Müsahibə

Zülfüqar Rüfətoğlu: “Bizi vətənə bağlayan torpaqdan daha çox insanlardır” 

Aytac Məmmədli
23 Yanvar, 2021
490

google.az

Bu nə mübhəm gecədir?..
Bu nə mübhəm qəfil səs?..
Gecənin ortasında
Üzünə dəyən nəfəs
Anaları oyadır -
Gedənlərdir – qayıdır...
Darvazanın yanında
Xışıltı və hənirti...
Hərçənd göz gözü görmür,
İtlər boşuna hürmür,
Gedənlərdir – qayıdır...
Ay dekabr ayıdır,
Gedənlər ölməyiblər...
Və gedənlər qayıdır...

Zülfüqar Rüfətoğlunun şeiridir. Bir ay öncə paylaşmışdı. Müharibədən sonra insanlara ümidin heç vaxt ölmədiyini söyləyən şeir…


“Toplum TV”-nin müsahibi həmin şeirin müəllifi, Londonda yaşayan jurnalist, şair, tərcüməçi, bir neçə il BBC-nin Azərbaycan xidmətində çalışmış Zülfüqar Rüfətoğludur. 


- Zülfüqar bəy, Azərbaycan postmüharibə dövrünü yaşayır. Sizcə, ölkədə nələr dəyişib?


- Azərbaycan hərbi-siyasi mənada böyük qələbə qazanıb. Dəyişən şeylər isə hələlik çox azdır. Nəyinsə belə tez dəyişməyini gözləmək olmaz. Harda yaşamasından asılı olmayaraq Qarabağ məsələsi azərbaycanlıların ürəyindən daş kimi asılmışdı. Bu mənada müharibədən sonra insanların özünə inamı artdı. Rusiya sülhməramlıları məsələsində isə ümidsizliyə səbəb görmürəm. Qarabağda yaranan vəziyyət onu deməyə əsas verir ki, qalan problemlərin həlli mümkündür. İndi 30 il əvvəlki vəziyyət deyil, irəliyə doğru diplomatik addımlar atmaq olar. Əsas odur ki, ölkədə sağlam siyasi mühit yaransın. Çox acınacaqlıdır ki, yaltaqlıq baş alıb gedir. Buna daha çox da ziyalılar arasında rast gəlinir, halbuki onlar cəmiyyəti sağlamlaşdırmalıdırlar. 

-Çıxıb Şuşaya gedirəm.
Google-un xəritəsində,
Google anamı ağladır,
Mən hər gecə ağlayıram,
Düz Şuşanın ortasında…
İllər öncə yazdığınız şeirdir. Şuşa artıq azaddır, yəqin daha hər gecə ağlamırsız. 


- Mən çox sevinirəm ki, bu şeir sıradan çıxıb. Amma o, aktuallıq baxımından sıradan çıxıb, poetik baxımdan həmişə öz təravətini saxlayacaq. Ümid edirəm, ora şeirdəki kimi google ilə yox, torpaq üstü ilə də getmək mümkün olacaq. 


- Son şeirinizdə (hər halda bizə məlum olan son şeirinizdə) “Gedənlərdir - qayıdır” deyirsiniz...Bəs siz vətənə qayıtmağı düşünürsünüzmü heç?  
 

- İndi əvvəlki qədər gediş-gəlişdə böyük problemlər yaşamıram. Gələndə bir-iki ay qala bilirəm, qürbətin ağrıları bir az azalır. Azərbaycan mənim vətənimdir, həmişə də belə qalacaq. 


-Bəs şeirlərinizdən birində deyirdiniz ki, daha qürbət vətənləşib, vətən də qürbət olub? 


-Füzuli demiş, hər şeirdə bir az yalan var: “Aldanma ki, şair sözü, əlbəttə, yalandır”. Amma reallığa baxsaq, vətəndə valideynlərimin heç biri sağ deyil, dostlarımın bəziləri dünyasını dəyişib, bəziləri ilə emosional bağlarımız qırılıb. Yaxşı ki, qardaşım Rəşad Əhmədzadə, onun ailəsi var. Vətən bu mənada qürbətləşib, insani baxımdan. Bizi vətənə bağlayan torpaqdan daha çox insanlardır. 


- Gecəyarı qapıları döyməyin,
Ata var ki, yuxu bilməz həsrəti
Ana var ki, namaz üstə yaşayır
Oğul var ki, başa çatıb xidməti.
Sizin də qapınızı döyən olubmu, bu narahatlıq sizdə, sizin ailənizdə də vardımı? 

 

- Bəli, vardı. “Gecəyarı qapıları döyməyin” təkcə lirik şeir deyil, həm də siyasi şeirdir. Babam Zülfüqar Əhmədzadə jurnalist, şair, dövlət xadimi idi. 1938-ci ilin mayında siyasi səbəblərlə həbs olunub və sonra heç vaxt qayıtmayıb. Nənəmin danışdığına görə, o vaxt qapımız gecə saat 3-də döyülübmüş... Bununla bağlı bir şey demək istəyirəm. Azərbaycandakı siyasi mühit bir az Rusiyadakına bənzəyir. Orda Stalinin, Beriyanın yenidən qəhrəmana çevrilməsinə cəhdlər edilib. Azərbaycanda da bir ara belə bir şey olmuşdu - Mircəfər Bağırovu qəhrəman etmək. Qatili, adam öldürəni heç vaxt bağışlamaq olmaz. 

