Müsahibə

Sülhün olmaması Azərbaycanla Ermənistanı yeni müharibəyə sövq edə bilərmi? – Tofiq Zülfüqarov sualları cavablandırır

12 Avqust, 2021
1876

Açıq mənbələrdən götürülüb

“Paşinyanın “Biz Qarabağ siyasətimizi yeni şəraitdə davam etməliyik” bəyanatı da ona işarədir ki, Ermənistan Azərbaycan ərazisində yaşayan ermənilərlə bağlı siyasətini davam etdirmək niyyətindədir. Bu isə Azərbaycanın ərazi bütövlüyünə qarşı təhlükədir.” 

Bunu keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov “Toplum Tv”-nin suallarına cavab verərkən deyib. Müsahibəni təqdim edirik

- Rəsmi Bakı Yerevanı sülh müqaviləsinin imzalanmasını gecikdirməkdə ittiham edir. Belədirsə, Ermənistan bununla nə əldə edir?

- Sülh müqaviləsi bağlandığı halda əsas bənd tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıması olacaq. Ermənistan siyasi elitası və o cümlədən Paşinyan hesab edir ki, bu dövlət ideologiyasını təşkil edən “Miatsum” (1980-cı illərin sonunda çıxan və Dağlıq Qarabağın Azərbaycanın yurisdiksiyasından çıxaraq Ermənistana birləşdirilməsini nəzərdə tutan, ermənicədən tərcümədə mənası “Birləşmə” olan ideologiya - red. ) ideyasına son qoya bilər. Ona görə də onlar müqaviləni imzalamaq istəmirlər.

- Belə fikirlər də var ki, Ermənistan hakimiyyətinin sülh sazişini gecikdirməkdə məqsədi bəlkə də cəmiyyəti güzəştlərə hazırlamaqdır. Sizcə, hazırlıq prosesi nə qədər çəkə bilər?

- Bu mövzuya aid müxtəlif spekulyasiyalar var. Müharibədən öncə Ermənistanda belə bir fikir var idi ki, bir qarış torpaq belə Azərbaycana geri qaytarılsa, ictimaiyyət bunu qəbul etməyəcək. Hesab edirəm ki,  Ermənistan üçün bu, bir növ müdafiə taktikası rolunu oynayır. Mən şəxsən belə yanaşmanı ciddi qəbul etmirəm. Əsas fikir ondan ibarət olmalıdır ki, sizin qonşu ölkənin ərazisinə iddianız varmı? Yəni burada ictimaiyyətin də cavabı birmənalı olmalıdır: iddianız varsa, cavabınız  müharibə olacaq. Çünki müharibəsiz heç kimdən torpaq ala bilməzsiniz. 

Tofiq Zülfüqarov - Açıq mənbələrdən götürülüb

- Bəs Rusiya sazişin imzalanmasında nə dərəcədə maraqlıdır? Və ya belə deyək sazişin imzalanmasının gecikdirilməsində başqa hansı tərəflər maraqlı ola bilər?

- Əslində, Ermənistan-Azərbaycan münaqişəsi bir növ idarəetmə üsuludur. Müxtəlif dövlətlər tərəfindən belə münaqişələr bölgəni nəzarədə saxlamaq üçün istifadə olunur. Həm Rusiya, həm də münaqişədə öz xeyri olan digər qüvvələr bunda maraqlıdırlar. O biri tərəfdən isə artıq bölgədə formalaşan regional ittifaqlar var. Belə ittifaqlar regionda işləyəcək qaydaları təyin edə bilirlər. Yəni tərəflər maraqlarının qarşılıqlı şəkildə ödənilməsi üçün belə əməkdaşlığın formalaşmasını istəyirlər. Məsələn, Şimal-Cənub dəhlizinə aid  Azərbaycan-Rusiya-İran üçlüyü, Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün formalaşmış  Rusiya-Türkiyə cütlüyü, təhlükəsizlik məsələlərini həyata keçirmək üçün Azərbaycan-Türkiyə-Gürcüstan üçlüyü və s. Bunlar artıq sabitliyi  tələb edən ittifaqlardır. Artıq regionları konfliktlər yolu ilə idarə etmək üsulunun belə üsullarla əvəz edilməsi ehtimalları var. Əgər bu tendensiya yaransa, bölgədə olan fövqəldövlətlər sülh sazişinin bağlanmasına tərəfdar olacaqlar.

