Müsahibə

Təhsil ocaqlarında COVID-19 problemi – “Əgər yoluxma sayında kütləvilik artarsa...”

Məzahir Abdurahmanov
19 Oktyabr, 2021
434

Trend.az

“Yoluxmanın müəyyən artımı təhsildən yayınma üçün ciddi əsas sayıla bilməz”

 “Toplum TV”-nin bu dəfəki müsahibi təhsil eksperti Nadir İsrafilovdun. Onunla  son vaxtlar təhsil sahəsində baş verən hadisələri müzakirə etmişik. Müsahibəni təqdim edirik:

- Təhsil ocaqlarında bir müddətdir ki, dərslər başlayıb. Universitetlərin bir çoxunda dərs həm əyani, həm də onlayn formada aparılır. Bunun səbəbi nədir? Niyə hər təhsil ocağında fərqli yanaşma tətbiq edilir?

- Hər şeydən əvvəl onu qeyd edim ki, distant təhsil bir çox üstünlüklərə malik olmasına baxmayaraq, heç də məqsəd olmayıb, yaranmış vəziyyətdən çıxış yolu vasitələrindən biridir. Nazirin də qeyd etdiyi kimi “Distant təhsilin ailələr üçün böyük stres və diskamfort yaratdığını bilirəm. Bunu başa düşürük. Məncə cəmiyyətdə elə təəssürat yaranmamalıdır ki, Təhsil Nazirliyi bunu bilmir və yaxud bundan xəbəri yoxdur. Distant tədrisə pandemiyanın törəməsi kimi baxmalıyıq”. Bununla belə, mövcud pandemiya şəraitində yaranmış və yarana biləcək vəziyyət Nazirlər Kabinetinin müvafiq qərarı və qərara uyğun təsdiq olunmuş “Qaydalar”la tənzimlənir. Ali təhsil müəssisəsinin muxtariyyəti var. Muxtariyyət dövlət qurumları ilə ali təhsil müəssisələri arasında, eləcə də ali təhsil müəssisəsinin rəhbərliyi və akademik heyəti arasında səlahiyyət və məsuliyyət bölgüsü ilə müəyyən olunur. Ali təhsil müəssisəsinin təşkilati və idarəetmə strukturunu müəyyən etmək üçün Elmi Şuranın qərarı əsasında onlar müəyyən istisnalara gedə bilərlər, əlbəttə ki, auditoriyaların tutumu, ayrı- ayrı ixtisasların bilavasitə tədris təcrübə ilə əlaqəlilik zərurəti və digər spesifik və xarakterik xüsusiyyətlər nəzərə alınmaqla.

Nadir İsrafilov - Sputnik

- BDU-da, Sabah qruplarından birində ardıcıl gələn iki dərsdən biri onlayn, digəri əyanidir.Bu isə tələbələrə çətinliklər yaradır. Belə olduğu halda tələbələr nə etməlidir? Prosesə yetərincə nəzarət edilirmi?

- Pandemiyanın fəsadları tam aradan qaldırılmayanadək, istər Sabah qrupları olsun, istərsə də digərlərin yaranan və yarana biləcək hər hansı bir çətinliyi, ümumiyyətlə təhsilin keyfiyyətinə təsir göstərə biləcək hər hansı bir təzahürü qabartmaq və ya bunu mübahisə obyektinə çevirmək o qədər də ədalətli mövqe sayıla bilməz. Çünki yaranan vəziyyət bizim iradəmizdən, arzu və istəyimizdən asılı olan məsələ deyil. Bununla belə yaranan vəziyyəti stabilləşdirmək və normal axara salmaq üçün Təhsil Nazirliyi və digər əlaqədar qurumlar tərəfindən bütün mövcud resurslar səfərbər edilib və bütün mümkün imkanlardan istifadə olunur.

Məlum olduğu kimi, bir müddət öncə keçirilən mətbuat konfransında da ali məktəblərdə müəyyən məhdudiyyətlər, o cümlədən auditoriyalarla bağlı limit tətbiq ediləcəyinin anonsu verilmişdi

- Bəzi universitetlərdə tələbə COVID 19-a yoluxduğu üçün qrupda təhsil distant formaya keçib. Son günlərdə artan yoluxma sayını da nəzərə alsaq, universitetlər bağlana bilərmi?

- Hər şey mətbuat konfransında da xüsusi olaraq vurğulandığı kimi vaksinasiyadan, təhsil müəssisələrində sanitar-gigiyenik qaydalara və digər təhlükəsizlik normalarına necə riayət olunmasından asılı olacaq. Yoluxma sayının artması ilə əlaqədar lokal qapanmalar gözlənilən idi və baş verdi də. Hələ ki, təhsil müəssisələrinin bütövlükdə qapanmasından söhbət gedə bilməz. Hələlik vəziyyət o dərəcədə də də kritik deyil. Yoluxmanın müəyyən artımı təhsildən yayınma üçün ciddi əsas sayıla bilməz. Vəziyyət nəzarətdədir. Əsas məsələ lazımi təhlükəsizlik tədbirlərini görməkdir. Əgər yoluxma sayında kütləvilik artarsa, daha sərt addımlar atmaq barədə düşünmək olar.

