Siyasət

ABŞ Azərbaycana niyə sanksiya tətbiq etdi?

Nigar Səmədli
29 İyul, 2021
458

Rəsmi səhifə

“907-ci düzəlişdə olduğu kimi (ABŞ-ın "Azadlığa dəstək" Qanununa edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan düzəliş – red.), bu sənəd də ABŞ-ın Azərbaycana ədalətsiz və eqoist münasibətini göstərir. Bu qərar ortaya çıxarır ki, ABŞ Konqresi qərəzli, bir çox hallarda savadsız və satqın ünsürlərdən ibarətdir”.

Politoloq Zərdüşt Əlizadə ABŞ Konqresinin Azərbaycana qarşı qəbul etdiyi düzəlişi şərh edərkən “Toplum TV”-yə belə deyib.

ABŞ Konqresinin Nümayəndələr Palatasında konqresmen Frenk Pallone və bu qurumun Erməni kokusundakı (qrupu) digər üzvləri xarici ölkələrə yardımları nəzərdə tutan qanuna düzəlişi qəbul olunub. Bu barədə məlumat ABŞ Konqresinin rəsmi saytında dərc olunub.

Sözügedən düzəliş Azərbaycan silahlı qüvvələrinə ABŞ-ın maliyyə və təlim yardımının bloklanmasını nəzərdə tutur. Təklifin lehinə 217, əleyhinə 212 nəfər səs verib. Növbəti mərhələdə düzəliş Senatda səsə qoyulacaq.

Amerika Erməni Milli Komitəsinin (ANCA) yaydığı xəbərdə deyilir ki, düzəliş Azərbaycan silahlı qüvvələrinə ABŞ-ın maliyyə və təlim yardımının bloklanmasını nəzərdə tutur.

Bu barədə iyulun 28-də öz “Tvitter” hesabında Pallone də yazıb: “Azərbaycanın bugünkü hücumu Ermənistan torpağını oğurlamaq və onun demokratiyasını pozmaq planının tərkib hissəsidir. Əgər bu təcavüzə laqeydlik davam edərsə, onlar ölümcül hücumlarını maneəsiz davam etdirəcəklər. Mənim Nümayəndələr Palatasının xərclər barədə qanununa düzəlişim Azərbaycan qüvvələrinin maliyyələşdirilməsinin dayandırılmasına bir mesajdır”.

Xəbərdə həmçinin qeyd olunur ki, düzəliş Azərbaycana ABŞ Müdafiə Nazirliyinin xətti ilə hərbi avadanlığın verilməsi imkanlarına təsir göstərməyəcək.


ABŞ Nümayəndələr Palatasındakı Erməni kokusuna demokratlar Frenk Pallone, Adam Şiff, Ceki Speyer və respublikaçılar Qus Bilirakis, Deyvid Vaaldao daxildirlər.

Sözügedən düzəlişə bir neçə başqa konqresmen də dəstək verib. Onların arasında kaliforniyalı demokrat Cudi Çu da var. O, iyulun 28-də bu barədə bəyanatla çıxış edib. Xanım Çu bildirib ki, Nümayəndələr Palatasının bu məsələdə ABŞ-ı “düzgün mövqeyə çıxarmaq” və zorakılığa son qoyması üçün Azərbaycana təzyiq göstərmək imkanı var.

Zərdüşt Əlizadə - Sosial Media

Bu qadağa Azərbaycan üçün nə deməkdir?

Zərdüşt Əlizadə deyir ki, bir çox sanksiyalar kimi, bu da təsirsiz qalacaq: “Çünki Azərbaycan ABŞ-ın hərbi yardımına ehtiyac duymur, Azərbaycanın özünün maliyyə vəsaiti, silah almaq üçün mənbələri var. Bu sanksiya Azərbaycanı hərbi potensialının güclənməsinə təsir edəcək”.

Ekspert yeni düzəlişi ədalətsiz hesab edir: “907-ci düzəlişdə olduğu kimi, bu məsələ də ABŞ-ın mahiyyətcə ədalətsiz və eqoist münasibətini göstərir. Bu düzəliş ortaya çıxarır ki, ABŞ konqresi qərəzli, bir çox hallarda savadsız və satqın ünsürlərdən ibarətdir”.

