Müsahibə

Turan İbrahimov: “Hələ çox kanallar bağlanacaq, 2 özəl televiziya Azərbaycana bəsdir”

Aytac Məmmədli
6 Noyabr, 2021
3464

Açıq mənbələrdən götürülüb

“Azərbaycanda insanlar televiziyalara inanmır, artıq əyləncə üçün də baxmırlar ona”

6 noyabr Azərbaycanda televiziya və radio işçiləri günü kimi qeyd olunur.

“Toplum TV” keçmiş teleaparıcı Turan İbrahimovla telekanalların bugünkü vəziyyəti barədə danışıb.

-Turan bəy, bu gün Azərbaycanda televiziya və radio işçiləri günüdür. Keçmiş həmkarlarınıza bu gündə nə arzulayırsınız?

-Keçmiş həmkarlarıma ilk növbədə yaxşı maddi təminat arzulayıram. Media sahəsində özlərini psixoloji olaraq müstəqil hiss etmələri, məişət qayğılarından uzaq olmaları üçün maddi təminat önəmlidir. Amma televiziya və radio sahəsində yaxşı gəlir əldə etmək çox azadama qismət olur. 

- Müstəqilliyi ancaq maddi cəhətdən arzulayırsınız?

- İnanın ki, hər baxımdan müstəqillik üçün maddi aslılıqdan azad olmaq lazımdır.

-"Feysbuk" hesabınızda kanalların reytinq cədvəlini paylaşmısınız, dövlət büdcəsindən maliyyələşən kanallar ilk 3-lükdə yoxdur. Sizcə, niyə hər il dövlət büdcəsindən milyonlar alan kanalların izləyiciləri bu qədər azdır?

- İlk üçlükdə olanlar əslində onluqdadırlar. İlk yerlərdə xarici kanallar gəlir, xüsusilə türk kanalları – “ATV”, “Show TV” və s. İlk üçlüyə düşməyən dövlət kanalları köhnə texnologiya ilə fəaliyyət göstərir, sosial mövzulu verlişlərdən istifadə etmirlər. Onların ictimai məsuliyyət hissi daha çoxdur və reytinqə hədəflənmiş verlişlər yayımlamırlar. Ümumiyyətlə, Azərbaycanda televiziyanın aktuallığı ilbəil itir. Ölkədə televiziyanın nüfuzu qalmayıb. İnsanlar televiziyalara inanmır, artıq əyləncə üçün də baxmırlar ona.

- Sizcə, niyə inanmırlar?

- Ona görə ki, kommersiya kanalları hər şeyi reklam üzərində qururlar. Burdakı bütün proseslər reklam əldə etmək üçündür. Bu, dünyanın hər yerində var, amma bizimkilər bir az şitini-şorunu çıxarıblar. İnsanlar da görürlər ki, cəmiyyətdə müzakirə olunan məsələlər televiziyada danışılmır. Real həyatda bir gündəm var. Bu gündəmi sosial şəbəkələr daha qabarıq şəkildə göstərir, televiziya-radio isə ümumiyyətlə göstərmir.

- Keyfiyyət baxımından razı qaldığınız kanal varmı?

- Bəli, “İctimai TV”.  Onlar üçün reytinq önəmli deyil, çünki büdcədən maliyyələşir. Həm də konsepsiya olaraq kanalın prioriteti fərqlidir. “İctimai” Azərbaycan standartlarından da ötəyə keçərək dünya televiziyalarıyla rəqabətə girəcək vizual kontentə malikdir.

- Bir neçə ay əvvəl “AzTV”-nin zərərlə işləməsi xəbəri yayılmışdı. Dövlət büdcəsindən maliyyələşən, kifayət qədər reklam gəliri olan bir televiziya sizcə, niyə zərərlə işləyib? Ayrılan vəsaitlər hara gedir?

- Məndə olan məlumatlara əsasən, dövlət televiziyası son dövrlərə qədər Azərbaycandakı tipik dövlət qurumları kimi idarə olunurdu. Yəni dövlətin ayırdığı vəsait mənimsənilirdi. Sonradan müəyyən dəyişiklər aparıldı. Amma hələ də maliyyə çatışmazlıqları var. İndi vaxtilə görməli olduqları işləri görməyə çalışırlar, amma maddi-texniki baza və peşəkar kadr cəb etmək çox vəsait tələb edir. Həm də “Az TV”-də həddən çox işçi qüvvəsi var. Ordakı işçilərin bəzilərinin təqaüd yaşı çatıb, bəziləri müasir tələblərə cavab vermir, amma hələ də işdədirlər. “AzTV” humanist yanaşma sərgiləyir, amma bu, maddi çatışmazlıq yaradır.  Həm də kanalın reytinq göstəricisi çox deyil deyə, reklamdan yaxşı  pul ala bilmir.

- Bu il 4 kanal - "Lider TV", "Dalğa TV", "Mingəçevir TV", "ARB Ulduz" fəaliyyətini dayandırdı. Ölkədə fəaliyyətini dayandıran kanalların sayı efirdə olan televiziyaların sayına yaxındır. Tamaşaçı maraq göstərmir, ya peşəkar kadrlar çatmır? Bu kanallar niyə fəaliyyətini dayandırırlar?

- Azərbaycanda reklam bazarında dövr edən pulun miqdarına baxanda başa düşürsən ki, ölkədə ancaq dövlət televiziyası, ictimai televiziya və 2 dənə özəl televiziya olmalıdır. Başqa televiziya qalmamalıdır ki, reklam bazarında olan pul bu kanallara bəs etsin. Azərbaycanda həddən çox televiziya kanalları vardı ki, iqtisadi  əsaslarla baxanda lazımsız idilər, rentabelli deyildilər. Dövlətinsə 30 milyon manatlıq reklam büdcəsi var. Hələ çox kanallar bağlanacaq. Dediyim kimi, 2 özəl televiziya Azərbaycana bəsdir.

- Artıq izləyicilər televiziyanın təklif etdiyi kontentə yox, öz istəklərinə uyğun mövzuda filmə, proqrama baxa bilirlər. Məsələn, “Yutub”-dan zövqünə uyğun filmi seçib izləmək olur və ya siz dediyiniz kimi gündəm mövzuları sosial mediada müzakirə edilir və s. Belə olan təqdirdə televiziyaların gələcəyi sual doğurmur?

- Televiziyaların gələcəyi sual doğurur, amma bu, ölkələrə və regionlara görə dəyişir. Məsələn, hazırda Hindistanda televiziyalar heç vaxt olmadığı qədər aktualdır. Ukraynada televiziyalara maraq çoxdur. Türkiyədə isə televiziyalar seriallar və məişət mövzulu verlişlərlə aktuallığını qorumağa çalışır.  Həmçinin çox partiyalı və partiyalar arası siyasi intiriqaların yaratdığı reytinq sayəsində insanları cəlb edə bilirlər. Bəzi ölkələrdə televiziyaların 5 il sonrakı taleyi barədə müsbət rəy vermək çətindir, bunlardan biri də Azərbaycandır. Mən burdakı telekanallar barədə müsbət fikir söyləyə bilmirəm. Onları mətbuatın taleyi gözləyir. İndi internet televiziyalarının perspektivi artır.

- Turan bəy, internet televiziyaları demişkən, ölkədə bəzi müstəqil kütləvi televiziya vasitələrinin fəaliyyəti məhdudlaşdırılıb, məsələn, “Azadlıq Radiosu”, “Meydan TV”-nin saytları bloklanıb. Çox uzağa getməyək, elə bu yaxınlarda müxalifət lideri Əli Kərimlinin “Debat” verlişində çıxışından sonra "Toplum TV"-yə də haker hücumu oldu. Sizcə, hökumət müstəqil KİV-lərə senzura tətbiq edir?

- Dövlətin və hökumətin özünüqoruma refleksləri var, məsələlərə tamam başqa cür baxır. Cəmiyyət kimi baxmır. Hər kəs daha çox özünüqorumağa çalışır. İnternet aləmindəki media resurslarının inkişaf perspektivi olduğuna görə onların özlərinin də arasında bir rəqabət var. “Toplum TV” ilə eyni istiqamətdə fəaliyyət göstərən bir kanalın hökumət, cəmiyyət intriqasından istifadə edib haker hücumu təşkil etmədiyini hardan bilə bilərik?