-Siz Rusiya mətbuatına müsahibənizdə seçkilərdən sonra Paşinyanın münaqişəni davam etdirmək strategiyasını seçdiyini demisiniz. Qeyd etmisiniz ki, Ermənistan Baş nazirinin belə bir siyasət seçməsi Azərbaycana beynəlxalq hüquq çərçivəsində güc tətbiq etməyə imkan verir. Siz burada güc deyərkən nəyi nəzərdə tutursunuz?

-Bəli, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək və öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün güc tətbiq etmək hüququ var. 2020-ci ildə Azərbaycan işğalçını öz ərazisindən çıxarmaq üçün güc tətbiq etdi. Bu, beynəlxalq hüquq çərçivəsində atılmış bir addım idi. BMT-nin qəbul etdiyi hüquqi sənədlər də bunu təsdiq edir. Mən Rusiya mətbuatına vediyim müsahibəmdə də demişəm ki, bunlar əslində köhnə siyasətin davamıdır, sadəcə yeni şəraitdə. Paşinyanın “Biz Qarabağ siyasətimizi yeni şəraitdə davam etməliyik” bəyanatı da ona işarədir ki, Ermənistan Azərbaycan ərazisində yaşayan ermənilərlə bağlı siyasətini davam etdirmək niyyətindədir. Bu isə Azərbaycanın ərazi bütövlüyünə qarşı təhlükədir. Təbii ki, bunun qarşısını almaq üçün Azərbaycan güc istifadə edə bilər.

- Yəni yenidən sülhə məcburetmə, yenidən müharibə ehtimalı var?

- Güc tətbiqetmənin müxtəlif üsulları var. Rusiyanın vasitəçiliyi ilə imzalanmış 10 noyabr bəyanatında qarşılıqlı öhdəliklər müəyyənləşdirilib. Sənəddə Ermənistan Azərbaycan və Naxçıvan arasında dəhlizin yaradılmasını əsas öhdəlik kimi götürüb. Amma indi onu yerinə yetirməkdən qaçır. Digər tərəfdən Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmaq barədə öhdəliyini də yerinə yetirmir. Bu halda Azərbaycan vasitəçi ölkədən öhdəliklərin yerinə yetirilməsini tələb edə bilər.

Açıq mənbələrdən götürülüb

 -Rusiya Müdafiə Nazirliyi bildirib ki, avqustun 9-da Şuşa ərazisində Ermənistan silahlı birləşmələri ilə Azərbaycan silahlı qüvvələri arasında atışma olub və rus sülhməramlılarının səyləri ilə atışma dayandırılıb. Bu hallar hansısa gərginliyin başlanğıcı sayıla bilər?

-Ermənistan sərhəd məsələsində məntiqsiz mövqe sərgiləyir. Ermənistan hakimiyyəti və ermənipərəst qüvvələr Azərbaycanın onların ərazi bütövlüyünü pozduğunu iddia edirlər. Amma Ermənistandan soruşmaq lazımdır ki, indiki təmas xəttini sərhəd kimi tanımaq istəyirlər? Ermənistanın ermənilər yaşayan bölgələrə - bura Türkiyə də daxildir - ərazi iddiası var. Onların konstitusiyası və müstəqillik aktı da bunu təsdiqləyir. Ermənipərəst qüvvələr, hətta bəzi rus sülhməramlıları ərazilərdə postlar qurublar.  Yəni bizdən  tələb etdikləri sərhəd məsələlərinə özləri əməl etmirlər. Onların iddialarını nəzərə alsaq sərhədləri başqa yerdən keçir. Elə buna görə də sülh müqaviləsi üzərində işləmək istəmirlər. Ümumiyyətlə, bu sualı ermənipərəst qüvvələrə də vermək lazımdır: Gedin ermənilərdən soruşun ki, onlar hansı xətti sərhəd kimi tanıyırlar?

