Siyasət

21-ci əsrin diktatorları: Afrika   

Aytən Zamanova
30 May, 2021
2695

Afrinic.com

Diktatura dövlət hakimiyyətini həyata keçirmək mexanizmlərində vətəndaş cəmiyyətinin iştirakı olmayan rejimdir. Bütün güc bir nəfərin və ya bir qrup insanın (ya da hakim partiyanın, hətta bu partiyanın kiçik bir elit hissəsinin) əlində cəmlənir. 

Bəzi ölkələrdə totalitar, bəzilərindəsə avtoritar idarəçilik kimi formalaşan diktaturanın “adına layiq” də liderləri olur.  

Məsələn, Afrika nümunələrindəki kimi.   
 
“Mən əvvəldən bilirəm ki, qələbə çalacam”.   

 “Mənim arxamda Allah, ordu, yüksək güclər və mənim xalqım var”.   

“Konstitusiya mənəm”.   

“Hamı məni sevirsə, seçki keçirməyin nə mənası var?”   

“Hətta ölüm də məni dayandıra bilməz”.   

“Mən xaricdən dəstək alan bütün düşmənlərimi əzərəm”.   

Bu sitatların müəllifləri uzun illərdir hakimiyyətdə olan və prezident kürsüsünü tərk etmək istəməyən Afrika ölkələri liderləridir. 
   
Teodor Obianq Nquema Mbasoqo - allaha bənzədilən diktator  

Teodor Obianq Nquema Mbasoqo - Guardian

78 yaşlı Teodor Obianq Nquema Mbasoqo 41 ildən çoxdur ki, Ekvatorial Qvineyaya rəhbərlik edir.   

O, 1942-ci ildə anadan olub, İspaniyanın Ümumi Hərbi Akademiyasında təhsil alıb.   

1979-cu ildə Obianq “ömürlük prezident” Fransisko Makias Nquemanı – “intellektual” sözünü qadağan edən, bir neçə yaxın qohumunun qətlinə fərman verdiyi üçün haqqında dəli olması barədə şaiyələr dolaşan doğma dayısını devirərək hakimiyyətə gəlib.   

O, “Qara Afrika”nın (Afrika qitəsinin Böyük Səhradan cənubda yerləşən hissəsi) ən qəddar diktatorlarından sayılır. Ölkə əhalisi repressiya qorxusu və yoxsulluq içərisində yaşadığı halda, Ekvatorial Qvineyanın prezidenti və ailəsi dövlətin bütün sərvətlərini - neft-qaz ehtiyarını, meşələrini, qızıl, almaz və digər qiymətli metallarını istismar edir.   

Obianqın Vaşinqtondakı “Riggs Bank” ilə yaxın əlaqələrinin olduğu deyilir.

 Bu yaxın əlaqə tez bir zamanda bankın çöküşünə səbəb olub.

2010-cu ildə “Forbes” jurnalı Obianqın ABŞ-dakı bank hesablarında 700 milyon dollar vəsait olduğunu yazıb.   

Həmin il noyabrın 10-da Fransa Ali Məhkəməsi və Beynəlxalq Şəffaflıq Təşkilatı Fransa məhkəməsinə daxil olan şikayətin (2008), yəni Obianqın Fransada şəxsi mülk almaq üçün dövlət fondlarından istifadəsinə dair iddiaların araşdırılmasına icazə verib.   

Amma Ekvatorial Qvineyanın dövlət mediası onu allaha oxşadıb: “Teodor Obianq Nquema Allaha bənzəyir. İnsanlar və əşyalar üzərində yüksək hakimiyyətə malikdir”.

Xarici jurnalistlərin suallarını cavablandırarkən Obianq ölkəsində baş verənlərdən xəbərsiz olduğunu iddia edib: “Bizim müxalifətin liderləri - adlarını çəkməyəcəm - məni pis maneralarda günahlandırırlar. Siz nə danışırsınız? Ölkəmizdəki qanun pozuntuları və işgəncələr haqqında mənə heç bir şey məlum deyil. 
Əslində, bu mənim xoşuma gəlmir, çünki Ekvatorial Qvineyanın digər ölkələrlə münasibətinə pis təsir edir”.

1982-ci ildə ölkə konstitusiyasına dəyişiklik edilir və prezidentlik müddəti 7 ilə çatdırılır.  

1989-cu ildə keçirilən seçkilərə Obianq yeganə namizəd kimi qatılaraq prezident seçilir.   

