BBC
“Toplum TV”-nin budəfəki müsahibi Neftçala rayonu Xolqaraqaşlı kənd bələdiyyəsinin üzvü, feminist, ictimai fəal Vəfa Nağıdır.
Adı çəkilən kəndin bələdiyyə sədri Əlibala Səlimov, kənd mədəniyyət evinin bədii rəhbəri İlham Hüseynov və kənd mədəniyyət evinin işçisi Anar Abbasov Vəfa Nağının bələdiyyə üzvlüyündən uzazqlaşdırılması ilə bağlı iddia qaldırmışdılar. Fevralın 1-də bələdiyyə Şirvan rayon məhkəməsində iddia geri götürüldü və onun bələdiyyə üzvlüyü bərpa olundu.
- Vəfa xanım, bir ildir ki, bələdiyyə üzvü seçilmisiniz və təndiqlərlə, təzyiqlərlə üzləşmisiniz. Geridə qalan bir ildə hansı qənaətə gəldiniz?
- Qənaətə gəlmək üçün bir az tezdir, biz pandemiya dönəmindən keçirik. Bu dönəmdəki karantin rejimində bələdiyyələr ilin çox hissəsini fəaliyyətsiz qaldı. Eyni zamanda, bələdiyyə sədri, demək olar ki, bütün işini-gücünü atıb davamlı olaraq məni ləkələməklə, işdən uzaqlaşdırmağa çalışmaqla məşğuldur. Əslində, bu hərəkətləri gözləniləndir, ölkənin idarəetmə sistemi işləmir. Ucqar bir kənddəki bələdiyyənin hansı səviyyədə işlədiyi hər kəsə məlumdur. Mənim üzv olduğum bələdiyyədə də vəziyyət belədir. İllərlə bu adam torpaqları özü üçün əkib becərib, məhsul götürüb. Qohumlarına yaxşı torpaqlar verib. Özünü, ailəsini, oğlunu bəsləməklə məşğul olub. Birdən-birə çıxıb deyəndə ki, bu işləri şəffaf şəkildə idarə etmək lazımdır, o zaman nəticə almaq üçün bir il bəs etmir. Düzdür, problem tez-tez, davamlı işıqlandırıldığı üçün vəziyyətə müəyyən qədər təsiri oldu. Gözdən pərdə asmaq üçün bəzi şəxslərə örüş torpaqları verildi. Sədr bilir ki, bu mövzu danışılır və nələrsə etməyə çalışır. Təbii ki, bunu ürəklə, təmiz, şəffaf şəkildə etmir. Yenə öz bildiyi şəkildə edir. Məsələn, kəndin fond torpaqları var. Bunlar ancaq ev tikmək üçündür. Bu kənddə yaşayan, yeni evlənən, evi olmayan, evini itirən, evindən köçən insanlar üçündür. Kənd sakinləri ordan 3-4 sot torpaq alıb ev tikdirə bilərlər. Lakin ala bilmirlər, çünki verilmir. Bütün bu olanların fonunda bütöv bir sistemin içində balaca bir kənddə də nəsə yaratmaq, nələrisə dəyişmək çox çətindir.
- Vəfa xanım, bələdiyyə üzvlüyündən uzaqlaşdırılmağınızın ən mühüm səbəbi nə idi?
- Səbəb heç vaxt işləməyən bir bələdiyyə sistemindən şəffaflıq tələb etməyim idi. Bələdiyyə sədrinin illərlə gen olan yerini gəlib birdən dar edirsən və deyirsən ki, heasbat ver. Adam qəzəblənir və çalışır ki, səni ordan uzaqlaşdırsın. Nə büdcə tərtibatı var, nə iclas protokolları. Məni uzaqlaşdırmaq üçün müxtəlif yollara əl atırlar. Məsələn, fevralın 1-də məhkəmədə iddianı geri götürdülər. Bir ehtimal var ki, mühasib vəfat etdiyi üçün sənədləri qaydaya sala bilməyiblər. Bu işi başa çatdırandan sonra yenidən məni uzaqlaşdırmağa çalışacaqlar. Məsələn, məhkəmə qərar qəbul etməzdən əvvəl, fevralın 1-də sədr məni iclasa çağırır. Halbuki iclas barədə 5 gün əvvəldən xəbər vermək lazımdır. Necə olur ki, bu adam həm məhkəmədə iddianı geri götürür, həm də bələdiyyə üçün tələsik iclas təşkil edir. Demək ki, məhkəmənin də bundan xəbəri var, əvvəlcədən planlaşdırılmış işdir.
- Bütün bu çətinliklərə baxmayaraq siyasi arenada fəaliyyətinizi davam etdirmək, yenə seçkilərə qatılmaq fikriniz varmı?
- Ölkədə seçki institutunu canlandırmaq üçün seçkilərə qatılmaq çox vacibdir. Mən bələdiyyə seçkilərində buna görə iştirak etmişdim. Qutudan İlham Əliyev və ya onun təyin etdiyi deputatlar çıxacaq, ona görə seçkiyə qatılmayaq demək, öz taleyinlə razılaşmaq, bu sistemə baş əyib oturmaq deməkdir. Qatılmaq özü bir etirazdır. Seçkidə iştirak edib yaxşı bir təbliğat kampaniyası aparmaq insanlarda həm ruh yüksəkliyi yaradır, həm də siyasi aktivlik. Mən parlament seçkilərinə qatılmağı dününürəm. Əlbəttə ki, hər şey qaydasında olsa.
