Şahin Cəfərli: “Razılaşmanın tez və asan əldə olunacağını gözləmirəm”
Toplum TV
Politoloq Şahin Cəfərli Tehran-Vaşinqton münasibətlərinin perspektivi və bunun regiona təsiri ilə bağlı “Toplum TV”-nin suallarını cavablandırıb.
- Şahin bəy, 40 il bundan əvvəl İranda ABŞ səfirliyinin əməkdaşlarını girov götürmüşdülər və bu, iki ölkə arasında uzun illər davam edən siyasi böhrana, daha dəqiq desək, düşmənçiliyə gətirib çıxarmışdı. Bugünki İran 40 il əvvəlkindən nə ilə fərqlənir?
- İranda 1979-cu ildə qurulmuş rejim indi də iş başındadır. Həmin hadisə inqilabdan dərhal sonraya təsadüf edir. Yeni yaranmış İran İslam respublikası mövqelərini möhkəmləndirmək üçün daha aqressiv addımlar atmağa özünü məcbur hiss edirdi və ölkə daxilində Böyük Britaniyanın, Amerikanın və digər xarici güclərin təsirini azaltmaq istiqamətində siyasət aparırdı. Bu hadisə də həmin aqressivliyin nəticəsi idi. Təbii ki, o dövrlə müqayisədə aqressivliyin müəyyən dərəcədə azaldığını qeyd edə bilərik, rejim indi özünə daha arxayındır. Bügünkü İranda Amerika səfirliyi yoxdu, hansısa Qərb ölkəsinin səfirliyinə hücum, diplomatların girov götürülməsi və ya bu cür hadisələrin olması da istisnadır.
- Son vaxtlar ali dini rəhbər Əli Xameneinin öz yerinə oğlu Mojtabayı gətirəcəyi barədə ehtimallar səslənir. Sizcə, bu, nə dərəcədə realdır?
- İranda qapalı rejim hökm sürür, daxildə baş verən hadisələrdən tam məlumatlı deyiləm. Ona görə də ali dini rəhbərin yerinə kimin gələcəyini söyləmək də çətindir. Təbii ki, özünün vəsiyyəti olacaq. Məncə, həmin şəxsin kim olacağını heç İranda da dəqiq bilmirlər. Adı çəkilən bir çox şəxslər var və bunlardan biri də İran məhkəmə sisteminin rəhbəri İbrahim Rəisidir. Onun adı daha çox hallanır. Rəisi rejimə sadiq və çox sərt mövqeli şəxslərdən biridir.
- Qasım Süleymaninin öldürülməsindən 1 il keçir. Bu hadisə həm İran hakimiyyətinin, həm də xalqın kəskin reaksiyasına səbəb olmuşdu. Sizcə, Süleymaninin yoxluğu hakimiyyət daxilində baş verənlərə təsirini davam etdirirmi, yoxsa artıq “daşlar yerinə oturub”?
- Məncə, Süleymaninin qətli İranın regional siyasətinə daha çox təsir edib. O, İranın regional mövqelərinin möhkəmləndirilməsində ciddi rol oynayırdı. Qasım Süleymani Orta Şərqdə, xüsusilə də İraqda və Suriyada yerli müxtəlif qruplarla çox yaxın əlaqələr qurmuş nüfuzlu şəxs idi. O, həm həbçi idi, həm də diplomat kimi fəaliyyət göstərirdi. Bu baxımdan düşünürəm ki, İran regional siyasətdə Qasım Süleymaninin yerini doldura bilməyib. Süleymani yaşasaydı, rejimə xidmət edən nüfuzlu hərbçilərdən biri kimi ali dini rəhbərin varisinin təyin edilməsində ciddi təsirləri ola bilərdi.
- Keçən ilin sonlarında fizika və nüvə alimi Möhsün Fəxrizadənin öldürülməsinə də reaksiya sərt oldu, rəsmi Tehran intiqam alacağını açıqladı. Sizcə, İranın qisası nə ola bilər?
- İranda nüvə alimlərinin öldürülməsi birinci dəfə deyil. Sirr deyil ki, İsrail kəşfiyyatı İranın nüvə proqramında rol oynayan alimləri vaxtaşırı aradan götürür. Tehrandan bu tip bəyanatları tez-tez eşidirik: “intiqam alınacaq”, “Onlara cəza veriləcək”, “Onları peşman edəcəyik”. Qeyd etdiyim kimi, bunun praktikada ciddi nəticəsini görmürük.