Ölkədə fəaliyyət göstərən digər siyasi partiyaların seçkilərdə iştirakına yenidən 7 il sonra - 1996-cı ildə icazə verilir. 1996-cı il və 2002-ci il seçkilərini izləyən beynəlxalq müşahidəçilər bir çox qanunsuzluqlar aşkar etdiklərini bildirirlər.

Buna baxmayaraq Obianqın hər dəfə yüksək faizlə qələbə çaldığı elan olunur.  

Rəsmi nəticələrə görə, o, 2016-cı ildəki prezident seçkilərində 94% səs toplayıb və hazırda dünyada ən çox hakimiyyətdə olan dövlət başçısıdır. 

Paul Biya - ən yaşlı diktator  

Paul Biya - Açıq mənbələrdən götürülüb


  88 yaşlı Paul Biya 38 ildir Kamerunun prezidentidir.  

O, 1933-cü il fevralın 13-də Kamerunda dünyaya gəlib, Parisdə ali təhsil alıb.  

Paul Biya bir sıra dövlət vəzifələrində  çalışıb. O, 1964-cü ilin yanvarında Təhsil Nazirliyində müdir, 1965-ci ildə baş katib vəzifəsində işləyib. 1972-ci ildəsə Baş Nazir vəzifəsinə təyin edilib.   

1982-ci il noyabrın 4-də Kamerunun prezidenti Əhmədou Ahidjo gözlənilməz bir şəkildə istefa verdikdən 2 gün sonra yerinə Paul Biyanı təyin edib.  www.biography.yourdictionary.com Onda müsəlman rəhbərin xristian olan birini seçməsi təəccüb doğurmuşdu.  

Biya ilk zamanlarda Ahidjoya sədaqətli idi və o da Biyaya dəstəyini davam etdirirdi. 1983-cü ildə bu iki siyasətçi arasındakı münasibətlərdə uçurum yaranmağa başlayır. Əhmədou Ahidjo Fransaya sürgün edilir və oradan Paul Biyanı müxtəlif qanunsuzluqlarda günahlandırmağa başlayır. Bir neçə xarici liderin cəhdlərinə baxmayaraq onlar  arasında uzlaşma yaranmır.

Paul Biya 1988-ci ilin aprelində keçirilən prezident seçkilərində qalib elan olunur.   

2004-cü ilin oktyabrında müxalifətin saxtakarlıq iddialarına baxmayaraq Biya 70,9% səs topladığını iddia edərək yenidən 7 il müddətinə Kamerunun prezidenti seçildiyini bəyan edir.   

O, 2011-ci ildə yenidən prezident seçilə bilmək üçün konstitusiyaya dəyişiklik edir.   

Sonuncu dəfə Paul Biyanın 2018-ci ildə 71% səslə qalib gəldiyi elan edilir.

Onun əsas rəqibi müxalifətçi Moris Kamtonun 15% səs topladığı bildirilir.


Rəqibi seçkilərin nəticələrinə etiraz etdiyi üçün 10 ay müddətinə azadlıqdan məhrum edilir.  

2019-cu ildə Tunis prezidenti Beci Qaida Es-Sebs vəfat edəndən sonra Biya dünyanın ən yaşlı prezidenti hesab olunur.   

Müasir dövrün diktatorları siyahısında Paul Biyanın adı Teodor Obianq Nquema ilə yanaşı çəkilir.  
 
1992-ci ildən bəri o, rəsmən 5 prezident seçkilərinin qalibi elan olunub. Müxalifət nəticələrin saxtalaşdırıldığını, o cümlədədn səslərin satın alındığını bildirir.   
  
Deni Sassu-Nquesso – “rüşvətxor, dələduz, talançı” diktator  

Deni Sassu-Nquesso - ISS Today

Deni Sassu-Nquesso 1943-cü il noyabrın 23-də anadan olub. Konqo müstəqillik əldə etməzdən (1960) əvvəl orduda xidmət edib. 

Dövlət təhlükəsizliyi qurumunun başçısı, Konqo Əmək partiyasının qurucularından biri və onun Mərkəzi Komitəsinin sədri olub.   

1968-ci ildə prezident Fulbert Yuluyanın devrilməsində və Marien Nqouabinin iqtidara gətirilməsində iştirak edib.   

1992-ci ildə keçirilən prezident seçkisinə qatılıb və Paskal Lissoubaya məğlub olub.   

1997-ci il seçkilərində Lissabou və Nquessa tərəfdarları arasında iğtişaşlar baş verir. Nəticədə Lissouba devrilir və o, prezident seçilir. 
 
