"Qobustan həbsxanasında oğlum bir erməni ilə otağını bölüşürdü. Həmin erməni qohumları ilə normal əlaqə saxlayır, görüntülü danışa bilirdi. Ancaq mənim oğlum.... Ona verilən işgəncələr məni xəstə saldı”.
Nardaran hadisələri zamanı həbs edilən Abbas Hüseynovun anası Rəhimə Hüseynova "Toplum TV”-yə belə deyir.
O, oğlu həbs ediləndən sonra hökümətdən də, qohumlardan da ögey münasibət görməsindən şikayətlənir: "Sanki bütün qapılar üzümüzə bağlandı. Bilmirəm niyə, bəlkə də qorxudan qohumlar, dostlar bizdən üz döndərdi”.
R.Hüseynovanın sözlərinə görə, bir müddət özü daxil olmaqla qızı və digər oğlanları da yersiz yerə incidilib, az qala hər xırda məsləyə görə saatlarla sorğu suala, basqıya məruz qalıblar.
Ana oğlunun günahsız olduğunu iddia edir: "Məhkəmə zalında Abbas dedi ki, mən günahsızam, niyə başqalarının törətdiyi günahı mən öz üzərimə götürməliyəm? O sənədə qol çəkmədi”.
Abbas Hüseynovun anası çətin günlərdə dövlətə dəstək verdiklərini bildirir: "Vaxt varıydı Şuşadan, Xocalıdan gələn köçkünləri öz evimizdə yerləşdirmişdik. O çətin günlərdə biz bu dövlətə belə dəstək verirdik. Onlar hələ də bizim evdə yaşayır. İndi mənim oğlum bu xalqdan bu dövlətdən deyilmi? Niyə ona düşmən kimi davranırlar”.
A.Hüseynov 20 il azadlıqdan məhrum edilib. R.Hüseynova bu müddətun çox uzun olduğunu düşünür və 66 yaşlı qadın oğlunun azadlığa çıxacağı günü görəcəyinə ümidli deyil.
"Mən düşünürəm ki, bəlkə də məmurlar ölkə başçısını doldurdular. Yoxsa bu boyda faciə niyə baş versin ki... İndi torpaqlar alınıb, prezident də başqa cür danışır. Bəlkə indi oğluma verilən hökmü dəyişdirərlər”.
"Əbülfəzin 32 yaşı vardı... İndi ömrünün sonuna qədər belə yaşamağa məhkumdur”
Nardaran hadisələrini son illərin ən ağır hadisələrindən biri hesab edən yazıçı Zümrüd Yağmur Siyasi Məhbus Ailələrinin Kordinasiya Mərkəzinin üzvü kimi məhbusların, onların ailələrinin problemlərini yaxından izləyib.
O, həmin hadisələr zamanı zərərçəkən insanların sağlamlığında indiyə qədər ciddi problemlərin qaldığını bildirir: "Məsələn, Əbülfəz Bünyadovun onurğası güllə ilə zədələndi. O, sonra əməliyyat olunsa da, ömürlük yataq xəstəsinə çevrildi. Hadisələr zamanı Əbülfəzin 32 yaşı vardı, yəni o, cavan adam idi. İndi ömrünün sonuna qədər belə yaşamağa məhkumdur”.
Z.Yağmurun deyir ki, insident zamanı yaralanan Şamil Əbdüləliyev zədə aldığına görə, ayağı 10 sm qısalıb: "Dəfələrlə biz onun xəsxətxanaya köçürülməsi, müalicə olunması üçün müraciət etdik. Belə bir praktika var ki, cəzaçəkənin sağlamlığında problem yaransa, onun həbs müddəti dondurulub müalicəyə göndərilə bilər. Amma hökümət bu şansı Şamil Əbdüləliyevə tanımadı”.
Zümrüd Yağmur Nardaran hadisələri zamanı həyatını itirmiş 4 nəfərin gizlicə dəfn edildiyini, hətta uzun müddət onların məzarına heç kimin yaxın buraxılmadığını ayrıca qeyd edir.
"Tutulanların taleyi 2 ay müəmmalı qaldı. Hətta Abbas Hüseynovun ailəsi düşünürdü ki, oğulları ölüb, ona yas verməyə hazırlaşırdılar. Yas hazırlananda məlum oldu ki, sən demə o sağıymış”.
O bildirir ki, son dövrlər məsələ ictimailəşəndən sonra məhbuslara münasibət nisbətən yumşalıb.
"Konvensiyanın elə bir maddəsi yox idi ki, o pozulmasın”
Vəkil Yalçın İmanov Nardaran məhbuslarının hüquqlarını müdafiə edib, bəzilərinin mətbuatda işıqlandırılmasına çalışıb. O, məhbuslara qarşı "qeyri-insani rəftarı və haqsızlığı” işıqlandırdığına görə vəkillik fəaliyyindən uzaqlaşdırılıb.
"Azərbaycanın müasir tarixində Nardaran insidenti həm miqyasına görə, həm də cəzaların sərtliyinə görə ən ağır işlərdən biri kimi düşdü. Amma bu hadisəyə ölkədaxili heç bir məhkəmə hüquqi qiymət verə bilmədi”.
Yalçın İmanov məhkəmə prosesinin şəffaf keçirilmədiyini, məhkəmənin hadisəni araşdırmaq yerinə, tez bir zamanda prokurorluqdan gələn tapşırığı təsdiqləməyə tələsdiyini bildirir.
O, eyni zamanda müdafiə tərəfinin saysız-hesabsız vəsatətlərinin təmin olunmadığını da vurğulayır və səbəbini belə izah edir: "Əgər vəsatətlər təmin olunsaydı, insanların günahsız yerə həbs olunduğu üzə çıxacaqdı”.
2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Bakının Nardaran qəsəbəsində əməliyyat keçirib.
İkisi polis olmaqla, altı nəfərin həlak olduğu həmin əməliyyat nəticəsində "Müsəlman Birliyi” Hərəkatının rəhbəri Taleh Bağırov daxil olmaqla, onlarla insan həbs edilib. Bəzi qaynaqlarda onların sayının 70 olduğu bildirilir.
Nardaranda həbs edilənlərin bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.
Nardaran məhbusları sonradam məhkəmədə bildiriblər ki, həbs və istintaq zamanı ağır işgəncələrə məruz qalıblar. Onlar ittihamları qəbul etməyiblər.
Daxili İşlər Nazirliyi də, digər hüquq-mühafizə orqanları da prosesində işgəncə şikayətlərini təkzib ediblər.
Roza Məmmədova
Fotoların müəllifi:Fərqanə Novruzova