- Amerikanın yeni prezidenti Co Bayden İranla münasibətləri normallaşdırmaq istəyir. Bu, İranla Rusiya arasında əməkdaşlığa necə təsir edəcək? Onların müttəfiqliyi zəifləyə bilərmi?
- Əslində, İran və Rusiyanı müttəfiq adlandımaq nə qədər doğrudur - bu özü sual doğuran məsələdir. Müttəfiq ölkələr bərabər hərəkət edirlər. Tutaq ki, hər hansı xarici hücum olarsa, ona bərabər cavab verirlər. Ən azı hərbi səviyyədə İranla Rusiya arasında hər hansı bir müttəfiqlik yoxdur. Sadəcə olaraq iki ölkə arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Xüsusilə iqtisadi sahədə əməkdaşlıq mövcuddur. Rusiyanın İranın nüvə proqramına da keçmişdə müəyyən köməyi olub. O ki qaldı Amerika-İran münasibətlərinin bərpasının İran-Rusiya münasibətlərinə təsirinə, mən düşünürəm ki, bunun elə bir xususi neqativ təsiri olmayacaq. İran üçün Rusiya qiymətli tərəfdaşdır, Rusiya üçün də İran. İranın Amerika ilə münasibətlərində hər hansı irəliləyiş olması o demək deyil ki, Rusiya ilə münasibətlərini zəiflədəcək. Mən düşünürəm ki, bu münasibətlərin inkişafı daha çox gözləniləndir. Xüsusən də Avrasiya İqtisadi İttifaqı ilə yaxınlaşma müşahidə edirik. İstisna deyil ki, gələcəkdə - ən azı ilkin mərhələdə İranın Avrasiya İttifaqına müşahidəçi üzv qismində qəbulu da gündəmə gələ bilər. Bu baxımdan, əlbəttə, İran-Amerika münasibətlərindəki hər hansı inkişaf İran-Rusiya münasibətlərinin zəifləməsinə gətirib çıxarmayacaq. Hətta 2018-ci ildə İranla Avrasiya İqtisadi İnkişafı arasında Azad Ticarət Zonasının yaradılması haqqında saziş də imzalanıb. Məncə, xüsusən də Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlardan, o cümlədən Azərbaycan və Ermənistan arasında kommunikasiyaların açılmasından sonra İran-Rusiya tərəfdaşlığı daha da güclənəcək. Bilirsiz ki, kommunikasiyalarla bağlı razılaşmalarda Ermənistanla İran arasında Azərbaycan ərazisi vasitəsilə əlaqə qurulması məsələsi də öz əksini tapıb. Ermənistan və İran dəmir yollarının Naxçıvan vasitəsilə birləşdirilməsi ideyası da gündəmdədir. Bu baxımdan mən düşünürəm ki, İran, Ermənistan və Rusiya arasında münasibətlər daha da inkişaf edəcək.
- Pandemiyanın yaratdığı problemlər İran hakimiyyəti üçün ciddi başağrısına çevrilə bilərmi? Sosial və siyasi etirazlar gözlənilirmi, sizcə?
- İranda son illər vaxtaşırı bu tip etirazlar müşahidə edilib. Sosial-iqtisadi problemlər yenə də öz kəskinliyini qoruyur. İstisna etmirəm ki, İranda bu zəmində yenidən etirazlar baş verə bilər. Əgər Amerika ilə münasibətlərdə normallaşma baş verərsə, yeni hökumət Tramp dönəmində tətbiq olunmuş sanksiyaları ləğv edərsə, İranın neft ixracına yenidən icazə verilərsə, bunlar İranda sosial-iqtisadi duruma müsbət təsir göstərə bilər. Yəni İranın ixracat imkanları genişləndikcə, gəlirləri də artacaq və gəlirlərin bir qismini sosial-iqtisadi problemlərin həllinə yönəldə biləcək. Düşünürəm ki, İrandaxili proseslərin inkişafı da daha çox Amerika-İran münasibətlərinin gedişatından asılı olacaq.
- İran İslam İnqilabı Keşikçiləri Korpusunun artıq daxili siyasətdə də güclənməsi hakimiyyətin ruhanilərdən onlara keçməsi ehtimalını da gücləndirirmi?