Artıq 38 ildir ki, Konqo Respublikasının prezidenti Nquessadır.  
 
Ölkəni tərk etmiş müxalifət nümayəndələri Deni Sassu-Nqesso və onun ailəsini rüşvətxorluqda, dələduzluqda, dövlət büdcəsini talamaqda və oğurluq pullarla Avropada daşınmaz əmlak almaqda günahlandırır.  

Yoveri Kaquta Museveni – hakimiyyətdə qalmaq üçün konstitusiyanı dəyişən “sadə diktator” 

Yoveri Kaquta Museveni - Sosial Media

Uqandanın 76 yaşlı prezidenti Yoveri Kaquta Museveni 1986-cı ildən bu vəzifədədir. 
  
5 illik vətəndaş müharibəsindən sonra onun tərəfində olan silahlı birləşmələr paytaxt Kampalunu ələ keçirirlər və Museveni prezident kürsüsünə əyləşir.   
1996-cı ildən bəri ard-arda 6 prezident seçkisində onu qalib elan edirlər. 2021-ci ilin yanvar ayında keçirilən son seçkidə Museveninin 58,6% səs topladığı bildirilib.   

Parlament onun prezident kürsüsündə qala bilməsi üçün 2 dəfə ölkə konstitusiyasına dəyişiklik edib - 2005-ci ildə 2 dəfə seçilmək məhdudiyyətini ləğv etmək üçün, 2017-ci ildə isə 75 yaş məhdudiyyətini aradan qaldırmaq üçün.    

Museveni 1990-cı illərdə afrikalı liderlərin yeni nəsil nümayəndəsi olaraq Qərb tərəfindən dəstəklənib.

 Amma onun prezidentliyi dövründə baş vermiş II Konqo müharibəsi və Böyük Göl toqquşmalarından sonra vəziyyət dəyişib.

Gəncliyində marksist olan Museveni Afrikanın digər dövlət başçılarından fərqli olaraq sadə insan kimi görünməyə çalışır, rüşvətxorluqla mübarizə aparır. 

 III Msvati - 14 yaşında taxta çıxan, dövlətin pulunu 13 arvadına xərcləməkdə günahlandırılan kral   

III Msvati - Sosial Media

Afrikanın cənubunda yerləşən kiçik Esvatini dövlətinin kralı, 35 ildir taxtda oturan III Msvati 1968-ci ildə anadan olub. O, 70 arvadı, 210 uşağı, 1000 nəvəsi olan kral II Sobhuzanın çoxsaylı oğullarından biridir.    

Sobhuza 1982-ci ildə vəfat etdikdən sonra  - 1983-cü ildə Böyük Dövlət Konseyi 14 yaşlı şahzadə Msvatini vəliəhd elan edir və 1986-cı il aprelin 25-də o, III Msvati olaraq taxta əyləşir. Hazırda onun 14 arvadı, 23 uşağı var.   

1973-cü ildə Esvatinidə bütün siyasi partiyalar ləğv edilir, vətəndaş fəallığı sıfıra endirilir.   

lll Msvati ölkəsinin ən varlı insanıdır, sərvəti 200 milyon dollar civarında dəyərindədir.

Esvatinidə əsas hadisələrdən biri krala yeni həyat yoldaşı seçmək üçün keçirilən açıq müsabiqədir. III Msvatinin həyat yoldaşı olmaq istəyən minlərlə qadın onun qarşısında yarıçılpaq şəkildə rəqs edir.

2001-ci ildə kralın qərarı ilə 21 yaşına çatmamış qızlara cinsi həyat qadağan edilir, qadağanı pozanlara inək və ya inək dəyərində pul cəriməsi tətbiq olunur. Amma 2005-ci ildə III Msvati qərarını ləğv etməli olur, çünki heç kim ona əməl etmir. 
  
2019-cu ildə o, kişilərə yalnz iki arvad almağa icazə verən qərar qəbul edir. Bu qanunu pozanları həbs cəzası gözləyir.

Krallıqda ilk kütləvi aksiya 2011-ci ildə keçirilib, etirazçılar kralı dövlət xəzinəsini özünün və 13 arvadının dəbdəbəli həyatına xərcləməkdə günahlandıraraq III Msvatinin istefasını tələb ediblər.
  
İsayas Afeverki – seçkiləri ləğv edən prezident  

İsayas Afeverki - Açıq mənbələrdən götürülüb


75 yaşlı İsayas Afeverki Eritreyanın ilk və dəyişməz prezidentidir.  