Milli Məclisin deputatı Zahid Oruc da düşünür ki, sözügedən düzəliş Azərbaycan üçün heç nəyi dəyişdirməyəcək: “Azərbaycana qarşı qəbul edilən bu kimi sanksiyalar heç bir şəkildə ölkəmizin hərbi gücünün, qələbənin möhkəmlənməsinin və qarşıdakı dövrdə ordunun yeni standartlar çərçivəsində inkişafının qarşısını almayacaq. Son günlər ermənilərin təsiri ilə ABŞ mediasında Azərbaycanın müxtəlif qadağaları yaran gizli siyasət yürütdüyü haqqında materiallar dərc olunur.

Zahid Oruc - Açıq mənbələrdən götürülüb

Qeyd olunur ki, Azərbaycan üçüncü dövlətlərin əli ilə silahlar əldə edir və ən yüksək hərbi texnikaya sahibdir. Xüsusilə bizim II Qarabağ müharibəsindəki qələbəmizin beşinci nəsil texnologiyası ilə aparılması NATO ölkələrinin hər birində hərbi doktrina və hərbi prioritetlərin dəyişdirilməsinə səbəb olub. Hazırkı dövrdə bu qadağalar Azərbaycan Silahlı Qüvvələrinin inkişafına, Qafqazda güclü bir yer almasına və İraqdan Kosovaya qədər təhlükəsizlik proseslərində iştirakına qəti şəkildə mane olmayacaq”.

Deputatın fikrincə, bu kimi qərarlar Ermənistan tərəfinin məğlubiyyətindən irəli gələn aqressiyasıdır: “Ermənilər sadəcə olaraq bu qərarları məğlubiyyət yaralarının üstünə məlhəm kimi qoymağa çalışırlar. 907-ci düzəliş kimi, bu qadağa və Avropa Birliyinin Ermənistana verdiyi maliyyə dəstəyi II Qarabağ müharibəsinin nəticələrini və ya regionda qüvvələr nisbətini dəyişəcək səviyyədə deyil”.

Düzəliş ABŞ-Azərbaycan münasibətlərinə necə təsir edəcək?

Zərdüşt Əlizadə bu dəyişikliyin ABŞ-Azərbaycan münasibətlərinə mənfi təsir edəcəyini düşünmür:

“Çünki ABŞ Azərbaycandan istədiyini – neftini və qazını alıb. Azərbaycan əsasən ABŞ-ın siyasi xəttinə uyğun hərəkət edir. Azərbaycanın pullarının böyük hissəsi Qərbdə yerləşdirilib və Qərb üçün işləyir. Hakimiyyətinin bəzi məsələlərdə ABŞ-ın göstərişlərini yerinə yetirməməsinə gəlincə, ABŞ gözə kül üfürərək buna görə hansısa cəza tədbirləri həyata keçirir. Buna 907-ci düzəliş və indi qəbul edilən düzəliş kimi sənədlər aiddir. Amma bütün bunların ciddi siyasətə təsiri yoxdur”.

Zahid Oruc ABŞ-Azərbaycan münasibətlərinin zaman-zaman fərqli müstəvidə davam etdiyini vurğulayır: “Azərbaycan ABŞ-la münasibətlərini xüsusilə 2007-ci ilədək müəyyən bir inkişaf xətti ilə aparmağa nail olub. Biz buna ilk növbədə regionun enerji ehtiyatlarının işlənməsində, bölgədəki təhlükəsizlik proseslərində, ABŞ-ın buradakı geopolitik düzənin formalaşmasında daha aktiv yer almaqla nail olmuşduq. Təəssüf ki, Obama dönəmində rəsmi Vaşinqtonun ziddiyyətli mövqeləri meydana gəldi. Xüsusilə də xanım Klintonun dövlət katibi olduğu dövrdə Ermənistanı ələ almaq üçün sülh protokolları ortaya çıxdı və Türkiyəyə sərhədlərini açmaq üçün təzyiq edildi. Həmin dövrdə Azərbaycan və ABŞ münasibətlərində soyuqlaşma müşahidə edildi. Tramp dönəmində isə Qafqaza əvvəlki kimi maraq göstərilmədi. Hətta bir çoxları ABŞ-ın Qafqazda ancaq Ermənistan və Gürcüstana diqqət ayırdığını, Azərbaycanla münasibətləri isə müəyyən qədər arxa plana keçdiyini bildirirdilər”.