- İran İslam İnqilabı Keşikçiləri Korpusu hər zaman İran daxilində çox önəmli bir güc mərkəzi olub. Heç vaxt İranın daxili və ya xarici siyasətində kənar sturktur kimi fəaliyyət göstərməyib. Bilalvasitə daxildə rejimin əsas dayağıdır. İranın son illər regionda öz nüfuz dairəsinin genişləndirilməsində həlledici rol oynayıb. Bu struktur əslində ruhani hakimiyyətinin, Vilayəti-Fəqih sisteminin İran daxilində əsas dayağıdır. Bunların əsas funksiyalarından biri rejimi qorumaqdır. Həmin stuktur da bu vəzifənin öhdəsindən uğurla gəlib. Bundan sonra İran İslam İnqilabı Keşikçiləri Korpusunun daha da güclənməsini müşahidə edəcəyik. İranda muhafizəkar qüvvələrin təsiri və nüfuzu artdıqca o da ölkə sistemində öz aparıcı rolunu qoruyub saxlayacaq.
- Keçən ay İran yenidən uran yanacağı istehsalına başlayacağını bəyan etdi. Bu fonda Baydenin nüvə anlaşmasını bərpa etmək təşəbbüsü nə qədər real görünür?
- Amerika nüvə anlaşmasından çıxdıqdan sonra İran da mərhələ-mərhələ nüvə sazişindən çəkilib və uranı yüksək həddə zənginləşdirməyə başlayıb. Bu baxımdan düşünürəm ki, razılaşma əldə olunması asan olmayacaq. Məsələn, İran tərəfi təklif edir ki, müzakirəyə başlamağa hazırdır, amma öncə Amerika Tramp dövründə tətbiq olunan sanksiyaları ləğv etsin. ABŞ isə bununla razılaşmır və bildirir ki, məsələ dialoqun gedişində çözülə bilər, yəni danışıqlarda irəliləyiş əldə olunarsa, sanksiyaları ləğv etməyə hazırdırlar. Yəni tərəflərin əvvəlki şərtlərlə bu sazişə yönəlməsi elə də asan görünmür. Bundan başqa, İranın raket proqramı həm Amerikanın, həm də İsrailin narahatlığına səbəb olur. Danışıqların gedişində bu məsələ də gündəmə gələcək. İran qəti şəkildə öz raket proqramını ləğv etməyəcəyini və proqramdan geri çəkilməyəcəyini bəyan edir. Əslində, çox mürəkkəb məsələdir, amma burda önəmli məqam ondan ibarətdir ki, hər iki tərəf danışıqlara meyllidir və şübhə yoxdur ki, tərəflər masaya oturacaqlar. Amma tez bir müddətdə, asanlıqla razılaşma əldə olunacağını gözləmirəm. Məsələn, ABŞ-ın Demokrat Partiyası İran məsələsinin məhz dialoq və əməkdaşlıq çərçivəsində həllinə tərəfdardır, Respublikaçılar Partiyası isə əksinə, İrana qarşı sanksiyaların tətbiq olunmasını, bunun nəticə verməyəcəyi halda hərbi gücün tətbiq edilməsini istəyir. Düşünürəm ki, Bayden qarşıdakı 4 ildə İranla hər hansı bir razılaşma əldə olunmasına çalışacaq. Demokratlar hesab edirlər ki, Trampın ötən 4 ildə apardığı siyasət heç bir nəticə verməyib. Əksinə, İran nüvə silahını yaratmağa bir addım da yaxınlaşıb. Amerikanın yeni hökuməti danışıqlarda və İranla anlaşmaqda maraqlıdır. İranın mövqeyi də həlledici rol oynayacaq. O, anlaşmaya nə qədər hazırdır və nə qədər tərəfdardır? Digər tərəfdən, bu il İranda prezident seçkiləri keçirilməlidir, mühafizəkarların namizədi, radikal mövqeli şəxs hakimiyyətə gələrsə, bunun da Amerika ilə danışıqlara neqativ təsiri ola bilər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Toplum TV
açıq mənbədən götürülüb
HƏMAS-ı tərifləyir, İsraili pisləyir - Ərdoğanın niyyəti nədir?
100 yaşlı Türkiyə Cümhuriyyəti: Atatürkün siyasi irsindən nə qalıb?
Ərəb-yəhudi qarşıdurmasının tarixi və səbəbləri
Qarabağa böyük qayıdış nə qədər şəffaf keçiriləcək?
50 il əvvəlki neft embarqosu: ərəb ölkələri təkrar edə bilərmi?