Afeverki 1946-cı ildə anadan olub,  Şahzadə Makonnen liseyində təhsil alıb.   

1960-cı ilin əvvəllərində milliyətçi tələbə hərakatına qoşulub.   

1965-ci ildə indiki Əddis Əbəbə Universitetinin Mühəndislik fakültəsinə daxil olub.   

İsayas həyat yoldaşı Saba Hayle ilə 1981-ci ildə Eritrenin azadlığı uğrunda mübarizə zamanı tanış olub, onların 3 övladı var.   

1968-ci ildə Afeverki hərbi hazırlıq keçmək üçün Çinə göndərilir. Vətənə qayıtdıqdan sonra Azad Eritreya cəhbəsinin hərbi diviziyasının komandir köməkçisi olur.   
1977-ci ildə o, Menqistu Hayle Moriamuya Efiopiyanın sonuncu imperatoru Hayle Selassı devririb hakimiyyətə gəlməkdə kömək edir. Menqistu devrildikdən sonrasa (1990) Eritreya müstəqillik qazanır.   

Afeverki müvəqqəti hakimiyyət qurur, sonradan bu hakimiyyət indiyə qədər davam edən daimi idarəçiliyə çevrilir.   

O, ölkəsinin azadlığı uğrunda mübarizə aparan qəhrəman hesab olunur.  

Afeverki hakimiyyətə gələndən sonra Eritreyada prezident seçkilərini ləğv edir, müxalifət mediasına qadağa qoyur, qarşıdurma bəhanəsiylə bütün narazıları həbs etdirir, ya da güllələtdirir. Birləşmiş Millətlər Təşkilatı Afverkinin hərəkətlərini insanlığa qarşı cinayət olaraq qiymətləndirib. 

“Amnesti İnternational” Təşkilatı həbsxanalarda 10 minlərlə siyasi məhbus olduğunu; ölkədə də vəhşicəsinə cəzalandırma, işgəncə, qanunsuz sorğu və təzyiqlərin geniş yayıldığını bildirir. Eritreya hökuməti bu iddiaları təkzib edir.  

 Bu ölkədən Avropaya fasiləsiz miqrant axını var.  

Ov etməyi, yaxtasında və Qırmızı dənizdəki şəxsi sarayında vaxt keçirməyi xoşlayan Afeverkinin avtomobil və antik əşya kolleksiyaları var.   
  
İsmayıl Ömər Qulle – konstitusiyanı dəyişib 22 il hakimiyyətdə qalan diktator  

İsmayıl Ömər Qulle - BBC


 
74 yaşlı İsmayıl Ömər Qulle Eritreyanın qonşuluğundakı Cibutinin prezidentidir. O, 22 ildir hakimiyyətdədir.  

Qulle 27 Noyabr 1947-ci ildə Efiopiyada anadan olub. Cibutinin azad edilməsi uğrunda mübarizənin lideri olan əmisi Həsən Qouled Aptidonun varisi seçilib.   
Əvvəlcə polis sistemində çalışıb, sonra gizli xidmətə başçılıq edib, Somali və Fransanın gizli xidmətlərində təlim keçib.  

1999-cu ildə Qulle prezident seçkilərinə qatılır və yeganə rəqibi Musa Əhməd İdrisi məğlub edərək 74,02% səslə prezident seçildiyi açıqlanır.   

Az sonra İdris həbs olunur.   

Rəsmi məlumatlara görə, o, bir neçə seçkidə 80-85% səs çoxluğu ilə qalib gəlib.  

Qulle də hakimiyyətdə qala bilmək üçün konstitusiyanı dəyişdirən prezidentlərdəndir. “Ərəb baharı” zamanı Cibutidə ona qarşı kütləvi etirazlar olsa, ordunun müdaxiləsiylə aksiyalar dağıdılıb.   

2021-ci ilin aprel ayında keçirilən seçkidə Qulle beşinci dəfə prezident seçilib. Daxili işlər naziri Mömin Əhməd Şeyx onun 98,58 faiz səs topladığını bildirib. 

Qullenin yeganə rəqibi Zəkəriyyə İsmayıl Fərəh daha əvvəl təhlükəsizliyinə zəmanət olmadığını əsas gətirərək seçki kampaniyasını dayandırmış, etirazını bildirmək üçün publika qarşısına ağzı lentlə bağlanmış vəziyyətdə çıxmışdı. Ölkə üzrə seçki məntəqələri polis tərəfindən mühasirəyə alınıb. Digər müxalifət qüvvələri seçkiləri boykot edib.
  
Əmisinin yolunu davam etdirən Qulle “parçala və hökm sür” siyasəti yürüdür.   
  
Məhəmməd ibn əl-Həsən – Britaniya kraliçasından 18 dəfə çox pul xərcləyən kral  

Məhəmməd ibn əl-Həsən - Premium Times

Mərakeş kralı VI Məhəmməd ibn əl-Həsən 1963-cü ildə anadan olub.   

O, Mərakeşin kralı II Həsənin oğlu, alauitlər sülaləsinin 18-ci kralıdır. Bu sülalənin hakimiyyəti altında Mərakeş 1631-ci ildən sultanlıq kimi, 1957-ci ildənsə müstəqillik qazanmış krallıq kimi idarə edilib. Alautlər islam dünyasının ən qədim sülaləsi sayılır.   

57 yaşlı Vl Məhəmməd ibn əl-Həsən 1999-cu ildən taxtdadır. O, 22 il öncə atası kral II Həsən vəfat edəndən sonra taxta çıxıb.   

Afrikanın bir çox dövlət başçılarından fərqli olaraq Vl Məhəmmədin hakimiyyəti konstitusiya ilə məhdudlaşır. Taxta oturandan sonra onun atdığı ilk addım siyasi dustaqları azad etmək və atasının zamanında repressiya simvoluna çevrilmiş daxili işlər nazirini vəzifədən qovmaq olub.

Mərakeş kralı son onillikdə qadın haqları ilə bağlı bir sıra qanunlara imza atıb. 

Birləşmiş Millətlər Təşkilatının qiymətləndirməsinə görə, krallıqda insan haqlarının qorunması və media azadlığının vəziyyəti digər Afrika ölkələri və ümumilikdə müsəlman aləmiylə müqayisədə daha yaxşıdır. 

Amma  hüquq müdafiəçiləri Merakeş hakimiyyətini əvvəlki kimi rüşvətxorluğun geniş yayılmasında, islahatların aparılmamasında və azad jurnalistlər təqib etməkdə günahlandırırlar.

iqtisadiyyatın bütün aparıcı sahələrini öz əlində cəmləşdirən VI Məhəmmədin sərvəti 2,5 milyard dollar civarında dəyərləndirilir və bu onu dünyanın ən varlı monarxlarından biri edir. O, dəyəri 1.2 milyon dollar olan, brilyantlarla bəzədilmiş saat taxır. Kralın illik şəxsi xərcləri 353 milyon dollar həcmindədir. Bu isə Britaniya kraliçası II Yelizavetanın xərclərindən 18 dəfə çoxdur. 
  
Paul Kaqame – vətəndaş müharibəsini durduran, repressiyalarda ittiham olunan prezident  

Paul Kaqame - Açıq mənbələrdən götürülüb

Paul Kaqame 1957-ci ildə anadan olub.   

Ruandanın milliyyətcə tutsi olan 63 yaşlı prezidenti 2000-ci ildən hakimiyyətdədir.   

Vaxtilə qonşu Uqandanın hərbi kəşfiyyatında xidmət etmiş Kaqame Ruanda Vətənpərvərlər Cəbhəsinin yaradıcılarındandır.   

Tabeliyindəki hərbi qüvvələr ölkədəki qanlı vətəndaş müharibəsinə son qoyduqdan sonra (1994) o, Ruandanın faktiki rəhbərinə çevir.  www.britannica.com  
2000-ci ilin aprel ayında parlamentdə prezident seçilir. 2003-cü ilin avqustunda keçirilmiş seçkidə 94% səs toplayaraq prezident vəzifəsini icra etməyə davam edir, iki düşmən tərəfi - tutsiləri və xutuları bir araya gətirərək koalisyon hökumət yaradır.

2015-ci ildə Ruandanın konstitusiyasına dəyişiklik edilir və beləliklə, Kaqameyə 2017-ci ildə 3-cü dəfə 7 illik müddətə, daha sonra isə 2 dəfə 5 illik müddətə prezident seçilmək şansı qazanır. Bu o deməkdir ki, o, 2034-cü ilə kimi hakimiyyətdə qala biləcək.   

İdarəçiliyi dövründə Kaqamenin ölkədə sülhün bərpası üçün çox iş gördüyü deyilir. Bununla belə, bir çox Afrika liderləri kimi o da repressiyalarda, müxalifətə təzyiqlərdə ittiham olunur. “Transparansy İnternational”-ın qiymətləndirməsinə görə, hazırda Ruandada rüşvətxorluğun səviyyəsi bütün Şərqi Afrika ölkələrindən daha azdır.   