- Azərbaycan siyasi arenasında irəliləmək bir qadına nə vəd edir?
- Bir qadın kimi sosial-siyasi məsələlərə qatılmaq çox çətindir. Ona görə ki, hər zaman haqqında danışılmağa söz tapılır və hər zaman cinsin hədəfə alınır. Məsələn, mən seçkilərə qatılanda da, bələdiyyə üzvü olanda da qadın olmağımdan istifadə etdilər və cinsi mənsubiyyətimi hədəfə aldılar. Seçki günü axşam saat 8-də, yəni qaranlqıda 8-9 kişi seçki qutularına baxmaq üçün məni kəndin Mədəniyyət Evinə çağıranda da bu, qadın olduğum üçün atılmış bir addım idi - ilk gündən qorxub geri çəkilməyim üçün idi. Bələdiyyə seçkilərində qapı-qapı gəzib insanlarla danışanda mənə gülürdülər ki, sən qadınsan, 30 ilin bələdiyyə sədriylə müqayisədə kimsən ki, seçkiyə qatılırsan? Məhz qadın olduğum üçün şəklimi kənddəki dayanacağa, binalara yapışdırdılar. Bir dostumla kafedə çəkdirdiyim şəkli paylaşıb məni əxlaqsız biri kimi təqdim edəcəklərini dedilər. Qız da biabr olduğu üçün ya özü kənddən çıxıb getməli, ya da qovulmalıydı. Bu, çox çətin vəziyyətdir. Heç kim istəməz ki, onun qızı, həyat yoldaşı, qohumu kəndin kafelərinin qarşısında, kişilərin yığışdığı bir yerdə müzakirə obyektinə çevrilsin. Azərbaycan kimi ölkələrdə cinsini hər zaman hədəfə alacaqlar. Mənim yerimdə bir kişi olsaydı, bunları etməzdilər, etməyə qorxardılar.
- Savaş günlərində müharibə əleyhinə fikirlərinizlə gündəmdə idiniz. Azərbaycan toplumunda bu mövqeni qeyri-səmimi hesab edənlər var.
- Niyə ki? Müharibə istəməmək qeyri-səmimilikdir? Bir insanın ölümünü; qolunu, əlini, gözünü itirməsini istəməmək qeyi-səmimilik hesab edilirsə, qoy edilsin. Müharibənin əleyhinə olmaq Azərbaycan torpaqlarını kiməsə bağışlamağı mümkün hesab etmək deyil. Bir neçə rayon sülh yolu ilə geri qaytarıldı. Biz ölkələr arasındakı danışıqların indiyə kimi necə getdiyini bilmirik. Tərəflər məsələnin sülh yolu ilə həllinə nə dərəcədə istəkli olublar? Biz heç birini bilmirik. Bildiyimiz budur ki, müharibə oldu və bir neçə rayon da sülh yolu ilə geri qaytarıldı. Sülh istəmək kiminsə tərəfini tutmaq, ermənipərəst olmaq deyil. Müharibə mövzusunda danışmaq mənə ağırdır. Çünki əzizlərini itirənləri və ya bir qolunu, bir ayağını itirən insanları, suyun altında qalan qəbirləri görmək çox ağırdır.
- Siz konfliktin həlli üçün çarəni nədə görürsünüz, təklifiniz varmı?
- Bəzi rayonlar sülh yolu ilə alındı, ermənilər torpaqları boşaltdılar. Yəni bunun mümkünsüz olmadığını gördük. Həm də biz bilmirik bu proses necə getdi. Tərəflər nə dərəcədə bunu davam etdirdilər.
- Feministlərin aksiyasında səsləndirdiyiniz fikir, qaldırdığınız plakat da sərt qarşılanmışdı.
- Məqsəd alışmadıqlarımızı göstərmək, streotipləri darmadağın etmək idi. Patriarxizm qayda-qanunlarıyla yaşayan cəmiyyətdə açıq-saçıq şüarlar səsləndirəndə bunun nəticələrini gözə alırsan. Əlbəttə ki, reaksiya çox sərt olacaqdı. "Əsl feminizm o deyil, budur" deyən insanlar var. Düzgün yanaşma deyil. Feminizm məmələrə azadlıq yox, tamam başqa bir şeydir. Feminizm bu şüarlar çərçivəsində olan məsələ deyil.
- Nədir feminiz?
- Cəmiyyətdə bütün insanların haqlarının bərabər olması, haqlarının qorunması. Bütün insanlar deyəndə təkcə qadınlar və kişilər nəzərdə tutulmur.
- Azərbaycanda qadın hüquqlarının vəziyyəti haqqında nə düşünürsünüz?
- Azərbaycanda qadın hüquqlarının vəziyyəti çox bərbaddır. Əslində, hər sahədə belədir. Pandemiya dövründə ölkədə məişət zorakılığı halları artıb və buna qarşı heç bir tədbir görülmür. Ümumiyyətlə, bizdə bu mövzu gündəmdə deyil. Təzəlikcə bir qadın qaynatası tərəfindən vəhşicəsinə qətlə yetiririldi. Heç bir partiya reaksiya vermədi. Ona görə də bu mövzu çox arxa plandadır. Heç kim bu haqda danışmaq istəmir. Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi var, amma bu istiqamətdə fəaliyyətsizdirlər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Toplum TV
açıq mənbədən götürülüb
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür