır.


- Rais bəy, rəssam kimi əsərləriniz dünyanın bir çox ölkələrində sərgilənib. Məmməd Əmin Rəsulzadəyə ya Cümhuriyyət dönəminə aid əsərləriniz də varmı?


- Rəsulzadəyə aid mən 1-2 portret çəkmişəm, amma axır vaxtlar xəstələndiyimdən həkimlər daha çox havada olmağı məsləhət görürlər. Havanın mülayim olduğu vaxtlarda çıxıb mənzərə filan işləyirəm və Azərbaycan təbiətini tərənnüm edirəm.


- Respublikanın süqutuna həsr olunan "Son iclas" sənədli filmində babanızı siz oynamısınız. Filmlə bağlı təəssüratlarınız necə oldu?


- Mən dinc duran biri olmamışam. Hətta mənim həmkarlarım arada zarafatla deyirlər: “Sən bütün bunları necə çatdırırsan? Həm rəssamlıq edirsən, həm dərs deyirsən, həm də ictimai işlərə baş qoşursan. Bir qıraqda dayanıb ancaq rəssamlıqla məşğul ol”. Tutalım siz müraciət etmisiniz və necə olar ki, mən Rəsulzadə haqqında danışmayım? Və yaxud başqası gəlir ki, film çəkmək lazımdır, filan konfrans var və s. Xalq Cümhuriyyətinin yüz yaşı olanda tədqiqatçı Nəsiman Yaqublu ilə birlikdə xaricdə 13 yerdə olduq. Filmə gəlincə, oturmuşdum və birdən zəng gəldi ki, Rəsulzadə haqqında film çəkirik, sizə də rol vermək istəyirik. Dedim ki, mən ssenarini oxumamış razılıq verə bilmərəm. Ssenarini oxuduqdan sonra gördüm ki, saxta şeylər yoxdur və hər şey yerindədir. O zaman sual verdim: “Niyə məni seçdiniz?” Cavab verdilər ki, çox adamı dəvət etmişdik, amma siz ona oxşadığınızdan daha uyğun gəlirsiniz. Film Türkiyədə çəkildi. Çox maraqlı alınmışdı. Camaat maraqla baxırdı. Görüşəndə hamı öz fikrini deyirdi ki, çox yaxşıdır, təsirlidir.


- Siz həm də pedaqoq kimi fəaliyyət göstərirsiniz. Fəaliyyətiniz dövründə Məhəmməd Əmin Rəsulzadənin nəvəsi olaraq tələbələriniz tərəfindən hansı maraqlı suallarla qarşılaşmısınız və ya unutmadığınız bir xatirəniz olubmu?


- Mən müəllim olmaq istəmirdim, amma İbrahim müəllim vardı, o dedi ki, sabah yanıma gəl, səninlə işim var. Pedaqoji Universitetin qarşısında maşın saxlamağa icazə olmayan yerdə avtomobilini saxladı və birbaşa rektorun yanına getdik. O, məni göstərib dedi ki, bu adam burada işləməlidir, bu bizə lazımdır. Çıxanda buna etiraz etsəm də, razı olmadı və dedi ki, lazım olanda mən səni buraxacağam. Kollektivə öyrəşdim və uşaqlarla işləmək də maraqlı idi deyə orada qaldım. Sovet dövründə Rəsulzadənin adı yasaqlanmışdı. Bir dəfə təzə rus qrupuna dərsə girəndə dekan məni təqdim etdiyində “Uşaqlar, Rais müəllim Məhəmməd Əmin Rəsulzadənin nəvəsidir” dedi, o an uşaqlardan “ooo” – deyə bir gurultu qalxdı. Uşaqlar məni tanıyırlar və müəyyən tədbirlər olanda yaxınlaşırlar, görüşlərə dəvət edirlər, suallar verirlər, maraqlanırlar, hətta universitet və fakültə miqyasında Rəsulzadə ilə bağlı müəyyən tədbirlər keçirirlər.


- Rəsulzadənin Türkiyədə yerləşən məzarını dəfələrlə ziyarət etmisiniz. Torpaqlar alınandan sonra babanızın qəbrini ziyarət edib, təəssüratlarınızı onunla paylaşmaq imkanı olubmu?


- Mənim hər zaman arzum olub ki, Türkiyəyə gedib, babamın məzarını ziyarət edim, onunla görüşüm, amma imkan yox idi. 1997-ci ildə şans yarandı və bir qrup gənc rəssamı İstanbula göndərdilər. Mən İstanbulda fürsətdən istifadə edib Ankaraya getdim. 1949-cu ildə Rəsulzadənin yaratdığı Milli Kültür Dərnəyini tapıb, oradakılarla görüşdüm və onlar məni babamın məzarına apardılar. Ora gedəndə kövrəldim. Ordakılar kənara çəkilərək məni tək qoydular, babamla xeyli söhbət etdim. Sonradan ara-sıra Ankaraya gedirdim, gördüm ki, ora nəinki azərbaycanlılar, bütün türk dünyasının nümayəndələri gəlir, Krım tatarları, Axıska türkləri, Qazaxıstandan, Tatarıstandan, Türkiyənin hər yerindən ora gəlirlər. Təsəvvür edin, heç bir qəbristanlıqda küçə adı yoxdur, amma orada “28 may sokağı” var və o küçə ilə düz gedəndə məzarın üstünə çıxırsan. İldə 2-3 dəfə orada tədbirlər keçirirlər. Məzarını ziyarət etməyə gəlincə, karantinə görə heç rayona getmək olmur, qaldı ki Türkiyəyə getmək. Türkiyədə də karantinlə bağlı vəziyyət yaxşı deyil.
 

Müsahibə

Ukraynada girov götürülən azərbaycanlı: “Sağlamlığımda, xüsusən də ürəyimdə problemlər yaranıb”

Məzahir Abdurahmanov
28 Aprel 2022

Toplum Tv

Hüseyn Abdullayev 2019-cu ildə Mariupul Dövlət Universitetinə qəbul olunub. 2 il qiyabi təhsil aldıqdan sonra 2021-ci ildə əyani oxuya bilmək üçün Ukraynaya gedib. Müharibənin 22-ci günündə Ukraynadan çıxmaq istəyərkən rus ordusu tərəfindən girov götürülüb. “Toplum TV” Hüseyn Abdullayevlə müsahibəni təqdim edir. - Hüseyn, müharibənin başladığı ilk günlərdə Ukraynanı tərk etməməyinizin, 22 gözləməyinizin səbəbi nədir? - Müharibə başlamamışdan əvvəl bizə xəbərdarlıq edildi. Bir çox şəxs ölkəni tərk etdi. Mən düşündüm ki, müharibə çox davam etməz. Ona görə də ölkəni tərk etmədim. Sonradan şəhəri tərk etmək istəsək də bizi buraxmadılar. Söylədilər ki, çıxsanız ruslar qoymayacaq. Ona görə də məcbur qaldıq orda. -Müharibə...
Müsahibə

Anar Natiqoğlu: “Bəziləri deyir ki, səfirliyə zəng çatmır, əlaqə saxlamaq mümkün deyil, yalandır”

Məzahir Abdurahmanov
28 Fevral 2022

Sosial Media

“Ukraynanı özümüzə ikinci vətən sayırıq, heç yerə getmək fikrimiz yoxdur” "Bəziləri deyir ki, səfirliyə zəng çatmır, əlaqə saxlamaq mümkün deyil, yalandır. Biz onlarla mütəmadi əlaqədəyik". "Birlik" Odessa azərbaycanlıları diaspor təşkilatının sədr muavini, Ukraynada yaşayan keçmiş jurnalist Anar Natiqoğlu "Toplum TV"-yə müsahibəsində belə deyir. "Toplum TV” onunla müsahibəni təqdim edir. -Hazırda Ukraynada, xüsusilə də Odessada vəziyyət necədir? -Odessada vəziyyət yaxşıdır, sakitlikdir. Dünən axşam saatlarında siqnal səsi veriləndən sonra bir-iki partlayış səsi eşidildi. Onda da dedilər ki, hava hücümundan müdafiə qurğuları işə düşüb. Partlayış səslərindən sonra heç nə olmayıb. Səhər saatlarından da sakitlik davam edir. - Orada yaşayan azərbaycanlıların təhlükəsizliyi baxımından hansı...

Seçilmiş Videolar

Toplum TV loqo