Kaqame Sinqapur və Cənubi Koreyanı təcrübə yönümlü dövlət adlandırır.   

İdris Debi – 31 illik prezidentliyi zorakı ölümlə bitən diktator   

İdris Debi - Sosial Media


 
31 il Çada başçılıq edən 69 yaşlı İdris Debi 1952-ci ildə çoban ailəsində anadan olub.  

Fransada hərbi pilot ixtisası üzrə təhsil alan Debi 1980-ci ildə - diktator Hissen Habrenin hakimiyyəti dövründə məşhur gizli Çad polisində işləyib.   

Hakimiyyətə hərbi üsyanlarda iştirak edib, buna görə 1989-cu ildə diktatorluğun hökm sürdüyü başqa ölkələrə - əvvəl Liviyaya, sonra Sudana qaçıb, 1990-cı ildə  tərəfdaşlarının və silahlı qüvvələrin köməyilə qələbə çalaraq paytaxt Ncamenuya qayıdıb.   

1991-ci ilin fevralında müvəqqəti hökumət Debini Çadın dövlət başçısı postuna təyin edib.   

1996-cı ilin martında keçirilən referendumda Debi ilk turda uğur qazana bilməsə də, iyulda keçirilən ikinci turda 69% səslə dövlət başçısı seçilib. 
  
Onun sayəsində Çad İsraillə diplomatik münasibət quran müsəlman ölkələrindən biri olub (2019).  

İdris Debi 5 dəfə prezident seçkilərinə qatılıb və rəsmi nəticələrə görə, hamısından qalib çıxıb. O, 2021-ci ilin aprel ayında keçirilən son seçkidə də qalib elan edilmişdi və konstitusiya dəyişikliyindən sonra 2033-cü ilə kimi ölkəyə rəhbərlik edəcəyi güman olunurdu.   

Amma onun qələbəsi açıqlanandan bir gün sonra ölkədə üsyan başlayıb, etirazçıları susdurmaq üçün başladılan hərbi əməliyyat zamanı Debi hərbi hissələrdən birini ziyarət edib və orada yaralanaraq ölüb. Hazırda hakimiyyətə oğlu Mahamat Kakanın rəhbərlik etdiyi Hərbi Şura nəzarət edir. 

“Transparency İnternatioanl” Təşkilatı İdris Debini korrupsiyada, dövlət xəzinəsini talamaqda, qohumbazlıqda və insan haqlarını kobud şəkildə pozmaqda günahlandırıb. 
 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Naxçıvanın iqtisadiyyat naziri vəzifəsindən azad olunub 

8 Dekabr 2023

Açıq mənbələrdən götürülüb

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Vaqif oğlu Əliyev vəzifəsindən azad edilib. Toplum TV APA-ya istinadən xəbər verir ki, bu barədə dekabrın 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov sərəncam imzalayıb. https://toplum.tv/sosial/pprezidentin-serencami-naxccedilivanda-neyi-deyisecek-nbspp Tapdıq Əliyev 2019-cü ilin mayın 14-də NMR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun Fərmanı ilə bu vəzifəyə təyin edilmişdi.
Siyasət

İlham Əliyev Ermənistanla verilmiş birgə bəyanatdan danışıb

Toplum TV
8 Dekabr 2023

President.az

Dekabrın 8-də Prezident İlham Əliyev Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçi qəbul edib. Toplum TV xəbər verir ki, görüşdə bir sıra məsələlərə, həmçinin Azərbaycanla Ermənistan arasında sülh quruculuğu prosesinə toxunulub.  Buriç xüsusilə Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Respublikası baş nazirinin Aparatı arasında qəbul olunmuş birgə bəyanatı alqışladıqlarını bildirib, Avropa Şurasının iki ölkə arasında etimad quruculuğu proseslərinə töhfə verməyə hazır olduğunu vurğulayıb. https://toplum.tv/siyaset/presmi-moskva-azerbaycanla-ermenistan-arasindaki-razilasmaya-muumlnasibet-bildiribp Öz növbəsində İlham Əliyev qeyd edib ki, sözügedən birgə bəyanat qarşılıqlı sülh gündəliyinin irəli aparılması və iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün qarşılıqlı siyasi iradənin bir daha nümayişidir. Prezident həmçinin vurğulayıb ki, Avropa Şurası da iki ölkə...

Seçilmiş Videolar

Toplum TV loqo