Siyasət

“20 Yanvarda şəhid olanların ailələrinə təzminat ödənilməlidir”

20 Yanvar, 2022
736

Açıq mənbələrdən götürülüb

İkinci qrup əlil olan Baxşəli Allahverdiyev 20 Yanvar hadisələrinin canlı şahididir.

1990-cı ildə sovet ordusu Bakıya girərkən o və qardaşı silahsız, əliyalın tankların qarşısına çıxıblar.

“Rəhmətlik Larisanın (Milli Qəhrıman Larisa Məmmədova – red.) öldüyü yerdə dayanıb tankların qarşısını kəsməyə çalışırdıq. Elə ordaca güllə sağ böyrümdən girib, sol böyrümdən çıxmışdı. Yaralanandan sonra özümü birtəhərhər təcili yardıma çatdıra bilmişdim. Ancaq Təcili yardımla yaralıları “Nərimanov”dan “Gənclik” tərəfə daşıyanda rus ordusu maşının qarşısını saxlayıb mane olmaq istədi. Xoşbəxtlikdən həmin gün bizi xəstəxanaya çatdırmaq mümkün oldu. Ancaq həmin vaxt huşumu itirdiyimdən öldüyümü zənn edib, məni morqa yerləşdiriblərmiş”.

Hazırda 65 yaşı olan B.Allahverdiyevin sözlərinə görə, morqda qaldığı vaxt onun adı həlak olanların siyahısına düşüb, bu günə qədər də bir çox yerdə adı şəhid kimi qeyd edilir.

Ancaq dediyinə görə, bu günə qədər layiq olduğu münasibəti görə bilməyib.

“İndiyə qədər həmin günün ağrı-acısını bədənimdə daşıyıram. Qarnımı dələn güllələr zəhərli olduğu üçün yayda irinləyir. Hətta səhhətimlə əlaqədar 1993-cü ildə İraqda müalicə olunmuşam. İndi 10-15 günlük adi istirahət vermirlər ki, bir yerdə gedib müalicə olunasan, dincələsən. Nə zaman getsəm, “yer yoxdur” deyirlər”.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq dinc əhalini gülləbaran edib. Hadisə nəticəsində 137 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.

1994-cü ildə Milli Məclis 20 Yanvar faciəsi ilə bağlı xüsusi qərar qəbul edib.

Hər il həmin gün ölkə ərazisində dövlət bayraqları yarıya qədər endirilir, hadisə zamanı həlak olanlar bir dəqiqəlik sükutla yad edilir.

Bununla belə şəhid ailələri onlara lazımi qiymət verilmədiyini söyləyirlər.

20 yanvarda zədə alanlar əmək əlili kimi qeydiyyatdadı

“20 Yanvar” İctimai Birliyinin sədri Sultan Əzimzadənin sözlərinə, həmin hadisələr zamanı zərər çəkən insanların, ailələrin problemi hələ də qalmaqdadır. Məsələn, 1990-cı ildə sağlamlığını itirən bir çox insanın sənədində aldığı zədə bədbəxt hadisə, əmək zədəsi kimi göstərilib. Bəzi vəsiqələrdə isə “20 Yanvar hadisələri ilə əlaqədar” sözləri yazılıb.

“1990-cı ildə yaralanan iki qardaş vardı, onlardan şəhid olan Məmmmədov Məmmədin sənədinə ərazi bötövlüyü uğrunda həlak olmuş şəxs sözü, əlil olmuş qardaşı Məmmədov Sabirin sənədinəsə yarasının əmək zədəsi olduğu qeyd edilib. Halbuki Qarabağda müharibəsində əlil olmuş şəxslərin sənədlərində Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi, Konstitusiya qurluşunun müdafiəsi ilə əlaqədar sözləri yazılır. Məgər 1990-cı ildə Sovet Ordusunun qabağına çıxan insanlar ölkənin müstəqilliyi, suverenliyini müdafiə etmirdilər? Yaxud da  “20 Yanvar hadisələri ilə əlaqədar” sözü özündə hansı mənanı ehtiva edir? Yəni bir açıqlama yoxdur ki,  yanvarın 20-də terror hadisəsi baş verib, yaxud zəlzələ, sunami olub”.

Sultan Əzimzadə - Açıq mənbələrdən götürülüb

S.Əzimzadə deyir ki, indiyə qədər Ədliyyə Nazirliyinə, Milli Məclisə ayrı-ayrı rəsmi şəxslərə müraciət etsələr də, vəziyyət dəyişməz olaraq qalıb.

“2005-ci ildə ilk dəfə Milli Məclisin deputatı Hacı Rəcəbli bildirdi ki, bu məsələ araşdırlır, yaxın zamanlarda məlumat veriləcək.  Yaxın zamandan 17 il keçir. Yəni Milli Məclis bu illər ərzində düz əməlli araşdırma edib ortalığa çıxara bilmədi?”

Fəxri ad haqqında vəsiqə niyə hələ də verilmir?

1990-cı ilin yanvarında həlak olanların ailələrinin dediklərinə görə, digər problem onlara hələ də “20 Yanvar şəhidi” fəxri adının vəsiqə və döş nişanının verilməməsi ilə əlaqədardır.

 “20 Yanvar şəhidi” fəxri adı ilk dəfə 1998-ci ildə Prezident Heydər Əliyevin  31 mart tarixli 695 nömrəli Fərmanı ilə təsis edilib.

