Müsahibə

Rasim Balayev: “40 yaşımdan sonra illər uçub getdi”

Nigar Səmədli
9 Avqust, 2021
1240

Baku Book Center

“Toplum TV” bugünlərdə 73 yaşı tamam olan xalq artisti Rasim Balayev ilə həmsöhbət olub.

Xalq artisti, Azərbaycan Dövlət mükafatı laureatı Rasim Balayev 1948-ci il avqustun 8-də Ağsuda anadan olub.

1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirən aktyor ilk dəfə Bakı kinostudiyasında "Ulduzlar sönmür" filmində kiçik rolda çəkilib. Oynadığı "Nəsimi", "Babək", "Dədə Qorqud" kimi filmlərindəki rollarla isə məşhurluq qazanıb.

- Rasim bəy, 73 ili geridə qoydunuz. Necə keçdi bu illər?

- Təxminən 40 yaşıma qədər illərin necə keçdiyini hiss edirdim. Ondan sonra Qarabağ probleminin başlaması, SSRİ-nin dağılması kimi hadisələr baş verdi. Bir də gözümü açıb gördüm ki, illər keçib gedib. 40 yaşımdan sonra illər uçub getdi.

Rasim Balayev gənclik illərində - Açıq mənbələrdən götürülüb

- Xeyli rolda oynamısınız. İndi geriyə baxanda hansı rollardan imtina edərdiniz, ya hansı rolları fərqli oynamaq istərdiniz?

- Teatrdan fərqli olaraq kino çəkilərkən çoxlu məşq edilir və bir neçə dubla çəkilir. Rejissor da onun ən yaxşısını seçir. Çəkildiyim filmlərin bəzi yerlərini fərqli oynamaq istərdim, amma təəssüf ki, bu mümkün olan şey deyil.

- Azərbaycan kinosunun bugünkü durumu necə, sizi qane edirmi?

- Yox, etmir. Xeyli də səbəbi var.

- Sizcə, problem tam olaraq nədədir?

- Pis-yaxşı, sovet dönəminin ən azından qanunları vardı. Həmin dövrdə təsadüfi adamlar kino çəkə bilməzdi. Elə ən yaxşı cəhəti də bu idi. Bu gün isə yoldan keçən, kinonun montajını, qayda-qanunlarını bilməyənlərin hamısı kino çəkir. Kino deyəndə mənasız teleseriallar çəkirlər. Köhnə nəsildə peşəkar, Dövlət Kinematoqrafiya İnstitutunu bitirən adamlar var idi. İndi orada oxuyan yoxdur. Bu gün toy çəkənlər film çəkir. Hər adam film çəkəcəksə, daha nə oldu? Hər yoldan keçən əməliyyat edə bilmir, amma kino çəkə bilir. Ona görə də onun məhsulu tamaşaçıları qane etmir. İnkişaf etmək üçün illər lazımdır. Nəsil, tələblər, şərait dəyişib. Düşünürəm ki, zaman yenə sənətkarlar yetişdirəcək.

"Nəsimi" filmindən kadr - Açıq mənbələrdən götürülüb

- Digər sahələr kimi kino sahəsi də texnoloji yeniliklər sayəsində rəqəmsallaşır. Durmadan gedən bu inkişafa Azərbaycan kinosu ayaq uydura bilirmi?

- Doğrudur, indi elə texnikalar ortaya çıxıb ki, təəccüblə baxırıq. Biz yüksəkdən səhnələri çəkmək üçün vertolyotdan istifadə edirdik, onun da titrəməsi hiss olunurdu. İndi onların yerini dronlar alıb, rəqəmsal effektlər və s. ortaya çıxıb. Amma kinodakı əvvəlki səmimiyyət yoxdur. Mən 1950-60-cı illərin filmlərinə təkrar-təkrar baxıram. Onlardakı səmimiyyət indiki filmlərdə görünmür.

- Rasim bəy, səhhətiniz hazırda necədir?

- Səhhətim pis deyil. Belimdə, yerişimdə müəyyən problemlər var. O vaxt atdan yıxılmışdım, o da yaşlandıqca öz fəsadlarını göstərir. Amma ciddi bir xəstəliyim yoxdur, yola verirəm gedir.

- Artıq ekranlarda əvvəlki qədər sıx görünmürsünüz. Necə demək olar, Rasim Balayev kinodan gedib, yoxsa bugünkü Azərbaycan kinosu Rasim Balayevdən keçib gedib?

- Mən özüm getdim. İndiki ssenarilərdə mən lazım deyiləm. Televiziyalara da dəvət edirlər, getmirəm. Görürəm ki, səviyyəsiz və mənasız verilişlər, ssenarilərdir, ona görə də getmirəm. Hər bir sənət əsərinin insanlara dediyi söz, fikir olmalıdır. Bu da yoxdur. Çox təəssüf edirəm ki, belədir.

 

Müsahibə

Elman Fəttah: "Azərbaycanın Minsk qrupunu iqnor etməsi ağlabatan görünmür"

Vüsalə Mikayıl
24 Sentyabr 2021
“Toplum Tv”-nin bu dəfəki müsahibi siyasi şərhçi Elman Fəttahdır. O, son zamanlar Azərbaycanın Qarabağ münaqişəsi və qonşu ölkələrlə bağlı yürütdüyü xarici siyasəti şərh edib. Müsahibəni təqdim edirik. -Rusiyanın XİN başçısını müavini Andrey Rudenko deyib ki, Minsk qrupu həmsədrləriylə birgə Nyu-Yorkda Azərbaycan, Ermənistan XİN başçılarının görüşü gözlənilir. Minsk qrupu ölkələri təkidlə danışıqların bərpa olunmasına dair çağırışlar səsləndirirlər. ABŞ-ın Ermənistandakı səfiri də dəfələrlə Qarabağın statusunun müəyyənləşdirilməsi barədə fikirlər səsləndirib. Azərbaycan Minsk qrupu vasitəçiliyi ilə danışıqları bərpa etməlidirmi? Bu danışıqların tematikası nə ola bilər? Minsk qrupunu təklif edəcəyi yeni nələrsə varmı? Burada Dağlıq Qarabağın statusu da müzakirə mövzusu ola bilərmi? -ATƏT-in Minsk qrupu...
Müsahibə

“Müstəqil Azərbaycanda xilaskar ordunun komandanının heykəlinin olmaması üzücü haldır”

Nigar Səmədli
15 Sentyabr 2021

Sosial Media

Sentyabrın 15-i Bakının erməni-bolşevik birləşmələrindən azad olunduğu gündür.   “Toplum TV” bu günlə əlaqədar tarixçi, tədqiqatçı-jurnalist Dilqəm Əhməddən müsahibə alıb. Dilqəm Əhməd- Sosial media   - Dilqəm bəy, 1918-ci ildə Bakının işğaldan azad edilməsinin tarixi əhəmiyyətindən danışardınız, bu hadisə sonrakı proseslərə necə təsir etdi?   - Cümhuriyyət liderləri Bakının azad edilməsinin vacibliyinə sonralar məqalələrində dəqiq şəkildə toxunublar. Haqlı olaraq yazıblar ki, Bakının azadlığı 28 Mayda elan olunan istiqlalın əməldə həyata keçməsinin əsasını qoydu. Nəzərə alaq ki, istiqlal Tbilisidə elan olunmuşdu, amma faktiki Gəncə istisna olmaqla, demək olar ki, ölkə ərazisində hökmümüz keçmirdi. Bakı Şaumyanın əlində idi, Gəncəyə doğru hücuma hazırlaşırdı....
Seçilmiş Videolar