Qaynar xətt

Mingəçevir sakini: İcra başçısı deyir ki, həddi-buluğa çatdığın üçün şəhid övladı sayılmırsan

Günel Manaflı
18 İyul, 2022
1075

“Mingəçevirin icra başçısı İlham İsmayılov deyir ki, həddi-buluğa çatdığın üçün şəhid övladı sayılmırsan”.

Bu sözləri Mingəçevir sakini Nəsimi Quliyev deyir.

Onun sözlərinə görə, atası 1993-cü ildə müharibədə həlak olduqdan sonra Mingəçevir İcra Hakimiyyətindən onlara ev veriləcəyi vəd edilsə də, vədə əməl olunmayıb:

“Şəhərin başçısı İlham İsmayılov illərdir mənə ev verəcəklərini deyərək aldadıb, indi də deyir ki, həddi-buluğa çatmısan, şəhid oğlu sayılmırsan və sənə ev düşmür. Bir uşağın atası şəhid olubsa, o artıq böyüdüsə, şəhid övladı sayılmır?! Atam Pənah Quliyev 1993-cü ildə Murovdağda gedən döyüşlər zamanı şəhid olub. Elə o vaxtdan anam ev növbəsinə yazılıb. Anam 2016-ci ildə vəfat etdikdən sonra ev növbəsi mənim adıma keçib”.

Nəsimi Quliyev Mingəçevirdə şəhid ailələri üçün tikilən binadakı mənzillərin satıldığını iddia edir: “Adamlar tanıyıram ki, həmin binadakı evləri pulla alıblar. Əgər mümkündürsə, icra başçısı mənə də bir məbləğ desin, sələmə pul götürüb verim. Artıq dözə bilmirəm, intihar həddinə çatmışam. İcra başçılarının övladları öz keflərindədir”.

“Oğlumu dəfələrlə xərçəng sancıb”

O, dolanışığının ağır olmasından şikayətlənir.

“Mənim övladlarım qalmağa yer, yeməyə çörək tapmır. Gəlib mənim yaşadığım yerə baxıb utansınlar ki, şəhid övladı belə bir vəziyyətdə yaşayır. Bunlar sanki şəhid ailələrindən qisas alır, zülm edirlər. Dəfələrlə icra başçısının qəbuluna getmişəm, məni qəbul etməyib”.

Şikayətçi deyir ki, hazırda qalmağa evi yoxdur, tanışının verdiyi, dağın dibində yerləşən bir daxmada yaşayır.

“Hazırda elə bir şəraitdə yaşayıram ki, ora ev demək mümkün deyil. O daxma da tanış bir adamındır verib ki, həm yaşa, həm də bağıma bax. Gələcəyin 3 əsgərini böyüdürəm. Sabah gələcəklər ki, ver, oğlanlarını aparırıq vətəni qorusun. Bəs mənim övladımın normal yaşaması üçün niyə şərait yaradılmır?! Uşaqlarım məktəbə getmək üçün kilometrlərcə piyada yol qət etməli olur. Oğlumu dəfələrlə xərçəng sancıb”.

Güzəranının ağır olduğunu deyən şikayətçi heyvandarlıqla məşğul olmaq üçün qoyun almaq üçün Mingəçevir şəhər Məşğulluq Mərkəzində növbəyə dursa da, dediyinə görə, ona heyvan verməyiblər ki, Bakıda ötən il 1 ay 15 gün fəhlə işləyib.

“Ona görə də növbəm ləğv edilib. Bir ildən çoxdur ki, Məşğulluq Mərkəzində növbədə idim. İlin ortasında 45 gün qaynaqçı işlədiyimi bəhanə edib növbəmi ləğv etdilər. İllərdir işsiz olub 1 ay 15 gün işləyib varlı oldum? Halbuki o heyvanlar paylanılanda artıq mən işsiz idim. Mənə deyirlər ki, şəhid oğlu olduğun üçün yenidən növbəyə yaza bilərik. Belə çıxır ki, mən yenə ac qarına 1 il oturacam ki, heyvan verəcəklər”.

İcra Hakimiyyətindən: “Vətəndaş səhv başa düşüb”

“Qanuna görə 18 yaşdan sonra vətəndaş şəhid oğlu sayılmır və imtiyazlardan istifadə edə bilməz”.

Mingəçevir şəhər İcra Hakimiyyətinin vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Sahib Əliyev Toplum TV-yə belə deyir.