Z.Orucun qənaətinə görə, hazırkı dövrdə ABŞ və Azərbaycan münasibətlərində daha da yaxınlaşma hiss olunur: “Xüsusilə Entoni Blinkenin dövlət başçısına zəng etməsi, dövlət bayramlarında göndərilən təbriklərdəki çağırışlar və işbirliyi ilə bağlı mövqelər onu göstərir ki, aktivlik üçün müəyyən elementlər var. Qərb, şübhəsiz ki, Qafqazın önəmini yaxşı bilir və bölgənin İran, Rusiya və Çinin daimi hədəfində olduğunu dərk edir. Bununla yanaşı, ABŞ-Azərbaycan münasibətləri Konqresin hər hansısa qərarı ilə ölçülmür, biz ABŞ-ın siyasi idarəçiliyinə bütöv baxmalı deyilik. Konqres daxilində fərqli maraqlı qruplar mövcuddur. Dövlət rəhbərinin siyasəti fərqli olur, ştatlar isə fərqli siyasət seçə bilirlər”.

“Buna baxmayaraq biz Azərbaycana qarşı qəbul edilən bu kimi qərarları öz bəyanatlarımızda, diplomatik münasibətlərdə vurğulayacağıq və problem kimi qeyd edəcəyik. Şübhəsiz ki, bunlar alqışlana bilməz, amma ABŞ-Azərbaycan münasibətlərini sıfırlamaq istəyən qüvvələr də öz ssenarilərini həyata keçirə bilməyəcəklər”, – deyə Z. Oruc əlavə edib.

Azərbaycana hərbi yardımı qadağan edən 907-ci düzəliş Konqresdə ilk dəfə 1992-ci ildə Dağlıq Qarabağın Azərbaycan tərəfindən "işğalını" və Ermənistana qarşı blokadasını dayandırmaq məqsədilə Senator Con Makkeyn tərəfindən təklif edilib, daha sonra naməlum səbəblərə görə geri qaytarılıb. Növbəti dəfə senator Con Kerrinin və ermənilərin lobbi təşkilatlarının dəstəyi ilə konqressmen Ueyn Ouens (Yuta ştatı) tərəfindən irəli sürülüb. Senator Riçard Luqar (İndiana ştatı) düzəlişin qəbul edilməsinin əleyhinə çıxıb. Buna baxmayaraq düzəliş lobbi təşkilatların güclü təzyiqi nəticəsində Konqres tərəfindən qəbul edilib.

Siyasət

Rusiya sülhməramlılarının komandanı yenə dəyişdi

25 Sentyabr 2021

APA

Ermənistan Müdafiə Nazirliyinin inzibati kompleksində respublikanın müdafiə idarəsi rəhbərliyinin Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti ilə görüşü keçirilir. APA-nın məlumata görə, görüş zamanı Qarabağ regionundakı Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-leytenant Gennadi Anaşkin Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyinə təqdim edilib. Qarabağ regionundakı Rusiya sülhməramlı kontingentinin ilk komandanı Rüstəm Muradov təyin edilmişdi. O, bu yaxınlarda missiyasını başa vurub. Qısa müddət ərzində bu vəzifəni general-mayor Mixail Kosobokovla yerinə yetirib. Hazırda estafet Gennadi Anaşkinə keçib.
Siyasət

Həbsdəki sabiq məmurların xaricdəki vəsaitləri geri qaytarıla bilərmi?

Vüsalə Mikayıl
24 Sentyabr 2021

Açıq mənbələrdən götürülüb

"Burada milyonlarla məbləğdən söhbət gedir. Bunlar müsadirə olunmalı və dövlətə qaytarılmalıdır”.  Bu fikirləri “Toplum Tv”-yə “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev məhkumların xarici ölkələrdə yerləşən əmlakının müsadirə edilməsi məsələsini şərh edərkən deyib. Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəisi Vüqar Əliyev sentyabrın 24-də mətbuata açıqlamasında bildirib ki, məhkumların xarici ölkələrdə yerləşən əmlakının müsadirə edilməsi, həmin əmlakın, yaxud onun dəyərinin ölkəyə qaytarılması məqsədilə zəruri tədbirlər görülür. Vüqar Əliyevin sözlərinə görə, bu hallarla bağlı artıq xarici dövlətlərin səlahiyyətli orqanlarına ünvanlanması üçün beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq vəsatətlər hazırlanıb və aidiyyəti üzrə göndərilib. Hüquq müdafiəçisi Rəsul Cəfərov deyir ki, qanunla nəzərdə tutulmuş...
Seçilmiş Videolar