-Deyirsiniz ki, Paşinyan siyasətinin nəticəsi Ermənistan üçün yeni məğlubiyyət ola bilər. Nə mənada məğlubiyyət nəzərdə tutursunuz?

- Bu çox təhlükəli siyasətdir. Ona görə ki, əsasında həm Azərbaycana, həm də Türkiyəyə ərazi iddiaları var. Qüvvələr nisbəti heç də Ermənistanın xeyrinə deyil. Kimlərinsə gəlib Ermənistanın cəfəng iddiaları naminə onların əvəzinə mübarizə aparması da real deyil. Nəticədə isə sözügedən ölkə yenidən adekvat cavabı alacaq. Orduya güclü zərbə dəydiyi, demoqrafk böhranın baş verdiyi bir vaxtda bu cür cəfəng fikirləri səsləndirmək populizmdən başqa bir şey deyil.

- Yəni düşünürsünüz ki, müharibədən çıxmış bir ölkə olsa da, Azərbaycan qarşı tərəfə layiqli cavab verə bilər?

-Bunun barəsində prezident də açıq şəkildə deyib ki, dəmir yumruq və xalqın iradəsi yerindədir.

Vüsalə Mikayıl

Müsahibə

Memar: “Hərbi Qənimətlər Parkı memarlıq nümunəsi kimi dəmir yığınını xatırladır”

Roza Məmmədova
26 Yanvar 2022

Toplum TV

“Orta əsr Şirvan memarlığını Hadruta gətirməyin nə mənası var?” Toplum TV-nin bu dəfəki müsahibi gənc memar Dilqəm İsmayılovdur. - REAL Platforması Mədəniyyət Komitəsi bu il ölkədə ən yaxşı və ən pis memarlıq nümunələrini seçmək üçün müsabiqə elan edib. Müsaqibədə münsif heyətində siz də təmsil olunursunuz. Sizə görə ən yaxşı və ən pis memarlıq nümunəsi hansılar oldu? - Əslində, müsabiqə memarlar üçün yox, vətəndaşlar üçün elan edilib. Mənə görə Ağ Şəhərdəki ofis binası son illərin ən seçilən binasıdır. Bundan başqa Səməd Vurğun küçəsində yerləşən Tibb Universitetinin Tədris Cərrahiyyə korpusunun binası isə uğursuz alınıb, heç xəstəxanaya oxşamır. Pis nümunər isə həddən çoxdur. -...
Müsahibə

Klinik psixoloq: “Bir pasiyentim qonaqları çimizdirməmiş qonaq otağına buraxmırdı”

Aytac Məmmədli
12 Yanvar 2022

Açıq mənbələrdən götürülüb

“Toplum TV” Psixologiya Elmi-Tədqiqat İnstitunun əməkdaşı, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin klinik psixoloqu Fuad Əsədovla müsahibəni  təqdim edir. - Fuad bəy, Azərbaycanda bir stereotip var, kiməsə psixoloqa getmək məsləhət görüləndə ya dəli olmadığını sübut etməyə çalışır, ya da psixoloqa getdiyini gizlətməyə. Nədir sizcə bunun səbəbi və bu yanaşma tərzini necə dəyişmək olar? - Son zamanlar bu məsələdə müsbətə doğru dəyişiklik hiss olunur. Əvvəllər psixoloqa "dəli həkimi" damğası qoyurdular. Düzdür, bu, indi də davam edir. Amma nə biz həkimik, nə də el arasında dəli deyilən adamlarla işləyirik. Yəni həmin söz birləşməsinin heç bir tərəfi bizim üçün keçərli deyil. Bizim tətbiq elədiyimiz...
Seçilmiş Videolar