“Şəhid adının əbədiləşdirilməsi haqqında qanunda yazılıb ki, kimlərə şəhid statusu şamil edilə bilər. Əgər vətəndaşın anası rəhmətə getdikdən sonra ev nöbəsi oğlunun adına keçibsə, veriləcək. Şəhid olan şəxsin uşaqları 23 yaşına qədər statusunu saxlayır, o da tələbə olarsa. Şəhidlərə verilən güzəştlər haqqında qanun yol vermir ki, 18 yaşdan yuxarı o statusunu saxlasın. Bu işə bizdə hüquq şöbəsi baxır və bütün bunlar haqda vətəndaşa yəqin ki, izahat verilib”.

O, Nəsimi Quliyevin şəhid ailələrinə tikilən mənzillərin satıldığı haqda iddialarını təkzib edir: “Hələ heç bina tikilməyib, necə satıla bilər? Vətəndaş səhv başa düşüb. Həmin binanın tikintisinə icra başçısı tərəfindən sərəncamla yer ayrılıb və sahibkar tərəfindən tikilir. Bina hazır olduqdan sonra Sosial Müdafiə Nazirliyinə veriləcək. Sosial Müdafiə Nazirliyi də bizdə növbədə olan şəhid ailələrinə həmin evlərdən növbəlilik əsasında paylayacaq”.

Mingəçevir şəhər Məşğulluq Mərkəzindən Toplum TV-yə vətəndaşın işsizlik statusu pozulduğu üçün növbəsinin ləğv edildiyini bildirirlər.

“Nəsimi Quliyev 27 oktyabr 2021-ci ildə əmək müqaviləsi bağlayaraq qaynaqçı vəzifəsində çalışıb. Dekabrda isə işinə xitam verilib. Vətəndaş həmin ərəfədə məşğul şəxs sayıldığı üçün növbəliliyi ləğv edilib. Vətəndaşlar bizə müraciət edəndə onları məlumatlandırırıq ki, bu ərəfədə özləri iş tapsalar onların növbəliliyi ləğv ediləcək. Nəsimi Quliyev yenidən növbəyə yazıla bilər. Vətəndaşın hazırda o haqqı var”.

Şikayətçi Nəsimi Quliyev iyulun 19-da Mingəçevir şəhər icra başçısı İlham İsmayılovun qəbulunda olacaq və ümidini bu görüşə bağlayıb.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Qaynar xətt

Gəncədə aksiya: "Necə ki, biz yurdsuz qaldıq, onlar da cəzasını çəksin"

Fatimə Mövlamlı
31 May 2023
Bura Gəncə Ağır Cinayətlər Məhkəməsinin qarşısıdır. 2021-ci ilin iyununda Tovuz rayonunun İbrahimhacılı kəndində baş verən yanğında ölən Yaqut Quliyeva və Həqiqət Cabbarovanın yaxınları məhkəmənin qarşısında aksiya keçirib. Onlar deyir, yanğın təsadüfən baş verməyib. Yanğını evə soyğun etmək məqsədilə girən Elcan Bağırov və Quliyev soyadlı iki şəxs törədib. Quliyev saxlanılan zaman yetkinlik yaşına çatmadığından adı mətbuata açıqlanmır. Daxili İşlər Nazirliyinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Toplum tv-yə bildirib ki, təqsirləndirilən şəxslər hər iki qadını bıçaqla qətlə yetirərək, evdən 65 manat, qızıl sırğa və mobil telefon götürüblər. Daha sonra evi yandırıblar. Bundan sonra faktla bağlı Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup...
Qaynar xətt

Qeydiyyata düşə bilməyən vətəndaş: "Bəs mən havada qalım?"

Fatimə Mövlamlı
31 May 2023
İradə Heybətova Bakı şəhər sakinidir. Deyir, Suraxanı qəsəbəsindəki yaşadığı evi satıb, Nərimanov rayonunda kirayə yaşamağa başlayıb. Amma qeydiyyatı hələ də satdığı evdə imiş. 2023-cü ilin mayayında isə onu həmin ünvandan qeydiyyatdan çıxarıblar.  Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev məsələ ilə bağlı Toplum Tv-yə bildirib ki, şikayətçi polisin inzibati binasına qeydiyyata düşmək üçün rəsmi müraciət etməlidir. Polisin çıxaracağı qərardan razı qalmazsa, bu halda məhkəməyə müraciət edə bilər.

Seçilmiş Videolar

Toplum TV loqo