Həmin fəxri adla Azərbaycan Respublikasının azadlığı, suverenliyi və dövlət müstəqilliyi uğrunda 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr zamanı həlak olmuş və ya aldığı xəsarətdən (yaralanma, travma, kontuziya) vəfat etmiş şəxslər (ölümündən sonra) təltif olunurlar.

Sonuncu dəfə 2020-ci ildə prezident İlham Əliyev mövcud əsasnaməyə dəyişiklik edilməsi barədə növbəti fərman imzalayıb, 1998-ci ildə tərtib edilən əsasnamə yenilənib.

Hətta qanunda “20 Yanvar şəhidi” fəxri adının vəsiqəsinin eskizi haqda qeyd olsa da, ailələrə indiyədək vəsiqə verilməyib.

“20 Yanvar şəhidi” fəxri adının verilməsi haqqında vəsatət qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq sənədlər əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qaldırılır. Nazirlik vəsatəti vətəndaşların və ictimai təşkilatların müraciətinə uyğun olaraq qaldıra bilər.

İcra prosesi isə Nazirlər Kabinetinin qərarı əsasında müəyyənləşir.

“20 Yanvar” İctimai Birliyinin rəhbəri Sultan Əzimzadə və “20 Yanvar Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması” İctimai Birliyinin sədri Maral Qocamanovanın sözlərinə görə, dəfələrlə Nazirlər Kabinetinə problem haqqında müraciət etsələr də, qurumdan cavab almaq mümkün olmayıb.

Birlik sədri deyir ki, 2020-ci ilin sonlarında onlar Nazirlər Kabinetini Konstitusiya Məhkəməsinə şikayət etmək istədikdə bu baş tutmayıb, şikayətə baxılmayıb.

Təzminat ödənilməlidirmi?

Ölkənin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailələrinə birdəfəlik 11.000 manat sığorta pulu ödənilir.

Ancaq sığorta pulunun 20 Yanvar hadisələri zamanı həlak olanların ailələrinə ödənməsi nəzərdə tutulmur. Ailələrin bir narazılığı da bununla bağlıdır. Onlar hadisələrdə həlak olanların ailələrinə təzminat ödənməsini istəyirlər.

“Qanunvericilikdəki boşluqlar aradan qaldırılmalıdır”

Konsitutsiya Araşdırmalar Mərkəzinin rəhbəri Əlməmməd Nuriyevin fikrincə, sadalanan problemlər o zamankı Azərbaycan hakimiyyətinin təslimçi mövqe tutmasından qaynaqlanır.

Onun sözlərinə görə, doğrudur, müstəqillik dövründə zərərçəkənlərə siyasi-hüquqi qiymət verilib, müvafiq normativ hüquqi aktlar qəbul olunsa da, bunlar yetərli deyil.

Əlməmməd Nuriyev - Açıq mənbələrdən götürülüb

“Sosial təminatla bağlı məsələdə yeni bir formatdan çıxış etmək mümkündür.  Qətliam o zamankı SSRİ rəhbərliyinin rəhbərliyi dönəmində baş vermişdi. SSRİ-nin hüquqi varisi Rusiyadır. Təzminat məsələsini də bu istiqamətdə qoymaq mümkündür.

Digər tərəfdən 20 Yanvar şəhidlərinin  Qarabağ müharibəsində həlak olmuş şəxslərə bərabər tutulması ilə bağlı müzakirəyə ehtiyac var. Həmin hadisələrlə əlaqədar verilən fərmanlarda “Azərbaycanın ərazi bütövlüyü uğrund” sözləri yazıldığı üçün kompensasiya ilə bağlı düşünmək lazımdır. Hər halda düşünürəm ki, bu istiqamətdə addımlar zaman-zaman atılacaq”, - Ə.Nuriyev belə deyir.

O, Nazirlər Kabinetinin icraatı yubatmasının başadüşülən olmadığını vurğulayır.

“20 Yanvar ailələrinə də Çernobil iştirakçılarına olan yanaşmanı tətbiq etmək lazımdır. Ora çıxan şəxslər də Azərbaycanın müstəqilliyini tələb edirdi, bu baxımdan hesab edirəm ki, bu məsələlər öz əksini tapmalıdır. Nazirlət Kabineti yanında hüquqşünaslar, vətəndaş cəmiyyəti üzvlərindən ibarət işçi qrupun yaramasına ehtiyac  var. Tarixi ədalətin bərpa edilməsinə nail olmaq üçün hüquqi aktlar yenidən işlənməlidir”.

Milli Məclisin deputatı Aydın Mirzəzadə isə bildirir ki, 1990-cı ildə həlak olanların ailələrinin və ya əlil olanların sosial təminat məsələsi  Milli Məclisdə müzakirə edilə bilər.

Aydın Mirzəzadə - Açıq mənbələrdən götürülüb

“Təzminat demirəm, çünki təzminat bir qayda olaraq günahkar tərəfindən ödənilir. Sovet İttifaqı isə bu gün yoxdur. Prezidentin belə bir fərmanı varsa, bu, mütləq yerinə yetirilməlidir. İndiyə qədər bu məsələ həll olunmayıbsa, şikayətçilər  Milli Məclis Sədrinin adına, yaxud da deputatlara müraciət etsinlər, biz də bu məsələni araşdıraq”, - deputat bildirir.

Sultan Əzimzadə isə indiyədək bir neçə dəfə parlamentə və hökumətə müraciət ünvanladıqlarını qeyd edir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo