Siyasət

44 günlük müharibədən sonra ən böyük hərbi toqquşma - Azərbaycanla Ermənistan nəyi bölə bilmir?

Vüsalə Mikayıl
18 Noyabr, 2021
1525

Açıq mənbələrdən götürülüb

“Paşinyan hökuməti spontan şəkildə hərəkət edir. Bir il ərzində üç müdafiə naziri dəyişdirdilər, gah dostluq barədə danışırlar, gah da Azərbaycana ultimatum verirlər. Görünür, zaman-zaman belə toqquşmalar olacaq. Kifayət qədər mürəkkəb və qeyri-müəyyən qonşu ilə üz-üzəyik”.

Bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə “Toplum TV”-yə Azərbaycan-Ermənistan sərhədində baş verən son hadisələri şərh edərkən deyib.

Noyabrın 16-da iki ölkə arasında baş verən döyüş əməliyyatları ötən il 44 günlük müharibə başa atandan və Atəşkəs Sazişi imzalanandan sonra baş verən ən iri miqyaslı hərbi insident kimi yadda qaldı.

Məsələ ilə əlaqədar açıqlama verən siyasi şərhçi Anar Məmmədli bildirir ki, buna son bir ildə aparılan diplomatik müzakirələrin uğursuzluğu kimi baxmaq lazımdır: “Həm sərhədlərin demarkasiyasının yekunlaşmaması, həm də nəqliyyat yollarının açılması üçün razılığın əldə olunmaması tərəflərin bir-birinə qarşı güc tətbiq etməsi ilə nəticələnir”.

Anar Məmmədli - Sosial Media

Sərhəddəki döyüş əməliyyatlarından sonra ATƏT-in Minsk qrupunun həmsədr ölkələri, Avropa Birliyi və Avropa Parlamenti kimi təşkilatların təmsilçiləri tərəfləri atəşkəsə  və konstruktiv müzakirələrə səsləyən bəyanatlar səsləndiriblər.

A.Məmmədlinin fikrincə, bu çağrışlarla bağlı rəsmi Yerevanın reaksiyasından bəlli olur ki, hökumət beynəlxalq və yerli təzyiqlər arasında qalıb: “Əfsus ki, qonşu ölkədə nəqliyyat yollarının açılması və sərhədlərin demarkasiyası məsələsinə kəskin ictimai müqavimət var. Millətçilər və revanşistlərin fikrincə, Qarabağ ermənilərinin ötən il de-fakto iflasa uğrayan müstəqillik iddiası yeni ikitərəfli razılaşmanın imzalanması ilə beynəlxalq müzakirələrdən tamamilə çıxarılacaq”.

Toqquşmaların səbəbkarı kimdir?

Azərbaycan tərəfi sərhəddə baş verən hadisələrə görə məsuliyyətin tamamilə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü bildirib. Ermənistan isə təxribatı məhz Azərbaycanın törətdiyini iddia edir.

Politoloq Azər Qasımlı son baş verənlərlə bağlı sosial media hesabında yazır ki, dünən də, bu gün də Cənubi Qafqaz ölkələrini və xalqlarını bir-biri ilə vuruşdururlar.  

“Qarabağ Azərbaycan ərazisidir və onun uğrunda apardığımız müharibə ədalətli müharibədir. Lakin başqa ölkələrin oyununda iştirak etmək - bizim milli maraqlarımıza uyğun deyil. Bu gün Ermənistan-Azərbaycan sərhədində baş verənlər ölkəmizi və xalqımızı böyük bir uçuruma apara bilər. Öz hakimiyyətlərini möhkəmlətmək istəyən iqtidarlar bölgəni avtoritarlığa və milli ədavət xaosuna sürükləyirlər”, - deyə o, qeyd edib.

Siyasi şərhçi Rauf Mirqədirov toqquşmanı birinci kimin başlatması barədə danışmağın spekulyasiya ola biləcəyini vurğulayır, amma bunda hər iki tərəfin də maraqlarının olacağını inkar etmir: “Azərbaycan Ermənistanı sərhədlərin demarkasiya və delimitasiya işlərinə məcbur etmək istəyir. Paşinyanın Azərbaycanla imzalayacağı hansısa sənədi isə Ermənistan müxalifəti Qarabağdan imtina kimi dəyərləndirir. Belə olan halda Paşinyan həmin müqavilələri imzalamağın siyasi risklərini nəzərə alaraq, prosesi uzatmağa çalışır. Yəni gərginliyin ortaya çıxmasında hər iki tərəf təşəbbüskar ola bilərdi”.

Rauf Mirqədirov - Açıq mənbələrdən götürülüb

Deputat Aydın Mirzəzadə isə hesab edir ki,Ermənistanda hökumət sadəcə “başını itirib”: “Qonşu ölkənin sərhəd postlarına hücum edəsən, böyük itki verib geri çəkiləsən və sonra “bizimlə güc dilində danışmaq mümkün deyil” bəyanatı verəsən. Birincisi, biz sizinlə ancaq qonşu dilində danışırıq. İkincisi isə, Azərbaycan Ermənistana sərhədlərin dəqiqləşdirilməsini, sülh müqaviləsi bağlanılmasını təklif edir. Bunu unudaraq revanşist məqsədlə Azərbaycanla hərbi əməliyyatlara başlamaq Ermənistanın özü üçün ağır nəticələr verdi. Onlar bunu kiçik qələbə kimi qələmə verməyə çalışırlar. Əgər əsgərlərin ölməsi və ya əsir düşməsi onlar üçün qələbədirsə, daha bizim sözümüz yoxdur”.

Rusiyanın reaksiyası

Sərhəddəki münaqişə Rusiya prezidenti Vladimir Putinin Ermənistanın Baş naziri Nikol Paşinyanla, eləcə də Rusiyanın müdafiə naziri Sergey Şoyqunun azərbaycanlı və erməni həmkarları ilə telefon danışığından sonra dayanıb.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Azərbaycan və Ermənistan rəhbərliyini təmkinli olmağa, yeni insidentlərə yol verməməyə və bütün mübahisələri yalnız siyasi-diplomatik yollarla həll etməyə çağırıb.

Onun sözlərinə görə, Bakı və Yerevan vəziyyəti radikal şəkildə fərqli qiymətləndirir və baş verənlərdə bir-birini ittiham edir. "Rusiya vəziyyətin dinc məcraya düşməsi üçün həm Azərbaycan, həm də Ermənistanla əlaqə saxlayır", - deyə o bildirib.

Mariya Zaxarova - Rəsmi səhifə

A.Məmmədli hadisələrdə Rusiyanın mövqeyi barədə danışarkən deyir ki, o, dolayı yolla Ermənistanı danışaqlara prosesinə istiqamətləndirməyə çalışır: 

“Rusiyanın marağı var ki, Naxçıvana çəkiləcək yolda nəzarət onda olsun. O, genişmiqyaslı hərbi əməliyyatların baş verməyəcəyinə əmindir. Söhbət ancaq mübahisəli yüksəkliklər uğrunda toqquşmalardan gedə bilər. Rusiya seyrçi mövqeyindədir və tələsmir”.

Ermənistan və Azərbaycan arasında yeni müqavilə nə vaxt imzalanacaq?

Dünən, noyabrın 17-də Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsi bağlamağa hazır olduğunu bildirib. Bugünsə o, hökumətin iclasında deyib ki, Rusiya Müdafiə Nazirliyinin delimitasiya və demarkasiya xətlərinin çəkilməsiylə bağlı təklifini qəbul edib.

"Mənim dünənki bəyanatımdan sonra Rusiyanın Müdafiə Nazirliyi demarkasiya və delimitasiyanın hazırlıq mərhələsi ilə bağlı təklif irəli sürüb. Mən burda təsdiq etmək istəyirəm ki, təklif bizim üçün məqbuldur", - deyə Paşinyan qeyd edib.

Baş nazir həmçinin əlavə edib ki, bu ilin mayından Rusiya Ermənistan və Azərbaycan arasında sərhədin demarkasiya və delimitasiyası üzrə 3 təklif irəli sürüb. Onun sözlərinə görə, təkliflərin üçü də Ermənistan üçün məqbuldur. 

Paşinyan müdafiə naziri Suren Papikyana rusiyalı həmkarı ilə detalları dəqiqləşdirməyi tapşırıb.

Siyasi şərhçi Şahin Cəfərli yaxın həftələrdə Azərbaycan və Ermənistan arasında sərhəd xəttinə dair sənədin imzalanacağını istisna etmir. Onun sözlərinə görə, Rusiya Qarabağın öz nəzarətindəki hissəsinin taleyini Azərbaycan və Ermənistanla sülh və əməkdaşlıq prosesindən ayırıb: “Rusiyanın nəzərində ikisi bir-birinə bağlı deyil, ayrı-ayrı məsələlərdir və biri digərinə mane olmur”.

Şahin Cəfərli - Sosial Media

Şahin Cəfərli sosial media hesabında məsələ ilə əlaqədar bu fikirləri qeyd edib:

“Yaxın həftələrdə böyük ehtimalla Azərbaycan və Ermənistan arasında sərhəd xəttinin delimitasiyası haqqında sənəd imzalanacaq, müəyyən müddət sonra kommunikasiyaların (o cümlədən Zəngəzur yolunun) açılması və iqtisadi əlaqələrin bərpası da baş verəcək, amma bunun Qarabağa birbaşa aidiyyatı olmayacaq. Ən yaxşı halda, ola bilər ki, Rusiya DQMV dövründəkinə bənzər status-kvoya qayıdışa razılıq verər: ərazidə Azərbaycanın suverenliyi bərpa olunar, sülhməramlılar isə daimi Rusiya hərbi bazasına çevrilib, erməni əhalinin təhlükəsizliyinin qarantı kimi orada qalar”.

Siyasi şərhçinin fikrincə, Rusiya hər iki xalqı da, bu coğrafiyanı da azərbaycanlıların və ermənilərin özündən yaxşı tanıyır: ““Böyük qardaş” təkcə hökumətlərin qərarlarına təsir etmir, hər iki xalqın duyğularını, hiss-həyəcanlarını da idarə edə bilir, istədiyi vaxt gah bizim, gah ermənilərin “eşşəyini itirir”, sonra “tapdırıb”, sevindirir. Bizi cəzalandırmaq lazım olanda erməniləri qızışdırır, ermənilər “yoldan çıxanda” imkan verir ki, biz onların cavabını verək, amma onların qızışıb üstümüzə gəlməsi də, bizim onlara hədd bildirməyimiz də yarımçıq qalır, heç bir tərəf tam qələbə çalmır”.

Xatırlatma

Noyabrın 16-da Azərbaycan-Ermənistan sərhədində baş verən hərbi toqquşmalar zamanı Azərbaycan 7 hərbi qulluqçusunun həlak olduğunu, 10-nun yaralandığını bildirib.  Ermənistan tərəfi isə 1 hərbi qulluqçusunun həlak olduğunu, 13-nün əsir düşdüyünü, 24 nəfərin taleyi barədə isə məlumatın olmadığını bildirib.  Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, toqquşmalar zamanı Ermənistan iki döyüş postunu itirib. 

Azərbaycan və Ermənistan arasında 2020-ci ildə baş verən 44 günlük müharibə Azərbaycanın işğal altında olan ərazilərin bir qismini azad etməsiylə nəticələnib. Həmin ilin Noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında Atəşkəs Müqaviləsi imzalanıb. Müqavilə ilə erməni hərbi qüvvələrinin nəzarəti altında olan Laçın, Kəlbəcər rayonları, həmçinin Ağdam rayonunun bir qismi Azərbaycana qaytarılıb. Dağlıq Qarabağın Azərbaycanın nəzarəti  altına keçməyən hissəsində isə Rusiya sülhməramlıları yerləşdirilib.

 

Siyasət

Tofiq Yaqublunun döyülməsinə ziyalılar necə reaksiya verdi?

Aytac Məmmədli
2 Dekabr 2021

Açıq mənbələrdən götürülüb

“Tofiqin döyülməsini qınayıram, amma onun aksiyaya çıxması da doğru deyildi” “Toplum TV”-yə danışan hüquq müdafiəçisi Novella Cəfəroğlu Milli Şura üzvü Tofiq Yaqublunun döyülməsinə münasibət bildirərkən belə deyib. Dekabrın 1-də "Saleh Rüstəmliyə azadlıq!" şüarı ilə keçirilən etiraz aksiyası zamanı polis tərəfindən saxlanılan Milli Şuranın və Müsavat Partiyasının funksioneri, keçmiş siyasi məhbus Tofiq Yaqublunun üz nahiyəsində çoxsaylı qançırlar olan fotosu yayılıb. Fotoda T. Yaqublunun göz, üz nahiyəsi və göz qapaqlarında zədələrin olduğu görünür. Tofiq Yaqublu saxlanılarkən onun sifətində həmin izlər olmayıb. Tofiq Yaqublu aksiyada N. Cəfəroğlu hesab edir ki, T. Yaqublu aksiyaya çıxmaqla Saleh Rüstəmlinin işini təzədən əngəlləyib: “Polis Tofiqə bunu etməməli...
Siyasət

Ceyhun Bayramov Entoni Blinken ilə görüşdü

2 Dekabr 2021

Rəsmi səhifə

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclası çərçivəsində ABŞ Dövlət katibi Entoni Blinken ilə görüşüb. Bu barədə XİN-dən məlumat verilib. Bildirilir ki, görüşdə tərəflər, ikitərəfli əməkdaşlıq gündəliyi üzrə, o cümlədən iqtisadi, energetika, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər. Görüş zamanı nazir Ceyhun Bayramov qarşı tərəfə 10 noyabr 2020-ci il üçtərəfli bəyanatının imzalanmasından sonra bölgədə mövcud olan vəziyyət, işğaldan azad olunmuş ərazilərdəki dağıntıların miqyası, mina təhlükəsi, sərhəd məntəqəsində gərginliyin səbəbləri, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidən quruculuq işləri barədə ətraflı məlumat verib. Söhbət zamanı Azərbaycanın enerji sahəsində verdiyi töhfə, həm...
Seçilmiş Videolar