Zaqatala sakini: Qızımın ölümündən sonra həkimlər daha bir ananı və körpəsini öldürdülər
Zaqatala rayon sakini Eyvaz Mahmudov deyir ki, qızı Rəna Ramazanova doğuşdan bir gün sonra rayon Mərkəzi Xəstəxanasının həkimlərinin laqeydliyi ucbatından vəfat edib.
“Qızım martın 19-da Zaqatala rayon Mərkəzi Xəstəxanasında qeysəriyyə əməliyyatı ilə ikinci dəfə ana olub. Əməliyyat normal keçsə də, sonradan vəziyyəti pisləşib və o , martın 20-dən 21-ə keçən gecə vəfat edib. Mənim 26 yaşlı qızımın qatili olan həkimlər Mehriban Hüseynova, Rəna Sultanova və onların himayədarı baş həkim Məcid Əliyev rahat şəkildə heç bir cəza çəkmədən gəzir”.
Valideyn baş verən hadisənin araşdırılmasını, həmin həkimlərin cəzalandırılmasını tələb edir.
“Mən 4 aydır ki, həmin həkimlərin cəzalandırılmasını gözləyirəm. Ancaq nə şikayətimə baxan var, nə də dinləyən. Artıq o həddə çatmışam ki, qızımın həyatına son qoyan o həkimlərin cəzasını özüm kəsim. Qızımın 6 yaşlı bir oğlu və yenicə doğulmuş körpə qızı anasız qaldı”.
https://toplum.tv/sosial/zaqatala-xestexanasinda-ana-olumu-qizimin-qatilleri-hekimlerdir
Şikayətçi Eyvaz Mahmudov iddia edir ki, həkimlərdən Rəna Sultanovanın qardaşı yüksək vəzifədə işlədiyi üçün onun şikayəti ünvanına çatmır.
“Əlimdə qızımın “həkimlər yoxdur, baxan yoxdur, ölürəm” deyərək imdad diləyən səs yazısı olmasaydı, mən onları günahlandırmazdım. Mənim qızım həkim səhlənkarlığının qurbanı olub. Bu haqda Prezident Administrasiyasına, Mehriban Əliyevaya, Baş prokurorluğa, Ombudsmana müraciət etsəm də, bir nəticəsi yoxdur. Fakt əldə ola-ola, həkimlərin vicdansızlığı, savadsızlığı ortada ola-ola bu qədər uzun istintaq necə ola bilər?”
Valideynin sözlərinə görə, qızının ölümündən sonra ona kəskin ürək və ağciyər çatışmazlığı, tromboemboliya diaqnozu qoyulub, məqsəd də qızının xəstə olduğunu deməklə həkim səhlənkarlığından diqqəti yayındırmaqdır.
“Respublikanın Baş prokuroru Kamran Əliyev Zaqatala rayonunda vətəndaşları qəbul edirdi. Getdim məsələni danışdım, dedi ki, iş nəzarətdədir, baxılacaq. Qızımın ölümündən sonra həkimlər daha bir ananı və ondan bir az sonra isə körpəsini öldürdülər. Bu həkimlər cəzalandırılmasa, daha çox valideynlər gözü yaşlı, uşaqlar anasız qalacaq”.
Baş prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov Toplum TV-nin sorğusuna cavab olaraq bildirir ki, ekspertiza nəticəsindən sonra müvafiq qərar qəbul ediləcək:
“Həmin vətəndaş iyunun 28-də Baş prokuror Kamran Əliyev tərəfindən Zaqatala rayon prokurorluğunda qəbul edilməklə müraciəti nəzarətə götürülüb. Araşdırma zamanı müvafiq ekspertiza təyin olunub. Nəticəsindən asılı olaraq qanuni qərarın qəbul edilməsi təmin ediləcək”.
Məsələni diqqətdə saxlayacağıq.
Qazi müharibədə sağlamlığını itirsə də, əlillik ala bilmədiyini deyir
Şəxsi arxiv
Müharibə iştirakçısı medal alıb, ancaq veteranlıq ala bilmir
Şəxsi arxiv
Nağıyevlər ailəsi: Dövlətin və büdcə təşkilatlarının keşiyində
Londondakı Azərbaycan səfirliyinə hücum edənlər kimlərdir? - YENİLƏNİB
Cəmil Həsənli Milli Şuranın sədrliyindən getmək istəyir
Londonda səfirliyə hücum - REAKSİYALAR (yenilənir)
Mustafa Cəmiloğlu: Azərbaycan bizim üçün ruslara yaxın bir ölkədir