Müsahibə

Ukraynada girov götürülən azərbaycanlı: “Sağlamlığımda, xüsusən də ürəyimdə problemlər yaranıb”

Məzahir Abdurahmanov
28 Aprel, 2022
250

Toplum Tv

Hüseyn Abdullayev 2019-cu ildə Mariupul Dövlət Universitetinə qəbul olunub. 2 il qiyabi təhsil aldıqdan sonra 2021-ci ildə əyani oxuya bilmək üçün Ukraynaya gedib.

Müharibənin 22-ci günündə Ukraynadan çıxmaq istəyərkən rus ordusu tərəfindən girov götürülüb.

“Toplum TV” Hüseyn Abdullayevlə müsahibəni təqdim edir.

- Hüseyn, müharibənin başladığı ilk günlərdə Ukraynanı tərk etməməyinizin, 22 gözləməyinizin səbəbi nədir?

- Müharibə başlamamışdan əvvəl bizə xəbərdarlıq edildi. Bir çox şəxs ölkəni tərk etdi. Mən düşündüm ki, müharibə çox davam etməz. Ona görə də ölkəni tərk etmədim. Sonradan şəhəri tərk etmək istəsək də bizi buraxmadılar. Söylədilər ki, çıxsanız ruslar qoymayacaq. Ona görə də məcbur qaldıq orda.

-Müharibə başlayandan sonra vəziyyətiniz necə idi?

- Universitetin yataqxanasının zirzəmisinə matras atıb orda qalırdıq. Bir müddət orda qalandan sonra əsgər tanışım gəlib söylədi ki, buranı tərk etməliyik, vəziyyət yaxşı deyil. Dedi: “Başqa yerdə zirzəmi var, oranı təmir edib, orada qalaq”. Əvvəlki zirzəmidə təxminən 100 nəfər idik. Biz 3-4 nəfər burdan çıxıb dostumun dediyi yerə getdik. Gəlib mülki əhaliyə kömək edib elə orda qaldıq. Biz çıxdığımız zirzəmini ruslar vurdular. Vaxtında oranı tərk etməsəydik, ölə bilərdik. Bundan sonra mülki əhaliyə yardım mərkəzi var, ora getdik. Əhaliyə paltar, ərzaq köməkliyi edirdilər. Biz də orda ərzaqları daşımağa kömək etdik.

- Yəqin bütün bunlardan sonra ölkədən çıxmaq istədiniz?

- Vəziyyət pisləşirdi. Xəbər elədilər ki, şəhərdən çıxmaq lazımdır. Hər yeri partadırdılar deyə şəhərdən çıxmaq çətin idi. Çətinliklə maşın tapdıq. Dostum bir maşına, dostumun nişanlısı ayrı maşına, mən də başqa bir maşına mindim. Mən olan maşında 7 nəfər var idi.

-Necə oldu ki, girov götürüldünüz?

-Bir neçə post keçdik. Sonuncu postlardan birində bizi buraxmadılar. Şoferin ad günü olduğu üçün viski içirdi. Həmin postda hamımızı maşından düşürdülər. Sürücü ilə hərbçi arasında mübahisə düşdü. Sonra əsəbləşib bizi soyundurdular. Soyundurmaqlarındə əsas məqsəd hamının bədənindəki “nakolkalar”a baxmaqdı. Ukrayna kəşfiyyat qrupunun özlərinə məxsus “nakolkalar”ı var. Ruslar da baxırdı ki, biz onlardanıq ya yox.

- Sonra necə oldu?

- Tərslikdən şoferin ayağında əqrəb “nakolka”sı çıxdı. Ondan sonra vəziyyət pisləşdi. Mənim bədənimdə “nakolka” tapa bilməsələr də, silahın qundağı ilə vurub kim olduğumu soruşdular. Mən biletimi göstərib tələbə olduğumu dedim, inanmadılar. Əlimizi bağlayıb 20 dəqiqə saxladılar. Sonra zəng edib həbsxanadan adam çağırdılar. Bizi “Kamaz”la apardılar. Hara getdiyimizi bilmirdik. Həbsxanada olanlar çeçenlər idi. Mariupulda su olmadığı üçün əlimi yuya bilməmişdim. Zirzəmidə iş görəndə əlim qaralmışdı. Bunu görüb mənə dedilər ki, sən silah almısan əlinə, əsgərsən. Məni içəri otağa atıb, soyunmağımı istədilər. Təxminən 20 dəqiqə betonun üstündə dayanandan sonra geyinməyə icazə verdilər.

Toplum Tv

- Sizə işgəncə verirdilər?

- Bəli. Təxminən bir saatdan sonra həbsxananın böyüyü gəldi. Əlimi-qolumu bağlayıb işgəncə otağına apardılar. Balaca stolda oturdub, əlimi arxadan qandalla bağladılar. Mənim niyə vuruşduğumu, necə əlaqə saxladığımı soruşurdular. Tələbə olduğumu desəm də, inanmırdılar. Baş barmağıma bağladıqları kabellə elektirik verirdilər. Sual verirdilər, cavab verirdim. Döyürdülər, elektrik verirdilər. Mənə o qədər elektrik verdilər ki, dırnaqlarımın arasından qan gəldi. Ürəyim gedirdi, su töküb ayıldırdılar.

- İşgəncə nə qədər müddət davam etdi?

- Gündə 2-3 dəfə 1-2 saat işgəncə verirdilər. İşgəncə otağında da kamera ilə çəkirdilər. 25 gün içəridə qaldım. Son günlər çox elektrik vermir, ancaq döyürdülər.

-Sizə yemək verirdilər?

-Gündə iki dəfə yemək balaca boşqabda qarabaşaq verilirdi. O da təxminən iki qaşıq olardı. Bir balaca da qara çörək olurdu. Plastik stəkanın yarısında da su... Verdikləri sudan da xlor dadı gəlirdi.

-Girov olduğunuz müddətdə gördüklərinizdən nəyi unutmayacaqsınız?

-İşgəncə edənlərin içərisində azərbaycanlılar da var idi. Mən olara tələbə olduğumu desəm də, döyürdülər. Sinəmə vurur, saçımdan tutub arxaya çəkirdilər. Hətta elektrik verən də dizlərimi aralayırdı ki, bütün bədənimə yayılsın.

Toplum Tv

- Mətbuatın yazdığına görə, girov olduğunuz müddətdə ailənizlə əlaqə saxlamısınız. Bunu siz tələb etmişdiniz?

- Mənim telefonum onlarda idi. Ordan ailəmin və dostumun nömrəsini tapıb zəng ediblər. Mənim xəbərim belə olmayıb. Məni rəisin otağında danışdırıb təzədən otağa qaytarırdılar. Ailəmə deyirdilər ki, oğlunuz pis işlərlə məşğuldu, guya mən Ukrayna ərazisində vuruşmuşam. Ailəmə deyirdilər ki, Ukraynada olan rus əsgəri ilə məni dəyişə bilərlər.

- Necə oldu ki, sizi buraxdılar?

- Mən buraxılacağımı bilmirdim. Bir gün rəis gəlib dedi ki, hazırlaş, çıxırsan. Həbsxanadan çıxandan sonra əlimi-qolumu bağlayıb saxladıqları posta gətirdilər. Mənə dedi ki, səni Ramazan ayına görə buraxırıq.

-Sonra necə oldu? Rahatlıqla gələ bildiniz?

-Həmin postda Mariupoldan Zaparojiyə gedən maşın gözləyirdim. Tərslikdən bir maşın da gəlmirdi. Nə qədər vaxtdan sonra bir maşın gəldi. Yaxınlaşıb məni də aprmalarını xahiş etdim. Tələbə olduğumu dedikdən sonra götürdülər. Yola çıxdıq, digər postda yenidən saxladılar. Ailənin keçməsinə icazə versələr də, məni buraxmadılar. Mən vəziyyəti başa salsam da inanmırdılar. Az qala maşına qoyub yenidən həbsxanaya aparırdılar. Yaxşı ki, rəis hər etimala qarşı nömrəsini vermişdi. Bir güclə postun mayorunu telefon danışığına razılaşdırdım. İcazə alıb zəng elədim. Onlar öz arasında danışandan sonra getməyə icazə verdilər. Bir müddət gözləyəndən sonra maşın gəldi, içəridəkilər azərbaycanlılar idi. Elə onlarla Zaparojiyə gəldim.

