Müsahibə

Şahin Cəfərli: "Ermənistan prosesləri gecikdirməyə çalışsa da, axırda icra etməyə məcbur olacaq"

Vüsalə Mikayıl
18 Avqust, 2021
1609

Sosial Media

Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərindən ibarət üçtərəfli işçi qrupu avqustun 17-də yenidən işə başlayıb. Üçtərəfli danışıqların yenidən bərpası və gələcək fəaliyyəti ilə bağlı məsələləri  “Toplum Tv” siyasi-şərhçi Şahin Cəfərli ilə müzakirə edib.

- Rusiya,Azərbaycan və Ermənistan baş nazir müavinlərindən ibarət üçtərəfli işçi qrupu avqustun 17-də yenidən işə başlayıb. Yaxın gələcəkdə üçtərəfli formatda aparılan danışıqlar nəticəsində vacib qərarın verilməsi gözlənilirmi? Bu görüşlər sülh müqaviləsinin bağlanması  ilə nəticələnə bilərmi? 

- Bu danışıqlar Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasını nəzərdə tutmur. Konkret olaraq 10 Noyabr 2020-ci il tarixli bəyanat və bu bəyanatdan irəli gələn 11 yanvar 2021-ci il tarixli Moskva razılaşmalarının həyata keçirilməsi üçün təşkil edilib. Yəni əsas məqsəd bölgədəki kommunikasiya əlaqələrinin yaradılması və bərpası üçündür.  

- Danışıqların əsas məğzində kommunikasiyaların açılması durur. Ermənistan isə hələ də Zəngəzur avtomobil yolunun çəkilməsinə etiraz edir. Danışıqlar nəticəsində Ermənistan öz mövqeyini dəyişə bilərmi və ya hər hansı bir yumşalma göstərə bilərmi?

- Təbii ki, göstərə bilər. Çünki bu razılaşmaların altında Rusiyanın da imzası var və o, bu razılaşmaların həyata keçməsini istəyir. Yəni bölgədəki nəqliyyat və kommunikasiyaların bərpası ilk növbədə Rusiyanın geostrateji maraqları çərçivəsində baş verəcək. Burada Azərbaycanın da maraqlarını qeyd etmək lazımdır. Zəngəzur yolunun açılması, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın digər bölgələri arasında birbaşa avtomobil əlaqələrinin yaradılması bizə də faydalı olacaq.  Düzdür, Ermənistan bu prosesləri nə qədər gecikdirməyə çalışsa da, axırda icra etməyə məcbur olacaq. Çünki Ermənistanın Rusiyanın iradəsinə qarşı çıxmağa gücü yoxdur və təzyiqə uzun müddət tab gətirə bilməz. 

Rəsmi səhifə

- Ermənistanla Azərbaycan arasında kommunikasiyaların açılması ilə Rusiya nə əldə edəcək?

- Zəngəzur dəhlizi birbaşa Rusiyanın nəzarətində olacaq və Rusiya sərhəd qoşunları tərəfindən qorunacaq.  Həmin yoldan  istifadə isə Rusiyanın icazəsi ilə baş tutacaq. Zəngəzur yolunun açılması faktiki olaraq regionda Rusiyanın təsirini və əlindəki rıçaqları artıracaq. Əlbəttə ki, bu baxımdan məsələ Rusiyanın maraqları çərçivəsindədir. Digər tərəfdən Zəngəzur yolu açılmadan Azərbaycan öz ərazisi üzərindən Rusiyaya Ermənistanla birbaşa əlaqəyə girməyə imkan verməyəcək.  Zəngəzur yolunun açılmasına Ermənistan razılıq verməlidir ki, Azərbaycan vasitəsilə Rusiya-Ermənistan ticarət və digər məqsədlər üçün əlaqələri baş tutsun. Sovet dövründə mövcud olan dəmiryol əlaqələrinin bərpası ideyası da var. Həmçinin Qazax-Yerevan dəmiryol xəttinin bərpası da gündəmdədir. Rusiya ilə Ermənistan arasında əlaqə hazırda Gürcüstan vasitəsilə həyata keçirilir.  Amma həmin ərazi qış aylarında donur. Avtomobillərin hərəkəti ya mümkün olmur, ya da çətinləşir. Bu baxımdan Rusiya üçün ilin bütün fəsillərində çox rahat işləyəcək bir dəmiryolu xəttinin olması önəmlidir.

- Ermənistan və Azərbaycan  arasında düşmən ritorikası qalmaqdadır və hələ də atəşkəs tam olaraq bərpa edilməyib. Sülh müqaviləsi imzalanmadan kommunikasiya xətlərinin bərpasından danışmaq nə dərəcədə realdır?

- Əslində, bu çox məntiqsizdir. Ermənistan bizim ərazi bütövlüyümüzü tanımır, iki dövlət arasında diplomatik əlaqələr yoxdur. Amma digər tərəfdən nəqliyyat əlaqələrinin bərpa olunması istənilir. Yəni burada bir məntiqsizlik var. Ona görə də Azərbaycanın mövqeyində çox haqlıdır. Rəsmi Bakı Yerevanla ilk növbədə sülh müqaviləsinin şərtlərini razılaşdırıb onu imzalamaq istəyir ki, sonradan əlaqələrin bərpasının önündə hansısa bir əngəl dayanmasın. Amma mən belə düşünürəm ki, Rusiya Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalamadan kommunikasiya xətlərinin bərpası mövqeyindədir.  Əvvəlcədən imzalanmış 10 noyabr və 11 yanvar razılaşmalarına əsasən işlərin həyata keçirilməsi niyyətindədir. 

Zəngəzur - Açıq mənbələrdən götürülüb

- Sülh müqaviləsi imzalanmadan Ermənistan və Azərbaycan arasındakı kommunikasiya xətlərinin təhlükəsizliyinə necə  zəmanət vermək olar? Burada hansı təhlükəsizlik mexanizmlərindən istifadə edilməlidir?

- Anlaşmalarda bunlar qeyd olunub. Laçın dəhlizinin təhlükəsizliyi Rusiya sülhməramlılarının nəzarətindədir, Zəngəzur dəhlizi isə Rusiya sərhəd qoşunları tərəfindən qorunur.  Mahiyyətcə hər ikisi Rusiyanın nəzarətində olacaq. 

- Yəni, Azərbaycan və Ermənistan vəziyyətə nə dərəcədə müdaxilə edə biləcək?

- Faktiki olaraq, Azərbaycanın və Ermənistanın həmin yollara nəzarət və ya müdaxilə etmək hüquqları olmayacaq. 
 

Müsahibə

Memar: “Hərbi Qənimətlər Parkı memarlıq nümunəsi kimi dəmir yığınını xatırladır”

Roza Məmmədova
26 Yanvar 2022

Toplum TV

“Orta əsr Şirvan memarlığını Hadruta gətirməyin nə mənası var?” Toplum TV-nin bu dəfəki müsahibi gənc memar Dilqəm İsmayılovdur. - REAL Platforması Mədəniyyət Komitəsi bu il ölkədə ən yaxşı və ən pis memarlıq nümunələrini seçmək üçün müsabiqə elan edib. Müsaqibədə münsif heyətində siz də təmsil olunursunuz. Sizə görə ən yaxşı və ən pis memarlıq nümunəsi hansılar oldu? - Əslində, müsabiqə memarlar üçün yox, vətəndaşlar üçün elan edilib. Mənə görə Ağ Şəhərdəki ofis binası son illərin ən seçilən binasıdır. Bundan başqa Səməd Vurğun küçəsində yerləşən Tibb Universitetinin Tədris Cərrahiyyə korpusunun binası isə uğursuz alınıb, heç xəstəxanaya oxşamır. Pis nümunər isə həddən çoxdur. -...
Müsahibə

Klinik psixoloq: “Bir pasiyentim qonaqları çimizdirməmiş qonaq otağına buraxmırdı”

Aytac Məmmədli
12 Yanvar 2022

Açıq mənbələrdən götürülüb

“Toplum TV” Psixologiya Elmi-Tədqiqat İnstitunun əməkdaşı, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin klinik psixoloqu Fuad Əsədovla müsahibəni  təqdim edir. - Fuad bəy, Azərbaycanda bir stereotip var, kiməsə psixoloqa getmək məsləhət görüləndə ya dəli olmadığını sübut etməyə çalışır, ya da psixoloqa getdiyini gizlətməyə. Nədir sizcə bunun səbəbi və bu yanaşma tərzini necə dəyişmək olar? - Son zamanlar bu məsələdə müsbətə doğru dəyişiklik hiss olunur. Əvvəllər psixoloqa "dəli həkimi" damğası qoyurdular. Düzdür, bu, indi də davam edir. Amma nə biz həkimik, nə də el arasında dəli deyilən adamlarla işləyirik. Yəni həmin söz birləşməsinin heç bir tərəfi bizim üçün keçərli deyil. Bizim tətbiq elədiyimiz...
Seçilmiş Videolar