Açıq mənbələrdən götürülüb

- Təhsil naziri Emin Əmrullayev mətbuata açıqlamalarından birində məktəb yaşının azaldılması ilə bağlı fikir söyləmişdi. Belə bir qərar qəbul edilə bilərmi?

- Nazirin açıqlaması heç də sabah və ya biri gündən bu ideyanın reallaşacağı anlamına gəlmir.”Düşünürəm ki, qarşımızda duran çağırışlardan biri uşaqların məktəbə başlama yaşıdır. Zənnimcə, hələ də gecdir, çünki 6 yaşda başlayırıq” -  ifadəsi isə geniş ictimaiyyətə bu barədə düşünmək üçün bir mesajdır.

İdeya birmənalı qarşılanmayacağı halda belə, bu ətrafda alternativ fikirlər irəli sürmək, ictimai müzakirələr keçirmək, təhsil mütəxəssislərinin, psixoloqların, ən başlıcası isə valideynlərin mövqelərini öyrənmək zərurəti yaratmaq baxımından faydalıdır. Hər şeydən əvvəl ona görə ki, məktəbin vəzifəsi təkcə öz yetirmələrinə bilik vermək, müəyyən bacarıq və vərdişlər formalaşdırmaq deyil, həm də cəmiyyət üçün mənəvi və fiziki cəhətdən sağlam nəsil yetişdirməkdir. Yalnız ümumi ictimai rəy öyrənildikdən sonra pilot şəklində bir neçə məktəbdə bunu sınaqdan keçirmək və daha sonra isə kütləviləşdirmək olar. Düzdür, artıq beş yaşlılarla bağlı ölkəmizdə kifayət qədər təcrübə var. 2016-cı ildən bəri 3 minə qədər məktəbdə yaradılan hazırlıq qruplarına cəlb olunan şagirdlərin sayı az qala 100 minə çatır. Lakin onu da nəzərə alaq ki, beş yaşdan birinci sinfə başlamaq, məktəbəhazırlıq qruplarına dörd yaşdan başlamaq demək olacaq. Bu, isə uşaqların öz qayğısız uşaqlıq illərini istədikləri kimi yaşamaq imkanından məhrum olunmasına təsirsiz ötüşməyəcək. Təhsil bizim üçün nə qədər önəmli olsa da, zənn etmirəm ki, hansısa bir valideyn uşağının təhsilini onun sağlamlığından üstün tutsun. Biz hələ təhsilin inkişafına dair qəbul etdiyimiz Dövlət Strategiyamızda hədəflənən 2020-ci ilə qədər 12 illik təhsilə keçib-keçməyəcəyimizə tam aydınlıq gətirməmişik. Nəzərə alsaq ki, 2019-cu ildə qəbul olunmuş “Ümumi təhsil haqqında” qanuna görə biz artıq iki ildir ki, 12 illik təhsilə keçid etmişik və həmin qanunun “Ümumi təhsilin təşkili” bölməsində 13.3 maddədə qeyd olunur ki, Ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edir. Qanun maddəsində qeyd edildiyi kimi, əgər məktəbəhazırlıq ümumi təhsil pilləsinin ilkin mərhələsi hesab edilirsə, deməli, ölkəmizdə uşaqların məktəbə ilk addımı 5 yaşdan başlayır. Təhsilimizlə bağlı həllini gözləyən xeyli problemlər var. Hesab edirəm ki, Nazirin açıqlaması gələcək perspektivə hesablanan bir çağırış və hər kəsə düşünmək üçün verilən bir şansdır.

Açıq mənbələrdən götürülüb

- Belə bir qərar qəbul edilərsə, məktəbə qədər hazırlığın aqibəti necə olacaq?

- Bu halda təhsilin pillələri və səviyyələri arasında qarşılıqlı əlaqə və varisliyin təmin olunması, hər bir təhsil pilləsi və səviyyəsi üzrə struktur dəyişikliyi zərurəti yaranacaq. Məktəbəqədər təhsil pilləsi ümumi təhsil pilləsinin ibtidai təhsil səviyyəsinə əlavə olunacaq və ibtidai təhsil 5 il nəzərdə tututulmaqla 5 il (ümumi orta təhsil), 2 il (tam orta təhsil) modeli əsasında 5-5-2 sxeminə keçid reallaşacaq.

- "Gələcəkdə qadınların təhsildə çox olması problem yaradacaq. Ona görə də biz kişi müəllimlərin sayının çox olmasını istəyirik", - təhsil naziri belə bir ifadə işlədib. Sizcə o, problem deyəndə nə nəzərdə tuturdu?

- Problem yaradacaq deyəndə ki, problem on illərlə bundan qabaq yaradılıb. Hazırda Azərbaycanda müəllimlərin 80-83 aralığında faizini qadınlar təşkil edir. Bu hal daha çox meqapolis üçün xarakterikdir. Kişi müəllimlər say tərkibi etibarı ilə əsasən fiziki hazırlıq, çağırışa qədərki hazırlıq, qismən də informatika sahələri üzrə fərqlənirlər. Bir də ki, kişi müəllimlərin müəyyən əksəriyyəti hazırlıq kurslarına cəlb olunmuş, digər qismi isə fərdi repetitorluq fəaliyyəti ilə məşğul olurlar.

- Kişi müəllimlərin sayını artırmaq üçün nə lazımdır? Başqa işlərdə daha çox pul qazanan müəllimlərin məktəblərə cəlb olunması üçün maaşlar artırıla bilərmi?

- Məktəblərdə qadın müəllimlərin üstünlük təşkil etməsinin səbəbləri müxtəlifdir. Bu mövzu dəfələrlə müzakirəyə çıxarılıb. Adətən, məsələni əmək haqqı ilə əlaqələndirirlər. Deyirlər ki, kişilər ailə dolandırmalıdır deyə gəlirli işlərə üz tutur. Həqiqətən də belə tendensiyanın yaranması üçün müəyən şərait yaranmışdı. 2013-cü ildə qəbul olunan təhsilə dair dövlət strategiyasına müəllimlə bağlı prioritet istiqamətdə xüsusi maddə əlavə edildi. Bu da müəllim nüfuzunun yüksəldilməsi ilə bağlı idi. Strategiyadan irəli gələn vəzifələrə uyğun olaraq müəyyən işlər görüldü. Əmək haqqının stimullaşdırılması məsələsinə də toxunuldu. Bir sıra xarici ölkələrdə uşaq bağçalarında tərbiyəçiləri kişilər təşkil edir. Onlar uşaqlarla davranışda kişilərin daha effektiv olduğunu düşünürlər. Kişilərə üstünlük verilməsi istiqamətində hazırda yüksəliş var. Çox çəkməz ki, bu tendensiya da öz həllini tapacaq. Lakin müəllimlik peşəsində qadınların çox olmasında elə də bir ciddi təhlükə görmürəm.

Müsahibə

Turan İbrahimov: “Hələ çox kanallar bağlanacaq, 2 özəl televiziya Azərbaycana bəsdir”

Aytac Məmmədli
6 Noyabr 2021

Açıq mənbələrdən götürülüb

“Azərbaycanda insanlar televiziyalara inanmır, artıq əyləncə üçün də baxmırlar ona” 6 noyabr Azərbaycanda televiziya və radio işçiləri günü kimi qeyd olunur. “Toplum TV” keçmiş teleaparıcı Turan İbrahimovla telekanalların bugünkü vəziyyəti barədə danışıb. -Turan bəy, bu gün Azərbaycanda televiziya və radio işçiləri günüdür. Keçmiş həmkarlarınıza bu gündə nə arzulayırsınız? -Keçmiş həmkarlarıma ilk növbədə yaxşı maddi təminat arzulayıram. Media sahəsində özlərini psixoloji olaraq müstəqil hiss etmələri, məişət qayğılarından uzaq olmaları üçün maddi təminat önəmlidir. Amma televiziya və radio sahəsində yaxşı gəlir əldə etmək çox azadama qismət olur.  - Müstəqilliyi ancaq maddi cəhətdən arzulayırsınız? - İnanın ki, hər baxımdan müstəqillik üçün maddi aslılıqdan...
Müsahibə

İlham Əliyev Qarabağın statusu haqda: "Muxtariyyət artıq müzakirə mövzusu deyil"  

29 Sentyabr 2021

president.az

Sentyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransanın “France-24” televiziya kanalına müsahibə verib. Prezidenti məbtuat xidmətinə əsasən müsahibəni təqdim edirik: - Salam, “France-24” kanalında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə eksklüziv müsahibəyə xoş gəlmisiniz. O, bizə Bakıdan qoşulur. Cənab Prezident, “France-24” kanalında bizim qonağımız olduğunuz üçün çox sağ olun. - Fransız auditoriyası ilə danışmaq üçün mənə bu fürsəti verdiyinizə görə təşəkkür edirəm. - Ölkənizin 44 gün ərzində qalib gəldiyi Azərbaycan və Ermənistan arasında olan müharibənin başlanmasından düz bir il ötür. Keçən həftə BMT-də müharibə bitəndən bəri ilk dəfə hər iki ölkənin - Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri görüşdü. Bu, hər...
Seçilmiş Videolar