- Verlişdə hakimiyyət tənqid olunurdu.

- Məsələyə obyektiv yanaşmağa çalışıram. Siz mənə nə vaxt sübut etsəniz ki, bunu hökumət edib, mən də o vaxt sizə deyə bilərəm ki, “Toplum TV”-yə  bu hücumu "Kanal 13" və ya "Meydan TV" təşkil edib. Yəni məsələ bu qədər qeyri-müəyyəndir.

- Turan bəy, televiziyaya təzədən qayıtmağı düşünürsünüzmü?

- Televiziyaya ikinci iş yeri kimi baxmışam. Amma məni maddi, psixoloji təmin edib, bundan həzz almışam. Pandemiya reklam bazarını tamam çökdürdü. Nəzərə alsaq ki, özəl televiziyalar da reklamdan qidalanır, ortada qəpik-quruş qalıb, onun üçün də enerji sərf etməyə dəyməz.  Dövlət televiziyalarından, məsələn, "İctimai"-dən təklif alsam, bəlkə, dəyərləndirərəm. Amma 40 yaşındakı mən artıq başqa cür düşünür. Məncə, televiziyadan artıq getmişəm.

 

Müsahibə

Ukraynada girov götürülən azərbaycanlı: “Sağlamlığımda, xüsusən də ürəyimdə problemlər yaranıb”

Məzahir Abdurahmanov
28 Aprel 2022

Toplum Tv

Hüseyn Abdullayev 2019-cu ildə Mariupul Dövlət Universitetinə qəbul olunub. 2 il qiyabi təhsil aldıqdan sonra 2021-ci ildə əyani oxuya bilmək üçün Ukraynaya gedib. Müharibənin 22-ci günündə Ukraynadan çıxmaq istəyərkən rus ordusu tərəfindən girov götürülüb. “Toplum TV” Hüseyn Abdullayevlə müsahibəni təqdim edir. - Hüseyn, müharibənin başladığı ilk günlərdə Ukraynanı tərk etməməyinizin, 22 gözləməyinizin səbəbi nədir? - Müharibə başlamamışdan əvvəl bizə xəbərdarlıq edildi. Bir çox şəxs ölkəni tərk etdi. Mən düşündüm ki, müharibə çox davam etməz. Ona görə də ölkəni tərk etmədim. Sonradan şəhəri tərk etmək istəsək də bizi buraxmadılar. Söylədilər ki, çıxsanız ruslar qoymayacaq. Ona görə də məcbur qaldıq orda. -Müharibə...
Müsahibə

Anar Natiqoğlu: “Bəziləri deyir ki, səfirliyə zəng çatmır, əlaqə saxlamaq mümkün deyil, yalandır”

Məzahir Abdurahmanov
28 Fevral 2022

Sosial Media

“Ukraynanı özümüzə ikinci vətən sayırıq, heç yerə getmək fikrimiz yoxdur” "Bəziləri deyir ki, səfirliyə zəng çatmır, əlaqə saxlamaq mümkün deyil, yalandır. Biz onlarla mütəmadi əlaqədəyik". "Birlik" Odessa azərbaycanlıları diaspor təşkilatının sədr muavini, Ukraynada yaşayan keçmiş jurnalist Anar Natiqoğlu "Toplum TV"-yə müsahibəsində belə deyir. "Toplum TV” onunla müsahibəni təqdim edir. -Hazırda Ukraynada, xüsusilə də Odessada vəziyyət necədir? -Odessada vəziyyət yaxşıdır, sakitlikdir. Dünən axşam saatlarında siqnal səsi veriləndən sonra bir-iki partlayış səsi eşidildi. Onda da dedilər ki, hava hücümundan müdafiə qurğuları işə düşüb. Partlayış səslərindən sonra heç nə olmayıb. Səhər saatlarından da sakitlik davam edir. - Orada yaşayan azərbaycanlıların təhlükəsizliyi baxımından hansı...

Seçilmiş Videolar

Toplum TV loqo