- Əsirlikdən azad olunduqdan sonra Azərbaycanın rəsmi qurumlarından sizimlə maraqlanan olub?

-Lvov şəhərinə gəldikdən sonra Azərbaycan konsulluğundan Şamxal bəy bizə kömək elədi. Avtobus pulunu ödədi. Sonra bizə Polşada köməklik etdilər. Polşadan Macarıstana, ordan da Azərbaycana gəldim. Biletimi soyadını dəqiq bilmədiyim Hikmət bəy alıb. Azərbaycana gələndən sonra heç bir dəstək görməmişəm. Gəlib maraqlanan da olmayıb.

-İşgəncələr səhhətinizə necə təsir edib?

-Zaparojidə xəstəxanada yoxlananada sağlamlığımda, xüsusən də ürəyimdə problemlərin yarandığı ortaya çıxdı. Əlavə olaraq yaddaş problemi əmələ gəlib. Tez-tez yaddaşım gedir. Əvvəllər əsəbi biri deyildim. Ancaq hazırda tez əsəbləşirəm.

Toolum Tv

-Ukraynaya geri dönüb təhsilinizi davam etdirməyi düşünürsünüzmü?

- Əlbəttə, təhsilimi davam etdirmək istəyirəm. Amma Ukraynada müharibə getdiyi üçün geri dönməyi düşünmürəm. Evdən də icazə verməzlər. İstəyirəm ki, universitetdən Azərbaycana “perovod” alım.

 

 

Müsahibə

Anar Natiqoğlu: “Bəziləri deyir ki, səfirliyə zəng çatmır, əlaqə saxlamaq mümkün deyil, yalandır”

Məzahir Abdurahmanov
28 Fevral 2022

Sosial Media

“Ukraynanı özümüzə ikinci vətən sayırıq, heç yerə getmək fikrimiz yoxdur” "Bəziləri deyir ki, səfirliyə zəng çatmır, əlaqə saxlamaq mümkün deyil, yalandır. Biz onlarla mütəmadi əlaqədəyik". "Birlik" Odessa azərbaycanlıları diaspor təşkilatının sədr muavini, Ukraynada yaşayan keçmiş jurnalist Anar Natiqoğlu "Toplum TV"-yə müsahibəsində belə deyir. "Toplum TV” onunla müsahibəni təqdim edir. -Hazırda Ukraynada, xüsusilə də Odessada vəziyyət necədir? -Odessada vəziyyət yaxşıdır, sakitlikdir. Dünən axşam saatlarında siqnal səsi veriləndən sonra bir-iki partlayış səsi eşidildi. Onda da dedilər ki, hava hücümundan müdafiə qurğuları işə düşüb. Partlayış səslərindən sonra heç nə olmayıb. Səhər saatlarından da sakitlik davam edir. - Orada yaşayan azərbaycanlıların təhlükəsizliyi baxımından hansı...
Müsahibə

Əlisa Nicat: “Zelenski Putini qıcıqlandırır, üzr istəsə, məsələ bitərdi”

Aytac Məmmədli
28 Fevral 2022

Toplum TV

“28 may” metrostansiyasının yaxınlığındakı kitab mağazalarından birində yazıçı-filosof Əlisa Nicatın kitab təqdimatıdır. 5-6 adam yazarın başına yığışıb şəkil çəkdirir, avtoqraf istəyir. Yazar da ərinmədən, əlləri əsə-əsə hər kitaba ayrı-ayrı ürək sözləri yazır. Bəzi kitabları sahibinə verəndə “bu kitabı cilidləyərsən, biz gedərik, sözlər qalar”,- deyə tapşırır.  Nəhayət kitab təqdimatı yekunlaşır. İki saatdır dayanmadan danışan, hərəkətdə olan yaşlı adamın enerjisinin tükənəcəyindən ehtiyat etsəm də, Əlisa müəllimin yorulmadığını görürəm. Elə söhbətə də bundan başlayıram.   -Əlisa müəllim, yorulmamısınız ki? -Pah! Nə yorulmaq? -Necəsiniz? Səhhətiniz necədir? -86 yaşım var. Səhhətimdən elə də narazı deyiləm. Atamın oğluyam da. O 100 il yaşayıb. Yenə də yaşaya bilərdi,...

Seçilmiş Videolar

Toplum TV loqo