- Bir neçə il öncə - Azərbaycanda həbslərin artdığı, vətəndaş cəmiyyəti fəallarının, siyasətçilərin təqib olunduğu dövrdə məhz bu şeiriniz sosial şəbəkələrdə paylaşılırdı. Nə hiss edirsiniz onda? Sanki şeir ötən əsrin 30-cu illərində yaşananlara həsr edilməmişdi, bu günlərdə yazılmışdı.  
Ya da bu misra:
…Və birdən sarsıldım özüm bu səsə,
Dondu, laxtalandı damarımda qan,
"İtaət” bağırmaq istədim, nəysə,
"Hürriyyət” sədası qopdu ağzımdan…
- Bir addam irəli çıxsın o adam!!!


-Şeirlər bir gün üçün yazılmır.
Bunlar mənim tez-tez müraciət etdiyim, amma görmək istəmədiyim mövzulardır. Dünayada insan üçün ən əziz, ən doğma şey azadlıqdır. İnsanın pulu, sağlamlığı, nəyi olursa olsun, azadlığı yoxdursa, demək? həyatı yoxdur. Ona görə də azadlıqdan çox yazıram. 


- Daha çox şeirlərinizdən danışdıq, amma siz həm də jurnalistsiniz. Media nümayəndəsi olaraq Azərbaycan mətbuatının fəaliyyətini necə dəyərləndirərdiniz? 


-Azərbaycan mediasının vəziyəti acınacaqlıdır. Bir-iki krossvord qəzetindən başqa qəzet, çap mediası yoxdur. 


-Bəlkə tələb yoxdur? 


-Yox, tələb var. Bilirsiniz, bu nəyə oxşayır? Bir adama nəyisə vermirsiniz, bir dəfə deyir, iki dəfə deyir, axırda deyir ki, istəmirəm. Tələb niyə yoxdur ki, yaxşı qəzetlər çıxsa, alıb oxuyarıq. Digər problemlərə gəldikdə isə, Azərbaycanda xəbər janrı ölüb. Telekanallarda xəbərləri analitika əvəz edir.  7-8 eyni sima, eyni adamlar çıxırlar, guya nəyisə şərh edirlər, siyasi proqnoz verirlər, sonra da onların heç biri düz çıxmır. Bir də yuxarıda dediyimiz  məsələ - yaltaqlar ordusunda media nümayəndələri də çoxdur. Ümumiyyətlə, bizdə jurnalist çoxdur, bu qədər jurnalist olmamalıdır. Əslində, vəkil, həkim – bu kimi peşələrə daha çox ehtiyac var indi… Əvvəl şair bolluğu var idi, indi jurnalist bolluğu başlayıb. Bunu qurtarmaq lazımdır, belə bolluqda yaxşı heç nə yoxdur. 

Müsahibə

“Mən Xocalıda anamın şəhid olduğu yerdən keçib erməni ilə birlikdə yaşaya bilmərəm”

Aytən Zamanova
26 Fevral 2021

Justice for Khojali

“Xocalıma, anamın şəhid olduğu yerə getmək istəyirəm”. "Toplum TV"-nin budəfəki müsahibi Milli Qəhrəman Tofiq Hüseynovun qızı Yasəmən Həsənovadır. Tofiq Hüseynov Xocalıda yaradılmış özünümüdafiə taborunun yaradıcılarından olub, daha sonra həmin taborun komandiri təyin edilib; “Mixaylo” ləqəbiylə tanınırdı.  Şahidlərin danışdığına görə, T.Hüseynov fevralın 26-da çox sayda dinc sakini Xocalıdan çıxara  bilib, 3 gün sonrasa sonuncu qumbarasını sinəsinə sıxaraq özü ilə bərabər yaxınlığındakı silahlı erməniləri də partladıb. O həlak olanda 37 yaşı vardı.  Xocalı hadisələri vaxtı həyat yoldaşı, qardaşı, ata-anası da qətlə yetirilib.   Azərbaycan Respublikası Prezidentinin 7 iyul 1992-ci il tarixli fərmanı ilə Tofiq Hüseynov "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. O,...
Müsahibə

Arif Əliyev: "Əli Həsənov deyirdi ki, diffamasiyanı qəbul etsək, küçədə qan su yerinə axacaq"

Aytac Məmmədli
20 Fevral 2021

Arif Əliyev - "Turan"

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib ki, komitə yaz sessiyası ərzində diffamasiya ilə bağlı dinləmə təşkil edəcək. O bildirib ki, mətbuat azadlığının gücləndirilməsi, beynəlxalq indekslərdəki problemlərin aradan qaldırılması üçün diffamasiya ilə bağlı məsələləri komitənin gündəliyinə daxil ediblər. Azərbaycan beynəlxalq təşkilatlar qarşısında diffamasiyanın dekriminallaşdırılması ilə bağlı öhdəlik götürsə də, bununla bağlı qanun layihəsi indiyə qədər parlamentdə müzakirəyə çıxarılmayıb. Bəs Azərbaycan diffamasiya ilə bağlı öhdəlikləri niyə yerinə yetirmir? “Toplum TV” bu və digər suallara aydınlıq gətirmək üçün Bakı Mətbuat Klubunun rəhbəri, jurnalist Arif Əliyevə müraciət edib. - Arif bəy, diffamasiya haqqında qanun çoxdandır ki, müzakirə olunur, niyə hələ də...
Seçilmiş Videolar